Məhkəmə qərarları › İş №1(041)-103/2024

Kürdəmir Rayon Məhkəməsi Hökm — İş №1(041)-103/2024

18.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Kürdəmir rayon İş № 1(041)-103/2024 18.09.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Kürdəmir Rayon Məhkəməsinin hakimi Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi, məhkəmə iclas katibi Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə rayon (şəhər) şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 Hacbala oğlunun, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.2001-ci il tarixdə Kürdəmir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1-da qeydiyyatda olmaqla yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 234.1-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan, istintaqa məlum olmayan vaxtda və mənbədən xeyli miqdarda, təmiz çəkisi 0.167 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini qanunsuz olaraq əldə edib daşıyaraq Kürdəmir şəhəri H.Əliyev prospektində Dəmiryol vağzalının yaxınlığında yerləşən yarımtikilinin divarında mişar daşlarının arasında gizlədərək saxlamış, xx.xx.2024-ci il tarixdə saat 14 radələrində Kürdəmir rayon polis söbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində, Kürdəmir şəhəri H.Əliyev prospektində Dəmiryol vağzalının yaxınlığında yerləşən yarımtikiliyə keçirilən baxış zamanı, yarımtikilinin divarında, mişar daşlarının arasında bir ədəd siqaret qutusunun içərisində olan bir ədəd gümüşü rəngli kağız bükümdə xeyli miqdarda təmiz çəkisi 0.167 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə tam təqsirli bilərək göstərdi ki, Kürdəmir şəhəri S.Şıxalıyev küçəsində yerləşən kafedə ofisiant işləyir. xx.xx.2024-cü il tarixdə saat 10 radələrində Kürdəmir şəhəri Dəmiryol vağzalın yaxınlığında yerləşən işlədiyi kafeyə gələrkən küçədə yerdə olan gümüşü kağız büküm diqqətini çəkdiyi üçün həmin bükümü götürüb içərisinə baxmış və içərisində narkotik vasitə heroin olduğunu görmüş, həmin heroinin bir qismini çəkərək şəxsi istifadə etmiş, qalan hissəsini isə şəxsi istifadə etmək üçün boş siqaret qutusuna qoyub Kürdəmir şəhəri H.Əliyev prospektində yerləşən sahibsiz yarımtikilinin divarında mişar daşlarının arasında gizlədib saxlamış, həmin gün saat 14 radələrində polis əməkdaşları onu saxlayıb RPŞ-nə gətirmişlər, polis əməkdaşları ilə birlikdə Mingəçevir şəhər narkoloji dispanserinə getmiş, orada analiz verdikdə sidiyində narkotik vasitə aşkar edilmiş, qayıdıb RPŞ-nə gələndən sonra izahatı alınarkən narkotik vasitə heroin istifadə etdiyini bildirsə də ilkin olaraq heroini olduğunu etiraf etməmiş, sonradan polis əməkdaşları ondan Kürdəmir şəhəri H.Əliyev prospektində yerləşən sahibsiz yarımtikilinin divarında mişar daşlarının arasında narkotik vasitə heroin gizlətməsi barədə soruşduqda polis əməkdaşlarının narkotik vasitə heroin saxlamasından konkret olaraq məlumatlarının olduğunu bilərək məsuliyyətini yüngülləşdirmək üçün Kürdəmir şəhəri H.Əliyev prospektində yerləşən sahibsiz yarımtikilinin divarında mişar daşlarının arasında narkotik vasitə heroin gizlətməsini etiraf etmiş, daha sonra şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri izah edilmiş, maddi imkanı olmadığına görə dövlət hesabına müdafiəçi ilə təmin olunmuş, bundan sonra üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı üzərində qanunsuz əşya və predmet, narkotik vasitə və psixotrop maddə saxlayırsa çıxarıb təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra üzərində heç bir qanunsuz əşya və predmet olmadığını, ancaq heroini olduğunu və gizlətdiyini etiraf etmişdir. Bundan sonra polis əməkdaşları və müdafiəçi ilə birlikdə narkotik vasitə heroini gizlətdiyi yerə getmiş və göstərməsinə əsasən həmin yerə baxışa başlanmış, baxış zamanı narkotik vasitə heroini gizlətdiyi yeri göstərmiş, sahibsiz yarımtikilinin divarından mişar daşlarının arasından 01 ədəd bükümdə olan narkotik vasitə heroini götürüb polis əməkdaşlarına təqdim etmiş, həmin büküm açılaraq içərisinə baxılmış, içərisində narkotik vasitə heroinə bənzər kütlənin olması müəyyən edilmiş, həmin büküm zərfdə qablaşdırılmış, üzəri yazılaraq götürülmüşdür. Verilmiş suallara cavabında təqsirləndiriliən Təqsirləndirilən şəxs əlavə olaraq göstərmişdir ki, ona narkotik maddəni Bakı şəhərindən gələn tanışları vermişdir. Belə ki, Bakıdan gələn “Elvin” və “Samir” adlı dostları özləri ilə həmin narkotik maddəni özləri ilə gətirərək ona da vermişdir. O, əvvəllər narkotik maddə istifadə etməmiş, narkotik vasitə alqı-satqısı ilə məşğul olmur, saxlanılan və polis şöbəsinə gətirilən zaman ona qarşı heç bir fiziki və psixi zorakılıq edilməmiş, Kürdəmir rayon ərazisində başqa cinayət hadisəsi törətməmişdir. Əməlindən peşman olmasını, ilk dəfə cinayət əməli törətməsini, atasının yeni itirməsini və ailənin yeganə qazanc gətirən şəxs olmasını nəzərə alıb ona həbslə bağlı olmayan cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Kürdəmir RPŞ-də İTB-də sahə polis nəfəri işləyir, Kürdəmir şəhəri sakini Təqsirləndirilən şəxs tanıyır, onunla münasibətləri normaldır. xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə edib qəbul etməsi barədə məxfi əməliyyat məlumatı daxil olduqdan sonra bu barədə RPŞ-in rəhbərliyinə raportla məruzə edərək Təqsirləndirilən şəxs Mingəçevir şəhər Narkoloji dispanserində yoxlanılmış, Təqsirləndirilən şəxs sidiyində narkotik vasitə aşkar edilmiş, bundan sonra gətirilib Kürdəmir RPŞ-da izahat verərkən Təqsirləndirilən şəxs narkotik vasitəsinin olub-olmaması soruşulmuş, ilkin olaraq Təqsirləndirilən şəxs narkotik vasitə heroini olduğunu etiraf etməmiş, sonradan ondan Kürdəmir şəhəri H.Əliyev prospektində dəmiryol vağzalının yaxınlığında sahibsiz yarımtikilidə narkotik vasitə heroin gizlətməsi barədə soruşulduqda Təqsirləndirilən şəxs Kürdəmir şəhəri H.Əliyev prospektində sahibsiz yarımtikilinin divarında mişar daşlarının arasında narkotik vasitə saxladığını bildirmişdir. Bundan sonra polis şöbəsində Təqsirləndirilən şəxs seçdiyi müdafiəçi təyin olunmuş, RPŞ-nin müstəntiqi Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğunu izah edərək onun üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın keçirilməsinə etiraz etməmiş, daha sonra müstəntiq tərəfindən axtarış keçirilməmişdən qabaq iştirakçılara hüquq və vəzifələri izah edilmiş, videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışa başlanmış, Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşya, predmet və ya narkotik maddə olub-olmaması soruşulmuş, əgər varsa təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs üzərində heç bir qanunsuz əşya premdet olmadığını bildirmiş, bundan sonra müstəntiq tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və başqa heç nə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs özünə məxsus narkotik vasitə heroini olduğunu və həmin heroini Kürdəmir şəhəri H.Əliyev prospektində yarımtikilidə gizlədərək saxladığını bildirmiş, sonradan müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs özünə məxsus narkotik vasitə heroini gizlətdiyi yerə baxış keçirilmiş, Təqsirləndirilən şəxs gizlətdiyi narkotik vasitə heroini həmin yerdən çıxarıb təqdim etmiş, həmin tarixdə işlədiyi kafenin yaxınlığında küçədən yerdən tapdığını, bir hissəsini istifadə etdiyini, qalan hissəsini isə şəxsi istifadə etmək üçün həmin yerdə gizlədib saxladığını bildirmişdir. Verilmiş suallara cavabında şahid qismində dindirilmiş Şahid2 təqsirləndirilən Təqsirləndirilən şəxs həmin narkotik vasitə heroini xx.xx.2024-cü il tarixdə saat 10 radələrində işlədiyi kafenin yaxınlığından küçədən yerdən tapdığını, bir hissəsini istifadə etdiyini və qalan hissəsini isə şəxsi istifadə etmək üçün həmin yerdə gizlədərək saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs qarşı saxlanılıb polis şöbəsinə gətirilən zaman və polis şöbəsində heç bir zor və güc tətbiq edilməmiş, onun narkotik maddələrin satışı ilə məşğul olmasını eşitməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Şahid2 ilə eyni məzmunda ifadə verib onun göstərdikləri xüsusatları təsdiq etdi. İş üzrə təyin məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16/2- 18/449 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “ Təqsirləndirilən şəxs gizlətdiyi...” sözləri yazılmış və imzalar olan kağız paketdəki 01 ədəd bükümdə təmiz çəkisi-0.167 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroinin təmiz çəkisi-0,0,167 qram, tədqiqata sərf edildi - 0,05 qram, 0,117 qram qalıq qalmışdır. (iş vər. 43-45) İş üzrə təyin edilərək keçirilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 1239 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən epizodik istifadə etmə halları olub, Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. (iş vər.141) İş materiallarında olan “Kürdəmir rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsindən daxil olan xx.xx.2024-cü il tarixli 18-1-49/2-616/2024 nömrəli məktubdan görünür ki, Həsənov X4 RMX-nin poliklinika şöbəsində həkim psixiatr və narkoloqun qeydiyyatında durmur.(iş vər. 119) İş materialalrına əlavə edilmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə fondu 1 saylı X6 Filialından daxil olan xx.xx.2024-cü il tarixli 3-17-1/2-147506/2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs əlilliklə bağlı əmək pensiyası və sosial müavinət almır.(iş vər. 120) İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (iş vər. 140) İş materiallarına əlavə edilmiş Kürdəmir RİH-i Kürdəmir rayon Mənzil İstismarı Sahəsinin xx.xx.2024-cü il tarixli, 580 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs valideynləri ilə birlikdə Kürdəmir şəhəri, H.Əliyev prospekti, məhəllə 1, ev 7/6-da yaşayır. (iş vər. 149) İş materiallarına əlavə edilmiş Kürdəmir RİH-i Kürdəmir rayon Mənzil İstismarı Sahöəsinin tərəfindən Təqsirləndirilən şəxs adına verilmiş xasiyyətnamədən görünür ki, o, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (iş vər.150) İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 18.50-də şübhəli şəxs qismində tutulmuşdur. (iş vər. 25-26) İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 13.50-də Kürdəmir RPŞ-nin MSY-dən azad edilmişdir. (iş vər. 67-69) İş üzrə verilmiş əməliyyat tapşırığına cavabdan görünür ki, keçirilmiş əməliyyat tədbirləri zamanı alınmış məlumatlarla təsdiq olunur ki, Təqsirləndirilən şəxs məlum olmayan mənbədən və tarixdə şəxsi istifadəsi üçün, satış məqsədi olmadan xeyli miqdarda, yəni 0.167 qram olan narkotik vasitə heroini qanunsuz olaraq əldə edib, Kürdəmir şəhəri H.Əliyev prospektində Dəmiryol vağzalının yaxınlığında yerləşən yarımtikilin divarında mişar daşlarının arasında gizlədərək saxlamış, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz istifadəsi ilə məşğul olsa da, digər şəxslərə satmaqla məşğul olmamış, bu barədə heç bir məlumat daxil olmamışdır. ( i/v 147) İş materiallarında olan xx.xx.2024-cü il tarixli, AZ-İİ 373120 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs atası X3 ürəyin aterosklerotik xəstəliyi səbədindən xx.xx.2024-cü il tarixdə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2024-cü il tarixdə, 147 nömrə ilə qeyd edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, yəni narkotik vasitəni şəxsi istehlak miqdarından artıq əldə edib saxlaması özünün etirafı, şahid ifadəsi, məhkəməkimyəvi ekspertizasının, ambulator məhkəmə-narkoloji ekspertizasının rəyləri ilə, habelə işdə olan rəsmi sənədlərlə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-ci il tarixli 08 nömrəli qərarının 5-ci bəndində göstərilir ki, narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununa əsasən heroinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayət əməlindən peşmançılıq çəkməsini, ilk dəfə cinayət əməli törəməsini, atasının yeni vəfat etməsini, ailənin yeganə qazanc gətirən şəxs olmasını və onun yaşayış yeri üzrə müsbət xarakterizə olmasını iş üzrə cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayətin məqsəd və motivini, onun cinayətin törədilməsi zamanı və hadisədən sonrakı davranışını və məsuliyyəti yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin etməyi məqsədə müvafiq sayır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-ci il tarixli 08 nömrəli qərarının 27-ci bəndində göstərilir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının cinayət qanununun prinsiplərini, CM-in 58-ci maddəsində göstərilmiş cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanın təyini məsələlərini tənzimləyən digər cinayəthüquqi normaların tələblərini rəhbər tutmalı, hər bir halda seçilən cəza növünün, cəzanın həddinin CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinin təmin edilməsi baxımından məqsədəuyğun və yetərli olub-olmamasını nəzərdən keçirməli, bu məsələ üzrə hüquq tətbiq etmə təcrübəsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının müddəalarına uyğun şəkildə formalaşmasını təmin etməlidirlər. İnsan Hüquqları və X2 Haqqında Konvensiyanın 6-ci maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci bəndində göstərilir ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti cəzaçəkmə müddətinə daxil edilməli və ona qəti olaraq təyin olunmuş cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsində göstərilir ki, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə görə azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdəın tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 69.3-cü maddasində göstərilir ki, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 18:50-də şübhəli şəxs qismində tutulmuş və xx.xx.2024-cü il tarixdə saat 13:50-də Kürdəmir RPŞ-nin MSY-dən azad edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Həsənov X4 şəhəri, H.Əliyev prospekti, məh 1, ev 7, mən 6-da yaşayır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə Kürdəmir rayonunun ərazi hüdüdlarını tərk etməmək, yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə, cəzanı icra edən orqanı iş və ya yaşayış yerini dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq və spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Kürdəmir rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində profilaktiki qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi Kürdəmir rayon polis şöbəsində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalan heroinin 0.117 qram qalığı hökm qanuni qüvvəsinin aldıqdan sonra məhv edilməli, 31,95 manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılması barədə və narkotik vasitə heroini gizlətdiyi yarımtikiliyə baxış keçirilən zaman aparılmış videoçəkilişlərin qeydə alındığı 02 ədəd disk cinayət işi materiallarına əlavə edilməlidir. İş üzrə mülki iddia və maddi ziyanın olmaması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsiinin 207-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroinin “Samir” və “Elvin” adlı şəxslərdən alması barədə məhkəmə istintaqında verdiyi ifadə ilə bağlı həmin şəxslərin əməllərinə hüquqi qiymət verilməsi üçün ibtidai araşdırmaya prosessual rəhbəliyi həyata keçirən Kürdəmir rayon prokurorluğuna məlumat verilməlidir. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiə edilməsi üçün Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi2 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən dövlət büdcəsinin vəsaiti hesabına müdafiəçi kimi işə cəlb edilmişdir. Cinayət işi xx.xx.2024-cü il tarixdə məhkəmənin icraatına daxil olmuşdur. İşə baxılaraq xx.xx.2024-cü il tarixdə höküm çıxarılmışdır. Müdafiəçi2 məhkəmədə Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinə 15 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat hər iş saatı üçün Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitsilə ödənilir. Müdafiəçinin Təqsirləndirilən şəxs müdafiəsinə görə sərf etdiyi hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğin miqdarı haqqında» 03 may 2018ci il tarixli, 202 nömrəli qərarına əsasən Müdafiəçi2 90 manat ödənilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356, 358.2 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 08 (səkkiz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 30 aprel 2024-ci il tarixdən 02 may 2024-cü il tarixə qədər şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 01 (bir) il 08 (səkkiz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 01 (bir) il 07 (yeddi) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan ünvan 1 ünvanında yerləşən evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Kürdəmir rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Kürdəmir rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar – Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonra qalan ümumilikdə 0,117 qram qalığı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı və narkotik vasitə heroini gizlətdiyi yarımtikiliyə baxış keçirilən zaman aparılmış videoçəkilişlərin qeydə alındığı 02 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində profilaktiki qeydiyyata götürülsün. Təqsirləndirilən şəxs 31,95 (otuz bir manat doxsan beş qəpik) manat məhkəmə xərci tutularaq dövlət büdcəsinə AZ.MEM, VÖEN-**********, Hesab № 2088501, X1, KOD- 210005 VÖEN-********** Müxbir hesab AZ85NABZ**********003944 SWİFT-BİK CTREAZ22 nömrəli hesaba keçirilsin. Təqsirləndirilən şəxs narkotik vasitə olan heroinin “Samir” və “Elvin” adlı şəxslərdən alması barədə məhkəmə istintaqında verdiyi ifadə ilə bağlı həmin şəxslərin əməllərinə hüquqi qiymət verilməsi üçün ibtidai araşdırmaya prosessual rəhbəliyi həyata keçirən Kürdəmir rayon prokurorluğuna məlumat verilsin. İş üzrə mülki iddia və maddi ziyanın olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 15 (on beş) saat hüquqi yardıma görə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 90 (doxsan) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan edildiyi gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rahid Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar