Azərbaycan Respublikası adından HÖKM Kürdəmir rayon İş № 1(041)-100/2023 18.10.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X10 Xalıq oğlunun sədrliyi Məhkəmə iclas katibi Gülalıyev Orxan Vəzir oğlunun katibliyi Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı Müdafiəçi fərdi qaydada fəaliyyət göstərən vəkil X3 Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1989-cu ildə Kürdəmir şəhərində anadan olmuş, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, evli, 3 az yaşlı uşağı olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan, istintaqa məlum olmayan vaxtda və mənbədən, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin və psixotrop maddələrin siyahısı”na daxil olan, şəxsi istehlak miqdarından artıq miqdarda, ümumi miqdarı - 0,08 qram təşkil edən üzərində “Methodone 40” göstəricisi olan 01 ədəd konvalyut kəsiyində ümumilikdə 02 ədəd qəhvəyi rəngli, dairəvi formalı narkotik vasitə metadon həbini qanunsuz olaraq əldə edib, daşıyaraq üzərində saxlamış, xx.xx.2023-cü il tarixdə saat 23.30 radələrində Kürdəmir RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X12 İdarəsinin Yol Patrul Xidmətinin Kürdəmir rayonu ərazisində yerləşən 721 saylı stasionar postunda saxlanılaraq rayon polis şöbəsinə gətirildikdən sonra üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarının sağ arxa cibindən 01 ədəd “Winston” markalı siqaret qutusu içərindəki üzərində “Methodone 40” göstəricisi olan 01 ədəd konvalyut kəsiyində ümumilikdə 02 ədəd qəhvəyi rəngli, dairəvi formalı ümumi miqdarı 0,08 qram təşkil edən narkotik vasitə metadon həbi aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, ailəsi ilə birlikdə ünvan 2 ünvanında yaşayan, evlidir, taksi fəaliyyəti ilə məşğul olmaqla ailəsini dolandırır. xx.xx.2023-ci il tarixdə saat 14 radələrində Bakı şəhəri Binəqədi rayon ərzisində yerləşən avtovağzalın ərazisində piyada gəzərkən yerdə dərman listi görmüş, dərman listini götürüb baxdıqda içərisində 02 ədəd metadon həbi olduğunu görmüş, özü istifadə etmək üçün həmin listi “Winston” markalı siqaret qutusunun içərisinə qoyub cibində saxlamışdır. Kürdəmir rayonuna qayıdarkən saat 23.30 radələrində YPX-nın Kürdəmir rayonu ərazisində yerləşən postunda taksini YPX əməkdaşları saxlamış, aşağı düşüb siqaret çəkmək istəyərkən Kürdəmir RPŞ-nin əməkdaşları ona yaxınlaşıb, özlərini təqdim edərək, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmağında əsaslı şübhələrin olduğunu bildirib Kürdəmir rayon polis şöbəsinə aparmışlar. Şöbədə videoçəkilişdən istifadə etməklə şəxsi axtarış zamanı üzərində narkotik vasitə olub-olmaması, əgər varsa təqdim etməsi bildirildikdə, əynində olan qara rəngli şalvarının arxa sağ cibindən 01 ədəd “Winston” markalı siqaret qutusu çıxarıb masanın üzərinə qoymuş və içərisində “M40” yazısı olan 02 ədəd həb olduğunu bildirmişdir. Üzərinə müstəntiq tərəfindən şəxsi axtarış keçirilsə də, başqa qanunsuz əşya və predmet aşkar edilməmişdir. Həmin büküm müstəntiq tərəfindən açılmış, içərisinə baxış keçiriləndən sonra zərfə qoyulmuş üzəri möhürlənmiş və imzalanmışdır. Üzərində axtarış aparılan zaman tapdığı həblərin narkotik vasitə olmasını bilməmişdir. Hazırda törətdiyi cinayət əməlinə görə peşmandır. Məhkəmədən əməlindən səmimi peşmançılıq çəkməsini, ilk dəfə cinayət törətməsini nəzərə alaraq ona təqsirləndiyi maddənin sanksiyasında nəzərdə tutulan daha yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqında Şahid1 ifadəsində göstərdi ki, Kürdəmir RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir, Təqsirləndirilən şəxs rayon sakini kimi tanımış, aralarında ədavətləri və düşmənçilikləri olmamışdır. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlaması barədə əməliyyat məlumatı daxil olmuş, həmin məlumatın yoxlanılması üçün tərəfindən əməliyyat istintaq qrupu yaradılmış və əməliyyat axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilmişdir. Həmin tarixdə saat 23 radələrində Baş X12 İdarəsinin Yol Patrul Xidmətinin Kürdəmir rayonu ərazisində yerləşən 721 saylı stasionar postunda Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim edərək, ona üzərində qanunsuz olaraq narkotik vasitə saxlamasında əsaslı şübhəli olduğunu bildirib polis şöbəsinə aparmışlar, videoçəkilişdən istifadə etməklə üzərində şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarının arxa cibindən 01 ədəd “Winston” markalı siqaret qutusu çıxarıb masanın üzərinə qoymuş, sonra həmin qutu açılmış, içərisində üzərində “M40” yazısı olan 02 ədəd həb müəyyən edilmiş və ekspertizaya təqdim olunması üçün qablaşdırılmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: - xx.xx.2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, həmin tarixdə keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs saxlanılaraq rayon polis şöbəsinə gətirilmiş, videoçəklişlə müdafiəçisinin iştirakı ilə üzərinə şəxsi axtarışa başlanılmış, Təqsirləndirilən şəxs üzərində, paltarında narkotik vasitə saxlamasında əsaslı şübhəli olduğunu bildirərək üzərinə videoçəkilişdən istifadə etməklə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı, müstəntiq Təqsirləndirilən şəxs yenidən hüquq və vəzifələrini izah edib təklif etmişdir ki, üzərində qanunsuz əşya və predmet vardırsa təqdim etsin. Bu təklifdən sonra o, əynində olan qara rəngli şalvarının arxa sağ cibindən 01 ədəd “Winston” markalı siqaret qutusu çıxarıb təqdim etmişdir. Bundan sonra o, həmin qara rəngli şalvarının arxa sağ cibindən 1 manat pul, ön sol cibindən isə 01 ədəd “Sobranie” markalı siqaret qutusu çıxarıb təqdim etmişdir. Müstəntiq tərəfindən Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, üzərində qanunsuz əşya və ya predment aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd “Sobranie” markalı siqaret qutusuna və onun içərisində olan siqaretlərə baxış keçirilmişdir. Baxış keçirildikdən sonra “Sobranie” markalı siqaret qutusu və 01 manat pul iş üçün əhəmiyyət kəsb etmədiyindən özünə qaytarılmışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd “Winston” markalı siqaret qutusuna baxış keçirilmişdir. Baxış zamanı üzərində “M40” yazısı olan 02 ədəd narkotik vasitəyə bənzər həblər müəyyən edilmişdir. 02 ədəd həb 01 ədəd içərisi boş ağ rəngli zərfə qoyulmuş və üzəri “Azərbaycan Respublikası DİN №137” möhürü ilə möhürlənmişdir. Zərflər şübhəli şəxs, onun müdafiəçisi və şahidlər tərəfindən imzalanaraq ekspertizaya təqdim olunacağı bildirilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi 02 ədəd həbin narkotik vasitə olduğunu, həmin həbləri xx.xx.2023-ci il tarixdə saat 14 radələrində Bakı şəhəri, Binəqədi rayon ərzisində yerləşən avtovağzalın ərazisindən tapdığını, həmin həbləri istifadə etmək üçün üzərində saxladığını, satışı ilə məşğul olmadığını, narkotik və narkotik vasitələrdən istifadə etmədiyini, ona qarşı hər hansı zor və təsir olmadığını, təqdim etdiyi həblərin ona məxsus olduğunu bildirmişdir..(i/v 29-31) -məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli 6/3572 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “Azərbaycan Respublikası DİN Arayışlar üçüb №137D” dairəvi möhür əksi olan, “Təqsirləndirilən şəxs üzərindən...” sözləri, soyad və imzalar qeyd edilmiş 01 ədəd zərfdə üzərində “Methadone-40” göstəricisi olan 01 ədəd konvalyut kəsiyində ümumilikdə 02 ədəd qəhvəyi rəngli, dairəvi formalı dərman həbində metadonun üzərindəki göstəriciyə əsasən təsir maddəsinin ümumi miqdarı 0,08 qram təşkil edir. Metadon - 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr” siyahısına (Siyahı İİ) daxildir. (i/v 37-41) - Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, X5 əvvəllər məhkum olunmamışdır. (i/v 65) - Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Kürdəmir rayon Mərkəzi Xəstəxanası” PHŞ-dən daxil olmuş xx.xx.2023-cü il tarixli PHŞ-6-49/2-400/2023 nömrəli məktubundan görünür ki, Kərimov X1 şöbəsində həkim psixiatr və narkoloqun qeydiyyatında yoxdur. (i/v 68) - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DSMF 1 saylı X6 Filialının xx.xx.2023-cü il tarixli 3-17-1/2-158540/2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs əlilliyə görə əmək pensiyası və ya sosial müavinət ödənilmir. (i/v 75) - məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 1358 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannobinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. (i/v 92) - “Azercell Telekom MMC”dən daxil olan xx.xx.2023-cü il tarixli 18343 nömrəli məktubdan görünür ki, ***-***-**-** saylı nömrə xx.xx.2021-ci il tarixdən, ***-***-**-** saylı nömrə xx.xx.2011-ci il tarixdən deaktivdir. (i/v 94) Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, yəni narkotik vasitəni şəxsi istehlak miqdarından artıq əldə edib saxlaması özünün etirafı, şahid ifadələri, baxış protokolları, üzərinə baxış keçirilən zaman diskə köçürülmüş videogörüntü, ekspert rəyləri, habelə iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif olunub. O, həmin maddə ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan cəza təyin edilməlidir. Məhkəmə qeyd edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsində verilmiş anlayışa görə narkotik vasitələr dedikdə BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilər başa düşülür. 1.0.10. narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş metadon həbi afyon ailəsindəki bir dərman olmaqla dünyada ən çox asılılıq yaradan 10 narkotik vasitələrdən biri kimi qəbul edilmiş, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2001-ci il 16 yanvar tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş "İstifadə edilməsinin məqsədi göstərilməklə dövriyyəsinə Azərbaycan Respublikasının ərazisində yol verilən narkotik vasitələrin siyahısı”nın 6-cı bəndinə daxil edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 5-ci bəndində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Həmin qərarın 25-ci bəndində göstərilir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslər barəsində cəza təyin edərkən CM-nin 58-ci maddəsində göstərilmiş cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmalıdır. Bu zaman törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, o cümlədən cinayətin törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə diqqət yetirilməlidir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən narkotik vasitə metadon şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0.02 qram müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı aşkar edilərək götürülmüş üzərində “Methodone 40” göstəricisi olan 01 ədəd konvalyut kəsiyində ümumilikdə 02 ədəd qəhvəyi rəngli, dairəvi formalı ümumi miqdarı 0,08 qram təşkil edən narkotik vasitə metadon həbinin ekspertiza tədqiqatından sonra 01 ədəd 0.04 qram qalığı cinayət işi üzrə maddi sübut qismində tanınaraq saxlanılmasından ötrü Kürdəmir RPŞ-nin saxlanc yerinə təhvil verilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs orta təhsilli, evli olması, fərdi əməklə məşğul olması, daimi yaşayış yerinin olması, məhkumluğunun olmaması, yaşayış yeri üzrə müsbət xarakterizə olması onun şəxsiyyətini səciyyələndirən hallardır. Məhkəmə cəza təyin edərkən təqsirləndirilən şəxs X2 himayəsində 3 azyaşlı uşağının olmasını CM-in 59.1.4-cü maddəsinə, yaşayış yerindən müsbət xarakterizə olunmasını, təqsirini etiraf edərək əməlindən səmimi peşmançılıq çəkməsini və ilk dəfə olaraq az ağır cinayət törətməsini CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayətin məqsəd və motivini, onun cinayətin törədilməsi zamanı və hadisədən sonrakı davranışını və məsuliyyəti yüngülləşdirən halları, təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, habelə onun cəmiyyətdən tam təcrid edilmədən, yaşayış yeri üzrə azadlığını məhdudlaşdırmaqla islah olunmasının mümkünlüyünü nəzərə alaraq, ona CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi məqsədəmüvafiq sayır. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə görə azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaş-dırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (təmamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə araşdırmaları zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs ailəsi ilə birlikdə ünvan 1 ünvanında yaşayır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə yaşayış yeri olan Kürdəmir şəhəri, A.Bilal küçəsində yerləşən 25 saylı evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Kürdəmir rayonunun ərazi hüdüdlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, cəzasının əvvəli onun cəzanı icra edən orqanda qeydiyyatda alındığı vaxtdan hesablanmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il saat 23.30-dan xx.xx.2023-cü il saat 12.10-dək müddətdə şübhəli şəxs qismində tutularaq Kürdəmir RPŞ MSY-da saxlanılmışdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs barəsində qəti cəza CM-in 69.3-cü maddəsində nəzərdə tutulmuş qaydalar üzrə təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsində göstərilir ki, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddasində göstərilir ki, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanır. Məhkəmə cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət cəzaçəkmə müddətinə daxil edilməli və ona ona cəza təyin edilərkən nəzərə alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.16-cı maddəsinə əsasən təqsirləndirilən şəxslərin barəsində tibbi xarakterli məcburi tədbirlərin və məhz hansı tədbirlərin tətbiq edilməsinin mümkün olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməməlidir. Belə ki, hazırkı cinayət işi üzrə müvafiq ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur, narkoloji kabinetində profilaktiki qeydiyyata alınması məsləhət görülür. Buna görə də ekspert rəyi nəzərə alınmaqla onun narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məqsədəuyğundur. Məhkəmə, CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından maddi sübutlar məsələsinin necə həll edilməli olması məsələsinə baxaraq bu nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi Kürdəmir Rayon Polis Şöbəsində saxlanılan, üzərində “Methodone 40” göstəricisi olan 01 ədəd konvalyut kəsiyində ümumilikdə 02 ədəd qəhvəyi rəngli, dairəvi formalı ümumi miqdarı 0,08 qram təşkil edən narkotik vasitə metadon həbinin ekspertiza tədqiqatından sonra 01 ədəd 0.04 qram qalığı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə, CPM-in 346.1.20-ci maddəsinin tələblərinə əsasən seçilmiş qətimkan tədbirinin ləğv edilməli və ya dəyişdirilməli olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Məhkəmə, CPM-in 346.1.21-ci maddəsinin tələblərinə əsasən məhkəmə məsrəflərinin kimin üzərinə və hansı məbləğdə qoyulmalı olduğu məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 65 manat ekspertiza xərci tutulub Məhkəmə ekspertizası mərkəzinin hesabına ödənilməlidir. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsi, onun narkoloji kabinetdə qeydiyyata alınması, məhkəmə məsrəfinin təqsirləndirilən şəxsdən tutulması, hökmün maddi sübutun-narkotik vasitə olan metadonun məhv edilməsi hissəsində icra edilməsi Kürdəmir rayon icra və probasiya şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən məhkəmədə Təqsirləndirilən şəxs göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 18 (on səkkiz) manat və Şirvan Vəkil bürosunun vəkili X4 18 (on səkkiz) manat məbləğində pul ödənilməlidir İş üzrə mülki iddia, maddi ziyan, digər məhkəmə xərclərinin olmaması nəzərə alınmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət bir günə iki gün hesabı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yeri olan ünvan 1 ünvanını axşam saat 23:00dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Kürdəmir rayon ərazi hüdüdlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi Kürdəmir Rayon Polis Şöbəsində saxlanılan, üzərində “Methodone 40” göstəricisi olan 01 ədəd konvalyut kəsiyində ümumilikdə 02 ədəd qəhvəyi rəngli, dairəvi formalı ümumi miqdarı 0,08 qram təşkil edən narkotik vasitə metadon həbinin ekspertiza tədqiqatından sonra 01 ədəd 0.04 qram qalığı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 1 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 65 manat (altmış beş) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsi, onun narkoloji kabinetdə qeydiyyata alınması, məhkəmə məsrəfinin təqsirləndirilən şəxsdən tutulması, hökmün maddi sübutun-narkotik vasitə olan metadonun məhv edilməsi hissəsində icra edilməsi Kürdəmir rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Məhkəmədə Təqsirləndirilən şəxs göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 18 (on səkkiz) manat və Şirvan Vəkil bürosunun vəkili X4 18 (on səkkiz) manat məbləğində pul ödənilsin. İş üzrə mülki iddia, maddi ziyan, digər məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Hökmdən 20 gün müddətində Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. SƏDRLİK EDƏN X.X.İMANOV
Məhkəmə qərarları › İş №1(041)-100/2023
Kürdəmir Rayon Məhkəməsi Hökm — İş №1(041)-100/2023
18.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver