Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 1(041)-10/2025 05.08.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi İmanov Xaliq Xalıq oğlunun sədrliyi Məhkəmə iclas katibi İsayev Orxan Mahir oğlunun katibliyi Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı Müdafiəçi fərdi qaydada fəaliyyət göstərən vəkil X1 Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1991-ci il tarixdə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, əvvəllər məhkum olunmamış, Migəçevir şəhəri, 20 Yanvar küçəsi ev 174, mənzil 40 ünvanında qeydiyyatda olmaqla yaşayan, hazırda barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına görə Təqsirləndirilən şəxs özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə xx.xx.1955-ci il təvəllüdlü Zərərçəkmiş şəxs qohumu Şahid2 iş yerini Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Kəlbəcər rayonu ərazisində yerləşən “N” saylı hərbi hissədən Kürdəmir rayonu ərazisində yerləşən hərbi hissələrin birinə dəyişəcəyi barədə yalandan vəd verib 2022-ci ilin iyul ayında Kürdəmir şəhəri Bakı prospektində yerləşən “Elşad” şadlıq evində 2000 manat pulunu alıb ələ keçirərək Zərərçəkmiş şəxs həmin məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs məhkəmədən gizləndiyi üçün Kürdəmir Rayon Məhkəməsinin 1(041)-91/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarı barəsində axtarış elan edilmiş, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmiş və tutulub məhkəməyə təqdim olunanadək işin icraatı dayandırılmışdır. Təqsirləndirilən şəxs axtarışda olduğu üçün xx.xx.2025-ci il tarixli, 1(041)-10/2025 nömrəli qərarla cinayət işi üzrə icraat ayrılaraq, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin icraatı (1(041)-10/2025) dayandırılmış, təqsirləndirilən şəxs X2 Azərbaycan Respublikasının CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi (1(041)- 83/2025 nömrəsi ilə) üzrə icraat təzələnərək baxılmış və iş üzrə yekun məhkəmə aktı qəbul edilmişdir. Təqsirləndirilən şəxs X4 19 iyun 2025-ci il tarixdə Bakı şəhəri ərazisində tutularaq Kürdəmir RPŞ-nin X6 təhvil verildiyindən, 1(041)-10/2025 saylı cinayət işi üzrə icraat təzələnmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs tanıyır, onunla heç bir ədavəti, düşmənçiliyi yoxdur. 2022-ci ilin iyun ayının əvvəlində Niyazi kirayədə yaşadıqları evə gəlib ona 2021-ci ilin iyun ayında atası Məhərrəmə qohumu Ceyhunu Kürdəmir rayonunda yerləşən hərbi hissələrin birinə hərbiçi kimi işə düzəltməsi üçün 4500 manat pul verdiyini, lakin Məhərrəmin verdiyi vədə əməl etmədiyini, onunla əlaqə saxlaya bilmədiyini bildirmişdir. Həmin vaxt Niyazini aldadaraq atasının evdə olmadığını, Ceyhunun iş yerini Kəlbəcər rayonundan Kürdəmir rayonuna dəyişdirə biləcəyi barədə vəd vermişdir. Həmin vaxtdan təxminən 15 gün sonra yəni 2022-ci ilin iyun ayında Bakı şəhərindən qayıdarkən Kürdəmir rayonuna Niyaziyə məxsus “Elşad” şadlıq evinə gedərək Ceyhunun iş yerini Kəlbəcərdən Kürdəmir rayonu ərazisinə dəyişmə müqabilində Niyazidən 2000 manat pul istəmiş və Niyazi razı olaraq ona 2000 manat pul vermişdir. Pulu alarkən Niyaziyə təxminən bir həftə ərzində Ceyhunun iş yerini Kəlbəcər rayonundan Kürdəmir rayonu ərazisində yerləşən hərbi hissələrin birinə dəyişdirəcəyini demişdir. Ceyhunun işi ilə bağlı tanıdığı hərbçi tanışlarına xahiş etmiş, lakin onun işini həll edə bilməmiş, aldığı pulu da xərclədiyi üçün qaytara bilməmişdir. Əməlindən peşimandır, bir daha belə işlərlə məşğul olmayacaqdır. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs atası Məhərrəmi axtararkən tanımışdır. Belə ki, 2021-ci ilin iyun ayında ona məxsus “Elşad” şadlıq sarayında xadimə işləyən Şahid1 kürəkəni Şahid2 Kürdəmir rayonunda yerləşən hərbi hissələrin birinə işə düzəltməsini xahiş etmiş və tanışlarının vasitəsilə Məhərrəmlə tanış olmuş və məsələni ona danışmışdır. Məhərrəm onu dinləyəndən sonra bu işi həll edəcək yaxın qohumlarının adlarını sadalamış və 4500 manat pul müqabilində Ceyhunu hərbçi kimi işə düzəldə biləcəyini demişdir. Bundan sonra müxtəlif vaxtlarda Kürdəmir şəhəri H.Əliyev prospektində yerləşən “Paşa” marketdəki ödəmə aparatlarından Məhərrəmin ona yolladığı plastik kart hesablarına ümumilikdə 4500 manat pul göndərmiş, lakin dediyi müddətdən xeyli keçməsinə baxmayaraq işi həll etməmiş, telefonunu söndürərək ona cavab vermədiyi üçün 2022-ci ilin iyun ayında Mingəçevir şəhərinə getmiş, Məhərrəmi evdə tapa bilmədiyi üçün oğlu Təqsirləndirilən şəxsla söhbət etmiş, söhbət zamanı Məhərrəmin onun tanışı Ceyhunu Kürdəmir rayonunda yerləşən hərbi hissələrin birinə işə düzəldəcəyi adı ilə ondan hissə-hissə olmaqla ümumilikdə 4500 manat pul aldığını, ancaq vədinə əməl etməyərək onu aldatdığını bildirmişdir. Tural isə Ceyhunu Kəlbəcər rayonundan Kürdəmir rayonunda yerləşən hərbi hissələrin birinə köçürmə ilə gətirə biləcəyini, bunun müqabilində 2000 manat pul lazım olduğunu bildirmiş və o, Turalla razılaşmışdır. Təxminən 15 gün sonra Tural Kürdəmir şəhəri Bakı prospektində yerləşən özünə məxsus “Elşad” şadlıq sarayına gəlib onunla görüşüb ondan 2000 manat pul almış, həmin vaxtı Tural Ceyhunu bir həftə ərzində Kürdəmir rayonunda yerləşən hərbi hissələrin birinə köçürəcəyini bildirmiş, ancaq Tural da verdiyi vədə əməl etməmiş, eləcə də pulunu qaytarmayaraq onu aldadıb dələduzluq etmişdir. Turala verdiyi 2000 manat puldan atası Məhərrəmin xəbəri olmamışdır. Buna görə də Kürdəmir RPŞ-na ərizə ilə müraciət edərək, Məhərrəm və Turalın cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: - “Mingəçevir şəhər rayonlararası narkoloji dispanserindən” daxil olmuş xx.xx.2024cü il tarixli 322 nömrəli məktubdan görünür ki, Məmmədov X3 şəhər rayonlararası narkoloji dispanserində həkim narkoloqun qeydiyyatında durmur. - “Mingəçevir şəhər Ruhi əsəb xəstəlikləri dispanserindən” daxil olan xx.xx.2024-cü il tarixli 411 nömrəli məktubdan görünür ki, Məmmədov X3 şəhər Ruhi əsəb xəstəlikləri dispanserində həkim psixiatrın qeydiyyatında durmur. - Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədə göstərilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2017-ci il tarixdə Beyləqan rayon məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nın 177.2.1-ci və 69.4-cü maddələri 3500 manat cərimə cəzasına məhkum edilmiş, AR Prezidentinin xx.xx.2018-ci il tarixli 137 sərəncamına əsasən əfv olunaraq cəzadan azad edilmişdir, 22.01.201-cu il tarixdə Nərimanov rayon məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 69.3-cü maddələri ilə 1 il 11 ay 28 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə cəza müddəti başa çatdığına görə qeydiyyatdan çıxarılmışdır, məhkumluğu ödənilmişdir. - iş üzrə verilmiş əməliyyat tapşırığına cavabdan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qohumu Şahid2 iş yerini Kürdəmir rayonu ərazisində yerləşən hərbi hissələrin birinə dəyişəcəyi barədə yalandan vəd verib 2022-ci ilin iyul ayında Kürdəmir şəhəri Bakı prospektində yerləşən “Elşad” şadlıq evində 2000 manat pulunu alıb ələ keçirərək Zərərçəkmiş şəxs həmin məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. - Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(041)-91/2024 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbsli axtarış elan edilmiş, xx.xx.2025-ci il tarixli axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, 19 iyun 2025-ci il tarixdə Bakı şəhəri ərazisində tutularaq Kürdəmir RPŞ-nin X6 təhvil verilmişdir. - İş üzrə Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixli məhkəməyə ünvanladığı ərizəsindən görünür ki, o təqsirləndirilən şəxs X4 ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə tövsif olunmuşdur. Həmçinin məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, dələduzluq hadisəsi 2022-ci ilin iyul ayında baş vermiş və həmin vaxtdan üç il müddət keçmişdir. Təqsirləndirilən şəxs 11 ay 6 gün, yəni 1 ay 28 gün məhkəmədəyək ibtidai araşdırma zamanı, 9 ay 8 gün iş məhkəmənin icraatında olan vaxt axtarışda olduğuna görə icraat dayandırılmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1 və 39.1.11-ci maddəsinə əsasən, cinayət qanununun müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir.) Azərbaycan Respublikası CPM-nin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.5, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Azərbaycan Respublikası CPM-nin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası CM-nin 75.1.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Həmin Məcəllənin 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. Həmin Məcəllənin 15.2-ci maddəsinə görə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Məhkəmə qanunvericiliyin tələbi baxımından Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan cinayət üzrə icraata xitam verilməsini qanuna müvafiq hesab edir. Məhkəmə hesab edir ki, yuxarıda şərh olunanlara əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinməklə, CM-nin 75-ci maddəsinin tələblərinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və məhkəmə iclas zalından dərhal azad edilməlidir. İş üzrə Zərərçəkmiş şəxs ona dəymiş 2000 manat ziyanın mülki məhkəmə icraatı qaydasında tələb etmək hüququ izah edilməlidir. İş üzrə mülki iddia, maddi sübut, digər məhkəmə xərclərinin olmaması nəzərə alınmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRAR VERDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinsin, lakin cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalından dərhal azad edilsin. Zərərçəkmiş şəxs ona dəymiş 2000 manat ziyanı mülki məhkəmə icraatı qaydasında tələb etmək hüququ izah edilsin. İş üzrə mülki iddia, maddi sübut, digər məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Qərardan 20 gün müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. SƏDRLİK EDƏN X.X.İMANOV
Məhkəmə qərarları › İş №1(041)-10/2025
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №1(041)-10/2025
05.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver