Məhkəmə qərarları › İş №1(039)-92/2021

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-92/2021

15.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-92/2021 15.07.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi-Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1982-ci ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, Yevlax şəhəri Nəbati küçəsi ev 39 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsiilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qanunsuz narkotik vasitə dövriyyəsində şübhəli şəxs kimi 24 aprel 2021-ci il tarixdə saat 19:45 radələrində Yevlax şəhəri Füzuli küçəsində saxlanılaraq Yevlax rayon Polis Şöbəsinə aparılmış, üzərində müdafiəçi-vəkilin iştirakı və video çəkilişlə keçirilmiş şəxsi-axtarış nəticəsində əynindəki şalvarın sağ yan cibində, bir ədəd siqaret kağızına bükülmüş bükülünün içərisində istintaqa məlum olmayan mənbədən və vaxtda, satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxladığı şəxsi istehlak miqdarından artıq miqdarda- 0,348 qram çəkidə narkotik vasitə olan heroin aşkar olunaraq qanunauyğun qaydada rəsmiləşdirilməklə götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspert rəyləri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, 24 aprel 2021-ci il tarixdə saat 20 radələrində Yevlax şəhər Füzuli küçəsində gedərkən iki nəfər polis əməkdaşı ona yaxınlaşaraq saxlamış və ona narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğunu deyərək onu polis şöbəsinə aparmışdır. Polis şöbəsində onun üzərinə baxış keçirilmiş və üzərindən, yəni şalvarının sağ yan cibindən bir ədəd siqaret kağızına bükülmüş bükülünün içərisində narkotik vasitə olan-heroin aşkar olunaraq götürülmüşdür. Onun üzərindən aşkar edilərək götürülmüş heroin onun özünə məxsus olmuşdur. O, narkotik vasitə istifadəçisidir və həmin heroini istifadə etmək üçün üzərində saxlamışdır. O, üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə - heroini 24 aprel 2021-ci il tarixdə saat 11 radələrində yaşadığı Yevlax şəhəri Nəbati küçəsində gedən zaman yolun kənarında siqaret kağızına bükülmüş şəkildə yerdən tapmışdır. Barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş şahid Yevlax rayon Polis Şöbəsinin cinayət axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi və üzərində saxlaması barədə 24 aprel 2021-ci il tarixdə Yevlax rayon Polis Şöbəsinin əməliyyat aparatına məxfi mənbədən əməliyyat məlumatı daxil olmuşdur. O, Təqsirləndirilən şəxs şəxsiyyəti barədə məlumatları yoxlayaraq onun 10 iyul 1982-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olduğunu və həmin ünvanda yaşadığını müəyyən etmişdir. O, daxil olmuş məlumatı həmin gün raportla polis şöbəsinin rəhbərliyinə məruzə etmişdir. Rəhbərlik tərəfindən Təqsirləndirilən şəxs barəsində müvafiq əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verilmişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs barəsində təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul etmişdir. O, həmin gün saat 19 radələrində polis əməkdaşı Şahid2 ilə birlikdə polis şöbəsindən çıxaraq Təqsirləndirilən şəxs olduğu Füzuli küçəsinə getmişdir. Belə ki, Təqsirləndirilən şəxs həmin yerdə olması ilə bağlı onun məlumatı olmuşdur. Onlar Füzuli küçəsində Təqsirləndirilən şəxs görərək ona yaxınlaşmışlar. O, Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitə saxlaması barədə məlumat daxil olduğunu, onun saxlanılıb üzərinə baxış keçirilməsi üçün tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edildiyini, üzərinə baxış keçirilməli olduğunu izah etmişdir. X4 rayon Polis Şöbəsinin inzibati binasına gətirib baş təhqiqatçı Şamil Xəlilova təhvil vermişdir. Baş təhqiqatçı Şamil Xəlilov tərtib etdiyi sənədlər əsasında Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutmuşdur. Şamil Xəlilov xidməti iş otağında onun, Şahid2 və vəkil Sevda Bəkirovanın iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirtmişdir. Təqsirləndirilən şəxs üzərində aparılan şəxsi axtarış və götürmə video yazı vasitəsi ilə qeydə alınmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki cins şalvarın sağ yan cibindən gümüşü kağıza bükülmüş bükülünü təqdim etmişdir. Bundan başqa Şamil Xəlilov tərəfindən Təqsirləndirilən şəxs üzəri yoxlanılmış və onun üzərindən başqa əşya və predmet aşkar edilməmişdir. Şamil Xəlilov Təqsirləndirilən şəxs həmin bükülüdə nə olmasını soruşduqda sonuncu həmin bükülünün içərisində narkotik vasitə-heroin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni 24.04.2021-ci il tarixdə Yevlax şəhəri Nəbati küçəsində yerdən tapdığını, özünün narkotik istifadəçisi olduğunu, istifadə etmək məqsədi ilə üzərində saxlamış olduğunu və satmaq məqsədinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax rayon Polis Şöbəsinin cinayət axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid2 Həsən oğlu Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında 24 aprel 2021-ci il tarixli protokoldan görünür ki Təqsirləndirilən şəxs həmin tarixdə saat 19:45-də şübhəli şəxs qismində tutulmuşdur. (iş vər.20); şəxsi axtarış və götürmə haqqında 24 aprel 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən əynindəki şalvarının sağ yan cibindən bir ədəd siqaret kağızına bükülmüş bükülünün içərisindən narkotik maddə olan heroinə bənzər kütlə aşkar olunaraq götürülmüşdür. (iş vər. 26-33); məhkəmə kimyəvi ekspertizasının 25.04.2021-ci il tarixli, 17/301 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs aşkar olunub götürülmüş və tədqiqata təqdim edilmiş üzərində: “Vət Təqsirləndirilən şəxs üstündən aşkar olunmuş... heroinə oxşar kütlə...” sözləri yazılmış, zərfin içərisindəki 01 (bir) ədəd qara-ağ rəngli kağız bükümdə, təmiz çəkisi-0,348 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Tədqiqata sərf edildi - 0,050 qram, qalıq-0,298 qram. Aparılmış ekspertiza tədqiqatının dəyəri 71,94 manatdır. (iş vər. 40-41); Yevlax Rayon Məhkəməsinin 26 aprel 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qismində qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 24 aprel 2021-ci il tarixdən hesablanmışdır. (iş vər. 72-74); maddi sübut kimi tanınma haqqında 30 aprel 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş tədqiqatdan sonra qalan təmiz çəkisi 0,298 qram olan heroin maddi sübut kimi tanınmış və saxlanılması üçün Yevlax rayon Polis Şöbəsinə təhvil verilmişdir. (iş vər.94-95); məhkəmə narkoloji ekspertizasının 27.05.2021-ci il tarixli, 576 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən ezab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. ( iş vər.146); AZ-İİ seriyalı 222293 nömrəli və AZ-İİ seriyalı 541012 nömrəli doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs 08.01.2009-cu il təvəllüdlü və 04.06.2010-cu il təvəllüdlü uşaqları vardır. (iş vər. 127); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 04.05.2021-ci il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs Yevlax Rayon Məhkəməsinin 25.01.2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə təqsirli bilinib 04 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şəki Rayon Məhkəməsinin 30.04.2019-cu il tarixli qərarı ilə 11 ay 10 gün əvvəl cəzadan şərti azad edilmişdir. Təqsirləndirilən şəxs 10.06.2020-ci ildə cəzasını tam çəkib qurtarmışdır. ( iş vər. 97-98); Şəki Apelyasiya Məhkəməsinin 13 may 2016-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə məhkum olunmasına dair Yevlax Rayon Məhkəməsinin 25 yanvar 2016-ci il tarixli hökmü təyin edilmiş cəzaya aid hissədə dəyişdirilmiş və Təqsirləndirilən şəxs qəti olaraq 04 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. (iş vər. 112-119); Şəki Rayon Məhkəməsinin 01 may 2019-cu il tarixli qərarından görünür ki, məhkum Təqsirləndirilən şəxs cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsinə dair ərizəsi təmin edilərək onun cəzadan şərti olaraq 11 ay 10 gün vaxtından əvvəl azad edilməsi qərara alınmışdır. (iş vər. 121-123). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır; 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əvvəllər qəsdən cinayət törətməyə görə məhkum olunmasını, üzərindən məhkumluğunun götürülmədiyi və ödənilmədiyi halda yenidən qəsdən cinayət törətməsini, yəni cinayətin residivini cəzasını ağırlaşdıran hal kimi nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən, ona təyin ediləcək cəza təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın son həddinin yarısından az olmamalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə təqsirləndirilən şəxs barəsində cəza tətbiqi ilə əlaqədar Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini düzgün hesab edir. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı 24 aprel 2021-ci il tarixdən hesablanmalı (CPM-158.2.1. 158.6), cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.3), barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitənin qalığı məhv edilməli (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM-198.1.), müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-193.2). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il 8 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rеjimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 24 aprel 2021-ci il tarixdən hesablansın. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı yer üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Yevlax rayon Polis Şöbəsində saxlanılan 0,298 qram çəkidə narkotik vasitə-heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə 71 (yetmiş bir) manat 94 (doxsan dörd) qəpik məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN********** AZ34CTRE ******************** kod 210005 VÖEN ********** m/h AZ 41 NABZ 01 3601**********3944 S.W.İ.F.T. Bik: CTREAZ 22 hesaba keçirilsin. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə göstərdiyi 12 (on iki) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Hüquqi yardıma görə 72 (yetmiş iki) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin Hökmdən elan edildiyi vaxtdan (həbsdə olan məhkum hökmü aldığı vaxtdan) 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm apelyasiya şikayəti və protesti verilmədiyi halda elan edildiyi vaxtdan 20 gün keçdikdə qüvvəyə minir. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar