Məhkəmə qərarları › İş №1(039)-9/2024

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-9/2024

11.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-9/2024 11.01.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Sadıqov Mehman Əlixan oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının, müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi-Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1989-cu ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmuş məhkumluğu ödənilməmiş və götürülməmiş, Yevlax şəhəri Ü.Hacıbəyov küçəsi ev 133-də qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qanunsuz narkotik vasitə dövriyyəsində şübhəli şəxs kimi xx.xx.2023-cü il tarixdə saat 11:20 radələrində Yevlax şəhəri Ü.Hacıbəyov küçəsində saxlanılaraq Yevlax rayon Polis Şöbəsinə aparılmış, üzərində həmin gün saat 12:10-dən 12:40-dək radələrində müdafiəçi-vəkilin iştirakı və video çəkilişlə keçirilmiş şəxsi axtarış nəticəsində əynindəki göy rəngli şalvarın sağ yan cibində, bir ədəd şəffaf rəngli sellofana bükülmüş bükülünün içərisində istintaqa məlum olmayan mənbədən və vaxtda, satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxladığı şəxsi istehlak miqdarından artıq miqdarda-1,030 qram çəkidə psixotrop maddə olan metanfetamin aşkar olunaraq qanunauyğun qaydada rəsmiləşdirilməklə götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspert rəyiləri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, arabir psixotrop maddə olan metamfetamindən istifadə etmişdir. xx.xx.2023-cü il tarixdə saat 21:00 radələrində Yevlax şəhər dəmir yol vağzalının yaxınlığında olarkən yerdən bir ədəd sellofan bükülü görüb götürmüş, bükülünü açıb içərisinə baxarkən içərisində psixotrop maddə olan metamfetamin olduğunu görmüş və metamfetamini gələcəkdə özü istifadə etmək üçün cibinə qoymuşdur. 12 fevral 2023-cü il tarixdə təxmini saat 11:00 radələrində Yevlax şəhəri Ü.Hacıbəyov küçəsində təklikdə durarkən oraya gələn polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək onu rayon polis şöbəsinə gətirmişlər. Polis əməkdaşları rayon polis şöbəsində müdafiəçinin iştirakı ilə vidio çəkilişlə onun üstünə baxış keçirib, 1 ədəd sellofan bükümdə içərisində psixotrop maddə olan metamfetamin əynindəki şalvarın sağ cibindən aşkar etmişlər. Sorğu-sual zamanı o, bükümdəkinin psixotrop maddə olan metamfetamin olduğunu, özü istifadə etmək üçün cibində gəzdirdiyini etiraf etmişdir. Polis əməkdaşları həmin kütlələri elektron tərəzidə çəkmişlər, sonra həmin kütlə qablaşdırılaraq möhürlənmiş və ekspertizaya göndərilməsi üçün götürülmüş, sonra protokol tərtib edilmiş, digər iştirakçılar kimi o, da protokolla tanış olub onu imzalamışdır. Əməlindən peşman olduğunu nəzərə alaraq, məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax rayon polis şöbəsinin CAB-nin əməliyyat müvəkkül vəzifəsində işləyən Şahid1 ifadəsində bildirmişdir ki, 12 fevral 2023-cü il tarixdə saat 11 radələrində Yevlax şəhəri Ü.Hacıbəyov küçəsi 133 saylı evdə yaşayan əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs yaşadığı küçəsində durduğunu, üstündə psixotrop maddə olan metamfetamin olması barədə məlumat daxil olmuş və həmin məlumatı rəhbərliyə məruzə edilib icazə alındıqdan sonra şöbənin PPXB-nün polis nəfəri X2 ilə birlikdə Yevlax şəhəri Ü.Hacıbəyov küçəsinə getmişlər. Seymurun küçədə durduğunu görmüşlər. Seymura yaxınlaşıb özlərini təqdim etmiş, Seymurun özünü şübhəli apardığına görə onu polis şöbəsinə getməyi təklif etmişlər. Seymur bununla razılaşaraq onlarla birlikdə polis şöbəsinə getmişdir. Polis şöbəsində müdafiəçinin iştirakı ilə video çəkilişlə Seymurun üstünə baxış keçirmişlər. Baxış zamanı Seymurun əynindəki şalvarın sağ yan cibindən bir büküm sellofan bükümdə psixotrop maddə olan metamfetaminə oxşar kütlə aşkar etmişlər. Həmin kütlə elektron tərəzidə çəkmişlər, sonra kütlələr qablaşdırılaraq möhürlənmiş və ekspertizaya göndərilməsi üçün götürülmüş, sonra protokol tərtib edilmiş, digər iştirakçılar kimi o da protokolla tanış olub onu imzalamışdır. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş şahid Yevlax rayon X5 patrul xidməti bölüyü polis baş serjantı vəzifəsində işləyən Şahid2 digər Şahid1 verdiyi ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işi başlanması haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, həmin qərarla Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* №-li cinayət işinin başlanılması və icraatına qəbul edilməsi qərara alınmışdır. (iş vər.01); Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 11:50-də şübhəli şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixdə saat 11:20-də isə onun azadlığı faktiki olaraq məhdudladırılmışdır. (iş vər.23-24); Şəxsi axtarış və götürmə haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən əynindəki göy rəngli şalvarın sağ yan cibində, bir ədəd şəffaf rəngli sellofana bükülmüş bükülünün içərisində narkotik maddə olan metamfataminə bənzər kütlə aşkar olunaraq götürülmüşdür (müvafiq CD disk əlavə olunub).(iş vər. 25-33 ); Məhkəmə kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli, 17/170 nömrəli rəyindən görünür ki, üzərində üzərində: “şübhəli şəxs Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş narkotik vasitə metamfetaminə bənzər maddə, 1 ədəd ampul içərisində maddə, 1 ədəd şpris.” sözləri və imzalar yazılmış zərfin içərisindəki: 01 (bir) ədəd şəffa sellofan bükümdə, təmiz çəkisi-1.030 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə- metamfetamindir. 01 (bir) ədəd ml-lik şprisin içərisində cüzi miqdarda metamfetamin hisəcikləri vardır. Metamfetamin hissəcikləri cüzi miqdarda olduğundan təmiz çəkisi müəyyən etmək mümkün olmadı. 01 (bir) ədəd şüşə flakonun içərisində, təmiz çəkisi-4,567 qram olan maddə narkotik vasitələrə və psixotrop maddələrə aid deyildir. Metamfetaminin təmiz çəkisi-1.030 qram, tədqiqata sərf edildi-0,05 qram qalıq-0,980 qram, narkotik vasitələrə və psixtrop maddələrə aid olmayan maddələrin təmiz çəkisi-4.567 qram, tədqiqata sərf edildi-0,100 qram qalıq-4,467 qram. Aparılmış ekspertiza tədqiqatının dəyəri 69,10 manatdır. (iş vər. 40-43); Qətimkan tədbiri seçmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2023-cü il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. (iş vər.66); Maddi sübut kimi tanınması haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş tədqiqatdan sonra qalan təmiz çəkisi 0,980 qram psixotrop maddə olan metamfetamin maddi sübut kimi tanınmış və saxlanılması üçün Yevlax rayon Polis Şöbəsinə təhvil verilmişdir. (iş vər.69); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2023-cü il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs Yevlax Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 69.3-cü maddələri ilə təqsirli bilinib 01 il 11 ay 28 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şəki Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə 02 ay 20 gün vaxtından əvvəl şərti azad olunmuşdur.(iş vər.84); Yevlax Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 01 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.(iş vər.89-92); Yevlax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarın çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) ay müddətinə inzibati qaydada həbs edilməsi qərara alınmışdır.(iş vər.103); Məhkəmə narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 1158 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddədən istifadə edir. Psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür.(iş vər.108); Yevlax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasının xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Yevlax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən həbs edilərək xx.xx.2023-cü il tarixdə 2 saylı İstintaq Təcridxanasına yerləşdirilmişdir. Yevlax rayon Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saxlanılaraq Yevlax rayon Polis Şöbəsinin növbətçi hissəsinə təhvil verilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə görə xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - ciddi rejimli cəzaçəkmə müəssisələrində; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır; 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini, yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əvvəllər qəsdən cinayət törətməyə görə məhkum olunmasını, üzərindən məhkumluğunun götürülmədiyi və ödənilmədiyi halda yenidən qəsdən cinayət törətməsini, yəni cinayətin residivini cəzasını ağırlaşdıran hal kimi (CM- 61.1.1) nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən, ona təyin ediləcək cəza təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın son həddinin yarısından az olmamalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə təqsirləndirilən şəxs barəsində cəza tətbiqi ilə əlaqədar Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini düzgün hesab edir. Belə ki, Təqsirləndirilən şəxs törətdiyi əməl cəmiyyət tərəfindən mənfi qarşılanır və belə şəxslərin azadlıqda qalması cəmiyyətdə mənfi emosiyalar doğurur. Şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan digər alternativ cəzaya münasibətdə isə məhkəmə hesab edir ki, yuxarıda qeyd olunan hazırkı işin hallarına əsasən Təqsirləndirilən şəxs yalnız maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını çəkməklə islah oluna bilər ki, bununla da Cinayət Məcəlləsinin 41.2-ci maddəsində qeyd olunan cəzanın məqsədinə çatmaq mümkündür. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (residiv müəyyən edilmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı 25 noyabr 2023-cü il tarixdən hesablanmalı (CPM-158.2.1. 158.6), cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.3), barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə olan metamfetamin qalığı məhv edilməli, “Axtarış və götürmə” əks etdirən 01 ədəd kompakt diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalı (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM-198.1.), müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-193.2). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 10 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 12 fevral 2023-cü il tarixdən 14 fevral 2023-cü il tarixədək şübhəli şəxs qismində saxlandığı 2 gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 01 il 09 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rеjimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 25 noyabr 2023-cü il tarixdən hesablansın. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəllənin 93.1.2-ci maddəsinə əsasən cəzasını çəkdiyi müddət ərzində Təqsirləndirilən şəxs barəsində narkomaniyadan tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin. Təqsirləndirilən şəxs yaşadığı yer üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Yevlax Rayon Polis şöbəsində saxlanılan 0,980 qram pisixotrop maddə olan metafetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, “Axtarış və götürmə istintaq hərəkətini” əks etdirən kompakt diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. İş üzrə 69 (altmış doqquz) manat 10 (on) qəpik məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN********** AZ34CTRE ******************** kod 210005 VÖEN ********** m/h AZ 41 NABZ 01 3601**********3944 S.W.İ.F.T. Bik: CTREAZ 22 hesaba keçirilsin. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə göstərdiyi 6 (altı) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Hüquqi yardıma görə 36 (otuz altı) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin Hökmdən elan edildiyi vaxtdan (həbsdə olan məhkum hökmü aldığı vaxtdan) 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm apellyasiya şikayəti və protesti verilmədiyi halda elan edildiyi vaxtdan 20 gün keçdikdə qüvvəyə minir. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar