Məhkəmə qərarları › İş №1(040)-15/2023

Kəlbəcər Rayon Məhkəməsi Qərar — İş №1(040)-15/2023

03.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 1(040)-15/2023 03.11.2023 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Kəlbəcər Rayon Məhkəməsinin hakimi Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məmişova Arzu Ramiz qızının katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Gəncə şöbəsinin birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs- Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs, Müdafiəçi- Göygöl Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs (xx xxxx 1969-cu ildə Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Şaplar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Kəlbəcər rayonunun Şaplar kəndində qeydiyyatda olmaqla, Gəncə şəhəri, 1500 ailəlik yeni qəsəbə, bina 4, mənzil 40-da yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra: Cinayət Məcəlləsi) 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Kəlbəcər Rayon Məhkəməsinin binasında (Göygöl şəhəri, Heydər Əliyev prospekti, 24 ünvanında) açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs 14 iyul 2023-cü il tarixdə saat 20 radələrində Kəlbəcər rayonunun Şaplar kəndində yaşadıqları çadırın qarşısında Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı əlində olan ağac parçası ilə sonuncunun sağ qol və bel nahiyəsinə zərbə vuraraq ona sağ bazu və bel nahiyyələrinin yumuşaq toxumalarının əzilməsi, hematomalar kimi sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmaya aid xəsarət yetirmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs qismində məhkəmədə ifadə verən Təqsirləndirilən şəxs Cinayət Мəcəlləsinin 128-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 23 iyun 2023-cü il tarixdə 200 başdan ibarət xırdabuynuzlu heyvandarlıq təsərrüfatını Kəlbəcər rayonunun Şaplar kəndinə aparmış, qonşu təsərrüfatda yaşayan Mahmud və Əli adlı şəxslər onun örüş ərazisində heyvanlarını otardıqlarına görə həmin şəxslərə bir neçə dəfə “gedin heyvanlarınızı başqa ərazidə otarın, mənim örüşümə heyvan salmayın” demişdir. 14 iyul 2023-cü il tarixdə saat 20 radələrində Əli və Mahmud yenə də xırdabuynuzlu heyvanlarını onun alaçıq qurduğu yerə gətirdiyinə görə həmin şəxslərə bir daha xəbərdarlıq etmişdir. Bu vaxt onlar mübahisə etməyə başlamış, ardınca onun üstünə hücum etmişlər, Mahmud adlı şəxs yumruqla onun ağız nahiyəsinə zərbə vurmuş, Əli arxadan ağac parçası ilə kürək nahiyəsinə zərbə vurmuşdur, hadisə zamanı özünü müdafiə etmək üçün onları itələmiş və alaçığına daxil olmuşdur. Hadisə zamanı Mahmud adlı şəxsin atası Bayram atla hadisə yerinə gəlmiş, qardaşı Şahid2 harayçılıq etdiyi zaman Mahmud əlindəki kərəntidən hazırlanmış bıçaqla qardaşı Zahidin baş nahiyəsinin qabaq sağ hissəsinə xəsarət yetirmişdir. Bayram isə Zahidin sağ əl və bilək nahiyəsinə ağacla zərbə vuraraq Zahidə xəsarət yetirmişdir. Hadisə zamanı arvadı Günəş Abdullayeva və qardaşı Şahid3 orada olmuşlar, harayçılıq etmişlər. Mahmud adlı şəxs yumruqla onun dodağına, İlqar adlı şəxs isə ağac parçası ilə sağ qoluna və kürəyinə vuraraq xəsarət yetirmişdir, həmin vaxt Zərərçəkmiş şəxs uzaqlaşması üçün onun qoluna və belinə əlində olan ağacla zərbə vurmuşdur, münaqişə təxminən 15 dəqiqə davam etmişdir. Hadisə baş verən zaman orada qardaşı Zahid, Kamil və arvadı Günəş olmuşlar. O, təqsirləndirilən şəxs olaraq törətdiyi əməldən peşmandır. Hadisədən sonra Zərərçəkmiş şəxs dəymiş ziyanı ödəmiş və Əli ilə barışmışlar. Bir daha qanunsuz əməllərə yol verməyəcəkdir. Məhkəmədən xahiş edir ki, zərərçəkmiş şəxslə barışdıqlarına görə, barəsindəki cinayət işinin icraatına xitam versin (zərərçəkmiş şəxslə barışmaları ilə bağlı icraata xitam verilməsinə dair ərizəsini də məhkəməyə təqdim etmişdir). Zərərçəkmiş şəxs qismində məhkəmədə dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, qohumu Şahid1 məxsus 200 başdan ibarət xırdabuynuzlu və 4 baş iribuynuzlu heyvandarlıq təsərrüfatını 09 iyun 2023-cü il tarixdə Kəlbəcər rayonunun Şaplar kəndinə aparmışlar. Həmin təsərrüfatda köməkçi olaraq cəlb edilmişdir. Qonşu təsərrüfatda yaşayan İlqar adlı şəxs heyvanın örüşə gediş istiqamətində oba quraraq əsas giriş-çıxış istiqamətini bağlamış, heyvanları örüşə aparan zaman İlqar onlarla əsassız mübahisələr etmişdir. 14 iyul 2023-cü il tarixdə saat təxminən 20 radələrində örüşdən heyvanları obalarına gətirən İlqar Mahmuda “bizim arxacın yanından keçməyin, gedin başqa yerdən heyvanlarınızı aparın” deyərək mübahisə etməyə başlamış, ona “sən bütün giriş-çıxış yollarını bağlamısan, heyvanları aparmağa başqa yer yoxdur” deyə cavab verdikdə, İlqar “mən yaxşı edib bağlamışam, dövlət bu əraziləri mənə verib, pulu ilə bu əraziləri almışam” deyib mübahisə etməyə başlamışdır, ünvanlarına küçə söyüşləri işlətmiş, sonra üstlərinə gələrək Mahmudun sinə nahiyəsindən tutmuş, bu vaxt Mahmud ona “ağsaqqalsan, yaxamı burax, bizə problem yaratma” demişdir. İlqar həmin vaxt Mahmuda “küçük sən kimsənki mənə irad bildirirsən” deyərək onun sifət nahiyəsinə sillə zərbələri vurmuş, bu zaman Mahmud və İlqar bir-birilərinin yaxasından tutmuşdur, onlara harayçılıq etmiş, həmin vaxt İlqar onun baş nahiyəsinə əlində olan ağac parçası ilə iki dəfə zərbə vurmuş, ardınca isə bel nahiyəsinə də ağacla zərbə vurmuşdur. Sonra İlqarın qardaşları Zahid və Kamil həmin yerə gəlmiş, üstlərinə hücum etmişlər, İlqar yenə də Mahmudun üstünə dartınaraq əlindəki ağacla onun bel nahiyəsinə zərbə vurmuş, harayçılıq edərkən, Zahid adlı şəxs onun sağ qol nahiyəsinə bel-lapatka ilə bir dəfə zərbə vurmuş, bundan sonra səs-küyə dayısı Bayram atı ilə hadisə yerinə gəlmiş, bu vaxt dayısı Bayram harayçılıq etməyə başlamış və Zahid adlı şəxs onun sol qol və kürək nahiyələrinə ağac parçası ilə, sağ çənə nahiyəsinə isə yumruqla zərbə vurmuşdur. Kamil isə əlində olan bel-lapatka ilə dayısı Bayramın bel və sol çiyin nahiyələrinə zərbə vurmuşdur, həmçinin, İlqar adlı şəxs isə əlindəki ağac parçası ilə Bayramın omba nahiyəsinə zərbə vurmuşdur. Təqsirləndirilən şəxs ilə aralarında baş vermiş mübahisə zamanı İlqar əlində olan ağac parçası ilə onun bədəninin müxtəlif nahiyələrinə zərbələr vurmuş, həmin xəsarətləri İlqarın onu vurması nəticəsində almışdır. Hadisə zamanı Təqsirləndirilən şəxsla Şahid4 dalaşmış, qarşılıqlı bir-birilərini itələmiş, Mahmudun onu yumruqla vurduğunun şahidi olmamışdır, Zahid adlı şəxs dava-dalaş edərkən müvazinətini itirmiş, yerə yıxılmış, bu zaman baş nahiyəsindən xəsarət almışdır. Hadisə zamanı bıçaqdan istifadə etməmişlər. Hadisədən sonra Təqsirləndirilən şəxs ilə barışmışlar, hazırda İlqardan heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs heç bir cəza verilməsini istəmir və məhkəmədən xahiş edir ki, Təqsirləndirilən şəxs barəsində olan cinayət işinin icraatına xitam verilsin (barışıq ərizəsini də məhkəməyə təqdim etmişdir). Məhkəmə istintaqı zamanı tədqiq edilmiş sənədlər: İş materiallarında olan: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X1” X4 Gəncə şəhər şöbəsində keçirilmiş məhkəmə tibbi ekspertizasının 18 iyul 2023-cü il tarixli 1097 saylı rəyi ilə müəyyən olunmuşdur ki, Zərərçəkmiş şəxsnın bədənində müəyyən edilmiş xəsarətlər sağ bazu və bel nahiyələrinin yumuşaq toxumaların əzilməsi, hematomaları - bərk KÜT əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri müayinə olunanın dediyi tarixə, yəni 14 iyul 2023-cü il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid edilir. İş materiallarında olan: Kəlbəcər Rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş əməliyyat və statistik informasiya idarəsinə ünvanladığı Tələbnamənin üzərində olan 09 sentyabr 2023-cü il tarixli qeyddən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə Əməliyyat-sorğu kartotekasında məlumat yoxdur. İş materiallarında olan: İbtidai istintaq zamanı Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin Gəncə Mənzil Kommunal İstismar Sahəsindən alınmış 28 sentyabr 2023-cü il tarixli 163 nömrəli məktubda Təqsirləndirilən şəxs ünvan 2 ünvanında yaşadığı, həmçinin yaşadığı müddət ərzində onun barəsində Dövlətqaçqınkomun Mənzil İstismar Departamentinin Mənzil Kommunal İstismar Sahəsinə heç bir şikayət daxil olmadığı göstərilmişdir. Məhkəmə istintaqında ibtidai istintaq zamanı dindirilmiş şahidlərin ifadələri elan edilmişdir: Şahid qismində ibtidai istintaq zamanı dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, özünə məxsus 200 başdan ibarət xırdabuynuzlu və 4 baş iribuynuzlu heyvandarlıq təsərrüfatını 09 iyun 2023-cü il tarixdə Kəlbəcər rayonunun Şaplar kəndinə aparmış, həmin təsərrüfatda köməkçi olaraq oğlu Mahmudu və bacısı oğlu Əlini cəlb etmişdir. Qonşu təsərrüfatda yaşayan İlqar adlı şəxs heyvanın otlağa gediş istiqamətində oba quraraq, əsas giriş-çıxış istiqamətini bağlamış, heyvanları otlağa aparan zaman İlqar onlarla əsassız mübahisələr etmiş, 14 iyul 2023-cü il tarixdə saat təxminən 20 radələrində qonşu obada yaşayan Naibə adlı şəxs “Bayram, uşaqları İlqargil döyür, tez özünü çatdır ora” dedikdən sonra öz atı ilə hadisə yerinə getmiş, ora çatdığı zaman oğlu Mahmud və bacısı oğlu Əlinin İlqar və Zahid adlı şəxslər ilə mübahisə etdiyini, İlqar və Zahid adlı şəxslərin Mahmud və Əlini döydüyünü görmüşdür, həmin vaxt harayçılıq etmək istəyərkən İlqar adlı şəxs əlində olan ağac parçası ilə belinə vuraraq onu atdan yerə yıxmış, ardınca isə Zahid adlı şəxs onun paltarından tutub onu ayağa qaldırıb sifət nahiyəsinə yumruqla vurmuşdur, hadisə zamanı harayçılıq üçün atla hadisə yerinə gəldikdə İlqar adlı şəxsin əlində olan ağacla onun kürəyinə vurmuş, atdan üzü üstə yerə yıxılmışdır. Zahid adlı şəxs gəlib onu ayağa qaldırıb sifət nahiyəsinə yumruqla zərbə vurmuşdur, hadisə zamanı nə özü, nə oğlu Mahmud, nə də ki, bacısı oğlu Əli Təqsirləndirilən şəxs ağac parçası ilə vurmamışlar, Zahid adlı şəxs dava-dalaş edərkən müvazinətini itirib yerə yıxılmış, həmin vaxt baş nahiyəsindən xəsarət almışdır, hadisə zamanı bıçaqdan istifadə etməmişlər. Şahid qismində ibtidai istintaq zamanı dindirilmiş Şahid4 Şahid1 ilə oxşar məzmunda ifadə verərək göstərilən xüsusatları bir daha təsdiq etmişdir. Şahid qismində ibtidai istintaq zamanı dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 23 iyun 2023-cü il tarixdə qardaşı Təqsirləndirilən şəxs məxsus 200 başdan ibarət xırdabuynuzlu heyvandarlıq təsərrüfatını Kəlbəcər rayonunun Şaplar kəndinə aparmışlar. Qonşu təsərrüfatda yaşayan Mahmud və Əli adlı şəxslər onun örüş ərazisinə heyvanlarını aparmış, buna görə də, qardaşı İlqar həmin şəxslərə bir neçə dəfə “gedin heyvanlarınızı başqa ərazidə otarın, mənim örüşümə heyvan salmayın” deyərək onlara xəbərdarlıq etmiş, 14 iyul 2023-cü il tarixdə saat 20 radələrində Əli və Mahmud yenə də xırdabuynuzlu heyvanlarını qardaşı İlqarın alaçıq qurduğu yerə gətirdiyinə görə İlqar həmin şəxslərə bir daha xəbərdarlıq etmiş, onlar İlqarla mübahisə etməyə başlamışlar. Mahmud adlı şəxs yumruqla İlqarın ağız nahiyəsinə zərbə vurmuş, Əli isə arxadan ağac parçası ilə onun kürək nahiyəsinə zərbə vurmuşdur, hadisə zamanı qardaşı İlqar özünü müdafiə etmək üçün onları itələyərək alaçığına daxil olmuşdur. Hadisə zamanı Mahmud adlı şəxsin atası Bayram atla hadisə yerinə gəlmiş, at üzərindən əlindəki ağacla İlqarın bədəninin müxtəlif nahiyələrinə və baş nahiyəsinə zərbələr vuraraq onu döymüşdür. Hadisə zamanı qardaşı Şahid2 ilə harayçılıq etmək üçün hadisə yerinə gəldikləri zaman, Mahmud əlindəki kərəntidən hazırlanmış bıçaqla qardaşı Zahidin baş nahiyəsinin qabaq sağ hissəsinə xəsarət yetirmiş, Bayram isə qardaşı Zahidin sağ əl və bilək nahiyəsinə ağacla zərbə vuraraq qardaşı Zahidə xəsarət yetirmişdir, Əli adlı şəxs onun başına ağac parçası ilə zərbə vurmuş, hadisə zamanı qardaşı İlqarın arvadı Günəş Abdullayeva, qardaşı Şahid2 orada olmuşdur. Hadisə zamanı Bayram onun sol qol nahiyəsinə daşla zərbə vurmuş, Şahid4 ümumiyyətlə zərbə vurmamışdır, yalnız Əli və Bayramla dalaşmış, onlara cavab verərək onları vurmuşdur. Şahid qismində ibtidai istintaq zamanı dindirilmiş Şahid2 Şahid3 ilə oxşar məzmunda ifadə verərək göstərilən xüsusatları bir daha təsdiq etmişdir. Cinayət Məcəlləsinin 128-ci maddəsinin mətninin müddəalarından görünür ki, sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma - min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. 03 noyabr 2023-cü il tarixli məhkəmə baxışı iclasında tərəflər barışmışlar: zərərçəkmiş şəxs və təqsirləndirilən şəxs hər ikisi məhkəməyə ayrılıqda ərizə verərək barışdıqlarını bildirmiş, iş üzrə icraata xitam verilməsini xahiş etmişlər (ərizələr cinayət işi materiallarına əlavə edilmişdir). Məhkəmə tərəflərə barışığın hüquqi nəticələrini təkrarən izah etdikdən sonra tərəflər məhkəməyə şifahi olaraq da barışdıqlarını bildirmiş və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişlər. Müdafiəçi məhkəmədən xahiş etmişdir ki, təqsirəndirilən şəxs zərərçəkmiş şəxslə barışdığına və zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmadığına görə, cinayət işinin icraatına Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin. Dövlət ittihamçısı Cinayət işinin icraatına Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə istintaqı nəticəsində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərər vurması məhkəmə istintaqı nəticəsində öz təsdiqini tapmışdır- cinayət işi üzrə məhkəmədə tədqiq edilmiş sübutlar: təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin məhkəmədə verdikləri ifadələri, məhkəmə-tibbi ekspertizasının rəyi və iş materiallarında olan digər sübutlar bu qənaətə gəlməyə əsas verir. Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin (bundan sonra: Cinayət Prosessual Məcəlləsi) 43.1, 43.1.2-ci maddələrinin müddəalarından görünür ki, məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4cü maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır (Cinayət Prosessual Məcəlləsinin 40.3-cü maddəsində isə göstərilir ki, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73- 1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir-hakimin qeydi). Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 321.1, 321.2 və 321.2.1-ci maddələrinin müddəalarından görünür ki, məhkəmə baxışı zamanı məhkəmə tərəfindən həll edilən bütün məsələlər üzrə qərarlar çıxarılır. Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraat materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam verilməsi və ya onun dayandırılması barədə çıxarılan qərarlar müşavirə otağında ayrıca sənədlər şəklində tərtib edilir və məhkəmənin bütün tərkibi tərəfindən (cinayət işinə təkbaşına baxıldıqda hakim tərəfindən) imzalanır. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqında” 11 iyun 2014-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarında göstərilmişdir ki,”istənilən məhkəmə aktının qanuni və əsaslı olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delkourt Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar; “Piersak Belçikaya qarşı” işüzrə 01 oktyabr 1982-ci il tarixli qərar; “X3rşı” işüzrə 26 oktyabr 1984-cü il tarixli qərar və s.) ədalətin bərpasını belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Beləliklə, məhkəmənin gəldiyi son nəticəyə görə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışması və zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmaması, eyni zamanda cinayət işinin icraatına xitam verilməsinə mane olan halların olmadığı nəzərə alınaraq, Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dərhal ləğv edilməlidir. İş üzrə: Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olunan əmlak yoxdur. İş üzrə maddi sübut yoxdur. İş üzrə mülki iddia yoxdur. İş üzrə məhkəmə xərcləri yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 43.1.2, 321.1, 321.2.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin icraatına Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dərhal ləğv edilsin. Bu qərardan, elan edildiyi andan 20 (iyirmi) gün müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və (və ya) apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Hakim: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar