Məhkəmə qərarları › İş №1(041)-104/2025

Kürdəmir Rayon Məhkəməsi Hökm — İş №1(041)-104/2025

27.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Kürdəmir rayon İş № 1(041)-104/2025 27.08.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi İmanov Xaliq Xalıq oğlunun sədrliyi Məhkəmə iclas katibi İsayev Orxan Mahir oğlunun katibliyi Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1937-ci il tarixdə Kürdəmir rayonu, Muradxan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, təqaüdçü, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında İltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxsnın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 296.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs özünə məxsus olmaqla, ünvan 1 ünvanında yerləşən yaşadığı evdə saxladığı, Kürdəmir rayon polis şöbəsində 280 nömrəli şəhadətnamə ilə qeydiyyatda olan, "УИ-1473" №-li, 12 kalibrli, TOZ-34P modelli odlu yivsiz silahı sataraq satışdan əldə olunan pul vəsaitini ona təhvil verməsi məqsədi ilə 07 fevral 2025-ci il tarixdə tanışı ünvan 3 ünvanında qeydiyyatda olan Zərərçəkmiş şəxs yaşadığı evdə könüllü şəkildə verdikdən sonra sonuncunun silahın satışından əldə etdiyi, miqdarı ona məlum olmayan pul vəsaitini ödəmədiyi üçün, həmin pul vəsaitinin ona ödənməsinə nail olmaq məqsədilə 09 fevral 2025ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin "102" mərkəzi-zəng xidmətinə və həmin tarixdə Kürdəmir rayon polis şöbəsinə ərizə ilə müraciət edərək guya Zərərçəkmiş şəxs 07 fevral 2025-ci il tarixdə yaşadığı evə qanunsuz daxil olaraq həmin evdən ona məxsus olan ov silahını oğurlaması, yəni ona qarşı odlu silahı talama və mənzil toxunulmazlığını pozma cinayət əməllərini törətməkdə ittiham olunması ilə bağlı qəsdən biləbilə yalan xəbərçilik etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun tanışı, həmçinin qonşusudur. Fəridlə heç bir düşmənçiliyi və ədavəti olmamışdır. xx.xx.2025-ci il tarixdə saat 20 radələrində yaşadığı evdə tək olan zaman qonşusu Emin Hüseynov və Zərərçəkmiş şəxs onun evinə gəlmiş, yeyib-içmək məqsədilə araq alması üçün Fəridə 10 manat pul vermişdir. Bir yerdə yeyib-içəndən sonra oturduqları otaqda paltar dolabının qapısını açaraq ov tüfənginin olduğunu, qocaldığı üçün həmin silahdan istifadə etmədiyini, həmin silahı satmaq istədiyini bildirmişdir. Fərid də ona həmin silahı sata biləcəyini bildirmişdir. Buna görə həmin ov tüfəngini dolabdan çıxarıb söhbət etdikləri yerə gətirərək Fəridin yanına qoymuş və arağın təsirindən yatmışdır. Oyananda nə Fəridi, nə də ki, silahı görmədiyindən telefonla əlaqə saxlamış, Fərid də silahı 200 manat müqabilində başqa bir şəxsə satdığını, lakin pulunu zəruri ehtiyaclarına sərf etdiyini, pulu hazırda verə bilməyəcəyini demişdir. O, Fəridə ya pulunu gətirməsini, əks təqdirdə polisə zəng edib silahının oğurlandığı barədə məlumat verəcəyini demiş, Fərid yenə də dediyi sözləri təkrar edərək səbrli olmağını bildirmişdir. Bir gün gözləsə də Fərid pulunu gətirmədiyindən əsəbiləşərək Daxili İşlər Nazirliyinin "102" mərkəzi-zəng xidmətinə müraciət edərək edərək özünə məxsus ov silahının və cibində olan 60 manat pulunun oğurlanması barədə məlumat vermiş, məlumat əsasında evinə gələn polis əməkdaşlarına həmin məzmunda ərizə və izahat vermişdir. Məqsədi Fəridi bu yolla qorxudub pulunu geri almaq olmuşdur. Fəridin onun silahını oğurlamağı barədə yalan məlumat versə də, sonradan bu əməlindən peşman olmuşdur. Hesab etmişdir ki, Fərid ona silahının pulunu qaytarar, sonra polis onları barışdırar, heç bir problem olmaz. Etdiyi hərəkətlərin mənasını başa düşmədiyi üçün əməlindən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, xx.xx.2025-ci il tarixdə saat təxminən 20 radələrində Kürdəmir şəhəri, H.Hüseynov küçəsi ev 28-də yaşayan Təqsirləndirilən şəxs yaşadığı evə tanışı X2 ilə birlikdə getmiş, birlikdə söhbət etmiş, yemək yeyərək sipirtli içki qəbul etmişlər. Söhbət zamanı Muxtar dolabda saxladığı 01 ədəd ov tüfəngini göstərərək satmaq istədiyini bildirmiş və o da silahı sata biləcəyini demişdir. Bundan sonra Muxtar dolabın içərisindən silahı gətirib yanına qoymuş və söhbətlərini davam etdirmişlər. Bir müddət sonra işi olduğuna görə Muxtarın evindən çıxmış, 15 dəqiqə sonra geri qayıtdıqda Emin Hüseynovun getdiyini, Muxtarın isə yatdığını görüb, əvvəldən aralarında razılaşdıqları üçün silahı götürərək evdən uzaqlaşmışdır. Daha sonra silahı sataraq şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan sonra Muxtar onunla telefonla danışaraq tüfəngin pulunu istəmiş, pulunu şəxsi ehtiyacları üçün xərclədiyini bildirəndə Muxtar ondan şikayət edəcəyini bildirsə də, onun sözlərini ciddiyə almamışdır. Hazırda Təqsirləndirilən şəxs ilə barışmış,ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmədə şahid qismində dindirilən Şahid ifadəsində göstərdi ki, Kürdəmir RPŞ-də əməliyyat müvəkkili vəzifəsində çalışır. ünvan 1 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında ədavət və düşmənçilik yoxdur. xx.xx.2025-ci il tarixdə saat 13:37 dəqiqədə Təqsirləndirilən şəxs özünə məxsus telefon nömrəsindən "DİN-102" Mərkəzi Zəng Xidmətinə zəng vurub evindən 60 manat pul və silah oğurlanması barədə məlumat vermişdir. "DİN-102" Mərkəzi Zəng Xidmətinə daxil olmuş vətəndaş müraciəti əsasında o, çağırış üzrə Təqsirləndirilən şəxs ünvan 1 ünvanında yaşadığı evə getmiş, özünü təqdim etdikdən sonra sonuncuya hüquqlarını izah edib "DİN-102" Mərkəzi Zəng Xidmətinə daxil olmuş müraciətinin mahiyyətini soruşmuşdur. Təqsirləndirilən şəxs Fərid və Emin adlı şəxslərin onun evindən özünə məxsus olan bir ədəd ov tüfəngi və 60 manat pul oğurladıqlarını bildirmişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs bilə-bilə cinayət haqqında yalan xəbərçilik etməyə Azərbaycan Respublikası CM-nin 296-cı maddəsində nəzərdə tutulan məsuliyyət barədə xəbərdarlıq etmiş, həmin şəxsə cinayət haqqında bilə-bilə yalan məlumat verməyin cinayət məsuliyyətinə səbəb olduğunu izah etmişdir. Təqsirləndirilən şəxs onun dediklərini tam şəkildə qavramış, izah etdiklərinin ona aydın olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs öz razılığı ilə ərizə alınmış, daha sonra vətəndaş ərizəsində göstərdiyi xüsusatlarla bağlı mahiyyəti üzrə izahat vermişdir. İzahatda yazılı olaraq Təqsirləndirilən şəxs bilə-bilə cinayət haqqında yalan xəbərçilik etməyə Azərbaycan Respublikası CM-nin 296-cı maddəsində nəzərdə tutulan məsuliyyət barədə yazılı xəbərdarlıq edilmiş, Təqsirləndirilən şəxs həmin xəbərdarlığın altından imza icra edərək xəbərdarlığın ona elan edildiyini təsdiqləmişdir. Təqsirləndirilən şəxs ilkin izahatında, həmçinin fakta görə cinayət işi başlandıqdan sonra zərər çəkmiş şəxs qismində verdiyi ifadəsində Zərərçəkmiş şəxs ona məxsus olan TO3-34P markalı, 1473 zavod nömrəli 12 kalibrli, Kürdəmir RPŞ-da 280 saylı şəhadətnamə ilə qeydiyyatda olan qoşalülə tüfəngi oğurladığını bildirmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: - Kürdəmir RPŞ-nin məsul növbətçisi, polis mayoru Ramil Əzizlinin xx.xx.2025-ci il tarixli raportunun surətindən görünür ki, xx.xx.2025-ci il tarixdə saat 13:37-də Azərbaycan Respublikası DİN-nin "102" mərkəzi-zəng xidmətindən operator məlumat verərək bildirdi ki, Kürdəmir rayonu, H. Hüseynov küçəsi, 28, Məscidin yanında yaşayan, Təqsirləndirilən şəxs, ***-***-**-** nömrəsindən zəng edərək, evindən 60 manat pul və ov silahının oğurlanmasını bildirmişdir. - xx.xx.2025-ci il tarixli ərizənin surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası DİN-nin "102" mərkəzi-zəng xidmətinə müraciəti üzrə Kürdəmir RPŞ-nın rəhbərliyinə ərizə ilə müraciət etmişdir. - xx.xx.2025-ci il tarixli Təqsirləndirilən şəxs izahatının surətindən görünür ki, Təqsirləndirilən şəxs bilə-bilə cinayət haqqında yalan xəbərçilik etməyə Azərbaycan Respublikası CM-nin 296-cı maddəsində nəzərdə tutulan məsuliyyət barədə xəbərdarlıq edilərək izahatı alınmışdır. - xx.xx.2025-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilmiş. baxış zamanı Təqsirləndirilən şəxs özünə məxsus olan ov silahını saxladığı yeri əyani şəkildə göstərərək ov silahının oğurlanmasını bir daha təsdiq etmişdir. - 11 fevral 2025-ci il tarixli "Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs məxsus bir ədəd TO3-34P markalı, 1473 zavod nömrəli 12 kalibrli, Kürdəmir RPŞ-da 280 saylı şəhadətnamə ilə qeydiyyatda olan qoşalülə tüfəngin oğurlanması faktına görə Azərbaycan Respublikası CMnin 232.1-ci maddəsi ilə cinayət işi başlanaraq Təqsirləndirilən şəxs iş üzrə zərər çəkmiş şəxs qismində tanınmışdır. - 17 iyun 2025-ci il tarixli "Cinayət təqibinə hissəvi xitam verilməsi, cinayət işinin tövsif edilməsi, cinayət işinin ayrılması və istintaq aidiyyəti üzrə göndərilməsi" haqqında qərarın surətindən görünür ki, ********* nömrəli cinayət işi üzrə zərər çəkmiş şəxs qismində tanınmış Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs qismində qalmasına əsasların olmadığı müəyyən edildiyindən, Təqsirləndirilən şəxs cinayət prosesində zərər çəkmiş şəxs qismində iştirakına xitam verilmiş, Zərərçəkmiş şəxs Zabir oğlunun əməlində Azərbaycan Respublikası CM-in 157.1-ci maddəsinin və həmin Məcəllənin 232.1-ci maddəsinin tərkib əlamətləri olmadığından həmin hissələrdə cinayət təqibinə AR CPM-nin 39.1.2-ci maddəsinə əsasən xitam verilmiş, Zərərçəkmiş şəxs əməlləri Azərbaycan Respublikası CM-nin 157.1-ci, 221.3cü və 232.1-ci maddələrindən həmin Məcəllənin 221.3-cü maddəsinə tövsif edilmişdir. -Cinayət işi materiallarına əlavə edilmiş 25/989 nömrəli, 17 iyun 2025-ci il tarixli məhkəmə-ballistik ekspertizasının rəyinin surətindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd YU-1473 №-li silah, keçmiş SSRİ dövlətində, zavod üsulu ilə Tula silah zavodunda istehsal olunmuş, 12 kalibrli, TOZ-34P modelli, çaxmaqsız, şaquli vəziyyətdə olan hamar qoşa lüləliov tüfəngidir, odlu yivsiz silahdır, texniki cəhətdən sazdır və hər iki lülədən atəş üçün yararlıdır. Silahın hissə-mexanizmlərinin üzərində sonradan silahın təyinatını dəyişdirən heç bir əlavə dəyişiklik edilməmişdir. -17 iyun 2025-ci il tarixli "Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında" qərarın surətindən görünür ki, ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə yenidən ittiham elan olunmuşdur. -"Kürdəmir Rayon Mərkəzi Xəstəxanası" X5 rayon prokurorluğuna daxil olmuş 11 iyul 2025-ci il tarixli, 18-1-49/2-700/2025 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs "Kürdəmir Rayon Mərkəzi Xəstəxanası" X7 Poliklinika şöbəsində psixiatrik və narkoloji kabinetlərdə qeydiyyatda yoxdur. -Kürdəmir RİHB-nın şəhər İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 11 iyul 2025-ci il tarixli, 626/1nömrəli arayış və xasiyyətnamədən məlum olur ki, Muxtarov X3 şəhəri H.Hüseynov küçəsi 28 saylı ünvanda yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə edilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Cinayət Məcəlləsinin 296-cı maddəsində bilə-bilə yalan xəbərçilik etməyə görə cinayət məsuliyyəti müəyyən edilmişdir. Yalan xəbərçilik, aşkar surətdə təqsirsiz şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi və ya məhkum edilməsi məqsədi ilə bilərəkdən yalan məlumatlar verilməsində ifadə olunur. Yalan xəbərçilik, həm cinayət barəsində məlumatdan, həm də təqsirsiz şəxsin təqsirləndirilməsindən ibarət ola bilər. Nəzərə alınmalıdır ki, yalan xəbərçilik, təkcə konkret şəxsin və ya şəxslərin (onların soyadları, adları, əlamətləri göstərilməklə) cinayət törətməkdə yalandan ittiham olunmasında ifadə olunmur, bu əməl faktiki olaraq törədilməmiş cinayət hadisəsi barədə məlumat verilməsi ilə də həyata keçirilə bilər. Yalan xəbərçiliyin əsas və bilavasitə obyekti cinayətlər barədə məlumatların baxılmasının və təhqiq edilməsinin müəyyən olunmuş qaydasıdır. Əlavə obyekt kimi isə barəsində yalan xəbərçilik edilmiş şəxslərin hüquqları və qanuni maraqları çıxış edir. Obyektiv cəhətdən cinayət formal quruluşa malikdir. İctimai təhlükəli əməl həm aktiv hərəkətlərdə, yazılı formada, həm də şifahi formada xəbərçilikdə ifadə oluna bilər. Subyektiv cəhətdən yalan xəbərçilik əməli yalnız qəsdən törədilir, yəni əməlin cinayət hesab olunması üçün verilən məlumatların yalan olması onları vermiş şəxsə əvvəlcədən məlum olmalıdır. Xüsusilə qeyd olunmalıdır ki, şübhəli və ya təqsirləndirilən şəxs tərəfindən cinayətin törədilməsi haqqında məlumat verildikdə, cinayət təqibini həyata keçirən orqan irəli sürülən sübutlarla kifayətlənməməli, həm onları, həm də icraat zamanı əldə edilmiş digər sübutları cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq araşdırmalı və qiymətləndirməlidir. Cinayət təqibi üzrə icraat zamanı sübut edilməli olan hallar Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsində müəyyən edilmişdir. Bunlara cinayət hadisəsinin baş vermə faktı və halları; şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; əməlin törədilməsində şəxsin təqsirliliyi və s. daxildir. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir (Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsi). Qeyd olunduğu kimi cinayət-prosessual qanunvericiliyin tələbinə görə, təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (Cinayət-Prosessual Məcəlləsinin 145.2 və 146.1-ci maddələri). Şübhəli və ya təqsirləndirilən şəxs müdafiə hüququnu həyata keçirərkən özünə bəraət qazandırmaq və ya məsuliyyətini yüngülləşdirmək məqsədilə ona qarşı irəli sürülmüş ittihamla əlaqədar sübutlar təqdim etməklə istintaqın və məhkəmə araşdırmasının gedişinə təsir etmək hüququna malikdir. Lakin bu zaman şübhəli və ya təqsirləndirilən şəxs cinayətin törədilməsinə aidiyyəti olmayan hər hansı bir şəxsin adını bilərəkdən çəkdiyi təqdirdə bilə-bilə yalan xəbərçiliyə görə məsuliyyət daşımalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 90.9 və 91.7-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 14 oktyabr 2019-cu il tarixli qərarında qeyd edilmişdir ki, qanunverici, Cinayət-Prosessual Məcəlləsinin 90.9 və 91.7-ci maddələrində şübhədən və ya irəli sürülmüş ittihamdan müdafiə olunmaq üçün cinayətin törədilməsinə aidiyyəti olmayan şəxs haqqında bilərəkdən yalan məlumatların verilməsində ifadə olunan əməlləri istisna etmişdir və bu hal yalan xəbərçilik barəsində cinayət təqibi həyata keçirilən şəxsin özünümüdafiə vasitəsi kimi qəbul oluna bilməz. Bilə-bilə yalan xəbərçiliyin təhlükəliliyi ondan ibarətdir ki, verilən yalan məlumatın yoxlanılması və araşdırılması əsassız vaxt itkisinə, hüquq mühafizə orqanlarının fəaliyyətinin səmərəsizliyinə gətirib çıxara və bunun nəticəsində günahsız şəxsin cinayət məsuliyyətinə cəlb edilib məhkum olunmasına səbəb ola bilər. Qeyd olunmalıdır ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsasən, Konvensiyanın ədalətli məhkəmə araşdırılması hüququna dair 6-cı maddəsinin 3(c) yarımbəndi təqsirləndirilən şəxsə qarşı məhkəmə icraatının müdafiə hüququ adekvat şəkildə təmin edilmədən həyata keçirilməsinin qarşısının alınmasına yönəlmiş olsa da, məhdudiyyətsiz müdaxilə arqumentinin istifadəsini təmin etmir. Həmin hüquqdan istifadə edən zaman bilərəkdən cinayət mühakimə icraatında iştirak edən şahid və ya hər hansı başqa şəxsin cəzalandırılmalı olan davranışı haqqında yalan məlumat verilməsi halında təqib edilə bilməyəcəyini düşünmək cinayət törətməkdə ittiham olunan şəxslərin müdafiə hüququ anlayışını həddindən artıq şişirtmiş olardı (Brandstetter Avstriyaya qarşı iş üzrə 28 avqust 1991-ci il tarixli Qərar). Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 296.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, yəni bilə-bilə yalan xəbərçilik etməsi özünün etirafı, zərərçəkmiş şəxsin və şahid ifadəsi, habelə iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxsnın əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 296.1-ci maddəsi ilə tövsif olunmuşdur. Təqsirləndirilən şəxsə təyin ediləcək cəza məsələsinə gəldikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsində göstərilmişdir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs orta təhsilli, subay olması, təqaüdçü olması, daimi yaşayış yerinin olması, məhkumluğunun olmaması, yaşayış yeri üzrə müsbət xarakterizə olması onun şəxsiyyətini səciyyələndirən hallardır. Təqsirləndirilən şəxsnın zərərçəkmiş şəxslə barışıq əldə etməsini (CM-nin 59.1.12-ci maddəsi) cəzasını yüngülləşdirən hal kimi qiymətləndirilir. Cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, məsuliyyəti yüngülləşdirən halları, ilk dəfə cinayət törətməsini, 88 yaşında təqaüdçü olmasını, habelə onun cəmiyyətdən təcrid edilmədən islah olunmasının mümkünlüyünü nəzərə alaraq, ona CM-nin 296.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə cəzasını təyin etməyi məqsədəmüvafiq sayır. Məhkəmə, CPM-in 346.1.20-ci maddəsinin tələblərinə əsasən seçilmiş qətimkan tədbirinin ləğv edilməli və ya dəyişdirilməli olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Hökmün icrası Kürdəmir rayon icra və probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia, maddi ziyan, maddi sübut, məhkəmə xərclərinin olmaması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən məhkəmədə Təqsirləndirilən şəxs göstərilən 17 saat hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi 187 (bir yüz səksən yeddi) manat məbləğində pul ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 296.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 1500 (bir min beş yüz) manat miqdarda cərimə cəzasına məhkum edilsin. Hökmün icrası Kürdəmir rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilmədən saxlanılsın. İş üzrə mülki iddia, maddi ziyan, maddi sübut, məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Məhkəmədə Təqsirləndirilən şəxs göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil X1 187 (bir yüz səksən yeddi) manat xidmət haqqı ödənilsin. Hökmdən 20 gün müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə Azərbaycan Respublikası CPM-nin 384.1-ci maddəsində nəzərdə tutulmuş müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar