Məhkəmə qərarları › İş №1(040)-2/2025

Kəlbəcər Rayon Məhkəməsi Hökm — İş №1(040)-2/2025

30.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Göygöl rayonu İş № 1(040)-2/2025 30.05.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Kəlbəcər Rayon Məhkəməsinin hakimi Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Heydərov Turxan İsmixan oğlunun katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs (xx xxxxxx 1987-ci ildə Azərbaycan Respublikasının Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN: xxxxxxx, tam orta təhsilli, subay, işləməyən, ağır cinayət əməlinə görə əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş və ya götürülməmiş, Gəncə şəhəri X17 küçəsi dalan 1 ev 4 ünvanında qeydiyyatda olmaqla yaşayan, bu cinayət işi üzrə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və digər cinayət işi üzrə Gəncə Şəhər Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilməklə 2 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra-Cinayət Məcəlləsi) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitəni hazırlamış, özündə saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaqa və məhkəməyə dəqiqliklə məlum olmayan vaxtda və ibtidai istintaqa və məhkəməyə dəqiqliklə məlum olmayan mənbədən, satış məqsədi olmadan xeyli miqdarda narkotik vasitəni, yəni 01 (bir) ədəd tünd rəngli sellofan torbanın içərisində olan 01 (bir) ədəd şəffaf rəngli sellofan torbada ümumi çəkisi 355 (üç yüz əlli beş) qram kütləni qanunsuz əldə edərək üzərində saxlamış və daşımış, 24 mart 2025-ci il tarixdə saat 16:05də Kəlbəcər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Gəncə şəhərindəki “Yeni Qəsəbə-1500” yaşayış massivi ərazisində olarkən saxlanılmış, əynində olan qara rəngli qolsuz gödəkçənin iç hissəsində, sol qolunun altında olan 01 (bir) ədəd şəffaf sellofan torbanın içərisindən satış məqsədi olmadan qanunsuz olaraq üzərində saxladığı və daşıdığı ümumi çəkisi 355 (üç yüz əlli beş) qram, təmiz çəkisi 330 (üç yüz otuz) qram olan bitki mənşəli, təkibində nakotik vasitələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs qismində məhkəmə istintaqı zamanı dindirilmiş dindirilmiş Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, əvvələr narkotik vasitə olan marixuana və kakos istifadə etmiş, 2018-ci ilin dekabr ayında narkotik vasitə olan kakos (“kakos”- narkotik vasitə olan heroin qeyri-rəsmi yayılmış adıdır-hakimin qeydi) qəbul edib gəzdirdiyinə görə Bakı şəhərində tutulmuş və 2024-cü ilin iyul ayında azadlığa buraxılmış, azadlığa çıxdıqdan sonra yenə də marixuana istifadə etmiş, təxminən 2024-cü ilin avqust ayında Gəncə şəhərində çay kənarında təkbaşına gəzərkən çay kənarında marixuana bitkisinin olduğunu görmüş və əvvəllər marixuanadan istifadə etdiyindən həmin bitkini tanımış, həmin marixuananı yığıb qurudaraq istifadə etmək qərarına gəlmiş, həmin narkotik vasitəni yığdıqdan sonra xatırlamadığı müxtəlif vaxtlarda və müxtəlif yerlərdə bir neçə dəfə istifadə etmiş, sonuncu dəfə 24 mart 2025-ci il tarixdə özü ilə saxladığı marixuananı götürüb şəhərdən kənara çıxıb orada istifadə edib çəkmək qərarına gəlmiş, marixuananı gödəkçəsinin altında gizlədərək piyada Gəncə şəhərindəki “Yeni qəsəbə-1500” ərazisindən keçərək gedib orada heç kimin görməyəcəyi bir yer tapıb istifadə etmək istəmiş, bu səbəblə həmin tarixdə saat 16 radələrində piyada Gəncə şəhərində məcburi köçkünlər üçün salınmış “Yeni qəsəbə-1500” ərazisindən keçərkən üç nəfər mülki geyimdə olan şəxsin ona yaxınlaşıb videoçəkilişlə özlərini təqdim edərək özlərinin polis əməkdaşları olduqlarını, onun narkotik vasitələrin saxlanılmasında və istifadəsində şübhəli olduğunu və üzərinə baxış keçirəcəklərini bildirmiş, hüquq və vəzifələrini ona izah etmiş, onun üzərinə baxış zamanı gödəkçəsinin altında saxladığı göy rəngli və üzərində yarpaqlar təsvir edilmiş sellofan torbada olan qurudulmuş marixuananı polis işçilərinə təqdim etmiş, mülki geyimdə olan həmin polis əməkdaşları onun təqdim etdiyi 355 (üç yüz əlli beş) qram qurudulmuş marixuananı videoçəkilişlə baxış keçirərək və tərəzidə çəkərək ondan təhvil almış və sənədləşdirərək birlikdə Gəncə şəhəri Yeni qəsəbə-1500 ərazisində Kəlbəcər Rayon İcra Hakimiyyətinin inzibati binasında yerləşən Kəlbəcər Rayon Polis Şöbəsinə gətirmişlər. Şahid qismində məhkəmə istintaqı zamanı dindirilmiş Şahid1 (Kəlbəcər Rayon Polis Şöbəsinin Narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili) məhkəmə istintaqı zamanı verdiyi ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr qəbul etməsi, üzərində saxlaması daşıması və üzərində gəzdirməsi barədə Kəlbəcər Rayon Polis Şöbəsinə əməliyyat məlumatı daxil olmuş, ona görə də Təqsirləndirilən şəxs qeyriaşkar şəraitdə törətdiyi cinayət əməlini ifşa etmək məqsədilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilmiş və əməliyyat qrupu yaradılmış, həmin qərar əsasında 24 mart 2025-ci tarixdə saat təxminən 16:05 radələrində təxirəsalınmaz əməliyyataxtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Gəncə şəhərindəki “Yeni qəsəbə-1500” ərazisində saxlanılmış və üzərinə baxış keçirilmiş, həmin vaxt Kəlbəcər Rayon Polis Şöbəsinin Cinayət-axtarış bölməsinin əməliyyyat müvəkkilləri Şahid2 və Şahid3 da onun yanında olmuş, həmin vaxt Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz olaraq istifadəsində və üzərində gəzdirilməsində şübhəli olması barədə məlumat verilmiş və ona qanunla müəyyən edilmiş hüquqları izah edilmiş, daha sonra Təqsirləndirilən şəxs üzərindən əynində olan qara rəngli qolsuz gödəkçənin iç hissəsində, sol qolunun altında göy rəngli və üzərində sarı-qırmızı rəngli yarpaq təsvirləri olan 01 (bir) ədəd sellofan torbanın içərisində olan 01 (bir) ədəd şəffaf sellofan torbanın içərisində ilk baxışdan narkotik vasitə olan qurudulmuş marixuanaya bənzəyən ümumi çəkisi 355 (üç yüz əlli beş) qram kütlə aşkar edilmiş, marixuanaya oxşar kütlə ekspertizaya göndərilməsindən ötrü aşkar olunduğu bükülü ilə birlikdə qablaşdırılaraq Daxili İşlər Nazirliyinin 83 saylı möhürünün əksi ilə möhürlənib götürülmüş, Təqsirləndirilən şəxs üzərindən maddi sübut əhəmiyyəti kəsb edən digər predmet aşkar edilməmiş, qeyd olunan əməliyyat tədbiri videoçəkiliş vasitəsi ilə qeydə alınmış və daha sonra elektron daşıyıcıya (diskə) yazılmaqla iş materialına əlavə edilmiş, bundan sonra Təqsirləndirilən şəxs rayon polis şöbəsinə gətirilmiş və araşdırmanın davam etdirilməsi məqsədilə aidiyyəti üzrə təhvil verilmiş, Təqsirləndirilən şəxs saxlanılan zaman Təqsirləndirilən şəxs qarşı heç bir fiziki və ya psixi təsir göstərilməmiş, istər polis şöbəsinə gətirildiyi zaman, istərsə də şəxsi axtarış tədbirləri keçirilən zaman ona qarşı hər hansı zorakılıq, fiziki və ya psixi təsir tətbiq edilməmiş, əvvəlcədən hüquqları izah olunmuş və üzərinə baxış zamanı bütün hərəkətlər videoçəkilişlə qeydiyyata alınmış, Təqsirləndirilən şəxs bütün konstitusion hüquqları qorunmuşdur. Şahid qismində məhkəmə istintaqı zamanı dindirilmiş digər şəxslər: Şahid2 (Kəlbəcər Rayon Polis Şöbəsinin Cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili) və Şahid3 (Kəlbəcər Rayon Polis Şöbəsinin Cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili) Şahid1 ilə eyni məzmunda ifadə vermişlər. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sənədlər: -Kəlbəcər Rayon Polis Şöbəsinin Narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili Şahid1 tərəfindən 24 mart 2025-ci il tarixdə qəbul edilmiş və Kəlbəcər Rayon Polis Şöbəsinin rəisi Haxverdi Əkbərov tərəfindən təsdiq edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi” haqqında qərardan görünür ki, 24 mart 2025-ci il tarixdə Gəncə şəhəri X17 küçəsi dalan 01 ev 04-də qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə edərək üzərində saxlaması, gəzdirməsi və istifadəsi barədə etimad doğuran və qərəzsiz mənbədən məlumat daxil olduğundan, Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməklə yaxalanmasından ötrü əməliyyat qrupunun yaradılması, operativ şəkildə lazımi qabaqlayıcı tədbirlər görülmədiyi halda Təqsirləndirilən şəxs tərəfindən özündə saxlanılan narkotik vasitənin qısa müddətdə realizə olunacağı, gizlədiləcəyi və ya məhv ediləcəyi ehtimalını nəzərə alaraq, daxil olmuş məlumatın əməliyyat yolu ilə yoxlanması, həmin şəxsin cinayət əməllərinin ifşa olunması, Təqsirləndirilən şəxs cinayət törədərkən, yaxud cinayət törətdikdən sonra yaxalanması, narkotik vasitənin, cinayətin izlərinin vaxtında aşkar edilərək götürülməsi məqsədi ilə yaradılmış əməliyyat qrupunun üzvlərinin iştirakı ilə tədbirlər görülməklə hakimin qərarı olmadan qanunvericilikdə nəzərdə tutulmuş qaydada aşkar və gizli üsullarla müvafiq əməliyyat-axtarış tədbirlərinin keçirilməsi, o cümlədən Təqsirləndirilən şəxs olduğu yerin müəyyən edilməsi, tədbirin gedişi zamanı şəraitdən asılı olaraq Təqsirləndirilən şəxs olduğu yerin və nəqliyyat vasitəsinin müşahidəsinin aparılması, tutulduqdan sonra zərurət olduğu halda üstünün yoxlanılması, polis orqanına gətirilməsi və üzərinə, ondan aşkar edilmiş əşyalara, nəqliyyat vasitəsinə, yaşayış yerinə baxış keçirilməsi qərara alınmışdır. -Kəlbəcər Rayon Polis Şöbəsinin Narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili Şahid1 tərəfindən Kəlbəcər Rayon Polis Şöbəsinin Cinayət-axtarış bölməsinin əməliyyyat müvəkkilləri Şahid2 və Şahid3, həmçinin şübhəli şəxs Təqsirləndirilən şəxs da iştirakları ilə tərtib edilmiş “Əməliyyat axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” 24 mart 2025-ci il tarixli protokoldan görünür ki, 24 mart 2025ci il tarixdə, saat 16:05-də Təqsirləndirilən şəxs Gəncə şəhər Yeni Qəsəbə 1500 yaşayış massivi ərazisində narkotik vasitələrin daşınmasında və istifadəsində şübhəli olduğundan saxlanılmış və üstünün yoxlanılması zamanı axtarış zamanı əynində olan qara rəngli qolsuz gödəkçənin iç hissəsində, sol qolunun altında göy rəngli üzərində sarı-qırmızı rəngli yarpaq təsvirləri olan 01 ədəd sellofan torbanın içərisində olan 01 ədəd şəffaf sellofan torbanın içərisindən satış məqsədi olmadan qanunsuz olaraq üzərində saxladığı və daşıdığı ümumi çəkisi 355 (üç yüz əlli beş) qram narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə aşkar edilərək götürülmüş, həmin kütlə narkotik vasitə olub-olmaması və çəkisinin müəyyən edilməsi üçün Ədliyyə Nazirliyinin Məhkəmə X5 regional şöbəsinə göndərilməsi məqsədilə qablaşdırılmaqla möhürlənmişdir (“Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi” haqqında qərarın icrası ilə bağlı audio-video yazıların yerləşdirildiyi müvafiq elektron daşıyıcı əlavə edilmişdir). -Kəlbəcər Rayon Polis Şöbəsinin Təhqiqat qrupunun baş təhqiqatçısı X7 tərəfindən 24 mart 2025-ci il tarixdə saat 17:25-də şübhəli şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi X2 iştirakları ilə tərtib edilmiş “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilinməklə 24 mart 2025-ci il tarixdən saat 16:05-dən tutulmuş hesab edilir. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Gəncə regional bölməsi tərəfindən keçilmiş məhkəmə-bioloji ekspertizasının- “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, güclü təsir edən və zəhərli maddələrin, dərman vasitələrin tədqiqi” ekspertizasının 25 mart 2025-ci il tarixli 16/299 nömrəli rəyinin nəticə hissəsində göstərilir: “Tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş göy tünd rəngli sellofan torbada ümumi çəkisi 355 qram olan marixuanaya bənzər kütlə...” yazı və imzalar olan göy rəngli sellofan paketdəki 1 (bir) ədəd şəffaf sellofan paketdə təmiz çəkisi 330 qram olan bitki mənşəli kütlə, tərkibində nakotik vasitələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır (Ekspert rəyindən həmçinin o da görünür ki, təmiz çəkisi 330 qram olan qurudulmuş mariuxuananın 0,2 (sıfır tam onda iki) qram hissəsi ekspertiza tədqiqatına sərf edilmiş, qalıq kütlə 329,8 qram olmuşdur). -Kəlbəcər Rayon Polis Şöbəsində 26 mart 2025-ci il tarixdə tərtib olunmuş aktdan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş ekspertiza tədqiqatından sonrakı qalıq çəkisi 329,8 (üç yüz iyirmi doqquz tam onda səkkiz) qram narkotik vasitə olan qurudulmuş marixuana iş üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və saxlanılmasından ötrü Kəlbəcər RPŞ-nin saxlanc yerinə təhvil verilmişdir. -İbtidai istintaq zamanı Kəlbəcər Rayon Polis Şöbəsinin İstintaq qrupunun müstəntiqi Əjdər Əmirov tərəfindən 26 mart 2025-ci il tarixdə tərtib olunmuş “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi və müvəqqəti saxlama yerindən azad edilməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməklə müvəqqəti saxlama yerindən azad edilməsi qərara alınmışdır. -Kəlbəcər Rayon Polis Şöbəsinin İstintaq qrupunun müstəntiqi Əjdər Əmirov tərəfindən 26 mart 2025-ci il tarixdə tərtib olunmuş “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanması barədə” protokoldan və protokola əlavə edilmiş foto-cədvəldən görünür ki, Kəlbəcər Rayon Polis Şöbəsinin İstintaq qrupunun müstəntiqi Əjdər Əmirov tərəfindən 26 mart 2025-ci il tarixdə Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti keçirilmiş, Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması zamanı üzərindən aşkar olunan “qurudulmuş marixuananı” 2024-cü ilin avqust ayında Gəncə şəhərində Gəncə çayının sahilindən yığdığını və qurutduğunu bildirmiş və həmin yeri müdəfiəçinin iştirakı ilə təqdim etmişdir. -Kəlbəcər Rayon Polis Şöbəsinə verilmiş əməliyyat tapşırığına cavab məktubunda göstərilmişdir ki, Kəlbəcər Rayon Polis Şöbəsinin İstintaq qrupunun müstəntiqi Əjdər Əmirov tərəfindən Kəlbəcər Rayon Polis Şöbəsinə verilmiş əməliyyat tapşırığına Kəlbəcər RPŞ-nin Cinayət-axtarış bölməsinin rəisi Mahmud Qasımzadə tərəfindən verilmiş 21 aprel 2025-ci il tarixli 3-13-85/2-3175/2025 nömrəli cavab məktubunda göstərilmişdir ki, xx xxxxxx 1987-ci ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, Gəncə şəhəri X17 küçəsi dalan 01 ev 04-də qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat tapşırığında göstərilmiş xüsusatların müəyyən edilməsi məqsədilə tərəflərindən bir sıra müvafiq əməliyyat tədbirləri həyata keçirilmiş, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmamış, Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananı dəqiqliklə məlum olmayan vaxtda Gəncə şəhəri ərazisindən axan çayın sahilindən yığması müəyyən edilmişdir. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhəri Narkoloji Dispanserin ambulator məcburi-narkoloji tibbi yoxlamanın 26 mart 2025-ci il tarixli 452 nömrəli rəyinin nəticə hissəsində göstərilir: “Təqsirləndirilən şəxs narkotik vasitələrdən istfadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var, narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür”. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və X1 şəhər şöbəsinin 26 mart 2025-ci il tarixli 308 saylı rəyinə əsasən, Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı xəsarət müəyyən edilməmişdir. -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş əməliyyat statistik informasiya idarəsində toplanmış və Kəlbəcər Rayon Polis Şöbəsinə göndərilmiş 02 aprel 2025-ci il tarixli arayışdan (tələbnamənin cavabından) görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 iyul 2019-cu il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək barəsində 06 (altı) il müddətində azadlıqdan məhrum etmə cəzası seçilmiş, Nizami Rayon Məhkəməsinin 01 avqust 2024-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş 04 ay 23 gün hissəsindən vaxtından əvvəl şərti azad olunmuş, 24 dekabr 2024-cü il tarixdə cəzası bitmiş və qeydiyyatdan çıxarılmış, hazırda məhkumluğu ödənilməmişdir. -Bakı Ağır Cinayət Məhkəməsinin 24 iyul 2019-cu il tarixli 1(101)-759/2019 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan ağır cinayət əməlinin (külli miqdarda- ümumi təmiz çəkisi 16,57 qram narkotik vasitə olan heroini satış məqsədi ilə əldə etməklə saxlama və daşıma) törədilməsində təqsirli bilinib 06 (altı) il müdddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzaçəkmə müddətinin əvvəlinin 24 dekabr 2018-ci ildən hesablanması hökm edilmişdir. -Kəlbəcər Rayon Polis Şöbəsində 26 mart 2025-ci il tarixdə tərtib olunmuş aktdan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş ekspertiza tədqiqatından sonrakı qalıq çəkisi 329,8 (üç yüz iyirmi doqquz tam onda səkkiz) qram narkotik vasitə olan qurudulmuş marixuana iş üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və saxlanılmasından ötrü Kəlbəcər RPŞ-nin saxlanc yerinə təhvil verilmişdir. -Kəlbəcər Rayon Məhkəməsinin “Əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərarın qanuniliyinin yoxlanılmasına dair” 04 aprel 2025-ci il tarixli 5(040)-1/2025 saylı qərarından görünür ki, Kəlbəcər Rayon Polis Şöbəsinin Narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili Şahid1 tərəfindən 24 mart 2025-ci il tarixdə qəbul edilmiş və Kəlbəcər Rayon Polis Şöbəsinin rəisi Haxverdi Əkbərov tərəfindən təsdiq edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi” haqqında qərarının qanuna uyğun hesab edilməsi qərara alınmışdır. -Kəlbəcər Rayon Polis Şöbəsinin İstintaq qrupunun müstəntiqi Əjdər Əmirov tərəfindən icraatında olan ********* nömrəli cinayət işi üzrə 03 may 2025-ci il tarixdə qəbul olunmuş “Sübutların qiymətləndirilməsi haqqında” qərarın nəticə hissəsinin 4-cü bəndindən görünür ki, iş üzrə tərtib edilmiş şəxsi axtarış, dindirmə, baxış, ifadənin yerində yoxlanılması protokolları, müvafiq ekspertiza rəyləri sübut növü kimi qiymətləndirilmişdir. -Gəncə Şəhər Psixonevroloji Dispanserindən Kəlbəcər Rayon Polis Şöbəsinə daxil olmuş 05 aprel 2025-ci il tarixli 1860 nömrəli arayışda göstərilir ki, xx xxxxxx 1987-ci ildə doğulmuş Təqsirləndirilən şəxs Gəncə Şəhər Psixonevroloji Dispanserində qeydiyyatda yoxdur. -Gəncə Şəhər Narkoloji Dispanserindən daxil olmuş 05 aprel 2025-ci il tarixli 2430 nömrəli arayışda göstərilir ki, xx xxxxxx 1987-ci ildə doğulmuş Təqsirləndirilən şəxs 05 aprel 2020-ci il tarixdən “opioidlərdən asılılıq” diaqnozu ilə dispanser qeydiyyatındadır. -Gəncə Şəhər İcra Hakimiyyəti başçısının 4 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən Kəlbəcər Rayon Polis Şöbəsinə təqdim etmək üçün verilmiş 30 aprel 2025-ci il tarixli 716 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri X17 küçəsi dalan 01 ev 04-də yaşayır və yeganə ailə üzvü- anası X4r. -Gəncə Şəhər İcra Hakimiyyəti başçısının 4 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən Kəlbəcər Rayon Polis Şöbəsinə göndərilmiş 30 aprel 2025-ci il tarixli 126 nömrəli məktuba əlavə olunmuş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri X17 küçəsi dalan 01 ev 04-də yaşamış və onun barəsində Nümayəndəliyə qonşular və sakinlər tərəfindən hər hansı şifahi və yazılı şikayət daxil olmamışdır. -Gəncə Şəhər Məhkəməsinin 10 may 2025-ci il tarixli 4(125)-237/2025 nömrəli qərarından görünür ki, Gəncə Şəhər Baş Polis İdarəsinin İstintaq və təhqiqat idarəsində istintaq olunan ********* nömrəli cinayət işi üzrə Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində Gəncə şəhər prokurorunun təqdimatı ilə Gəncə Şəhər Baş Polis İdarəsinin İstintaq və təhqiqat idarəsinin müstəntiqi X8 vəsatəti əsasında 08 avqust 2025-ci il tarixədək müddətə həbs qətimkan tədbiri seçilmişdir. Audio-video yazıların məhkəmə istintaqı zamanı tədqiqi: Məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 24 mart 2025-ci il tarixdə saat 16:05 radələrində Gəncə şəhərindəki “Yeni qəsəbə-1500” ərazisində Kəlbəcər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq üstünün yoxlanılması zamanı qeydə alınmış videogörüntünü əks etdirən 01 (bir) ədəd elektron daşıyıcı olan CD-disk iş üzrə maddi sübut qismində tanınmış və həmin diskə baxış keçirilmişdir. Həmin diskə baxış zamanı müəyyən edilmişdir ki, diskdə hər biri 06 dəqiqə 57 saniyə davam edən və bir-birini tamamlayan 02 (iki) epizod videogörüntü vardır. Həmin videoçəkiliş 24 mart 2025-ci il tarixdə Kəlbəcər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılmış Təqsirləndirilən şəxs üzərinə üstünün yoxlanılması zamanı qeydə alınmışdır. Həmin video görüntüyə baxış keçirən zaman məlum olur ki, Kəlbəcər Rayon Polis Şöbəsinnin Narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili Şahid1, Cinayət-axtarış bölməsinin əməliyyat müvəkkilləri Şahid2 və Şahid3 tərəfindən Təqsirləndirilən şəxs Gəncə şəhərinin “Yeni qəsəbə- 1500”yaşayış massivi ərazisində 13 saylı çoxmənzilli binanın arxa hissəsində saxlanılmış, ona şübhənin mahiyyəti və qanunvericilikdə nəzərdə tutulmuş hüquq və vəzifələri izah olunmuş, daha sonra Təqsirləndirilən şəxs üzərində olan gödəkçənin alt hissəsində daşıdığı sellofan torbanın içərisindən ilkin baxışdan qurudulmuş marixuanaya bənzəyən kütlə, “KGTEL” markalı mobil telefon və “Hell” əmtəə nişanlı içki aşkar edilmiş, daha sonra həmin nakotik vasitə olması ehtimal edilən kütlə tərəzidə çəkilərək ümumi çəkisi 355 (üç yüz əlli beş) qram olması müəyyənləşdirildikdən sonra qablaşdırılmışdır. Tətbiq edilməli hüquq normaları: Azərbaycan Respublikası Konstitusiyasının (mətndə bundan sonra: “Konstitusiya”) 60-cı maddəsinin: birinci hissəsinə əsasən,hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir; ikinci hissəsinə əsasən, hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. Konstitusiyanın 125-ci maddəsinin yeddinci hissəsinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 129-cu maddəsinin üçüncü hissəsinə əsasən, məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “İnsan Hüquqlarının və X6 haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinin müddəalarından görünür ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə,ağlabatan müddətdə işinin ədalətli araşdırılması hüququna malikdir. Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma —bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun: -1.0.2-ci maddəsinə əsasən, psixotrop maddələr - BMT-nin 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatlarıdır. -1.0.9-cu maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanuqanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. -1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması- məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. “Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun “İ Siyahı”sının İ hissəsinin 146-cı bəndindən görünür ki, marixuana (kannabis) Azərbaycan Respublikasında dövriyyəsi qadağan edilən narkotik maddədir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarına görə siyahılarının təsiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun İ Siyahısına (“Narkotik vasitələr”) əsasən, 109.1-ci bənddə göstərilən təmiz halda qurudulmuş “marixuana (kannabis)” narkotik vasitəsi 5 (beş) qram, 5 (beş) qramdan artıq və 500 (beş yüz) qramdan aşağı miqdarda olduqda-xeyli miqdarda, 500 (beş yüz) qram, 500 (beş yüz) qramdan artıq, lakin 50000 qramdan aşağı miqdarda olduqda- külli miqdarda, 50000 qram və 50000 qramdan yuxarı miqdarda olduqda isə-xüsusilə külli miqdarda hesab olunur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (mətndə bundan sonra- Cinayət Prosessual Məcəlləsi) 126.6-cı maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli Qərarının: -1-ci bəndində qeyd edilir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, habelə narkotik vasitələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə bağlı əməllərin aşkar edilməsi, cinayət təqibinin aparılması, əməliyyataxtarış fəaliyyəti və ibtidai istintaq üzərində məhkəmə nəzarətinin həyata keçirilməsi, cinayət işlərinə məhkəmədə baxılması zamanı Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin tələblərinə ciddi əməl olunması, narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının, narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni və müvafiq dövlət orqanlarının fəaliyyətini tənzimləyən normativ hüquqi aktların düzgün tətbiq edilməsi, hər bir cinayət işi üzrə ittihamın həllində əhəmiyyətli olan bütün halların tam, hərtərəfli və obyektiv araşdırılması, məhkəmə baxışının qanuni, əsaslı və ədalətli yekun qərarların çıxarılması ilə nəticələnməsi üçün məhkəmə fəaliyyətinin cinayət mühakimə icraatının əsas prinsiplərinə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) digər müddəalarına uyğun olaraq təşkil olunması və həyata keçirilməsi təmin edilməlidir. -2-ci bəndində qeyd edilir ki, bu kateqoriyadan olan işlərə baxılarkən nəzərə almaq lazımdır ki, narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının, narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair əməlləri təsbit edən CM-in 26-cı fəslində yer alan cinayət hüquqi normalar əsasən blanket quruluşa malik olmaqla əməlin cinayət xarakterli olduğunu göstərmək üçün onunla müvafiq normativ hüquqi aktların müddəalarının müqayisə edilməsini, bu müddəalar nəzərə alınmaqla əməlin hüquqi qiymətləndirilməsinin aparılmasını tələb edir, o cümlədən narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərin araşdırılmasında mühüm əhəmiyyət kəsb edən bir sıra cinayət-hüquqi kateqoriyalara dair izahların “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 959-İİQ nömrəli Qanununun (bundan sonra – Qanun) 1-ci maddəsində təsbit edildiyi nəzərə alınaraq, həmin izahlar, eləcə də baxılan ittihamın qanuni həlli üçün əhəmiyyətli olan Qanunun digər müddəaları rəhbər tutulmalı, düzgün təfsir olunaraq tətbiq edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin (bundan sonra-Cinayət Posessual Məcəllə) 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən, sübut etmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə sübutların əldə edilməsindən, yoxlanmasından və qiymətləndirilməsindən ibarətdir. 138.2-ci maddəsinə əsasən,təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübut etmək vəzifəsi ittihamçının üzərinə düşür. Cinayət Prosessual Məcəlləsinin 139.0,139.0.1-139.0.6-cı maddələrinin müddəalarından görünür ki, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: cinayət hadisəsinin baş vermə faktı və halları; şübhəli vəya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; cinayət qanunu ilə nəzərdə tutulmuş cinayətin əlamətləri; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün etirafedici ifadəsi, şahid ifadələri, ekspert rəyi və iş üzrə məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam sübuta yetirilir. Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin tərkib əlamətləri tam olaraq vardır və o, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli və Cinayət Məcəlləsinin 234.1-ci maddəsi üzrə də cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi üzrə cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Аzərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü bəndinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında göstərilir ki, cəza- törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda, məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının: 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinnin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. 2-cibəndində isə izah edilir ki, cəzaların tətbiq edilməsi məsələsi müzakirə edilərkən cəzanın növ və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiq edilməsi məsələsi müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və sair) kimi hallara da diqqət yetirilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli 15 nömrəli qərarının 1-ci bəndinə əsasən, məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayəthüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Cinayət Məcəlləsinin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Cinayət Məcəlləsinin 18.5-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla və hədlərdə cinayətlərin residivinə görə daha sərt cəza tətbiq edilir. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cinayət Məcəlləsinin 56.1və 56.1.3-cü maddələrindən görünür ki, azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi: cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün— ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən, residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Cinayət Məcəlləsinin 83.1- ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Avropa İnsan Hüquqları Məhkəməsi “Van de Hark Niderlanda qarşı” iş üzrə qərarın “51(b)” bəndində qeyd etmişdir ki, ədalətli məhkəmə araşdırması hüququ tələb edir ki, məhkəmə çıxartdığı qərarları əsaslandırsın-bu, o demək deyildir ki, tərəflərin irəli sürdüyü hər bir arqumentə ətraflı cavab verilməlidir. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqında” 11 iyun 2014-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarında göstərilmişdir ki,”istənilən məhkəmə aktının qanuni və əsaslı olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delkourt Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar; “Piersak Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar; “X14rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar və s.) ədalətin bərpasını belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. İş üzrə Təqsirləndirilən şəxs əməlində cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hallar müəyyən edilməmiş, Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsində nəzərdə tutulmuş cinayətlərin residivi kimi məsuliyyəti ağırlaşdıran hal müəyyən edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən iş üzrə faktiki halları, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən iş üzrə cəzanı yüngülləşdirən halın olmamasını və cəzanı ağırlaşdıran hal olaraq cinayətin residiv olmasını, yaşayış yeri üzrə mənfi xarakterizə olunmadığını, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməyə görə 02 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Azər Mehdiyevin ibtidai istintaq zamanı şübhəli şəxs qismində tutulduğu 24 mart 2025-ci il tarixdən 26 mart 2025-ci il tarixədək olan 2 (iki) gün müddət ona təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanmalı, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı hökmün elan edildiyi 30 may 2025-ci il tarixdən hesablanmalıdır. Hal-hazırda həbsdə olan Təqsirləndirilən şəxs bu hökm üzrə cəzasının əvvəlinin həbsdə olduğu tarixdən deyil, hökmün elan edildiyi tarixdən-30 may 2025-ci il tarixdən hesablanmasını məhkəmə onunla izah edir ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı Kəlbəcər Rayon Məhkəməsinin qərarı mövcud olmamış, Təqsirləndirilən şəxs Gəncə Şəhər Baş Polis İdarəsinin İstintaq və təhqiqat idarəsinin icraatında olan cinayət işi üzrə Gəncə Şəhər Məhkəməsinin 10 may 2025-ci il tarixli 1(125)-237/2025 saylı qərarı əsasında qətimkan tədbiri olaraq həbs edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı istintaq təcridxanasına yerləşdirilmişdir. Qeyd olunan səbəbdən Təqsirləndirilən şəxs bu hökm üzrə cəzaçəkmə müddətinin başlanğıcı bu hökmün elan edildiyi 30 may 2025-ci il tarixdən hesablanmalıdır Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dərhal ləğv edilməli, barəsində həbs qətimkan tədbiri seçilməli və barəsində Gəncə Şəhər Məhkəməsinin 4(125)-237/2025 nömrəli 10 may 2025-ci il tarixli qərarı ilə seçilmiş həbs qətimkan tədbiri nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs cəza çəkdiyi dövrdə narkomaniya xəstəliyindən müalicəsi üçün tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Maddi sübutlar: Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və hazırki cinayət işi üzrə maddi sübut kimi Kəlbəcər Rayon Polis Şöbəsində saxanılan 329,8 (üç yüz iyirmi doqquz tam onda səkkiz) qram təmiz çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İbtidai istintaq orqanı tərəfindən cinayət işi materiallarına əlavə edilmiş və məhkəmə istintaqı zamanı tədqiq edilmiş edilmiş 01 (bir) ədəd DVD-disk sübut əhəmiyyəti daşıdığından maddi sübut kimi cinayət işi materiallarında saxlanılmalıdır. İş üzrə digər maddi sübut yoxdur. Məhkəmə xərci: İş üzrə 32,40 manat (otuz iki manat-40 qəpik) məbləğdə ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin müvafiq hesabına-“büdcə təsnifatının kodu: 142319, ekspertiza xərci, SAP (XİİS) hesabı: adı-X3, kodu-210005, VÖEN **********, müxbir hesab- AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************” nömrəli hesabına ödənilməlidir. İş üzrə digər məhkəmə xərcləri yoxdur. İş üzrə mülki iddia yoxdur. İş üzrə Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən xüsusi müsadirə edilməli əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı şübhəli şəxs qismində tutulduğu 24 mart 2025-ci il tarixdən 26 mart 2025-ci il tarixədək olan 2 (iki) gün müddət ona təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlansın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı hökmün elan edildiyi 30 may 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin, barəsində həbs qətimkan tədbiri seçilsin və barəsində Gəncə Şəhər Məhkəməsinin 4(125)-237/2025 nömrəli 10 may 2025-ci il tarixli qərarı ilə seçilmiş həbs qətimkan tədbiri nəzərə alınsın. 30,40 manat (otuz manat-40 qəpik) məbləğdə ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin müvafiq hesabına- “büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu- 3, ekspertiza xərci, SAP (XİİS) hesabı: adı-X3, kodu-210005, VÖEN **********, müxbir hesab- AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************” hesabına ödənilsin. İbtidai istintaq zamanı maddi sübut kimi iş materiallarına əlavə edilmiş 1 (bir) ədəd DVD-disk iş materiallarında saxlansın. Maddi sübut kimi Kəlbəcər Rayon Polis Şöbəsində saxanılan 329,8 (üç yüz iyirmi doqquz tam onda səkkiz) qram təmiz çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi dövrdə narkomaniya xəstəliyindən müalicəsi üçün tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Hökmdən, həbsdə olan təqsirləndirilən şəxs- hökmün surətinin ona rəsmi qaydada verildiyi tarixdən hesablanmaqla, digər proses iştirakçıları hökmün elan olunduğu andan 20 (iyirmi) gün müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və (və ya) apellyasiya protesti verə bilərlər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar