Məhkəmə qərarları › İş №1(041)-100/2024

Kürdəmir Rayon Məhkəməsi Hökm — İş №1(041)-100/2024

21.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Kürdəmir rayon İş № 1(041)-100/2024 21.08.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi Məhkəmə iclasının katibi Gülalıyev Orxan Vəzir oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi- fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1990-cı il tarixdə Kürdəmir rayonunun Yenikənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, əvvəllər məhkum olunmamış, Kürdəmir rayonunun Yenikənd kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini xeyli miqdarda kultivasiya etmək qərarına gəlib, bu məqsədlə istintaqa məlum olmayan mənbədən və tarixdə əldə edib özündə saxladığı çətənə (kannabis) bitkisinin toxumlarını 2024-cü ilin aprel ayının əvvəllərində yaşadığı Kürdəmir rayonu Yenikənd kəndində yerləşən özünə məxsus evin həyətyanı sahəsində dibçəklərdə əkmiş, həmin toxumlardan inkişaf etmiş xeyli miqdarda 06 (altı) ədəd çətənə (kannabis) bitkilərini yetişdirib, aqrotexniki qaydada qulluq etməklə qanunsuz olaraq kultivasiya etmiş, xx.xx.2024-cü il tarixdə saat 12:30 radələrində Kürdəmir RPŞ-in əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində onun razılığı ilə yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman həyətyanı sahədə dibçəkdə əkdiyi xeyli miqdarda 06 (altı) ədəd yaş vəziyyətdə ümumi təmiz çəkisi 2.57 (iki tam yüzdə əlli yeddi) qram qadağan olunmuş tərkibində narkotik maddələr olan, aqrotexniki qaydada qulluq edilmiş çətənə (kannabis) bitikiləri aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, ailəsi ilə birlikdə Kürdəmir rayonu Yenikənd kəndində yaşayır, təxminən 4-5 ildir ki, qurudulmuş marixuanadan istifadə edir, istifadə etdikcə onların tumlarını yığıb saxlamışdır. 2024-cü ilin aprel ayının əvvəllərində yaşadığı Kürdəmir rayonu Yenikənd kəndində yerləşən evinin həyətində nar ağaclarının arasında həmin çətənə tumlarını qabaqcadan hazırladığı dibçəklərdə əkmişdir. Ümumilikdə 10 ədəd tum əkmişdir. Mütəmadi olaraq su və peyin vermişdir ki, yetişsinlər. Həmin 10 ədəd çətənə tumundan 6 ədədi yetişdiyinə görə onları ayırıb başqa dibçəklərdə əkmiş, sonuncu dəfə xx.xx.2024-cü il tarixdə axşam saatlarında suvarmış, diblərini boşaltmışdır. Bağın künc hissəsinə əkdiyi üçün həmin bitkilərlə maraqlanmamış və onlara xüsusi olaraq heç bir qulluq göstərməmişdir. xx.xx.2024-cü il tarixdə saat 12 radələrində polis əməkdaşları yaşadıqları ünvanına gələrək çətənə kolu əkib becərməsi barədə şübhəli olduğunu bildirmişlər, cəzasının yüngülləşməsi üçün özü səmimi olaraq etiraf edərək yaşadığı evin həyətində çətənə kolu əkib becərdiyini etiraf etmişdir. Ərizə yazaraq yaşadığı evin həyətinə baxış keçirilməsi ilə bağlı etirazının olmadığını bildirdikdən sonra polis əməkdaşları həyətinə daxil olmuşlar, çətənə bitkiləri əkdiyi yeri göstərmiş, həmin bitkilər dibçək qarışıq qablaşdırılmış, üzəri yazılandan sonra ekspertizaya təqdim olunacağı bildirilərək möhürlənərək götürülmüşdür. Bundan sonra Kürdəmir RPŞ-yə gətirilmiş, şübhəli şəxs qismində tutulduqdan sonra vəkillərin siyahısı təqdim olunmuş. Üzərinə müstəntiq tərəfindən şəxsi axtarış keçirilməyə başlanmış, üzərində qanunla qadağan edilmiş hər hansı əşya və ya narkotik vasitə olub-olmadığı soruşulduqda üzərində heç nə olmadığını bildirmiş, bundan sonra üzərinə şəxsi axtarış keçrildikdə qanunla qadağan edilmiş hər hansı əşya və ya predment aşkar olunmamışdır. Təqsirləndirilən şəxs ifadəsinin sonunda qeyd etdiyi halları, əməlindən səmimi peşmançılıq çəkməsini, ilk dəfə cinayət törətməsini nəzərə alaraq məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqında Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs Kürdəmir rayonu Yenikənd kəndi sakini kimi tanıyır. xx.xx.2024-cü il tarixdə Onun qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, üzərində daşıması, saxlaması, eləcə də yaşadığı evin həyətyanı sahəsində tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etməsi barədə daxil olmuş məlumatı əsasında əməliyyat qrupu təşkil etmişlər. Bundan sonra əməliyyat qrupu olaraq aqronomla birlikdə baxış keçirilməsi üçün Kürdəmir rayonu Yenikənd kəndində yerləşən Təqsirləndirilən şəxs məxsus evin həyət qapısının qarşısına getmişlər, Talehin qapısını döymüşlər, Taleh küçəyə çıxmış, müstəntiq onu təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməsinə dair qərarla tanış edərək ona yaşadığı evin həyətyanı sahəsində tərkibində narkotik maddələr olan bitkilər əkməkdə və narkotik vasitələrdən istifadə etməkdə, daşımaqda, saxlamaqda şübhəli olduğunu, bunlarla bağlı yaşadığı evin həyətyanı sahəsinə baxış keçiriləcəyini bildirmişdir. Təqsirləndirilən şəxs razılıq ərizəsi verərək yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs yaşadığı evin həyətinin qapısından içəri girərək onun göstərdiyi yolla hərəkətə başlayıb evin qarşı tərəfində keçdikdə orada bağ sahəsində 01 ədəd kauçuk qutuda hər birində 01 ədəd olmaqla 06 ədəd dibçəklərdə 06 ədəd narkotik tərkibli çətənə koluna bənzər bitkilər aşkar olunmuş, bitkilərə ilkin baxış zamanı onlara aqrotexniki qaydada qulluq olunduğu müəyyən olunmuşdur. Bitkilərə aqronom Qorxmaz Şükürov baxış keçirərək tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkiləri olduğunu, onlara aqrotexniki qaydada qulluq edilərək diblərinin boşaldılıb, suvarıldığını bildirmişdir. Bundan sonra həmin 06 ədəd çətənə bitkiləri dibçəkdən torpaqdan çıxarılmış, 01 ədəd qara rəngli polietilen torbada qablaşdırılmış, üzəri yazıldıqdan sonra ekspertizaya təqdim olunacağı bildirilərək möhürlənərək götürülmüşdür. Şifahi soğru-sual zamanı Təqsirləndirilən şəxs həmin çətənə bitkilərini narkotik vasitə qurudulmuş marixuanaya olan tələbatını qarşılamaq üçün şəxsi istifadə etmək üçün əkdiyini, mütəmadi olaraq suvarıb yetişdirdiyini, satmaq niyyətinin olmadığını, çətənə bitkiləri əkib becərməkdə ona heç kimin kömək göstərmədiyini, heç kimin eləcədə ailə üzvlərinin həmin bitkilərin əkilməsindən xəbərlərinin olmadığını bildirmişdir. Baxış bitdikdən sonra birlikdə rayon polis şöbəsinə gəlmişlər, polis şöbəsində Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, seçdiyi müdafiəçi ilə təmin olunduqdan sonra üzərində videoçəkiliş vasitəsi ilə şəxsi axtarış aparılmış, hər hansı qanunsuz əşya və predmet aşkar edilməmiş, şifahi qaydada sorğu-sual aparıldıqdan sonra videoçəkiliş sonlandırılmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: - xx.xx.2024-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi, yaşadığı evin həyətyanı torpaq sahəsində qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etməsi baradə məlumat əsasında xx.xx.2024-cü il tarixdə, saat 12:30-da Kürdəmir RPŞ-in əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs razılığı ilə onun yaşadığı evin həyətyanı sahəsinə baxış zamanı 06 ədəd dibçəklərdə əkdiyi xeyli miqdarda 06 (altı) ədəd əkilib becərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olan, aqrotexniki qaydada qulluq edilmiş çətənə (kannabis) bitikilərinə oxşar bitkilər aşkar edilərək götürülmüşdür. Həmin bitkilər ekspertizaya təqdim olunması üçün 01 ədəd qara rəngli polietilen kisədə qablaşdırılaraq DİN-in 137 saylı möhürü ilə möhürlənmişdir. Baxış zamanı heç bir təklif və şikayət daxil olmamış, şifahi qaydada sorğu-sual aparıldıqdan sonra baxış sonlandırılmışdır. - xx.xx.2024-cü il tarixli “Şəxsi axtarış və götürmə keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs evinin həyətyanı sahəsinə baxış keçirildikdən sonra o, Kürdəmir RPŞ-də şübhəli şəxs qismində tutularaq müdafiəçisinin, polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş vasitəsi ilə onun üzərində şəxsi axtarış aparılmış, lakin üzərində hər hansı qanunsuz əşya və narkotik vasitə aşkar olunmamışdır. Şəxsi axtarış zamanı heç bir təklif və şikayət daxil olmamış, şifahi qaydada sorğu-sual zamanı Təqsirləndirilən şəxs yaşadığı evin həyətindən aşkar edilmiş 06 ədəd narkotik tərkibli çətənə kolunun ona məxsus olduğunu, şəxsi istifadə etmək üçün əkib yetişdirdiyini bildirmişdir. Şifahi sorğusual aparıldıqdan sonra şəxsi axtarış sonlandırılmışdır. - iş üzrə təyin edilmiş məhkəmə-bioloji ekspertizasının xx.xx.2024-cü il tarixli 18/436 nömrəli rəyində qeyd olunmuşdur ki, 1) Tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs yaşadığı evin həyətində....” sözləri və imzalar olan polietilen torba bağlamadakı kauçuk qutuda 06 ədəd dibçəkdə, hər birində bir ədəd olmaqla, cəmi 6 ədəd yaş vəziyyətdə ümumi çəkisi 2.57 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabıs) bitkiləndir. Aqronomun rəyinə əsasən təqdim olunmuş 06 ədəd çətənə (kannabıs) bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. - Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədə göstərilmişdir ki, Osmanov X3 rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nın 128-ci maddəsinə əsasən 500 manat cərimə olunmuş, xx.xx.2016-cı ildə cəriməni tam ödəmişdir. - əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə fondu 1 saylı X8 Filialından daxil olan xx.xx.2024-cü il tarixli 3-17-1/2-106940-2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs əlilliklə bağlı əmək pensiyası və sosial müavinət almır. - “Kürdəmir rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsindən daxil olan xx.xx.2024-cü il tarixli 18-1-49/2-612/2024 nömrəli məktubdan görünür ki, Osmanov X3 RMX-nin poliklinika şöbəsində həkim psixiatrın və narkoloqun qeydiyyatında yoxdur. - cinayət işi üzrə təyin edilərək keçirilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 1240 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, narkotik vasitə kannabinoidlərdən sui istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var, narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. - Təqsirləndirilən şəxs həyətindən aşkar edilərək götürülmüş yaş halda çətənə (kannabis) bitkisinin 2.45 qram qalığı cinayət işi üzrə maddi sübut qismində tanınaraq saxlanılmasından ötrü Kürdəmir RPŞ-nin Maddi sübutların saxlanma yerinə təhvil verilmiş, Təqsirləndirilən şəxs evinin həyətyanı sahəsinə baxış zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 (bir) ədəd, üzərində şəxsi axtarış aparılan zaman aparılmış videoçəkilişin qeydə alındığı 01 (bir) ədəd disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işində saxlanılmışdır. - iş üzrə verilmiş əməliyyat tapşırığına cavabdan görünür ki, keçirilmiş əməliyyat tədbirləri zamanı alınmış məlumatlarla təsdiq olunur ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz istifadəsi və dövriyyəsi ilə məşğul olmamış və bu barədə heç bir məlumat daxil olmamışdır. - onun yaşadığı evin həyatyanı sahəsində qanunsuz olaraq əkib yetişdirdiyi tərkibində narkotik maddələr olan əkilib-becərilməsi qadağan olunmuş çətənə (kannabis) bitkilərinin toxumlarını naməlum şəraitdə əldə etməsi barədə məlumatlar daxil olsa da, hansı mənbədən və necə əldə etməsini təsdiq edən və sübut kimi istifadə oluna bilən məlumatlar əldə edilməmiş, həmçinin onunla əlbir olan başqa şəxslər olmamışdr. Qeyd olunanlardan başqa Təqsirləndirilən şəxs əvvəllər narkotik xassəli olan çətənə kolunu əkib yetişdirməsi barədə məxfi mənbələrdən məlumatlar əldə edilmişdir. - Kürdəmir RİHB-nin şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin xx.xx.2023-cü il tarixdə verdiyi xasiyyətnamədə ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs müsbət xarakterizə edilmişdir. - Təqsirləndirilən şəxs həyətindən aşkar edilərək götürülmüş yaş halda çətənə (kannabis) bitkisinin 2.45 qram qalığı cinayət işi üzrə maddi sübut qismində tanınaraq saxlanılmasından ötrü Kürdəmir RPŞ-nin Maddi sübutların saxlanma yerinə təhvil verilmiş, Təqsirləndirilən şəxs evinin həyətyanı sahəsinə baxış zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 (bir) ədəd, üzərində şəxsi axtarış aparılan zaman aparılmış videoçəkilişin qeydə alındığı 01 (bir) ədəd disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işində saxlanılmışdır. - Kürdəmir RİHB-nin Kürdəmir rayon Yenikənd üzrə nümayəndəsinin xx.xx.2024-cü il tarixdə verdiyi arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs himayəsində 2000-ci il təvəllüdlü həyat yoldaşı X4, 2020-ci il təvəllüdlü övladı X5, 1955-ci il təvəllüdlü atası X6, 1960-cı il təvəllüdlü anası X2 vardır. - Kürdəmir RİHB-nin Kürdəmir rayon Yenikənd üzrə nümayəndəsinin verdiyi xasiyyətnamədən görünür ki, nümayəndəliyə vətəndaş Təqsirləndirilən şəxs barəsində heç bir səhv və nöqsanlı hərəkətləri müraciət olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, yəni qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etməsi özünün etirafı, şahid ifadələri, baxış protokolları, ünvana baxış keçirilən zaman diskə köçürülmüş videogörüntü, ekspert rəyləri, habelə iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.6-cı maddəsinə görə tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası dedikdə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi, yetişdirilməsi və ya onların (onların hissələrinin) toplanması başa düşülür. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 19cu bəndində məhkəmələrə izah olunmuşdur ki, şərh olunan cinayətin predmeti əkilməsi, yetişdirilməsi və toplanılması qadağan edilən narkotik xassəli bitkilər, onların hissələri, çətənə, xaşxaş növləri, tərkibində narkotik maddələr olan digər bitkilərdir (siyahı İİİ qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilər). Əkmə dedikdə qanunsuz olaraq narkotik xassəli bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan, onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə narkotik xassəli bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Narkotik xassəli bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) toplanılması dedikdə - bu növ bitkilərin əkildiyi, yetişdirildiyi, mühafizə olunmayan əkin sahələrindən həmin bitkiləri (onların hissələrini) yığma başa düşülür. Həmin qərarın 25-ci bəndində göstərilir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslər barəsində cəza təyin edərkən CM-nin 58-ci maddəsində göstərilmiş cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmalıdır. Bu zaman törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, o cümlədən cinayətin törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə diqqət yetirilməlidir. 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları”ın qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) miqdarları adlanan İİİ siyahının 1.2-ci bəndində qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan çətənə növlü bitkilərin 3-15 ədədi (6-30 hissə) xeyli miqdar müəyyən edilmişdir. Təqsirləndirilən şəxs tərəfindən qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan çətənə növlü bitkilərin sayı cəmi 06 (altı) ədəd olduğundan, istintaq orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə tövsif olunub. Məhkəmə hesab edir ki, o, həmin maddə ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs orta təhsilli, fərdi əməklə məşğul olması, himayəsində bir nəfər az yaşlı uşağının olması, yaşayış yeri üzrə müsbət xarakterizə olması onun şəxsiyyətini səciyyələndirən hallardır. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs himayəsində bir nəfər az yaşlı uşağının olmasını, əməlindən peşman olmasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını, təqsirini etiraf edərək əməlindən səmimi peşmançılıq çəkməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayətin məqsəd və motivini, onun cinayətin törədilməsi zamanı və hadisədən sonrakı davranışını və məsuliyyəti yüngülləşdirən halları, təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, habelə onun cəmiyyətdən təcrid edilmədən islah olunmasının mümkünlüyünü nəzərə alaraq, ona CMnin 237.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə cəzasını təyin etməyi məqsədəmüvafiq sayır. İş üzrə Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 15:00-dan xx.xx.2024-cü il tarixdə saat 16:40-dək şübhəli şəxs qismində tutulmuş, xx.xx.2024-cü il tarixdə barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsində göstərilir ki, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası CM-nin 69.4-cü maddasində göstərilir ki, həbsdə saxlanılan şəxsə cərimə və ya müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əsas cəza təyin edilərkən məhkəmə həbsdə saxlama müddətini nəzərə alaraq, təyin edilmiş cəzanı yüngülləşdirir və ya şəxsi bu cəzadan tamamilə azad edir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.16-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin barəsində tibbi xarakterli məcburi tədbirlərin və məhz hansı tədbirlərin tətbiq edilməsinin mümkün olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməlidir. Belə ki, hazırkı cinayət işi üzrə müvafiq ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var, narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Buna görə də ekspert rəyi nəzərə alınmaqla Təqsirləndirilən şəxs tibbi xarakterli məcburi tədbir kimi narkomaniya xəstəliyindən məcburi müalicə təyin edilməli, həmçinin o narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Məhkəmə, CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından maddi sübutlar məsələsinin necə həll edilməli olması məsələsinə baxaraq bu nəticəyə gəlir ki, 06 ədəd, ümumi yaş vəziyyətdə təmiz çəkisi 2.57 qram, tədqiqatdan sonra qalmış 2.45 qram qalığı çətənə (kannabis) bitkiləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə maddi sübut olan 02 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə, CPM-in 346.1.20-ci maddəsinin tələblərinə əsasən seçilmiş qətimkan tədbirinin ləğv edilməli və ya dəyişdirilməli olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, CPM-in 346.1.21-ci maddəsinin tələblərinə əsasən məhkəmə məsrəflərinin kimin üzərinə və hansı məbləğdə qoyulmalı olduğu məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 49.74 (qırx doqquz manat 74 qəpik) manat məbləğində məhkəmə məsrəfi (ekspertiza xərci) tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına ödənilməlidir. Hökmün icrası Kürdəmir rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən məhkəmədə Təqsirləndirilən şəxs göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil X1 90 (doxsan) manat məbləğində xidmət haqqı ödənilməlidir. İş üzrə mülki iddia, maddi ziyan, digər məhkəmə xərclərinin olmaması nəzərə alınmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün bir günə iki gün hesabı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yeri olan Kürdəmir rayonu Yenikənd kəndində yerləşən evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Kürdəmir rayon ərazi hüdüdlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi Kürdəmir Rayon Polis Şöbəsində saxlanılan, 06 ədəd, ümumi yaş vəziyyətdə təmiz çəkisi 2.57 qram, tədqiqatdan sonra qalmış 2.45 qram qalığı çətənə (kannabis) bitkiləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 02 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 49.74 (qırx doqquz manat 74 qəpik) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsi, onun narkomaniya xəstəliyindən məcburi müalicə edilməsi, narkoloji kabinetdə qeydiyyata alınması, məhkəmə məsrəfinin təqsirləndirilən şəxsdən tutulması, hökmün maddi sübutun-narkotik vasitə olan qrudulmuş marixuananın məhv edilməsi hissəsində icra edilməsi Kürdəmir rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə mülki iddia, maddi ziyan, digər məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Məhkəmədə Təqsirləndirilən şəxs göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 90 (doxsan) manat xidmət haqqı ödənilsin. Hökmdən 20 gün müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. SƏDRLİK EDƏN: RAHİD MEHDİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar