Məhkəmə qərarları › İş №1(041)-103/2023

Kürdəmir Rayon Məhkəməsi Hökm — İş №1(041)-103/2023

01.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Kürdəmir rayon İş № 1(041)-103/2023 01.11.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X5 Xalıq oğlunun sədrliyi Məhkəmə iclas katibi Gülalıyev Orxan Vəzir oğlunun katibliyi Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı Müdafiəçi Şirvan regional vəkil bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1982-ci ildə Kürdəmir rayonu Pirəköçə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, məhkuluğu qanunla müəyyən edilmiş qaydada ödənilmiş, evli, 3 uşaq atası, Kürdəmir rayonu Pirəköçə kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2023-cü ilin aprel ayının əvvəllərində, Kürdəmir rayonu Pirəköçə kəndində yaşadığı evin həyətində 04 ədəd və həyətyani sahəsində isə 05 ədəd 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin siyahısına” daxil olan, cəmi 09 (doqquz) ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini xeyli miqdarda vahid niyyətlə qanunsuz olaraq əkib yetişdirərək kultivasiya etmiş, xx.xx.2023-cü il tarixdə saat 15:30 radələrində Kürdəmir RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində, sonuncunun anası Şahid3 razılıq ərizəsi əsasında, yaşadığı evin həyətinə keçirilən baxış zamanı 04 ədəd, həyətyani sahəsinə keçirilən baxış zamanı isə 05 ədəd, cəmi 09 ədəd yaş vəziyyətdə ümumi təmiz çəkisi 8000.0 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, ailəsi ilə birlikdə Kürdəmir rayonu Pirəköçə kəndində yaşayır, evlidir, üç uşağı var, fərdi əməklə məşğul olmaqla ailəsini dolandırır. Təxminən bir ilə yaxın müddətdir ki, marixuanadan istifadə edir. 2023-cü ilin aprel ayının əvvələrində yaşadığı kənddə, piyada gəzərkən yerdən qurudulmuş marixuananın tumlarını tapmış, həmin toxumları saxlayıb, yetişdirib əkib-becərmək niyyəti ilə yerdən götürərək özü istifadə etmək üçün 10 ədəd toxumun beş ədədini həyətində tövlənin yanına, beş ədədini isə həyətyanı sahəsində torpağa əkib yetişdirmişdir. Həyətə əkdiyi toxumlardan bir ədədi yetişməmiş, qalan dörd ədədi isə yetişmiş, həyətyanı sahəyə əkdiyi beş ədəd toxum isə hamısı yetişmiş, bitkilərə mütəmadi olaraq qulluq edib, diblərini boşaldıb su verərək becərmişdir. xx.xx.2023-cü il tarixdə saat 13 radələrində evdə olarkən polis əməkdaşlarının evinə gəldiklərini gördüyündən qorxaraq oradan qaçıb uzaqlaşmış, həmin vaxt polis əməkdaşları tərəfindən həyətində yetişdirdiyi 9 ədəd çətənə kolu aşkar edilərək götürülmüş və özü oradan qaçdığı üçün polis əməkdaşları onu tuta bilməmişdir. xx.xx.2023-cü il tarixdə yaşadığı kənd ərazisində olarkən Kürdəmir rayon polis şöbəsinin əməkdaşları yaxınlaşıb şübhəli olduğunu bildirərək onu saxlayıb şöbəyə aparmışlar. Şöbədə videoçəkilişdən istifadə etməklə şəxsi axtarış zamanı üzərində hər hansı bir narkotik maddə aşkar edilməmişdir. Sorğu-sual zamanı yaşadığı evin həyətindən aşkar edilmiş 09 ədəd narkotik tərkibli çətənə bitkilərini özü istifadə etmək üçün əkib becərdiyini bildirmişdir. Hazırda törətdiyi cinayət əməlinə görə peşmandır. Məhkəmədən əməlindən səmimi peşmançılıq çəkməsini, himayəsində xəstə anasının və üç uşağının olmasını nəzərə alaraq ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan daha yüngül cəzanın aşağı həddində cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqında Şahid2 ifadəsində göstərdi ki, Kürdəmir rayon polis şöbəsinin NMQ-nun əməliyyat müvəkkili vəzifəsində işləyir, Təqsirləndirilən şəxs rayon sakini kimi tanıyır, onunla heç bir münasibəti və hər hansı bir düşmənçilik və ədavəti olmamışdır. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlaması və yaşadığı evin həyətində tərkibində narkotik maddələr olan bitkiləri qanunsuz kultivasiya etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması üçün xx.xx.2023-cü il tarixdə saat 14 radələrində, RPŞ-nin İTB-nin sahə rəisi pollis mayoru Şahid1, İB-nin baş müstəntiqi Fuad Babayev, PPXB-nin polis nəfəri polis serjantı İmamqulu Kərimli və aqronom qismində dəvət edilmiş Qorxmaz Şükürovla birlikdə Təqsirləndirilən şəxs yaşadığı kəndə ezam olmuşlar. Pirəköçə kəndin İƏD nümayəndəsi Vaqif Yunusovun işlədiyi idarəyə gedib qəbul etdiyi qərarın məzmunu ilə tanış edib, birlikdə baxışda iştirak etməsini xahiş etmişlər. Vaqif Yunusov razılıq verdikdən sonra, Təqsirləndirilən şəxs yaşadığı ünvana getmişlər, qapını Təqsirləndirilən şəxs anası Şahid3 açmışdır. Şahid3 qəbul etdiyi qərarın məzmunu ilə tanış etmişlər və o oğlu Kamilin hazırda evdə olmadığını, lakin yaşadığı evin həyətinə baxış keçirilməsinə etirazı olmadığını bildirmişdir. Axtarış zamanı tövlənin yan tərəfində kənarları dəmir tor ilə əhatələnmiş əkin yerində narkotik tərkibli çətənə koluna bənzər bitkilər olduğunu aşkar etmişlər. Həmçinin həyətyanı sahəsinə baxış zamanı su arxının kənarında 05 ədəd narkotik tərkibli çətənə bitkiləri aşkar edilmişdir. Aqronom baxış zamanı həmin bitkilərin çətənə bitkiləri olduğunu, onlara aqrotexniki qaydada qulluq olunmaqla, sulanmış dibləri boşaldıldığını bildirmişdir. Həmçinin bitkilərin spesifik qoxusundan da çətənə bitkisinə oxşamaları müəyyən edilmişdir. Bitkilər çıxarılmış, içi boş sellofana qablaşdırılmış, üzəri iştirakçılar tərəfindən imzalanmış və DİN-in zərflər üçün möhürü ilə möhürlənmişdir. Təqsirləndirilən şəxs yaşadığı evin həyətinə keçirilən baxış zamanı anası Şahid3 qarşı hər hansı bir zor və güc tətbiq edilməmiş, habelə Təqsirləndirilən şəxs kiməsə narkotik vasitə satdığını eşitməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Kürdəmir rayon polis şöbəsinin İTB-nin sahə rəisi Şahid1 da Şahid2 ilə eyni məzmunda ifadə verib həmin faktları təsdiq etdi. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: - xx.xx.2023-cü il tarixdə tərtib edilmiş baxış keçirilməsi haqqında protokoldan görünür ki, Kürdəmir rayonu Pirəköçə kəndində yerləşən fərdi yaşayış evinin qarşısında Kürdəmir RPŞ-nin İB-nin baş müstəntiqi Fuad Babayevin, Kürdəmir RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili Şahid2, Kürdəmir RPŞ-nin İTB-nin sahə rəisi Şahid1, Kürdəmir rayon X3 Mərkəzinin bitkiçilik üzrə sektorun müdiri aqronom Qorxmaz Şükürovun, Kürdəmir rayon Qocalı kənd İƏD üzrə nümayəndəsi Vaqif Yunusovun, Təqsirləndirilən şəxs anası Şahid3 iştirakı ilə baxış zamanı müstəntiq X4 Əsədovanı xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs yaşadığı evin həyətində tərkibində narkotik maddələr olan bitkiləri qanunsuz kultivasiya etməsi və üzərində narkotik vasitə saxlaması barədə qəbul olunmuş təxirəsalınmaz əməliyyat axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış edib, ondan oğlu Təqsirləndirilən şəxs tərkibində narkotik maddələr olan bitkilər kultivasiya edibetməməsi soruşulmuş o, bildirmişdir ki, bu barədə məlumatı yoxdur, ancaq yaşadığı evin həyətinə və həyətyanı sahəsinə baxış keçirilməsinə etirazı yoxdur. Şahid3 ilkin olaraq bildirdi ki, Təqsirləndirilən şəxs doğma oğludur, birlikdə yaşayırlar, Kamilin narkotik vasitə istifadə edib-etməməsindən məlumatı olmamış, ancaq Təqsirləndirilən şəxs həyətdəki tövlənin yan hissəsində olan sahədə hər gün nəsə iş gördüyünü görmüşdür. Bundan sonra polis əməkdaşları həyətə girmişlər, həyətə girdikdə sol tərəfdə mişar daşları ilə tikilmiş və qarşısı talvarlı olan tövlə, darvaza ilə üzbə-üz kürsülü bir mərtəbəli fərdi yaşayış evi, sol və sağ hissədə isə bağ sahəsi vardır. Şahid3 göstərdiyi yol ilə gedib tövlənin yan tərəfinə keçmişlər, orada kənarları dəmir tor ilə əhatələnmiş əkin yerində narkotik tərkibli çətənə koluna bənzər bitkilər olduğu aşkar edilmişdir. Həmin bitkilərə aqronom tərəfindən baxış keçirilmiş, dörd ədəd olmaları müəyyən edilmiş, aqronom baxış zamanı bildirmişdir ki, həmin bitkilər çətənə bitkiləridir, onlara aqrotexniki qaydada qulluq olunmaqla, sulanmış dibləri boşaldılmışdır. Həmçinin həmin bitkilərin spesifik qoxusundan da çətənə bitkisinə oxşamaları müəyyən edilmişdir. Bitkilər polis əməkdaşları tərəfindən çıxarılmış, 01 ədəd içi boş sellofana qablaşdırılmış, üzəri iştirakçılar tərəfindən imzalanmış və DİN-in zərflər üçün möhürü ilə möhürlənmişdir. Daha sonra Şahid3 həyətyanı sahələrinə gedən yol soruşulmuş, Şahid3 yaşadıqları evin həyətindən çıxaraq təxminən 100 metr aralıda yerləşən həyətyanı sahələrini göstərmiş, baxış zamanı hava isti olduğu və Şahid3 yaşlı və xəstə hal olduğu üçün özü həmin sahəyə gedə bilməmiş, ancaq sahənin giriş qapısını əli ilə göstərmiş, polis əməkdaşları həmin yerə gedib, taxta qapıdan içəri girdikdə sahənin otla örtülü olduğu müəyyən edilmişdir. Baxışda iştirak edən polis əməkdaşları tərəfindən sahəyə baxış keçirilməyə başlanmış, baxış zamanı sahənin giriş qapısından sağ tərəfdə su arxının kənarında 05 ədəd narkotik tərkibli çətənə bitkiləri aşkar edilmişdir. Aqronom baxış zamanı bildirmişdir ki, həmin bitkilər çətənə bitkiləridir, onlara aqrotexniki qaydada qulluq olunmaqla, sulanmış dibləri boşaldılmışdır. Həmçinin həmin bitkilərin spesifik qoxusundan da çətənə bitkisinə oxşamaları müəyyən edilmişdir. Bitkilər polis əməkdaşları tərəfindən çıxarılmış, 01 ədəd içi boş sellofana qablaşdırılmış, üzəri iştirakçılar tərəfindən imzalanmış və DİN-in zərflər üçün möhürü ilə möhürlənmişdir. Həmçinin xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs yaşadığı evin həyətyani sahəsindən narkotik tərkibli çətənə kollarının aşkar olunmasını özündə əks etdirən 02 ədəd disk protokola əlavə edilmişdir. (i/v 20-23) -xx.xx.2023-cü il tarixdə tərtib edilmiş şəxsi axtarış keçirilməsi haqqında protokoldan görünür ki, Kürdəmir RPŞ-nin İB-in baş müstəntiqi X1, RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Orxan Umudovun, PPXB-nin polis nəfəri Əmrah Kərimovun, Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış keçirilməzədən qabaq baş müstəntiq X6 Əsədova şübhəli şəxs qismində hüquq və vəzifələrini izah edir, daha sonra isə ona xx.xx.2023-cü il tarixdə yaşadığı evə keçirilən baxış zamanı, 09 ədəd çətənə kolunun aşkar olunması faktına görə tərəfindən ********* nömrəli cinayət işinin başlandığını izah edir, Təqsirləndirilən şəxs yeri müəyyən edilmədiyinə görə şübhəli şəxs qismində axtarışa verilməsi izah edilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, yaşadığı evin həyətyani sahəsindən aşkar edilmiş 09 ədəd çətənə bitkiləri ona məxsusdur, özü şəxsi istifadəsi üçün əkmişdir, onun yaşadığı evin həyətində narkotik tərkibli çətənə kollarını əkib becərdiyindən ailə üzvlərinin xəbəri olmamışdır. Üzərində isə heç bir qanunsuz əşya və predmet yoxdur. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilsə də, başqa qanunsuz əşya və predmet aşkar edilməmişdir. Müdafiəçinin suallarına cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, yaşadığı evin həyətində və həyətyani sahəsində 10 ədəd çətənə tumu əkmiş, lakin həmin çətənə tumlarından 9 ədəd çətənə kolu yetişmişdir, həmin kollara su vermişdir. Ona polis əməkdaşları tərəfindən heç bi təzyiq təsir göstərilməmişdir. Qaçmaqda məqsədi isə qorxub həyəcanlı olması olmuşdur. Həmçinin xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsini özündə əks etdirən 01 ədəd disk protokola əlavə edilmişdir. (i/v 60-62) -xx.xx.2023-cü il tarixli 18/772 nömrəli məhkəmə bioloji ekspertizasının rəyinə əsasən, 1) tədqiqata təqdim olnmuş üzərində “Təqsirləndirilən şəxs ” sözləri və imzalar olan 02 polietilen torbada ümumi sayı 09 ədəd, yaş vəziyyətdə ümumi çəkisi-8000.0 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə(kannabis) bitkiləridir. Aqronomun rəyinə əsasən təqdim olunmuş 09 ədəd çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. (i/v 27-30) - xx.xx.2023-cü il tarixli Kürdəmir rayon X3 Mərkəzinin verdiyi rəyə əsasən, Təqsirləndirilən şəxs məxsus Kürdəmir rayonu Pirəköçə kəndində yaşadığı evin həyətyani sahəsindən aşkar edilərək götürülmüş cəmi 09 ədəd bitkilər çətənə(kannabis) bitkilərinə oxşar bitkilərdir. Onların dibləri boşaldılmış, aqrotexniki qaydada qulluq edilməklə kultivasiya edilmişdir. (i/v 24) - Kürdəmir rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 5(041)-71/2023 nömrəli qərarına əsasən, Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında Kürdəmir RPŞ-nin NMQ-nun əməliyat müvəkkili polis mayoru Şahid2 xx.xx.2023-cü il tarixli qərarı və həmin qərar əsasında həyata keçirilmiş əməliyyat axtarış tədbirləri qanuni hesab edilmişdir. (i/v 113-116) - Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki,Təqsirləndirilən şəxs xx.xx.2006-cı il tarixdə ACDİÜ məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 29,120.1-ci maddəsi ilə təqsirli bilinirək 08 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli 2101 saylı sərəncamına əsasən Əfv olunaraq cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. xx.xx.2015-ci il tarixdə Kürdəmir rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək 09 ay azadlıqdan məhrum etmə, 06 ay şərti sınaq müddəti cəzasına məhkum edilmiş, ŞAM-nin xx.xx.2016-cı il tarixli qərarı ilə CM-nin 70 maddəsinin tətbiqinə dair müddəalar hökmdən xaric edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2016-ci il Amtinstiya Qərarının 1.1 bəndinə əsasən cəzadan (04 ay 26 gün) azad edilib. (i/v 122-124) - məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 1575 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik isitifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. (i/v 129) - xx.xx.2023-cü il tarixdə Azercell MMC-dən daxil olmuş 21166 saylı məktub və diskə baxış keçirilən zaman iş üçün əhəmiyyət kəsb edən hallar aşkar edilməmişdir. (i/v 140- 142) - xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu 1 saylı X2 Filialından alınmış məktuba əsasən Təqsirləndirilən şəxs əlillyə görə pensiya və ya sosial müavinət ödənilmir. (i/v 143) “TƏBİB” PHŞ-nin “Kürdəmir rayon Mərkəzi Xəstəxanası” PHŞ-dən daxil olmuş xx.xx.2023-cü il tarixli PHŞ-6-49/2-637/2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs “Kürdəmir rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin Poliklinika şöbəsində həkim psixiatrın və narkoloqun qeydiyyatında durmur. (i/v 144) - İş üzrə verilmiş əməliyyat tapşırığının 1xx-xx-230600082 saylı cavabından görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə qurudulmuş marixuanadan istifadə etdiyinə görə yaşadığı evin həyətyani sahəsində 09 ədəd çətənə kolu əkib becərərək qanunsuz olaraq kultivasiya etmişdir. Təqsirləndirilən şəxs çətənə kollarını əkib becərməkdə heç kim köməklik göstərməmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. - Təqsirləndirilən şəxs qanunsuz olaraq əkib becərdiyi cəmi 09 ədəd, ümumi yaş vəziyyətdə təmiz çəkisi 8000 qram çətənə(kannabis) bitkilərinin, ekspertiza tədqiqatından sonra qalan 7999,10 qram qalığı cinayət işi üzrə maddi sübut qismində tanınaraq saxlanılmasından ötrü Kürdəmir RPŞ-nin saxlanc yerinə təhvil verilmişdir. (i/v 85-86) - Kürdəmir rayon İHB Qocalı kənd İƏD üzrə nümayəndəsinin xx.xx.2023-cü il tarixli arayışından və xasiyyətnamədən məlum olur ki, Təqsirləndirilən şəxs 6 nəfər ailə üzvü ilə (özü, anası, arvadı və 3 uşağı) Qocalı kənd İƏD-nin Pirəköcə kəndində yaşayır, kənddə özünü nizam-intizamlı aparmış, kənd ağsaqqallarının dərin hörmətini qazanmış, ərazidə keçirilən tədbirlərdə fəal iştirak etmiş, barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, yəni qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etməsi özünün etirafı, şahidlərin ifadələri, baxış protokolları, üzərinə baxış keçirilən zaman diskə köçürülmüş videogörüntü, ekspert rəyləri, habelə iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.6-cı maddəsinə görə tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası dedikdə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi, yetişdirilməsi və ya onların (onların hissələrinin) toplanması başa düşülür. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 19cu bəndində məhkəmələrə izah olunmuşdur ki, şərh olunan cinayətin predmeti əkilməsi, yetişdirilməsi və toplanılması qadağan edilən narkotik xassəli bitkilər, onların hissələri, çətənə, xaşxaş növləri, tərkibində narkotik maddələr olan digər bitkilərdir (siyahı İİİ qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilər). Əkmə dedikdə qanunsuz olaraq narkotik xassəli bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan, onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə narkotik xassəli bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Narkotik xassəli bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) toplanılması dedikdə - bu növ bitkilərin əkildiyi, yetişdirildiyi, mühafizə olunmayan əkin sahələrindən həmin bitkiləri (onların hissələrini) yığma başa düşülür. Həmin qərarın 25-ci bəndində göstərilir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslər barəsində cəza təyin edərkən CM-nin 58-ci maddəsində göstərilmiş cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmalıdır. Bu zaman törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, o cümlədən cinayətin törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə diqqət yetirilməlidir. 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları”ın qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) miqdarları adlanan İİİ siyahının 1.2-ci bəndində qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan çətənə növlü bitkilərin 3-15 ədədi (6-30 hissə) xeyli miqdar müəyyən edilmişdir. Təqsirləndirilən şəxs tərəfindən qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan çətənə növlü bitkilərin sayı cəmi 09 (doqquz) ədəd olduğundan, istintaq orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə tövsif olunub. Məhkəmə hesab edir ki, o, həmin maddə ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs orta təhsilli, evli olması, fərdi əməklə məşğul olması, daimi yaşayış yerinin olması, məhkumluğunun olmaması, yaşayış yeri üzrə müsbət xarakterizə olması onun şəxsiyyətini səciyyələndirən hallardır. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs himayəsində 3 azyaşlı uşağının olmasını CM-in 59.1.4-cü maddəsinə, yaşayış yerindən müsbət xarakterizə olunmasını, təqsirini etiraf edərək əməlindən səmimi peşmançılıq çəkməsini, əvvəllər məhkumluğu olsa da, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar ilk dəfə olaraq az ağır cinayət törətməsini CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayətin məqsəd və motivini, onun cinayətin törədilməsi zamanı və hadisədən sonrakı davranışını və məsuliyyəti yüngülləşdirən halları, təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, habelə onun cəmiyyətdən tam təcrid edilmədən, yaşayış yeri üzrə azadlığını məhdudlaşdırmaqla islah olunmasının mümkünlüyünü nəzərə alaraq, ona CM-nin 237.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi məqsədəmüvafiq sayır. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə görə azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdəın tam təcrid olunmadan yaşayış yeri üzrənəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (təmamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə araşdırmaları zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs ailəsi ilə birlikdə Kürdəmir rayonu Pirəköçə kəndində yaşayır. Azərbaycan Respublikasının CM-nin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə yaşayış yeri olan Kürdəmir rayonu Pirəköçə kəndində yerləşən evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Kürdəmir rayon ərazi hüdüdlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, cəzasının əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarxdə saat 22:45-dən xx.xx.2023-cü il tarixdə saat 18:31-dək müddətdə şübhəli şəxs qismində tutularaq Kürdəmir RPŞ MSY-da saxlanılmışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində qəti cəza CM-in 69.3-cü maddəsində nəzərdə tutulmuş qaydalar üzrə təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsində göstərilir ki, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddasində göstərilir ki, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanır. Məhkəmə cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 1 (bir) gün müddət cəzaçəkmə müddətinə daxil edilməli və ona ona cəza təyin edilərkən nəzərə alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.16-cı maddəsinə əsasən təqsirləndirilən şəxslərin barəsində tibbi xarakterli məcburi tədbirlərin və məhz hansı tədbirlərin tətbiq edilməsinin mümkün olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməməlidir. Belə ki, hazırkı cinayət işi üzrə müvafiq ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur, narkoloji kabinetində profilaktiki qeydiyyata alınması məsləhət görülür. Buna görə də ekspert rəyi nəzərə alınmaqla onun narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məqsədəuyğundur. Məhkəmə, CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından maddi sübutlar məsələsinin necə həll edilməli olması məsələsinə baxaraq bu nəticəyə gəlir ki, 09 ədəd, ümumi yaş vəziyyətdə təmiz çəkisi 8000 qram çətənə(kannabis) bitkilərinin, ekspertiza tədqiqatından sonra qalan 7999.10 qram qalığı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə maddi sübut olan 02 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə, CPM-in 346.1.20-ci maddəsinin tələblərinə əsasən seçilmiş qətimkan tədbirinin ləğv edilməli və ya dəyişdirilməli olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, CPM-in 346.1.21-ci maddəsinin tələblərinə əsasən məhkəmə məsrəflərinin kimin üzərinə və hansı məbləğdə qoyulmalı olduğu məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 31.95 (otuz bir manat 95 qəpik) manat məbləğində məhkəmə məsrəfi (ekspertiza xərci) tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına ödənilməlidir. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsi, onun narkoloji kabinetdə qeydiyyata alınması, məhkəmə məsrəfinin təqsirləndirilən şəxsdən tutulması, hökmün maddi sübutun-narkotik vasitə olan narkotik vasitənin məhv edilməsi hissəsində icra edilməsi Kürdəmir rayon icra və probasiya şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən məhkəmədə Təqsirləndirilən şəxs göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şirvan regional vəkil bürosunun vəkili Müdafiəçi 90 (doxsan) manat məbləğində pul ödənilməlidir İş üzrə mülki iddia, maddi ziyan, digər məhkəmə xərclərinin olmaması nəzərə alınmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 01 (bir) gün müddət bir günə iki gün hesabı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il, 11 (on bir) ay, 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yeri olan Kürdəmir rayonu, Pirəköçə kəndində yerləşən evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Kürdəmir rayon ərazi hüdüdlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi Kürdəmir Rayon Polis Şöbəsində saxlanılan və 09 (doqquz) ədəd, ümumi yaş vəziyyətdə təmiz çəkisi 8000 qram çətənə (kannabis) bitkilərinin, ekspertiza tədqiqatından sonra qalan 7999.10 qram qalığı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 2 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 31.95 (otuz bir manat 95 qəpik) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsi, onun narkoloji kabinetdə qeydiyyata alınması, məhkəmə məsrəfinin təqsirləndirilən şəxsdən tutulması, hökmün maddi sübutun-narkotik vasitə olan kustar üsulla hazırlanmış heroinin məhv edilməsi hissəsində icra edilməsi Kürdəmir rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Məhkəmədə Təqsirləndirilən şəxs göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şirvan regional vəkil bürosunun vəkili Müdafiəçi 90 (doxsan) manat məbləğində pul ödənilsin. İş üzrə mülki iddia, maddi ziyan, digər məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Hökmdən 20 gün müddətində Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. SƏDRLİK EDƏN X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar