Məhkəmə qərarları › İş №1(039)-99/2024

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-99/2024

17.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-99/2024 17.10.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Məmmədov Cavid Faiq oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1987-ci ildə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan barəsində polisin nəzərəti altına vermə qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs verilən ittihama əsasən o, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətləri zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət olunan xuliqanlıq cinayət əməlini törətmişdir. Belə ki, o, 22 dekabr 2023-cü il tarixdə saat 07:00 radələrində Yevlax şəhəri, Pişəvəri küçəsi ilə H.Əliyev prospektinin kəsişməsində yerləşən “Nur marketin” qarşısında ictimai yer hesab edilən küçədə dayanan zaman Zərərçəkmiş şəxs ona yaxınlaşaraq nə üçün hər gün oradan keçərək işə gedən gəlini Şahid1 narahat etməsini irad bildirən zaman o, heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs ilə uca səslə mübahisə edərək sonuncunun ünvanına nalayiq söyünclər söyərək öz şəxsiyyətini digərinin şəxsiyyətindən üstün tutmaqla ictimai qaydaya, insanlar arasında təşəkkül tapmış adətlərə, davranış, ictimai, birgəyaşayış qaydalarına etinasızlıq göstərib, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qəsdən hərəkətlər etməklə orada olan şəxslərin gözü qarşısında əli ilə bir dəfə qəsdən Zərərçəkmiş şəxs vuraraq sonuncuya sağlamlığa yüngül zərər vuran sağ gözaltı nahiyyənin qançırı yarası ilə nəticələnən bədən xəsarəti yetirməklə qəsdən və ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, Zərərçəkmiş şəxs zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərlə qəsdən xuliqanlıq etmişdir. Qeyd edilən ittihamla bağlı Təqsirləndirilən şəxs CM-in 221.1-ci maddəsi ilə ittiham olunaraq məhkəməyə verilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, o, ünvan 1 ünvanında tək yaşayır, Zərərçəkmiş şəxs isə əvvəldən tanıyır, vaxtı ilə Zərərçəkmiş şəxs gəlini ilə aralarında sevgi münasibətləri olmuşdur. Zərərçəkmişin bundan xəbəri olan gündən sonra özünü qonum qonşu arasında yaxşı çıxamaq üçün adam tutub onu izlətmiş, hər yerdə barəsində daim söyüşlə danışmış, o, heç bir zaman Zərərçəkmiş şəxs gəlini Nigara söz atmamış, sadəcə zərərçəkmiş müxtəlif vasitələrlə onu şərləmək istəyir. Onun Zərərçəkmiş şəxs xəstə olan oğlu Orxanla dostluq münasibətləri olmuş, çox vaxtı sonuncu ilə yaşadıqları ərazidə olan çayxanada oturaraq vaxt keçirmişlər. Qeyd olunan hadisədən bir gün əvvəl yəni xx.xx.2023-cü il tarixdə Xuramanın oğlu Orxan ilə yaşadıqları Yevlax şəhəri Dəmiryolu vağzalının yaxınlığında çayxanada yenə birlikdə olduqlarını bilən Zərərçəkmiş şəxs oğlunun onunla dostluq etməməsi üçün, xx.xx.2023-cü il tarixdə saat 07:00 radələrində Yevlax şəhəri Pişəvari və H.Əliyev prospektinin kəsişməsində sinif yoldaşı olmuş və uşaqlıq dostu Aqil ilə birlikdə qardaşı uşaqlarını məktəbə yola salandan sora dayanıb söhbət edən zaman Zərərçəkmiş şəxs onun üzərinə hücüm çəkərək nalayiq ifadələr işlətməklə onu söyüb təhqir etmiş və itələmiş, daha sonra orada olan sinif yoldaşı olmuş və uşaqlıq dostu Aqil onları aralamış, baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs yenə üzərinə hücum çəkərkən onu bir dəfə əl zərbəsi ilə vurmuşdur. Zərərçəkmiş şəxs ona qarşı etdiyi qanunsuz hərəkətlərlə bağlı polis və prokurorluq orqanlarına hər hansı bir müraciəti olmamışdır. Özünü cinayəti törətməkdə təqsirli bilmir və məhkəmədən barəsində bəraət hökmünün çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxsla 2010-cu ildən bu vaxta qədər daima mübahisələri olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs mütamadi olaraq onu və ailə üzvlərini narahat edir, barələrində nalayiq ifadələr işlədir və bununla bağlı əvvəllər Yevlax RPŞ-nə şikayət etmiş, şikayəti əsasında Təqsirləndirilən şəxs bir necə gün inzibati həbs verilmişdir. Təqsirləndirilən şəxs həbsdən çıxdıqdan sonra yenidən onları narahat etməyə başlamış, mütamadi olaraq gəlini və azyaşlı nəvəsini izləyib, onları narahat etmişdir. Hadisə olan gün yəni xx.xx.2023-cü il tarixdə səhər saat təxminən 07:00 radələrində gəlinini işə yola salan zaman Təqsirləndirilən şəxs Yevlax şəhəri H.Əliyev prospekti ilə Pişəvari küçəsinin kəsişməsindəki səkidə dayandığını görmüş və Ramizin həmin ərazidə yaşamadığından onun orada dayanmaqda məqsədinin ailə üzvlərini narahat etməsi olduğunu zənn etmiş, həmçinin Ramizin yanında Aqil adlı şəxsində dayanmasnı görmüşdür. Əvvəllərdə belə narahatçılıq halları baş verdiyindən, Ramizə yaxınlaşaraq onun sinəsindən tutub orada nə məqsədlə dayandığını, eləcədə ailə üzvlərini hansı məqsədlə narahat etməsi barədə irad bildirdikdə, Təqsirləndirilən şəxs nalayiq ifadələr işlədərək yumruqla onun sağ gözünün üst nahiyyəsinə bir dəfə zərbə vurmuş və Təqsirləndirilən şəxs qolundan tutmaqla bir daha onun üstünə gedərək Təqsirləndirilən şəxs yenidən onu vurmasını bildirmişdir. Məhkəmənin sualına cavab olaraq təqsirləndirilən şəxsin yenidən onu vurması üçün Təqsirləndirilən şəxs üzərinə qəsdən getdiyini, Aqil adlı şəxsin onları araladığı üçün Təqsirləndirilən şəxs onu təkrar vurmadığını bildirmişdir. Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsə qarşı şikayətçi olduğunu bildirərək onun barədəsində qanuna müvafiq qərar qəbul edilməsini və bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, 2007-ci ildə ailə quraraq Yevlax rayonuna köçmüşdür. Təxminən 2014-cü ildə həyat yoldaşı Orxan Məmmədov işləmək üçün Rusyada getmişdir. Həmin dövrdə qaynanası Zərərçəkmiş şəxs ilə bir evdə yaşamışlar. Həmin vaxtdan bəri Təqsirləndirilən şəxs adlı şəxs onu narahat eləməyə başlamış hər küçəyə çıxdıqca arxasınca gəlib izləmişdir. Bundan narahat olduğu üçün evdən küçəyə çıxmamaq qərarına gəlmiş və qaynanası Zərərçəkmiş şəxs onu mağazaya yola salmaq istəyən zaman bundan imtina etmiş, o isə bu imtinanı anlamadıqda səbəbini soruşmuş və səbəbini açıb söyləyəndən sonra, qaynanası Zərərçəkmiş şəxs bununla bağlı Yevlax şəhər polis şöbəsinə müraciət etmişdir. Daha sonra qaynanası Zərərçəkmiş şəxs həmin şəxsin adının Təqsirləndirilən şəxs olması və narkotik aludəçisi olmasını bilmiş, bildikdən sonra lap daha qorxub ehtiyat etmiş, çünki üzərində kəsici alət olmasından və ona hər hansı zərər vurmasından ehtiyatlanmışdır. Son vaxtlar Təqsirləndirilən şəxs yenidən onu narahat etməyə başlamış, belə ki, hər gün səhər vaxtı texniki işçi kimi işlədiyi 9 saylı tam orta məktəbə gedən zaman yaşadıqları evin darvazasının qarşısında dayanıb onu gözləmişdir. O, bu haldan narahat olduğu üçün bu barədə qaynanası Xuramana Hümbətova danışmışdır. xx.xx.2023-cü il tarixdə saat 07:00 radələrində evdən çıxıb işlədiyi 9 saylı tam orta məktəbə tərəf hərəkət edən zaman Ramizin həmişəki kimi H.Əliyev pr-ti ilə Pişəvəri küçəsinin kəsişməsində başqa bir şəxslə dayandığını görmüş, lakin ona fikir vermədən öz hərəkətini davam etmiş, bir neçə dəqiqədən sonra qaynanası Zərərçəkmiş şəxs səsini eşidərək geri qayıtmış və qaynanası ilə Ramizin dalaşdıqlarını eləcədə qaynanasının üzündə şişkinlik olduğunu görmüşdür. Qaynanası ona bildirmişdir ki, Ramiz onu yumruqla vurmuşdur. Daha sonra qaynanası Xuramanı yaşadıqları ünvana aparmış müəyyən yardım göstərdikdən sonra yenidən işə qayıtmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində bildirdi ki, Yevlax şəhəri KTM-də texniki işçi (süpürgəçi) işləyir. İşlədiyi iş üzrə hər gün səhər saat 06:00 radələrində ona tapşırılan Yevlax şəhəri Pişəvari küçəsi və Yevlax şəhəri Dəmiryolu stansiyası ətrafında təmizlik işləri görür. xx.xx.2023-cü il tarixdə saat 07:00 radələrində Yevlax şəhəri Pişəvari küçəsinin səkisini süpürən zaman ətrafda bir neçə şəxsin dayandığını, lakin onlara fikir vermədən öz işini davam elətdirdiyini, həmin zaman orta yaşlı qadınla bir oğlanın mübahisə edərək dalaşdıqlarını eşitmiş və onların ətrafına bir neçə nəfərin toplaşdığını görmüş, hadisə iştirakçılarının kimliklərinin ona sonradan məlum olduğunu və hadisənin baş verdiyi anı şəxsən görmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirdi ki, Ramiz və Xuramanı qonşuluqda yaşadığı üçün qiyabi olaraq tanıyır, eləcədə heç biri ilə düşmənçilik və ədavəti yoxdur. xx.xx.2023-cü il tarixdə saat 07:00 radələrində işlədiyi Mingəçevir şəhəri balıq zavoduna gedən zaman, Yevlax şəhəri Pişəvari küçəsi ilə H.Əliyev prospektinin kəsişməsində olan tanışı Ramizi görmüş və onunla görüşüb siqaret çəkib, işə yollanan zaman, Zərərçəkmiş şəxs Pişəvari küçəsi ilə Ramizin üstünə gəlib yaxasından yapışaraq onunla mübahisə etdiyini, özünün isə onları aralaşdırdığını, Ramizin Xuramanı vurmasını görmədiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs müraciəti əsasında fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddələri ilə ********* saylı cinayət işi başlanılmışdır.(iş vər.01-02); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertizası və X6 publik hüquqi şəxsin canlı şəxsin ekspertizası ilə bağlı 22 dekabr 2023-cü il tarixli, 791 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarətlər-sağ gözaltı nahiyənin qançırı, dərialtı hematoması, sağ gözün ağlı qişasına yayılmış qansızma, sağ alm nahiyəsinin qançırı olmuşdur. Əmələ gəlmə müddəti xx.xx.2023-cü il tarixə uyğun gəlir və qeyd olunan xəsarətlər səhhətin qısa müddət pozulmasına səbəb olmuş və bu əlamətə görə dərəcəsi sağlamlığa yüngül zərər vuran xəsarətlərə aid edilir.(iş vər.12); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhər Xəzər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinmiş 03 il 06 ay müddətinə azadlıqdan məhrum edilmiş, xx.xx.2020-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. (iş vər.12); Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan və ona əlavə olunmuş fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs Yevlax şəhəri Pişəvəri küçəsi ilə H.Əliyev prospektinin kəsişməsində yeləşən “Nur markatin” qarşısında Təqsirləndirilən şəxs tərəfindən döydüyünü və vurduğu yeri göstərmişdir.(iş vər.55-59); “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur.(iş vər.62); 17 aprel 2024-cü il tarixli “üzləşdirmə protokolundan” görünür ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və keçirilmiş üzləşdirmə zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları tam təsdiq edərək Təqsirləndirilən şəxs üzünə qarşı bildirmişdir. (iş vər.76-178); İş üzrə əməlin cinayət məcəlləsinin digər müddəsinə tövsif edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə istintaq aparılan ********* nömrəli cinayəti işi Azərbaycan Respublikası CM-nin 128-ci maddəsindən həmin məcəllənin 221.1-ci maddəsinə tövsif edilməsi qərara alınmışdır.(iş vər.79-80); Qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, saat 17.40-da Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir.(iş vər.94-95); Məhkəməyə təqdim olunan Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs şikayətçi olduğunu onun barəsində qanunu qərar verilməsinin xahiş etmişdir. Məhkəmə təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və şahidlərin məhkəmə iclasındakı ifadələrini dinləyərək işdəki sənədləri araşdırıb toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər, yəni xuliqanlıq etməsi məhkəmə iclasında sübuta yetirilməmişdir. Belə ki, CM-nin 221.1-ci maddəsinə əsasən xuliqanlıq dedikdə, xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər başa düşülür. Qanunun mənasına əsasən xuliqanlıq niyyətinin mahiyyəti ondan ibrarətdir ki, onu törədən şəxs özünün şəxsiyyətini, başqa şəxsin və digər onun ətrafında olan şəxslərin şəxsiyyətinin fövqündə qoyur, cəmiyyətə aşkar hörmətsizlik və laqeydsizlik nümayiş etdirib ictimai qaydaları və ictimai maraqları, habelə əxlaq normalarını pozan, bunlara etinasızlıq göstərən hərəkətlər edir. Məhkəmə qeyd edir ki, CM-in 221.1-ci maddəsində nəzərdə tutulan cinayət əməli formal tərkibli olduğundan onun başa çatmış hesab olunması üçün təqsirkarın qeyd edilən maddə ilə nəzərdə tutulan hərəkətləri törətməsi faktının müəyyən edilməsi kifayətdir. Belə tərkibə əsasən məsuliyyətin həllində ancaq dispozisiyada göstərilən hərəkət və ya hərəkətsizlik müəyyən edilir, nəticə tərkibdən kənarda qaldığı üçün onun müəyyən edilməsi lüzumu aradan qalxır. Hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs xuliqanlıq etməsi faktı ilə bağlı ittiham verilmişdir ki, bununla bağlı ilk növbədə təqsirləndirilən şəxsin məqsədinin xuliqanlıq niyyəti olması sübuta yetirilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Xuliqanlıq obyektiv cəhətdən CM-in 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Həmin qərarda xuliqanlıq cinayətinin əlamətləri açıqlanaraq göstərilir ki, cinayət hüququnda ictimai qayda dedikdə, ictimai asayiş, şəxsiyyətin toxunulmazlığını və mülkiyyətin bütövlüyünü, dövlət və ictimai institutların normal fəaliyyətini təmin edən, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış münasibətlər kompleksi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması, təqsirkarın elə hərəkətləridir ki, bu hərəkətlər vətəndaşların, idarə müəssisə və digər təşkilatların normal həyat və fəaliyyəti üçün təhlükə yaradır, qorxu və narahatçılıq hissinə səbəb olur. Zor tətbiq etmə dedikdə isə döymə, sağlamlığa zərər vurma, eləcə də zor tətbiq etmə hədəsi fiziki zor tətbiq etmək niyyətinin sözlərlə və ya hərəkətlərlə ifadə olunmasıdır. Hədəyə görə məsuliyyət o zaman yaranır ki, bu hədənin həyata keçirilməsi üçün real əsaslar olsun. Özgənin əmlakının məhv edilməsi əmlakın təsərrüfat, tarixi dəyərini tam itirməsi, zədələnməsi isə əmlakın tamamilə və ya qismən öz təyinatına uyğun gəlməməsi, lakin ona zərbə edilməsi mümkün olan dərəcədə zərər yetirilməsidir. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələyəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivi əsasını təşkil edir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2004-cü il 23 mart tarixli 1 №-li qərarının 2-ci bəndində göstərilən tövsiyyələrə əsasən, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkmiş şəxsin təşəbbüsü ilə başlanılmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq və ya xuliqanlıq niyyəti ilə törədilən əməl kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda CM-nin şəxsiyyət əleyhinə, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutulan müvafiq maddələri ilə tövsif olunur. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “CM-in 221-ci maddəsində nəzərədə tutulmuş cinayətin subyektiv cəhətinin şərh edilməsinə dair” 12 oktyabr 2022-ci il tarixli qərardadında göstərilir ki, məhkəmə təqdim edilmiş sübutlar əsasında təqsirləndirilən şəxsin hərəkətlərində xuliqanlıq motivinin olmaması qənaətinə gəldikdə, yəni təqsirləndirilən şəxsin ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğunu müəyyən etmədikdə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xuliqanlıq etməsi niyyətini təsdiq edən hər hansı sübut mövcud deyildir, yəni onun Yevlax şəhəri, Pişəvəri küçəsi ilə H.Əliyev prospektinin kəsişməsində yerləşən “Nur marketin” qarşısında heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs ilə uca səslə mübahisə edərək sonuncunun ünvanına nalayiq söyünclər söyərək öz şəxsiyyətini digərinin şəxsiyyətindən üstün tutmaqla ictimai qaydaya, insanlar arasında təşəkkül tapmış adətlərə, davranış, ictimai, birgəyaşayış qaydalarına etinasızlıq göstərib, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qəsdən hərəkətlər etməklə orada olan şəxslərin gözü qarşısında əli ilə bir dəfə qəsdən Zərərçəkmiş şəxs vuraraq sonuncuya sağlamlığa yüngül zərər vuran sağ gözaltı nahiyyənin qançırı yarası ilə nəticələnən bədən xəsarəti yetirməklə qəsdən və ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, Zərərçəkmiş şəxs zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərlə qəsdən xuliqanlıq etməsi öz təsdiqini tapmır. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs ehtimal və mülahizələrə əsaslanaraq xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkəti ilə bir dəfə vuraraq zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət olunan hərəkətlər ilə bağlı ittiham verilmişdir ki, həmin ittiham əsasında məhkəmə Təqsirləndirilən şəxs CM-in 221.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsini mümkün hesab etmir. Cinayət işinin materiallarından və məhkəmə iclasında araşdırılmadan müəyyən olunmuşdur ki, təqsirləndirilən şəxslə zərərçəkmişin əvvəldən tanışlıqları olmaqla, aralarında uzun müddətdir ki, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsi və onun ailə üzvlərini narahat etməsi ilə əlaqədar mübahisələri mövcuddur. Zərərçəkmiş, habelə təqsirləndirilən şəxsin ifadələrindən də göründüyü kimi hadisə baş verən 22 dekabr 2023cü il tarixdə və saatda təqsirləndirilən şəxs Yevlax şəhəri H.Əliyev prospekti ilə Pişəvari küçəsinin kəsişməsindəki səkidə dayandığı zaman zərərçəkmiş şəxs onun üzərinə gələrək itələmiş, daha sonra orada olan təqsirləndirilən şəxsin sinif yoldaşı və uşaqlıq dostu olan Aqil onları aralamış, baş vermiş mübahisə zamanı zərərçəkmiş şəxs yenə təqsirləndirilən şəxsin üzərinə gələrkən sonuncu onu bir dəfə əl zərbəsi ilə vurmuş, zərərçəkmiş şəxs isə təqsirləndirilən şəxsin onu təkrar vurması üçün yenidən onun üzərinə yerimişdir. Həmçinin, məhkəmədə dindirilərkən Şahid3 təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsi vurmasını, habelə digər şahid X2 hadisənin baş verdiyi anı görmədiklərini bildirmişdir. Beləliklə, məhkəmə, məhkəmə istintaqında araşdırılan sübutları mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi və öz daxili inamına əsasən, həmçinin ittihamın həlli üçün kifayət etməsi baxımından qiymətləndirərək, “Avropa insan hüquqlarının və azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malik olmasının təsbit edildiyini nəzərə alaraq, həmçinin Təqsirləndirilən şəxs əməlinə hüquqi qiymət verərək, yuxarıda qeyd olunan və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş Zərərçəkmiş şəxs bədəni üzərində yetirdiyi xəsarətlər ilə bağlı cinayət məsuliyyətinə cəlb edilməli, yəni təqsirləndirilən şəxsin əməli CM-in 221.1-ci maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması, onun etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyi və iş materiallarında olan digər sübutlarla tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM): 142-ci maddəsində nəzərdə tutulan preyudisiya halları istisna olmaqla, məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarlarının qanuniliyi və əsaslılığını təmin etməlidir; 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir; 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir; 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosessual qanunvericiliyi müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız CPM-də göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-in, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-in 349.3., 349.4., 349.5-ci maddələri). CM-in 5.1-ci maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma - min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Beləliklə, məhkəmə hesab edir ki, CPM-in 44.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalıdır. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. İş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən (müəyyən edilməmişdir) və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). Məhkəmə göstərilənləri Təqsirləndirilən şəxs şəxsiyyətini səciyyələndirən halları nəzərə alır və hesab edir ki, sonuncunun əvvəllər bir neçə dəfə məhkum olunması onun cinayət törətməyə meylli şəxs kimi xarakterizə olunmasına əsas verir. Bu səbəbdən də məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs CM-in 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər. Məhkəmə, CM-in 56.1.2-ci maddəsini rəhbər tutaraq qeyd edir ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq olunmamalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs əməli CM-in 221.1ci maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilməli, o, CM-in 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı 17 oktyabr 2024-cü il tarixdən hesablanmalı (CPM-in 158.2.1, 158.6, CM-in 69.3), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-in 56.1.2), barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilməli hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı məhkəmə qeyd edir ki, Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etməsinə görə vəsait dövlət büdcəsi hesabına ödənilməlidir. Məhkəmə, həmçinin müdafiəçi tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi xidmətə görə X3 məhkəmədə iştirak etdiyi 12 (on iki ) iş saatı üçün cəmi 72 (yetmiş iki) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Yevlax şəhər Vəkil Bürosunun hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək 05 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 16 aprel 2024-cü il tarixdən 18 aprel 2024-cü il tarixədək şübhəli şəxs qismində saxlandığı 2 gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 04 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rеjimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 17 oktyabr 2024-cü il tarixdən hesablansın. Barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilməklə Təqsirləndirilən şəxs məhkəmə zalından həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 12 (on iki) iş saatı üçün cəmi 72 (yetmiş iki) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Yevlax rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar