Məhkəmə qərarları › İş №1(039)-97/2023

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-97/2023

06.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-97/2023 06.07.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi- Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs Kazim oğlunun iştirakları ilə, xx.xx.1984-cü ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Yevlax şəhəri, Ü.Hacıbəyov küçəsi ev 164-da qeydiyyatda olan və yaşayan barəsində polisin nəzərəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Kazim oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Kazim oğluna qarşı irəli sürülmüş ittihamda qeyd olunur ki, o, qəsdən satış məqsədi olmadan qanunsuz olaraq özünün istifadəsi üçün şəxsi istehlak miqdarından artıq miqdarda 1,163 qram çəkidə psixotrop maddə olan metanfetamini istintaqa məlum olmayan mənbədən və vaxtda əldə edib əynindəki qara rəngli şalvarın sağ yan cibində, bir ədəd şəffaf sellofana bükülmüş bükülünün içərisində saxlamış, Yevlax rayon polis şöbəsinin əməkdaşlarının keçirdiyi təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs kimi 20 fevral 2023-cü il tarixdə saat 16:30 radələrində, Yevlax şəhəri Ü.Hacıbəyov küçəsində saxlanılıb Yevlax rayon polis şöbəsinə gətirilərək, onun üzərində həmin tarixdə saat 17:10-dan saat 17:40- dəqiqəyədək olan müddət ərzində müdafiəçinin iştirakı ilə, video çəkilişlə aparılmış şəxsi axtarış zamanı əynində qara rəngli şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümdə qəsdən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxladığı şəxsi istehlak miqdarından artıq miqdarda 1,163 qram çəkidə psixotrop maddə olan metanfetam aşkar olunaraq götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspert rəyləri, habelə işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Kazim oğlu ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, 19 fevral 2023-cü il tarixdə günorta saat 16 radələrində Yevlax şəhəri Ü.Hacıbəyov küçəsində olarkən yerdə 01 ədəd sellofana bükülmüş bükülü olduğunu görmüş, bükülünü götürmüş, həmin bükülünü açıb içərisinə baxdıqda bükülünün içərisində psixotrop maddə olan metamfetamini görüb həmin metamfetamindən gələcəkdə istifadə etmək üçün bükülünü cibinə qoyaraq üzərində saxlamış, xx.xx.2023-cü il tarixdə saat 16 radələrində o, yaşadığı Yevlax şəhəri Ü.Hacıbəyov küçəsində olmuş, bir gün əvvəl Yevlax şəhərində küçədə yerdən tapdığı psixotrop maddə olan metamfetamin üzərində olmuş, həmin vaxt polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmiş, onun narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək polis əməkldaşları ilə birlikdə polis şöbəsinə getməyini təklif etmiş, o da etiraz etməyərək polislərlə birlikdə polis şöbəsinə gəlmiş, polis şöbəsində ona vəkil təyin olunmuş, bundan sonra vəkilin iştirakı ilə və videoçəkilişlə onun razılığı ilə üstünə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı polis əməkdaşları əynindəki qara rəngli şalvarının sağ yan cibindən özü qəbul etmək üçün saxladığı 01 (bir) ədəd sellofan bükümdə psixotrop maddə olan metamfetamini aşkar edib götürmüş, sorğu zamanı o, həmin psixotrop maddə olan metamfetamini 19 fevral 2023-cü il tarixdə Yevlax şəhəri Ü.Hacıbəyov küçəsində yol ilə gedən zaman yerdən tapdığını bildirmiş, polis işçiləri vəkilin və onun iştirakı ilə üstündən aşkar edilib götürülmüş içərisində psixotrop maddə olan metamfetamin olan bükülünü zərfə qoyaraq möhürləmiş, sonra isə polis işçiləri bu barədə protokol tərtib etmiş, həmin protokolla tanış olmuş və düzgün tərtib olunduğuna görə o da digər iştirakçılar kimi protokola və zərfə imza etmişdir. Əməlindən peşman olduğunu nəzərə alaraq, məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax rayon Polis Şöbəsinin Cinayət axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 İsmayıl oğlu ifadəsində bildirmişdir ki, 20 fevral 2023-cü il tarixdə Yevlax RPŞ-də olarkən Yevlax şəhəri Ü.Hacıbəyov küçəsi ev 164-də yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, bu barədə rəhbərliyə məlumat verdikdən və əməliyyat tədbirinin keçirilməsi barədə qərar qəbul etdikdən sonra Yevlax RPŞ-nin PPXB-nin polis nəfəri mərhum Şahid2 ilə birlikdə Yevlax şəhəri Ü.Hacıbəyov küçəsinə getmiş, saat təxminən 16:30 radələrində Təqsirləndirilən şəxs orada görmüş, İsaya yaxınlaşaraq özlərini təqdim edib onlarla polis şöbəsinə getməsini bildirmiş, İsa da etiraz etməyib onlarla polis şöbəsinə gəlmiş, polis şöbəsində vəkil dəvət edilmiş, Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra vəkilin iştirakı ilə İsanın üstünə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarının sağ yan cibindən 01 (bir) ədəd sellofana bükülmüş bükülünün içərisindən psixotrop maddə olan metamfetamindən aşkar edilərək götürülmüş, bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş həmin kütlə müdafiəçi-vəkilin iştirakı ilə və video çəkilişlə qablaşdırılaraq zərfə qoyularaq 85 saylı möhürlə möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, iştirakçılardan irad və təklif daxil olmamış və protokolun doğruluğunu imzalarla təsdiq etmişlər. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş şahid Yevlax rayon X3 patrul xidməti bölüyü polis baş serjantı vəzifəsində işləmiş mərhum Şahid2 digər Şahid1 İsmayıl oğlunun verdiyi ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işi başlanması haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Kazim oğlunun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* №-li cinayət işi başlanılması və icraatına qəbul edilməsi qərara alınmışdır. Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Kazim oğlu həmin tarixdə saat 16:30-də şübhəli şəxs qismində tutulmuşdur. (iş vər. 10-11); Şəxsi axtarış və götürmə haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Kazim oğlunun üzərində şəxsi axtarış aparılarkən əynindəki qara rəngli şalvarın sağ yan cibində, bir ədəd şəffaf sellofana bükülmüş bükülünün içərisində narkotik maddə olan metamfataminə bənzər kütlə aşkar olunaraq götürülmüşdür (müvafiq DVD disk əlavə olunub).(iş vər. 23-29); Məhkəmə kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli 17/196 nömrəli rəyindən görünür ki, üzərində “Yevlax şəhər şakini Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlə.” sözləri, adları və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd şəffaf selofana bükümdə təmiz çəkisi- 1.163 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin təmiz çəkisi - 1,163 qram tədqiqata sərf edildi- 0,100 qram, qalıq - 1,063 qram. Aparılmış ekspertiza tədqiqatının dəyəri 69.10 manatdır. (iş vər.38-39); Qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Kazim oğlunun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (iş vər. 64-65); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2023-cü il tarixli cavabdan görünür ki, Hüseynov X2 Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3 və 52-1.5-ci maddələri ilə təqsirli bilinərək 10 ay 24 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021 ildə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya Qərarının 2.4-cü bəndinə uyğun olaraq, Amnistiya Qərarının 36-cı bəndinə əsasən cəzadan azad olunması bərəsindən olan narkomaniyadan məcburi müalicə ləğv edildikdən sona həyata keçirilməsi qərara alınmışdır.(iş vər.72-73); Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, məhkum Təqsirləndirilən şəxs Kazim oğluna təyin edilmiş narkomaniyadan məcburi müalicə tədbirinin tətbiqi ləğv edilməsi qərara alınmışdır.(iş vər.79-80); Məhkəmə narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 772 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs Kazim oğlu psixotrop maddələrdən istifadə edir. Psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı vardır. Narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. (iş vər.88); Maddi sübut kimi tanınma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Kazim oğlundan aşkar olunaraq götürülmüş, ekspertiza tədqiqindən sonra qalan çəkisi 1,063 qram pisixotrop maddə olan metafetamin və “axtarış və götürmə istintaq hərəkətini” əks etdirən kompakt disk iş üzrə maddi sübut kimi tanınmış, 1,063 qram pisixotrop maddə olan metafetamin saxlanılması üçün Yevlax rayon polis şöbəsinə təhvil verilmiş, kompakt disk isə cinayət işinin materiallarına əlavə edilmişdir.(iş vər.90-93); Yevlax Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Kazim oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 02 il 03 ay 08 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Yevlax Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Yevlax Rayon Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli, 1(039)- 82/2020 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunduğu 2 il 03 ay 08 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 (bir) 10 (on) ay 01 (bir) gün hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.5-ci maddəsinə əsasən 11 ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, Təqsirləndirilən şəxs tutularaq həbsdə saxlandığı 6 gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 10 ay 24 gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması qərara alınmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs Kazim oğlu tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Kazim oğlunun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o, cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs Kazim oğlunun əməlindən səmimi peşmançılıq çəkməsini (CM-59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Kazim oğlunun əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Kazim oğluna cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə təqsirləndirilən şəxs barəsində cəza tətbiqi ilə əlaqədar Təqsirləndirilən şəxs Kazim oğluna məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini düzgün hesab edir. Məhkəmə hesab edir ki, şərh olunan hallar təqsirləndirilən şəxsin şəxsiyyəti ilə bağlı olduğuna görə Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alınmalı, Təqsirləndirilən şəxs Kazim oğlunun cəmiyyətdən tam təcrid edilməməklə islah olunmasına və barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha yüngül cəza-azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsinə əsas verir. Belə ki, Təqsirləndirilən şəxs Kazim oğlunun törətdiyi əməl cəmiyyət tərəfindən mənfi qarşılanır və belə şəxslərin azadlıqda qalması cəmiyyətdə mənfi emosiyalar doğurur. Şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan digər alternativ cəzaya münasibətdə isə məhkəmə hesab edir ki, yuxarıda qeyd olunan hazırkı işin hallarına əsasən Təqsirləndirilən şəxs Kazim oğlu yalnız maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını çəkməklə islah oluna bilər ki, bununla da Cinayət Məcəlləsinin 41.2-ci maddəsində qeyd olunan cəzanın məqsədinə çatmaq mümkündür. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edirki, Təqsirləndirilən şəxs Kazim oğlunun Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Kazim oğlu Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, şübhəli şəxs qismində saxlanıldığı 2 (iki) gün müddət cəzasından çıxılmalı (CM-69.3), cəzaçəkmə müddətinin başlanğıcı 06 iyul 2023-cü il tarixdən hesablanmalı (CPM-158.2.1,158.6), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilməli, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli (CM-93.1.2), iş üzrə maddi sübut kimi tanınan metamfetaminin qalığı məhv edilməli, kompakt disklərin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalı (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM-198.1.), müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-193.2). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Kazim oğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Kazim oğlunun 20 fevral 2023-cü il tarixdən 22 fevral 2023-cü il tarixədək şübhəli şəxs qismində saxlandığı 2 gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 01 il 05 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rеjimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 06 iyul 2023-cü il tarixdən hesablansın. Barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilməklə Təqsirləndirilən şəxs Kazim oğlu məhkəmə zalından həbs edilsin. Təqsirləndirilən şəxs Kazim oğlu barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəllənin 93.1.2-ci maddəsinə əsasən cəzasını çəkdiyi müddət ərzində Təqsirləndirilən şəxs Kazim oğlu barəsində narkomaniyadan tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin. Təqsirləndirilən şəxs Kazim oğlu yaşadığı yer üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Yevlax Rayon Polis şöbəsində saxlanılan 1,063 qram pisixotrop maddə olan metafetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. “Axtarış və götürmə istintaq hərəkətini” əks etdirən kompakt diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. İş üzrə 69 (atmış doqquz) manat 10 (on) qəpik məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs Kazim oğlundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN********** AZ 34 CTRE ******************** kod 210005 VÖEN ********** m/h AZ 41 NABZ 01 3601**********3944 S.W.İ.F.T. Bik: CTREAZ 22 hesaba keçirilsin. Təqsirləndirilən şəxs Kazim oğluna Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə göstərdiyi 8 (səkkiz) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Hüquqi yardıma görə 48 ( qırx səkkiz) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmdən elan edildiyi vaxtdan (həbsdə olan məhkum hökmü aldığı vaxtdan) 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm apellyasiya şikayəti və protesti verilmədiyi halda elan edildiyi vaxtdan 20 gün keçdikdə qüvvəyə minir. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar