Məhkəmə qərarları › İş №1(040)-3/2025

Kəlbəcər Rayon Məhkəməsi Qərar — İş №1(040)-3/2025

18.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 1(040)-3/2025 18.07.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədirliyi, Heydərov Turxan İsmixan oğlunun katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi- Göygöl Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra- Cinayət Məcəlləsi) 129.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 129.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Kəlbəcər Rayon Polis Şöbəsində istintaqı aparılmış cinayət işi 25 iyun 2025-ci il tarixdə məhkəməyə göndərilmiş və 30 iyun 2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən, o, qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyətində zərərçəkmiş şəxsin sağlamlığına qəsdən ağır zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 22 mart 2025-ci il tarixdə saat 02 radələrində Gəncə şəhəri Yeni Qəsəbə-1500 yaşayış massivi ərazisində yerləşən və “Al market” adı ilə fəaliyyət göstərən pərakəndə ticarət obyektinin yaxınlığında tanışı Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəmnində yaranmış münaqişə zamanı, sonuncunun onu ağır təhqir etməsi ilə əlaqədar qəflətən baş vermiş güclü ruhi həyəcan-fizioloji affekt vəziyyətində Zərərçəkmiş şəxs qarın nahiyəsinə üzərində gəzdirdiyi istintaqa məlum olmayan bıçaqla qəsdən bir dəfə zərbə vuraraq sonuncuya “qarın nahiyəsinin daxilə keçən nazik bağırsağın böyük piyliyinin zədələnməsi ilə müşayiət olunan bir ədəd deşilmiş-kəsilmiş yarası kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilən, sağ əlin dördüncü (İV) barmağının kəsilmiş yarası” kimi sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilən xəsarət yetirmişdir. Bununla da Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 129.1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Faktiki hallar: 22 mart 2025-ci il tarixdə Kəlbəcər Rayon Polis Şöbəsində Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə cinayət işi başlanılmış və 03 iyun 2025-ci il tarixdə Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 126.1-ci maddəsindən həmin məcəllənin 129.1-ci maddəsinə tövsif edilmişdir; Təqsirləndirilən şəxs barəsində əvvəl seçilmiş olan həbs qətimkan tədbiri 03 iyun 2025-ci il tarixdə ibtidai istintaq orqanı tərəfindən əməlin böyük ictimai təhlükə törətməyən cinayət kimi tövsif edilməsi əsası ilə ləğv edilmiş və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin məhkəmə hazırlıq iclası 07 iyul 2025-ci il tarixə təyin edilmiş və prosessual zərurətlə bağlı 18 iyul 2025-ci il tarixə təxirə salınmışdır. Cinayət işi üzrə məhkəmənin hazırlıq iclasında ilkin dinləmələr keçirilmişdir: -Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs barəsində hazırki cinayət işinin 22 mart 2025-ci il tarixdə Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə başlanaraq istintaq aparıldığını, ibtidai istintaq zamanı 03 iyun 2025-ci il tarixdə Təqsirləndirilən şəxs əməlinin Cinayət Məcəlləsinin 126.1-ci maddəsindən həmin məcəllənin 129.1-ci maddəsinə tövsif edilərək həmin tarixdə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 129.1-ci maddəsi ilə yenidən ittiham elan olunduğunu və barəsində əvvəl seçilmiş olan həbs qətimkan tədbirinin ləğv edilərək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçildiyini, cinayət işinin ibtidai istintaqı zamanı məhkəmədə bərpa olunması mümkün olmayan kobud prosessual qanun pozuntularına yol verildiyini- ibtidai istintaq müddətinin pozulduğunu, yəni qanunvericilikdə böyük ictimai təhlükə törətməyən əmələ görə ikiaylıq istintaq müddəti nəzərdə tutulmasına baxmayaraq həmin iş üzrə 3 (üç) ay 3 (üç) gün ibtidai istintaq aparıldığını, əslində əməlin Cinayət Məcəlləsinin 129.1-ci maddəsinə (böyük ictimai təhlükə törətməyən əmələ) tövsif edilməklə ibtidai istintaq müddətinin həmin tarixdə başa çatdığını və müddətin uzadılmadığını, ibtidai istintaq müddəti 03 iyun 2025-ci il tarixdə bitdikdən 22 gün sonra cinayət işi üzrə ittiham aktının tərtib edilərək məhkəməyə göndərildiyini, bununla da Təqsirləndirilən şəxs barəsində tərtib edilərək məhkəməyə göndərilmiş ittiham aktının etibarsız olduğunu- bu səbəbdən təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulduğunu, buna görə də cinayət işinin Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 303.3.1-ci maddəsinə əsasən ibtidai istintaqa prosessual rəhbərliyi həyata keçirən Kəlbəcər rayon prokuroruna qaytarılmalı olduğunu bildirmişdir. -Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxsla barışdığını və Təqsirləndirilən şəxs heç bir şikayət və tələbinin olmadığını, cinayət işinin ibtidai istintaqa prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasına zərurət olmadığını bildirmişdir (təqsirləndirilən şəxslə barışması ilə bağlı ərizəsini də məhkəməyə təqdim etmişdir). -Təqsirləndirilən şəxs cinayət işinin məhkəməyədək icraatından narazı olmadığını və cinayət işinin məhkəmə baxışına təyin edilməsinin mümkünlüyünü, cinayət işinin ibtidai istintaqa prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasına zərurət olmadığını bildirmişdir. -Müdafiəçi cinayət işinin məhkəmə baxışına təyin edilməsinin mümkünlüyünü və cinayət işinin ibtidai istintaqa prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasına zərurət olmadığını bildirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 129.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələr keçirib, ittiham tərəfinin vermiş olduğu vəsatətdə qeyd olunan dəlilləri nəzərə alaraq hesab edir ki, ibtidai araşdırma orqanı tərəfindən ibtidai araşdırma zamanı Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 303.3.1-ci maddəsində nəzərdə tutulan kobud qanun pozuntularına yol verildiyi müəyyən edildiyindən cinayət işinin baxılmasına xitam verilməli və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Kəlbəcər rayon prokuroruna qaytarılmalıdır. Belə ki, işin hallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində hazırki cinayət işi 22 mart 2025-ci il tarixdə Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə başlanmış və istintaq aparılmışdır. İbtidai istintaq zamanı 03 iyun 2025-ci il tarixdə Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 126.1-ci maddəsindən həmin məcəllənin 129.1-ci maddəsinə tövsif edilmiş və həmin tarixdə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 129.1-ci maddəsi ilə yenidən ittiham elan olunmuşdur. Cinayət Məcəlləsinin 129.1-ci maddəsinin sanksiyasına görə, təqsirli bilinən şəxs min beş yüz manatdan iki min beş yüz manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılması nəzərdə tutulmuşdur. Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Beləliklə də, Təqsirləndirilən şəxs təqsirləndirildiyi, Cinayət Məcəlləsinin 129.1-ci maddəsində nəzərdə tutulmuş əməl təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Cinayət işinin materiallarından görünür ki, hazırki cinayət işi üzrə ittiham aktı 21 iyun 2025-ci il tarixdə tərtib edildikdən sonra 25 iyun 2025-ci il tarixdə təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs barəsində hazırki əmələ görə ilk dəfə Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə cinayət işinin başlandığı 22 mart 2025-ci il tarixdən iş üzrə ittiham aktının təsdiq edildiyi tarixədək 3 (üç) ay 3 (üç) gün müddət keçmişdir; Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 129.1-ci maddəsi ilə yenidən ittiham elan olunduğu 03 iyun 2025-ci il tarixdən ittiham aktı təsdiq olunaraq cinayət işinin baxılması üçün Kəlbəcər Rayon Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edildiyi 25 iyun 2025-ci il tarixədək 22 (iyirmi iki) gün müddət keçmişdir. Cinayət işinin materiallarında buraxılmış prosessual müddətin uzadılması barədə qərar movcud deyildir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin (bundan sonra- Cinayət Prosessual Məcəlləsi) 218.2.1-ci maddəsindən görünür ki, cinayət işi üzrə ibtidai istintaq böyük ictimai təhlükə törətməyən cinayətlər üzrə - cinayət işinin başlanmasından ən geci 2 ay keçdikdən sonra başa çatmalıdır. Cinayət Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən, ibtidai istintaq müddəti cinayət işinin başlandığı gündən hesablanır, işin məhkəməyə göndərilməsi və ya icraatına xitam verilməsi haqqında qərarın çıxarıldığı gün bitir. Cinayət Prosessual Məcəlləsinin 218.6-cı maddəsindən görünür ki, cinayət işinin mürəkkəbliyi ilə əlaqədar bu Məcəllənin 218.2-ci maddəsi ilə müəyyən edilmiş ibtidai istintaq müddəti müstəntiqin əsaslandırılmış vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında müvafiq olaraq Azərbaycan Respublikasının Hərbi prokuroru, Bakı şəhər prokuroru, Naxçıvan Muxtar Respublikasının prokuroru və ya Azərbaycan Respublikası Baş prokurorunun müavini tərəfindən böyük ictimai təhlükə törətməyən cinayətlər üzrə 2 (iki) aydan çox olmayan müddətə uzadıla bilər. Cinayət Prosessual Məcəlləsinin 203.1-ci maddəsinə əsasən, cinayət mühakimə icraatı zamanı müddətlər keçdikdən sonra aparılan prosessual hərəkətlər müddət bərpa edilməmişsə, etibarsız sayılır. Beləliklə də, cinayət işinin materiallarında olan 03 iyun 2025-ci il tarixdən sonrakı prosessual sənədlər, həmçinin ittiham aktı ebibarsızdır. Cinayət Prosessual Məcəlləsinin 48.2-ci maddəsinə əsasən, cinayət prosesini həyata keçirən orqan hər bir halda hər hansı cinayət işi başlandığı andan bu Məcəllənin 218-ci maddəsində nəzərdə tutulmuş müddətlərdə ittiham aktı ilə məhkəməyə göndərilməsini və ya cinayət təqibinə xitam verilməsini təmin etməlidir. Bundan başqa, Cinayət Prosessual Məcəlləsinin 303.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır; Cinayət Prosessual Məcəlləsinin 303.2-ci maddəsinə əsasən, cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması məhkəmənin əsaslandırılmış qərarı ilə həyata keçirilir; Cinayət Prosessual Məcəlləsinin 303.3, 303.3.1-ci maddələrindən görünür ki, cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar o cümlədən aşağıdakı kobud pozuntulara yol verildikdə çıxarılır: təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması(bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün). Göründüyü kimi, ibtidai istintaq orqanı tərəfindən hazırkı cinayət işi üzrə prosessual müddətlərə düzgün riayət etməməsi prosessual sənədlərin etibarsız hesab olunması ilə nəticələndiyindən və həmin etibarsız sənədlərlə məhkəmə məsulliyyətinə verilmiş təqsirləndirilən şəxsin müdafiə hüquqları pozulmaqla, kobud qanun pozuntularına yol verilmişdir. Məhkəmə bununla bağlı onu da qeyd edir ki, müdafiə tərəfi cinayət işinin məhkəməyəqədərki icraatından narazı olmasa da, Cinayət Prosessual Məcəlləsinin 9.1 və 9.1.2-ci maddələrindən görünür ki, bu Məcəllənin 10—36-cı maddələrində göstərilmiş cinayət mühakimə icraatının əsas prinsipləri və şərtləri o cümlədən insan və vətəndaş hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdırılması hallarından onun müdafiəsini təmin edir. Məhkəmə dövlət ittihamçısının vəsatətində qeyd etdiyi dəlillərlə razılaşır və hesab edir ki, vəsatət təmin edilməli, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 129.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxılmasına xitam verilməli və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Bununla yanaşı, Cinayət Prosessual Məcəlləsinin 306.1-ci maddəsinin müddəaları baxımından cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul etmiş məhkəmə təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin qüvvəsində saxlanılması, dəyişdirilməsi, uzadılması və ya ləğv edilməsi ilə bağlı məsələyə münasibət bildirməlidir. Cinayət Prosessual Məcəlləsinin 306.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə bu Məcəllənin 300.1.1, 300.1.5 və 300.1.6-cı maddələrində nəzərdə tutulmuş qərarlar çıxarmaqla yanaşı, həmçinin aşağıdakılara dair qərar çıxarır: 306.1.1. təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin tətbiq edilməsinin və ya edilməməsinin əsaslılığı; 306.1.2. qətimkan tədbirinin seçildiyi halda onun növünün əsaslılığı; 306.1.3. təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin qüvvəsinin saxlanılması, dəyişdirilməsi və ya ləğv edilməsi. Təqsirləndirilən şəxs cinayət prosesində iştirak edən şəxslərə qanunsuz təsir göstərməklə, məhkəmə baxışının normal gedişinə mane olmaq, məhkəmənin və cinayət təqibini həyata keçirən digər orqanların çağırışlarına üzrlü səbəb olmadan gəlməmək və cəmiyyət üçün təhlükə yaratmaq ehtimalları müəyyən olunmadığından, habelə təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid olunmasına dair hallar mövcud olmadığından və buna dair sübutlar ittiham tərəfindən məhkəməyə təqdim edilmədiyindən, məhkəmə hesab edir ki, onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsaslar yoxdur. Cinayət Prosessual Məcəlləsinin 173.2-ci maddəsinə əsasən, məhkəməyədək icraat zamanı hallar istisna olmaqla, qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarından apellyasiya instansiyası məhkəməsinə şikayət verilə bilməz. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 300.1.5, 303, 306-cı maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 129.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin məhkəmədə baxılmasına xitam verilsin və cinayət işi materialları bu qərarın əsaslandırıcı hissəsində göstərilən pozuntuların aradan qaldırılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Kəlbəcər rayon prokuroruna qaytarılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilməz. Sərdlik edən: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar