Məhkəmə qərarları › İş №1(041)-107/2025

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №1(041)-107/2025

31.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 1(041)-107/2025 31.07.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Kürdəmir Rayon Məhkəməsinin hakimi Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi, Şahbazova Göyçək Kamil qızının katibliyi ilə, X2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 147 və 148-ci maddələri ilə məsuliyyətə cəlb edilməsi haqqında X1 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə müəyyən etdi: Xüsusi ittiham qaydasında şikayət vermiş X3 məhkəməyə müraciət edərək, barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X2 CM-in 147-ci maddələri ilə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Xüsusi ittiham qaydasında verilən şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2024cü il tarixdə Kürdəmir rayon sakini, Kürdəmir rayonu, Abdullayev küçəsi ev 8-də qeydiyyatda olan X5 ilə sonuncunun uzun-uzadı təkidindən sonra tanış olmuş və bundan sonra onların dostluq münasibətləri yaranmışdır. Taleh İslamov özünü "SOCAR" prezidentinin müşaviri Rəşad Məmmədov adlı vəzifəli şəxsin sürücüsü kimi qələmə vermişdi, bir müddət sonra onun işsiz olduğunu bilib onu Bakı şəhərində klinikalardan birinə həkim kimi işə düzəldəcəyi adı ilə etibarından sui-istifadə etməklə ondan 23.300 manat pul almışdı və bununla bağlı o, artıq Bakı şəhəri, Binəqədi rayon Polis İdarəsinə ərizəsilə müraciət etmiş, ərizəsində ətraflı olaraq göstərmiş, bununla bağlı araşdırma aparılır. Taleh Orucovun ona qarşı dələduzluq etdiyini bildikdən sonra ona dəfələrlə mobil telefonla zəng etmiş, "Whatsapp" yazışmaları və zəngləri ilə hətta yalvarmaq dərəcəsinə gəlib öz pulunu geri istəsə də, hər dəfə onu müxtəlif bəhanələrlə yola verib, ondan əl çəkməyəcəyi təqdirdə onu sosial şəbəkələrdə biyabır edəcəyini, ailəli olaraq guya onunla yatağa girdiyini, cinsi əlaqədə olmağını və sair halları yaymaqla hədə-qorxu gəlmişdir. O isə onun bu sözlərinə məhəl qoymadan ona verdiyi pulu geri tələb etmişdir. "TİK-TOK" platformasında 84.000 (səksən dörd min) təkibçisi olan 200 "@son_xeber_az" saytının olan səhifələrindən birində yerləşdirilmiş "7 yumurtaya 200 manat verdim"-falçıya inanan vətəndaşın sonu" başlıqlı videogörüntünün şərh bölməsində Azərbaycan Respublikasının gerbinin şəkli olan, öz adından istifadə etməklə X6 "Taleh" adı altında: “Elibeyova Elnaz qabil qızı siyezen rayonunda yaşayır. O vetendaşları aldadaraq insanlardan işe düzeltmek adı ile pullar alaraq aldadır. Ve evli ola ola ola, subay oglanla qeyri qanuni heyat yaşayıb, ve onu şantaj edir. Videoları ve yazıları fakt subut kimi var. 2 qızı bir oglu var" yazısını paylaşmış, iki nəfər də bəyənmək işarəsi qoymuş, daha sonra yazısının davamı olaraq: "Defelerle işden qovulmaquna baxmayaraq yenede deleduzluqla jurnalistler insanlardan müsahibe götürüb. Elnazın qurbanı olduqlarını bildiribler". Həmçinin, "sen evli ola ola meni aldatmısan subayam, defelerle pastelime girib meni alacaqsan diye şantaj etmisen. Elnaz, Elibeyova qabil qızı, Siyezen Rayonundandı, göz hekimi işleyir. Bir qızının adı Jaledi. Bir oglu var, bir qızıda ailelidi neveleri var. Elimde b", "X9 SİYEZEN vetendaşı, eri ola ola, oğlu Remzi ola ola, ere gedesi qızı Jale ola ola, bir qızı erde ola ola neveleri ola ola, subay oglanın pasteline girib onunla aile qurmaqa mecbur edir şant...", "X4bil qızı. Siyezen vetendaşı, aileli, 3 evladı ola ola siyezende vetendaşları aldadaraq pulları menimseyib. Ve subay oglanın yatagına girerek onu almasını mecbur edir. Elde..." cümlələrini paylaşmaqla onun şərəf və ləyaqətini alçaltmaqla işgüzar nüfuzuna xələl gətirmiş, cəmiyyət, ailəsi və qohumlar arasında illərdir əziyyətlə qazandığı hörməti məhv etmişdir, heç bir hüquqi əsası olmadan, onun nüfuzunu ləkələyən, yalan, böhtan, yəni yalan olduğunu bilə-bilə onun şərəfini, ləyaqətini və işgüzar nüfuzunu ləkələmiş və onu nüfuzdan salmışdır. Bildirir ki, Taleh İslamovun qeyd edilən yalan olduğunu bilərkdən onun şərəf və ləyaqətini ləkələyən və onu nüfuzdan salan məlumatları, eləcə də onun guya kimlərəsə qarşı dələduzluq cinayəti törətməyi ilə bağlı bilə-bilə yalan böhran atma paylaşımından sonra o uzun müddət stressdən özünə gələ bilməmişdir. Çünki o onun barəsində hüquq-mühafizə orqnlarına şikayət edəcəyi ilə əlaqədar xəbərdarlıq ondan dələduzluq yolu ilə aldadıb aldığı 23.300 manat pulunu geri istədikdə hər dəfə onu biyabır edəcəyi ilə, nüfuzunu aşağılayacağı ilə, hətta “gəlib girərəm evinə, özünü asarsan" kimi sözlərlə hədələyirdi. Bununla bağlı istər səs yazıları, istərsə də əl yazmaları vardır. Cinayət Prosesssual Məcəlləsinin 300.1.2-ci maddəsinə uyğun olaraq ərizənin icraata qəbul edilməsi, məhkəmə baxışının təyin edilməsi barədə qərar çıxarılmasını və X5 haqqında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci maddəsi ilə cinayət işi başlanılmasını xahiş etmişdir. Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X5 ərizə ilə məhkəmə müraciət edərək, X1 ona qarşı verdiyi xüsusi ittiham qaydasında ərizəsinin yalan, şər və böhtan olduğunun bildirmiş, xx.xx.2025-ci il tarixdə keçiriləcək məhkəmə iclasında ailə vəziyyəti ilə bağlı iştirak edə bilməyəcəyini bildirmişdir. Məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxsə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhəmə onun gəlməməsini üzürsüz hesab edərək işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hesab edir ki, X3 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət ərizəsi qanunvericiliyin tələblərinə uyğun tərtib edilməməsi səbəbindən məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. CPM-in 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1- 293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. CPM-in 293.3-cü maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: 293.3.1. şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); 293.3.2. törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); 293.3.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; 293.3.4. şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; 293.3.5. cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; 293.3.6. şikayətin verildiyi tarix (il, ay və gün) və yer; 293.3.7. şikayəti vermiş şəxsin imzası. Məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında şikayət qanunvericiliyin tələblərinə riayət edilmədən verilmişdir. Belə ki, CPM-in 293.3.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi) göstərilməlidir. Buna baxmayaraq, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs tərəfindən şikayət vermiş şəxsin ad, soyad, ata adı, təvəllüdü, qeydiyyat və yaşayış ünvanları sadalanmaqla kifayətlənmiş, məşğuliyyət növü və vəzifəsi qeyd edilməmişdir. Eləcə də CPM-in 293.3.3-cü maddəsinə əsasən, böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) göstərilir. Lakin xüsusi ittiham qaydasında şikayətin giriş hissəsində cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin X7 tərəfindən törədilməsi göstərilsə də, sonda X2 cinayət məsuliyyətinə cəlb edilməsi xahiş edilmişdir. Bundan başqa CPM-in 293.3.7-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə yazılı şikayətdə və ya şifahi şikayətdə şikayət vermiş şəxsin imzası olmalıdır. Buna baxmayaraq, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət imzalanmamışdır. Eyni zamanda xüsusi ittiham qaydasında verilmiş şikayətdə barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin Cinayət Məcəlləsinin 147 -ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Lakin, CM-in 147-ci maddəsinin hansı bəndləri ilə cinayət məsuliyyətinə cəlb edilməsi məsələsi konkret göstərilməmişdir. CPM-in 302.2-ci maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək aşağıdakılar barədə qərarlar çıxarır: CPM-in 302.2.3-cü maddələrinə əsasən bu Məcəllənin 302.1.2—302.1.4, 302.1.6— 302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə.... Göründüyü kimi, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X3 tərəfindən CPMin 293-cü maddələrinin tələblərinə riayət olunmadan şikayət ərizəsi tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmiş, lakin məhkəmədə irəli sürülmüş ittihamın mahiyyəti üzrə işə baxılması yuxarıda qeyd olunan qanunvericiliyin tələbləri pozulduğundan mümkün olmamışdır. Ona görə də, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilməsi qənaətinə gəlmişdir. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli, 3 nömrəli qərarının 5-ci bəndinə əsasən böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-in 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Həmin Qərarın 11-ci bəndində qeyd olunur ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfındən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Məhkəmələrə tövsiyə edilsin ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-in 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-in 302.1.2-302.1.4 və 302.1.6- 302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Həmin Qərarın 12-ci bəndində qeyd edilmişdir ki, kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) təhqir və böhtan xarakterli məlumatı yaymış şəxs özünü bəlli etmədikdə, belə məlumatlar anonim şəkildə yayılmış məlumatlar hesab edilir, onların yayılması ilə bağlı xüsusi ittiham qaydasında verilmiş şikayət isə - CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olmayan şikayət kimi qiymətləndirilir. Belə hallarda məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında qərar qəbul edir. Beləliklə məhkəmə, sadalananlara əsasən belə hesab edir ki, X5 barəsində CM-in 147 -ci maddəsi ilə cinayət təqibi üzrə icraatın başlanılmasına və X2 cinayət məsuliyyətinə cəlb edilməsinə dair X1 xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Qeyd olunanlara əsasən və CPM-in 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147-ci maddələri ilə məsuliyyətə cəlb edilməsi haqqında X1 xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərar elan edildiyi vaxtdan 20 (iyirmi) gün müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rahid Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar