Məhkəmə qərarları › İş №1(039)-94/2024

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-94/2024

29.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-94/2024 29.05.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi X2 Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı Müdafiəçi Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs iştirakı ilə xx.xx.1981-ci ildə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli, məhkumluğu olmayan, Yevlax şəhəri Nizami prospekti 124 saylı evdə yaşayan barəsində, “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Yevlax rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qəsdən satış məqsədi olmadan qanunsuz olaraq 01 ədəd sellofan bükümdə təmiz çəkisi 8,27 qram xeyli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı istintaqa məlum olmayan mənbədən və vaxtda əldə edərək üzərində saxlamış, 15 yanvar 2024-cü il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövrüyyəsində şübhəli bilindiyinə görə Yevlax şəhəri H.Əliyev prospektiində Yevlax rayon polis şöbəsinin polis əməkdaşları tərəfindən saxlanılaraq Yevlax rayon polis şöbəsinə gətirilib, üzərində müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmışdır. Şəxsi axtarış zamanı onun üzərindən 01 ədəd sellofan bükümdə təmiz çəkisi 8,27 qram xeyli miqdarda narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bildi və ifadəsində göstərdi ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilir. Narkotik vastə olan marixuanadan istifadə edir. xx.xx.2024-cü il tarixdə səhər saatlarında Kür çayının Yevlax rayonu ərazisindən keçən hissəsində yerləşən təzə körpünün meşəlik hissəsində balıq tutub evə qayıdarkən orada selofana bükülmüş bükülü görmüş və bükülünü açıb baxarkən içərisində narkotik vasitə olan marixuana olduğunu görmüş, marixuanadan istifadə etdiyi üçün, cibinə qoymuşdur. Sonra evə getmiş, işlərin görmüş həmin gün Yevlax şəhəri H.Əliyev prospektində yerləşən məscid istiqamətində gedərkən ona tərəf bir neçə mülki formada şəxs yaxınlaşmış, özlərin təqdim etmişdirlər. Onlar polis əməkdaşları olmuşdur. Polis əməkdaşları onu tanımış və o, cibində narkotik vasitə olduğundan həyacanlanmışdır. Ona görə onu polis şöbəsinə aparmışdırlar. Polis şöbəsində onun razılığı və müdafiəçinin iştirakı ilə video çəkilişlə üstünə baxış keçirilmiş, baxış zamanı o, üzərində olan narkotik vasitə olan marixuananı təqdim etmişdir. Təqdim edilən narkotik vasitənin təmiz çəkisi 8.27 qram olmuşdur. Məhkəmədən əməlindən səmimi peşmançılığını və bir daha belə hallara yol verməyəcəyini nəzərə alaraq ona həbslə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etdi. Təqsirləndirilən şəxsin cinayət əməli özünün etirafedici ifadəsi ilə yanaşı şahid ifadələri, ekspert rəyləri və iş üzrə toplanmış digər sübutlarla təsdiq olunur. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 Rəfael oğlu ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Yevlax şəhəri H.Əliyev prospektində yerləşən məscidin yaxınlığında durduğunu, üstündə narkotik vasitə olması barədə məlumat daxil olmuşdur. Elnurun təkcə piyada prospektə məscid istiqamətində getdiyini görmüş. Elnura yaxınlaşıb özlərini təqdim etmiş, Polis şöbəsində müdafiəçinin iştirakı ilə video çəkilişlə Elnurun üstünə baxış keçirmişlər. Baxış zamanı Elnurun üzərindən bir ədəd sellofan bükümdə narkotik vasitə olan marixuanaya oxşar kütlə aşkar etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax rayon polis şöbəsinin NMQ-nun əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 da eyni məzmunlu ifadə verərək Şahid2 dediklərini təsdiqləmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən şübhəli şəxs qismində tutma haqqında protokollardan görünür ki, Təqsirləndirilən şəxs 15 yanvar 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən 17 yanvar 2024-cü il tarixli qətimkan tədbiri seçmək haqqında qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X3 Bölməsinin 16 yanvar 2024-cü il tarixli 17\56 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs üstündən aşkar edilib götürülmüş bir ədəd şəffaf sellofan bükümdə çəkisi 8,27 qram olan bitki məşəli kütlə tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Həmin marixuanadan çəkisi 0,05 qram ekspertiza tədqiqatına sərf edilmiş və çəkisi 8,22 qram narkotik vasitə qurudulmuş marixuana qalmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən məhkəmə-narkoloji ekspertizasının Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserin 09 aprel 2024-cü il tarixli 624 saylı rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannobinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax şəhər İHB-nın 1 saylı İƏD tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadəsi, habelə şahid ifadələri, şəxsi axtarış protokolu və ekspertiza rəyləri ilə tamamilə sübuta yetirilir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, ona düzgün olaraq CM-nin 234.1-ci maddəsi ilə ittiham verilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi, onun barəsində CM-nin 62 və ya 70-ci maddəsinin tətbiq olunması üçün əsaslar yoxdur. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal əməlindən səmimi peşman olmasıdır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli № 15 Qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 15 yanvar 2024-cü il tarixdən 17 yanvar 2024-cü il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə olduğu bir gün müddət, azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla cəmi 04 (dörd) gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut olan Yevlax rayon polis şöbəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalan ümumi təmiz çəkisi 8.22 qram narkotik vasitə olan marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Azərbaycan Respublikasının CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Təqsirləndirilən şəxs üzərinə saat 23-00-dan saat 07-00 qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Yevlax rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerini dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəkməlidir, hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Yevlax rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-193.2). İşə olan 1 ədəd kompakt disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 15 yanvar 2024-cü il tarixdən 17 yanvar 2024-cü il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə olduğu bir gün müddət, azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla cəmi 04 (dörd) gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə saat 23-00-dan saat 07-00 qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Yevlax rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerini dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzasının əvvəli Yevlax rayon İcra və Probasiya Şöbəsinə qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs cəza çəkdiyi dövrdə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut, Yevlax rayon Polis Şöbəsinin MSSK-da saxlanılan, ekspertiza tədqiqatından sonra qalan 8,22 qram qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Təqsirləndirilən şəxs 34 (otuz dörd) manat 55 (əlli beş) qəpik ekspertiza xərci alınaraq dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 04 (dörd) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Məhkəmədə göstərilən hüquqi yardıma görə cəmi 24 (iyirmi dörd) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. İşə olan 1 ədəd kompakt disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən 20 gün müddətində Yevlax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. (Həbsdə olan təqsirləndirilən şəxs aldığı vaxtdan 20 gün müddətinə). Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar