Məhkəmə qərarları › İş №1(039)-99/2023

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-99/2023

05.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-99/2023 05.07.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarənin rayon (şəhər) Məhkəmələri üzrə Şöbənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxx 1965-ci il tarixdə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə, Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda qeyd olunur ki, o, qəsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,726 qram narkotik vasitə olan heroini istintaqa məlum olmayan mənbədən və vaxtda əldə edib qanunsuz olaraq üzərində saxlamış, DİN-nin BNMİ-nin QBRŞ-nin əməkdaşları tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 23 mart 2023cü il tarixdə Yevlax şəhəri, N.Hikmət küçəsində saxlanılaraq Yevlax RPŞ-nə gətirilib 23 mart 2023-cü il tarixdə saat 18:10-dan saat 18:21-dək olan müddət ərzində orada videoçəkilişlə və müdafiəçinin iştirakı ilə keçirilmiş şəxsi axtarış zamanı həmin vaxtı Təqsirləndirilən şəxs gödəkcəsinin cibindən qəsdən satış məqsədi olmadan qanunsuz olaraq əldə etməklə saxladığı 01 (bir) ədəd kağız bükümdə həmin narkotik maddə olan heroin aşkar olunub götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclası zamanı ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək söyləmişdir ki, heroin istifadəçisidir. Təxminən 21 mart 2023-cü il tarixdə Bakı şəhərində olan zaman, Beynəlxalq Avtovağzalın ərazisində tanımadığı bir şəxslə söhbət etməyə başlamışdır. Söhbət əsnasında ona heroin lazım olduğunu bildirmişdir. Həmin şəxs 20 manat pul qarşılığında ona heroin tapa biləcəyini söyləmişdir. Həmin şəxsə 20 manat pul vermiş və o, bir müddət sonra bir büküm gətirib ona vermişdir. Aldığı narkotik vasitəni cibinə qoyaraq Yevlax şəhərinə gəlmişdir. 23 mart 2023-cü il tarixdə, axşam saatlarında, təxminən saat 17:00-da yaşadığı Yevlax şəhəri, N.Hikmət küçəsində olan zaman ona iki şəxs yaxınlaşaraq özlərini DİN BNMİ-nin QBRŞ-nin polis əməkdaşları kimi təqdim etmiş və onu polis şöbəsinə dəvət etmişlər. Həmin şəxslərlə birlikdə Yevlax Rayon Polis Şöbəsinin inzibati binasına getmişdir. Burada ona vəkil təqdim olunmuş üzərinə şəxsi axtarış keçirilmişdir. Bu zaman onun əynindəki gödəkcənin cibindən 1 ədəd bükülü aşkar edilmişdir. Etiraf etmişdir ki, bükülüdə olan narkotik vasitə olan heroindir, öz istifadəsi üçün əldə edib üzərində saxlamışdır. Əməlindən peşman olduğunu bildirərək ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Şahid1 bildirmişdir ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsində regional şöbəsinin XMİÜ baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Yevlax şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin istifadəsi və saxlaması barədə 23 mart 2023-cü il tarixdə əməliyyat məlumatı daxil olmuşdur. Bu məlumat əsasında Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsində regional şöbəsinin rəisinin 23 mart 2023-cü il tarixli əmri ilə ondan, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsinin regional şöbəsində polis nəfəri vəzifəsində işləyən Şahid2 və Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsində regional şöbəsinin təhqiqatçısı, polis mayoru Rafiq Əhmədovdan ibarət əməliyyat-axtarış qrupu yaradılmışdır. Əməliyyat qrupunun digər üzvləri ilə birlikdə həmin gün Təqsirləndirilən şəxs yaşadığı Yevlax şəhəri N.Hikmət küçəsinə getmişlər. Bir müddət sonra Təqsirləndirilən şəxs həmin küçə ilə piyada hərəkətdə olduğunu görüb ona yaxınlaşıb özlərini təqdim etmiş və onu Yevlax Rayon Polis Şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etməyərək onlarla birlikdə şöbənin inzibati binasına getmişdir. Polis şöbəsində ona vəkil təqdim edilmiş və video çəkilişlə üzərində şəxsi axtarış keçirilmişdir. Axtarış zamanı Təqsirləndirilən şəxs əynindəkil gödəkcənin sol yan cibindən bükülü aşkar edilmişdir. Təqsirləndirilən şəxs etiraf etmişdir ki, bükülüdə olan kütlə heroindir, öz istifadəsi üçün üzərində saxlamışdır. Həmin kütlə elektron tərəzidə çəkilərək götürülmüş və ekspertizaya təqdim edilməsi üçün qablaşdırılmışdır. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasını özündə əks etdirən video yazı nümayiş etdirilmiş, bu zaman onun əynindəki tünd göy rəngli gödəkcənin sol döş cibindən 1 ədəd kağıza bükülmüş heroinə bənzər kütlənin aşkar olunduğu müəyyən edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin X1 24 mart 2023-cü il tarixli 16/340 saylı ekspert rəyində qeyd olunur ki, üzərində “Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş narkotik vasitə olan heroinə bənzər kütlə..” sözləri və imzalar olan kağız üsulla hazırlanmış narkotik vasitə heroindir. (səh. 38-39) Məhkəmə-narkoloji ekspertizasının 10 may 2023-cü il tarixli 811 saylı rəyində qeyd olunur ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. (səh.73) Məhkəmə, işin hallarını və iş üzrə toplanmış sübutları tam tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə, yəni satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və saxlamada təqsirli olması özünün etirafı, şahidin ifadəsi, video çəkilişlə, ekspertiza rəyləri ilə tam sübuta yetirilmişdir. Bu səbəbdən ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində cəzanın növünü və həddini müəyyən edərkən, məhkəmə, cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini səciyyələndirən halları, törətdiyi əməldən peşman olmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi, Cinayət Məcəlləsinin 61-ci maddəsində qeyd edilən cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq ona azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Həbsdə olduğu müddət qanunvericiliyin tələblərinə uyğun hesablanaraq təyin ediləcək cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs üzərinə Cinayət Məcəlləsinin 52-1.2 maddəsi ilə müəyyən edilmiş məhdudiyyətlər qoyulmalıdır. Cəza çəkdiyi müddətdə barəsində Azərbaycan Respublikası Cinayət Məcəllənin 93.1.2-ci maddəsi ilə nəzərdə tutulmuş narkomaniyadan tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməlidir. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsdən aşkar edilərək götürülmüş və X2 saxlanılan, qalıq 0,706 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv olunmalıdır. Ekspertiza tədqiqatının dəyəri 32.40 manat Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Müdafiəçi, Yevlax şəhər Hüquq Bürosunun vəkili Müdafiəçi dövlət vəsaiti hesabına göstərdiyi hüquqi yardıma məhkəmə zamanı 7 saat 30 dəqiqə hesablanmaqla hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-nin 193.2-ci maddə). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345- 347 və 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M Е T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 23 mart 2023-cü il tarixdən 25 mart 2023-cü il tarixədək şübhəli şəxs qismində saxlandığı 2 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 01 günə 02 gün hesablanmaqla 04 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə saat 22-00-dan saat 08-00 qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Yevlax rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerini dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Yevlax rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı gündən hesablansın. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəllənin 93.1.2-ci maddəsinə əsasən cəzasını çəkdiyi müddət ərzində barəsində narkomaniyadan tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin. Təqsirləndirilən şəxs yaşadığı yer üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Hökmün icrası Yevlax rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Maddi sübut – Yevlax Rayon Polis Şöbəsində saxlanılan 0,706 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Ekspertiza tədqiqatının dəyəri – 32 (otuz iki) manat 40 (qırx) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN********** AЗ 34 CТРЕ ******************** коd 210005 VÖEN ********** m/h АЗ 41 NABZ 01 3601**********3944 S.W.İ.F.T. Bik: CТRЕAZ 22 hesaba köçürülsün. Təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına göstərilən hüquqi yardıma görə məhkəmə dövrü üçün 45 (qırx beş) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkillər Bürosunu vəkili Müdafiəçi ödənilsin. Hökmdən elan edildiyi vaxtdan (həbsdə olan məhkum hökmü aldığı vaxtdan) 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən : Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar