Məhkəmə qərarları › İş №1(041)-106/2025

Kürdəmir Rayon Məhkəməsi Hökm — İş №1(041)-106/2025

20.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Kürdəmir rayon İş № 1(041)-106/2025 20.08.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şahbazova Göyçək Akif qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 2003-cü il tarixdə Kürdəmir rayonunun Dəyirmanlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Kürdəmir rayonu Dəyirmanlı kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qəsdən zərər çəkmiş şəxsin sağlamlığına yüngül zərər vurmuşdur. Belə ki, o, 27 iyun 2025-ci il tarixdə, saat 08 radələrində Kürdəmir rayonu, Dəyirmanlı kəndində birgə yaşadıqları evin həyətində atası Zərərçəkmiş şəxs ona çox yatmasını irad bildirməsi səbəbindən aralarında ailə münasibətləri zəminində yaranmış mübahisə zamanı yumruqla sonuncunun sifət və baş nahiyəsinə qəsdən bir neçə dəfə vuraraq ona başın təpə nahiyəsinin qançırı ilə müşayət olunan sağlamlığa zərərvurmayan xəsarət, sol gözaltı nahiyənin hematoması, həmin gözün ağlı qişasına qansızma dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddət pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmaya aid edilən xəsarətlər yetirmişdir. Məhkəmə iclasında cinayət qanunu ilə əməli törətmiş şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun atasıdır. Hazırda münasibətləri normaldır. Evdə atası Təqsirləndirilən şəxs gedib-gəlib bacısına “bu oğlanı atdıraq içəri” demişdir. Hadisə olan günü səhər saatları idi, təxminən saat 8-9 radələri olardı. O yatmış, həmin vaxtı atası onun yatmasına deyinmişdir. Atası gedib-gəlib ona çox yatmasını irad tutumuşdur. O, həmin gün səhər namaza durduğundan səhər də yatmışdır. Atası deyindiyindən o da ayağa durub bir qədər gəzmiş, fikirləşmişdir ki, əlindən bir iş gəlmir. Atası bacısının otağına girib, sonra gələrək otaqda deyinmiş, qarğış etmişdir. Ondan sonra söz-söhbət başlamışdır. Atası deyinmiş, o da onu itələmiş, atasına əl qaldırmışdır. Atası ona arada nalayiq sözlər işlətmişdir. Orda həm də atası ona qarğış etmiş, “arzuların puça çıxsın, gələcəyin olmasın”, “Darıxma başınıza oyun açacam” sözlərini işlətmişdir. Atası ilə 4 aydı ki, belə münasibət olub. Əvvəllər belə hallar olmamışdır, çünki o, hərbidə olurmuş. Atasının bu münasibəti tək ona yox, bacı-qardaşına qarşı da belədir. Əvvəl də belə bir şey üstündə mübahisələri olub. Elə onda da söhbət danışdığı kimi olmuşdu. Atası onları evdən qovur, evə gəlmə deyir. Sonuncu dəfə mübahisə vaxtı atasına yumruq da vurmuşdur. Atdığı yumruq bir dəfə gözünün altına dəyib. Başına dəyməsi dəqiq yadında deyil. Atası da onun üzünə 2-3 dəfə şillə vurmuşdur. Anasını heç vaxt vurmamış, ona güldən ağır söz deməmişdir. Atasının bu hərəkətlərinə görə anası da evdən çıxıb getmişdir. Anasının nömrəsinə hazırda zəng çatmır. Sonuncu dəfə anası ilə 15 gün əvvəl danışmışdır. Hazırda atası ilə barışmışlar. Zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbi yoxudr. Odur ki, barəsində yüngül cəza verilməsini xahiş edir. Cinayət qanunu ilə əməli törətmiş şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi iş üzrə toplanmış sübutlarla tam sübuta yetirilir. Belə ki, məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur. Məhəmməd Müdafiə Nazirliyinin hərbi qulluqçusu olmuş, xidmət dövrü ərzində intizamsız hərəkətlərinə görə xidmət etdiyi hərbi hissədən təxris olunmuşdur. Hazırda Məhəmməd onunla Dəyirmanlı kəndində yerləşən evdə yaşayır. Təxminən 3 ay bundan əvvəl Məhəmməd onu yaşadığı evdə döyüb xəsarət yetirdiyi üçün onun barəsində Kürdəmir RPŞ-nə şikayət etmişdir. Məhəmmədin barəsində Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən cinayət işinin başlanmış, araşdırma müddəti ərzində oğlu Məhəmmədlə barışdığı üçün onun barəsində başlanmış cinayət işinə xitam verilmişdir. Sonuncu dəfə xx.xx.2025-ci il tarixdə, saat 08 radələrində Məhəmməd onu nalayiq ifadələrlə söyüb təhqir etmiş, onunla aralarında mübahisə böyüməsin deyə evin həyətinə düşmək üçün pilləkəndə ayaqqabısını geyinmək istəyərkən, bu vaxtı Məhəmməd onun arxası ilə gəlib təpiklə bel nahiyəsinə bir dəfə vurmuş, yerə yıxılmış, Məhəmmədin onu yenidən döyüb xəsarət yetirəcəyindən qorxub ayağa durub getmək istəmiş, Məhəmməd isə onun arxasıyca gəlib, yaşadıqları evin həyətində onun sifət və baş nahiyəsinə yumruqla bir neçə dəfə vurmuş, sifət və baş nahiyəsindən xəsarət almışdır. Məhəmmədin ona yenidən xəsarət yetirəcəyindən qorxub ayağa qalxıb və yaşadığı evdən çıxıb getmiş, təxminən 1 saatdan sonra yaşadığı evə miş qızı Fatiməyə Məhəmmədlə aralarında baş vermiş dava-dalaş barədə danışmışdır. Oğlu Təqsirləndirilən şəxslə hazırda barışmış və onu bağışlamışdır. Oğlu Məhəmmədə qarşı heç bir şikayət və tələbi yoxdur. Odur ki, ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun atası, Təqsirləndirilən şəxs da qardaşıdır. Atası və qardaşı arasında mütəmadi olaraq mübahisə, münaqişə olur. Atası qardaşı Məhəmmədi əsəbləşdirdiyi üçün qardaşı Məhəmmədin də onu döydüyünü eşitmişdir. Sonuncu dəfə xx.xx.2025-ci il tarixdə, saat 09 radələrində yuxudan durmuş, yaşadığı evdə olan zaman atasının gözaltı nahiyəsindən xəsarət aldığını görmüşdür. Ondan nə baş verdiyini soruşmuş, atası ona elə həmin günü, saat 08 radələrində onun yatdığı otağa keçdiyi üçün, eləcə də Məhəmmədə çox yatması ilə bağlı irad tutduğu üçün aralarında yaranmış mübahisə zamanı yaşadıqları evin həyətində Məhəmmədin yumruqla onun baş və sifət nahiyəsinə qəsdən vurduğunu, ona görə də xəsarət aldığını demişdir. Atası ilə qardaşı arasında baş vermiş dava-dalaş zamanı o, yatdığı üçün hadisənin necə baş verməsini görməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, zərərçəkmiş şəxs X3 ərizə ilə Kürdəmir RPŞ-nə müraciət edərək oğlu Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir (i.v. 1); Kürdəmir rayon X5 Hüquqi Şəxsdən alınmış PHŞ-18-1-49\2-666\2025 nömrəli xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Kürdəmir rayonu Dəyirmanlı kəndində yaşayan Səlimov X2 rayon Mərkəzi Xəstəxanası PHŞ-in Poliklinika şöbəsində həkim psixiatrın və narkoloqun qeydiyyatında durmur (i.v.33); Dövlət Sosial Müdafiə Fondu 1 saylı X10 Filialından alınmış 3-17-1\2-156850\2025 nömrəli,xx.xx.2025-ci il tarixli məktubndan görünür ki, xx.xx.2003-cü il təvəllüdlü Təqsirləndirilən şəxs Fondun 1 saylı X10 filialında əlilliyə görə pensiya, müavinət almır (i.v.34); Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının Yenikənd kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2025-ci il tarixli, 138 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs subay olmaqla Kürdəmir rayonunun Dəirmanlı kəndində yaşayır. Ailə tərkibi atası Təqsirləndirilən şəxs, anası T.R.Səlimova, bacısı Şahid1, qardaşı Şahid2 ibarətdir (i.v.39); Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının Yenikənd kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən X1 adına verilmiş xasiyyətnamədən görünür ki, o, yaşayış yeri üzrə müsbət xarakterizə olunur (i.v.40); Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə cinayət işi başlanılmış və AR CPM-nin 40.3 və CM-nin 73.2-ci maddəsinə əsasən icraata xitam verilmişdir (i.v. 46-47); Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X7- Təcrübi və Tədris Birliyinin xx.xx.2025-ci il tarixli, 251 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər– başın təpə nahiyəsinin qançırı, sol gözaltı nahiyənin hematoması, həmin gözün ağlı qişasına qansızma -küt əşya təsirindən törənmiş, müddəti qərarın təsviri hissəsində göstərilən şəraitə və vaxta yəni 27 iyun 2025-ci il tarixə uyğun gəlir. Xəsarətlərdən sol gözaltı nahiyənin hematoması və həmin gözün ağlı qişasına qansızma dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya aiddirlər (i.v. 49-50); Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, onu bağışlayır. Ona qarşı heç bir şikayət və tələbi yoxdur. Onun barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cinayət qanunu ilə əməli törətmiş şəxs Təqsirləndirilən şəxs təqsiri mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahidin ifadəsi, cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi, ibtidai istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Odur ki, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq cinayət qanunu ilə əməli törətmiş şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələrinin, istintaq hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, cinayət qanunu ilə əməli törətmiş şəxsin təqsiri və cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittiham edildiyi əməlin törədilməsi və baş vermiş cinayətdə təqsiri sübuta yetirilmiş, habelə onun törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma - min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, cinayət qanunu ilə nəzərdə tutulmuş şəxs Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbi olmamasını onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın cinayət qanunu ilə əməli törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, cinayət qanunu ilə əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növlərindən cərimə cəzası təyin olunmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar yekun protokolun qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə məhkəmə məsrəfi, maddi sübut və mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən məhkəmədə Təqsirləndirilən şəxs göstərilən cəmi 11 (on bir) saat hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi 121 (yüz iyirmi bir) manat məbləğində pul ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1000 (bir min) manat məbləğində cərimə cəzası təyin edilsin. Hökmün icrası Kürdəmir rayon icra və probasiya şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 11 (on bir) saat hüquqi yardıma görə fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 121 (yüz iyirmi bir) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rahid Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar