Məhkəmə qərarları › İş №1(039)-92/2020

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-92/2020

11.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-92/2020 11.08.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə idarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi, Zərərçəkmiş şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs iştirakları ilə xx xxxx 1981-ci il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, barəsində xx xxxx 2020-ci il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Yevlax şəhəri, Qırmızı Oktyabr qəsəbəsi, 4 mənzil 1-də qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-2-ci maddələri ilə təqsirləndirilməsinə dair işə Yevlax Rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgə əmlakını ələ keçirmək niyyəti ilə 2020-ci ilin yanvar ayının əvvəlində 1 (bir) dəfə, bundan 1 (bir) həftə sonra isə təkrar eyni qaydada 2 (iki) dəfə Yevlax-Bərdə dəmir yolu mənzilinin 10, 11, 12, 13 və 14-cü km-nə gələrək dəmir yolu xəttindən “xxxxxxxxxxxxxxxxxxxxxxxx” QSC-nin İnfrastruktur Departamentinin 13 nömrəli X3 balansında olan biri 6,96 manat olmaqla 153,12 manat dəyərində 22 ədəd yarım yararlı D-65 tipli rels altlığı, biri 1,23 manat olmaqla 292,74 manat dəyərində 238 ədəd yarım yararlı R-65 tipli əksqaçıcı və biri 0,24 manat olmaqla 4,80 manat dəyərində 20 ədəd yarım yararlı dəmir mıxdan ibarət dəmir yolu əmlakını gizli olaraq talamaqla ümumilikdə “xxxxxxxxxxxxxxxxxxxxxxx” QSC-nin İnfrastrukyur Departamentinin 13 nömrəli Yevlax Yol sahəsinə cəmi 450,66 manat dəyərində zərər vurmaqla təkrar oğurluq etmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-2-ci maddələrində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bildi və ifadəsində göstərdi ki, Yevlax şəhəri, Qırmızı Oktyabr qəsəbəsi, ev 4, mənzil 1-də yaşayır. Heç bir yerdə işləmir. Ailəlidir, 2 övladı var. 2002-ci ildən 2017-ci ilədək dəmir yolunun 13 saylı yol sahəsində işləmişdir. 2017-ci ildə Hepatit-C xəstəliyinə yoluxmuş, bu səbəbdən də işdən çıxmışdır. Həmin vaxtdan bəri heç bir yerdə işləmir. Əvvəllər məhkum olunmamışdır. Heç bir yerdə işləmədiyi üçün maddi vəziyyəti pis olmuş və qərara gəlmişdir ki, yaşadığı yerin yaxınlığından keçən Yevlax-Bərdə dəmir yolunun 10-14-cü km-nə gedib oradan dəmir yolu xəttindən dəmir yoluna aid avadanlıqları götürüb metalloma satsın. Bu məqsədlə 2020-ci ilin yanvar ayının əvvəlində 1 dəfə, bundan bir həftə sonra təkrar 2 dəfə Yevlax-Bərdə dəmir yolunun 10-14-cü km-nə gedib dəmir yoluna aid rels altlığı, əksqaçıcı və kastili götürüb yaxınlıqdan keçən Yevlax-Bərdə avtomobil yolundan keçən tanımadığı taksiləri saxlayıb yük yerinə yığıb Yevlax şəhərində işıq idarəsinin yanında yerləşən İlham adlı şəxsin işlətdiyi metalloma satmışdır. Hər dəfəsində İlham ona 25-30 manat pul vermişdir. Etdiyi əməldən peşimandır. Əməlinin qanunsuz olduğunu bilmiş, lakin maddi vəziyyəti pis olduğu üçün dəmir yolundan oğurluq etmişdir. Oğurluğu tək etmişdir, heç kimin məlumatı olmamışdır. Əvvəllər dəmir yolundan və ya başqa yerlərdən oğurluq etməmişdir. Hazırda əməlindən səmimi olaraq peşmandır. Məhkəmədən törətdiyi əmələ görə peşman olmasını, zərərçəkimş şəxsə vurmuş olduğu ziyanı ödəməsini və zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq, barəsində həbslə əlaqədar olmayan daha yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxsin nümayəndəsi qismində dindirilmiş Zərərçəkmiş şəxs olu ifadəsindəgöstərdi ki, Yevlax şəhəri, Dəmiryol binası 24, mənzil 10da yaşayır. 2001-ci ildən xxx QSC-nin İnfrastruktur Departamentinin 13 nömrəli Yevlax yol sahəsində müxtəlif vəzifələrdə, 2013-cü ildən isə hazırda tutduğu vəzifədə, yəni sahə rəisinin müavini vəzifəsində işləyir. Sahə rəisi Ramiz Cavadovun xx xxxxxx 2020-ci il tarixli müraciəti ilə tanışdır. Sahənin 7 saylı məntqəsinin ərazisi Yevlax-Bərdə dəmir yolunun 6-cı km-dən 23-cü kilometrinədəkdir. Həmin məntəqənin yol ustası Şahid2dir. Plana uyğun olaraq 2020-ci ilin yanvar ayının 29-da həmin yola baxış keçirilən zaman 7 saylı yol məntəqəsinin əməkdaşları həmin yoldan dəmiryoluna aid rels altlıqlarının, əksqaçıcıların və dəmir mıxların oğurlandıqlarını aşkar etmişlər. Bundan sonra onlar bu barədə sahə rəisi Ramiz Cavadova məlumat vermişlər. Sahə rəisi ilə gedib həmin əraziyə baxış keçirmişlər. Baxış zamanı məlum olmuşdur ki, həmin yolun 10, 11, 12, 13 və 14-cü kmdən müəyyən məsafələrlə yoldan dəmiryoluna aid 22 ədəd D-65 tipli rels altlıqları, 238 ədəd R-65 tipi əksqaçıcılar və 20 ədəd kastil-dəmir mıxlar oğurlanmışdır. Bundan sonra sahə rəisi məktubla oğurluq olması barədə həmin gün Yevlax st.XPŞ-nə müraciət etmişdir. Sonradan onlar bilmişlər ki, Yevlax st.XPŞ-nin əməkdaşları Yevlax-Bərdə mənzilinin 10, 11, 12, 13 və 14-cü km-dən yoldan dəmir yoluna aid rels altlıqları, əksqaçıcıları və dəmir mıxları oğurlayan şəxsi müəyyən ediblər. Həmin şəxs əvvəllər 13 nömrəli X3 7 saylı yol məntəqəsində işləmiş Təqsirləndirilən şəxsdur. D-65 tipli rels altlıqları, R-65 tipi əksqaçıcılar və dəmir mıxlar taxta şpallara vurulur. Onlar hadisə yerinə baxış keçirən zaman görmüşlər ki, dəmir yolunun qeyd olunan km-dən hansı yerlərdə taxta şpallar istismar müddətini başa vuraraq artıq çürüməyə başlayb həmin yerlərdən də qeyd olunan dəmir yoluna aid əşyalar sökülüb oğurlanmışdır. Həmin əşyaları quraşdırmaq və sökmək üçün xüsusi alətlərdən istifadə olunur. Lakin çürük və köhnə taxta şpalardan həmin əşyaları söküb çıxarmaq üçün xüsusi bir alətlərə ehtiyac yoxdur. Adi bir daş parçası və ya dəmir parçası ilə də həmin əşyaları söküb çıxarmaq mümkündür. Bu elə də çətin deyil, xüsusən də Təqsirləndirilən şəxs kimi həmin sahədə işləyən biri üçün.Hazırda onlara dəymiş olan ziyan ödənilmişdir. Məhkəmədən təqsirləndirilən şəxs tərəfindən ona dəymiş olan ziyanın tam şəkildə ödənilməsini, hazırda təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 ifadəsində göstərdi ki, Yevlax şəhəri, Dəmiryol binası 28, mənzil yaşayır. 1978-ci ildən xxx QSC-nin İnfrastruktur Departamentinin 13 nömrəli Yevlax yol sahəsində müxtəlif vəzifələrdə, 1989-ci ildən isə hazırda tutduğu vəzifədə, yəni 13 nömrəli X3 7 saylı yol məntəqəsinin yol ustası vəzifəsində işləyir. Sahə rəisi Ramiz Cavadovun xx xxxxxx 2020-ci il tarixli müraciəti ilə tanışdır. Bununla bağlı deyə bilər ki, onun yol ustası olduğu 7 saylı məntqənin ərazisi Yevlax-Bərdə dəmir yolunun 6-cı km-dən 23-cü km-dəkdir. 2020-ci ilin yanvar ayının 29-da plana uyğun olaraq məntəqənin işçiləri ilə birlikdə həmin yola baxış keçirən zaman yoldan dəmir yoluna aid rels altlıqlarının, əksqaçıcıların və dəmir mıxların oğurlandıqlarını aşkar etmişlər. Bundan sonra o, dərhal bu barədə sahənin rəisi Ramiz Cavadova məlumat vermişdir. Ramiz Cavadov və sahənin digər əməkdaşları gəlib əraziyə baxış keçirmişlər. Baxış zamanı məlum olmuş ki, həmin yolun 10, 11, 12, 13 və 14-cü km-dən müəyyən məsafələrlə yoldan dəmiryoluna aid 22 ədəd D-65 tipli rels altlıqları, 238 ədəd R-65 tipi əksqaçıcılar və 20 ədəd kastil-dəmir mıxlar oğurlanmışdır. Bundan sonra sahə rəisi məktubla oğurluq olması barədə həmin gün Yevlax st.XPŞ-nə müraciət etmişdir. Sonradan məlum olmuşdur ki, Yevlax st.XPŞ-nin əməkdaşları Yevlax-Bərdə mənzilinin 10, 11, 12, 13 və 14-cü km-dən yoldan dəmir yoluna aid rels altlıqları, əksqaçıcıları və dəmir mıxları oğurlayan şəxsi müəyyən ediblər. Həmin şəxs əvvəllər 13 nömrəli X3 7 saylı yol məntəqəsində işləmiş Təqsirləndirilən şəxsdur. O, sonradan xəstəliyi ilə əlaqədar işdən çıxmışdır. Təqsirləndirilən şəxs fəhlə işləmiş və onun Orucla münasibəti həmişə iş çərçivəsində olmuşdur. Onunla şəxsi münasibəti, o cümlədən heç bir ədavəti və düçmənçiliyi olmamışdır. Onun, əvvəllər işlədiyi dövrdə dəmir yolundan oğurluq etməsi barədə heç bir məlumatı yoxdur. D-65 tipli rels altlıqları, R-65 tipi əksqaçıcılar və dəmir mıxlar taxta şpallara vurulur. Onlar hadisə yerinə baxış keçirən zaman görmüşlər ki, dəmir yolunun qeyd olunan km-dən hansı yerlərdə taxta şpallar istismar müddətini başa vuraraq artıq çürüməyə başlayb həmin yerlərdən də qeyd olunan dəmir yoluna aid əşyalar sökülüb oğurlanmışdır. Həmin əşyaları quraşdırmaq və sökmək üçün xüsusi alətlərdən istifadə olunur, lakin çürük və köhnə taxta şpalardan həmin əşyaları söküb çıxarmaq üçün xüsusi bir alətlərə ehtiyac yoxdur. Adi bir daş parçası və ya dəmir parçası ilə də həmin əşyaları söküb çıxarmaq mümkündür. Bu elə də çətin deyil, xüsusən də Təqsirləndirilən şəxs kimi həmin sahədə işləyən biri üçün. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilən Şahid1 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, o, Yevlax st. Xətt Polis Şöbəsinin CAQnun əməliyyat müvəkkili vəzifəsində işləyir, polis mayorudur. xx xxxxxx 2020-ci il tarixdə “xxx” QSC-nin İD-nin 13 nömrəli X3 rəisi X4 st.XPŞ-nə müraciət edərək Yevlax-Bərdə dəmiryol mənzilinin 10, 11, 12, 13 və 14-cü km-dən dəmir yoluna aid rels altlıqlarının, əks qaçıcıların və mıxların oğurlandığını bildirmişdir. Oğurluğu törətmiş şəxs və ya şəxsləri müəyyən etmək üçün xx xxxxxx 2020-ci il tarixdə onun icraatına Yevlax st.XPŞ-nin İstintaq və təhqiqat qrupunun təhqiqatçısı, polis kapitanı Pərvin Ağayevin raportu daxil olmuşdur. Tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində xx xxxxxx 2020-ci il tarixdə müəyyən etmişdir ki, Yevlax-Bərdə dəmiryol mənzilinin 10, 11, 12, 13 və 14-cü kmdən dəmiryoluna aid rels altlıqlarını, əks qaçıcıları və mıxları oğurlayan şəxs elə əvvəllər 13 nömrəli yol sahəsində fəhlə işləmiş, Yevlax rayonu, Qırmızı Oktyabr qəsəbəsində yaşayan Oruc adlı şəxsdir. O, həmin dəmir əşyaları oğurlayıb Yevlax-Bərdə avtomobil yolunun sağ tərəfində “İşıq idarəsinin” yanında fəaliyyət göstərən metal qəbulu məntəqəsinə satmışdır. O, həmin şəxsi gətirib təhqiqata təqdim etmişdir. Təqsirləndirilən şəxs vermiş olduğu izahatında törədiyi əməlini etiraf etmişdir. Sonra da dəmir yolundan sökdüyü avadanlıqları satdığı metal qəbulu məntəqəsinə getmişlər və oradan Təqsirləndirilən şəxs oğurladığı dəmir yoluna aid 22 ədəd rels altlığını, 20 ədəd dəmir mıxı və 238 ədəd əksqaçıcını aşkar edib maddi sübut kimi götürmüşlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Məhkəmə Ekspertiza mərkəzinin xx xxxxxx 2020-ci il tarixli 4495 saylı rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda qeyd edilən, istifadəyə yararlı məmulatların ort bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 450,66 manat müəyyən edilir. 22 ədəd D-65 rels altdığı-153,12 (22x6,96) manat 238 ədəd R-65 tipli əksqaçıcı-292,74 (238x1,23) manat 20 ədəd dəmir mıx-4,80 (20x0,24) manat İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş xx xxxx 2020-ci il tarixli qətimkan tədbiri seçmək haqqında qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax şəhər 4 saylı Mənzil İstismar sahəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2006-cı il təvəllüdlü Cahangir və 2007-ci il təvəllüdlü Cahan adlı iki azyaşlı uşağı var. Cinayət işində olan zərərçəkmiş şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi xx xxxxxx 2020-ci il tarixli, 34 saylı arayışdan görünür ki, 13 nömrəli Yevlax yol sahəsinə dəymiş ziyan tam şəkildə ödənildiyinə görə onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, eskpertin rəyi sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə istintaqı zamanı təqsirləndirilənin göstərilən əməli törətməkdə təqsirli olması özünün etiraf ifadəsindən başqa zərərçəkmiş şəxsin nümayəndəsi, şahid ifadələri və ekspert rəyi ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl ibtidai istintaq zamanı Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3- 2-ci maddələri ilə düzgün tövsif olunmuşdur. Törətdiyi cinayətə görə ona cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini zamanı himayəsində azyaşlı uşağın olmasını Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən, onun zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı tam ödəməsi nəticəsində zərərçəkmiş şəxsin ondan şikayətçi olmamamasını CM-nin 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən, səmimi peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs az ağır cinayət törətməsini, onun cəzasını yüngülləşdirən halları, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadak dəyişdirilməməlidir. Hökmün icrası Yevlax rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktubundan göründüyü kimi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 50 (əlli) qəpik təşkil edir, həmin məbləğ Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilməlidir. İş üzrə maddi sübüt kimi tanınmış Yevlax-Bərdə mənzilinin 10,11,12,13 və 14-cü kilometrlərindən sökülmüş 22 ədəd D-65 markalı rels altlığı, 238 ədəd R-65 markalı əksqaçıcı və 20 ədəd dəmir mıxın (kostil) 13 nömrəli Yevlax Yol sahəsinə təhvil verilməsi nəzərə alınmalıdır. Müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir (CPM-193.2). İş üzrə mülki iddia yoxdur. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Yevlax rayonu ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alan vaxtadək dəyişdirilməsin. İş üzrə maddi sübüt kimi tanınmış Yevlax-Bərdə mənzilinin 10,11,12,13 və 14-cü kilometrlərindən sökülmüş 22 ədəd D-65 markalı rels altlığı, 238 ədəd R-65 markalı əksqaçıcı və 20 ədəd dəmir mıxın (kostil) 13 nömrəli Yevlax Yol sahəsinə təhvil verilməsi nəzərə alınsın. İş üzrə mülki iddia yoxdur. Hökmün icrası Yevlax rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 10 (on) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Məhkəmədə göstərilən hüquqi yardıma görə cəmi 60 (altmış) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 25 (iyirmi beş) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 150 (bir yüz əlli) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökm şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün müddətində qanuni qüvvəyə minir. Hökmdən 20 (iyirmi) gün müddətində Yevlax rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar