Məhkəmə qərarları › İş №1(041)-109/2025

Kürdəmir Rayon Məhkəməsi Hökm — İş №1(041)-109/2025

19.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Kürdəmir rayon İş № 1(041)-109/2025 19.08.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi İmanov Xaliq Xalıq oğlunun sədrliyi Məhkəmə iclas katibi İsayev Orxan Mahir oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.2006-cı il tarixdə Kürdəmir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına görə Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan, xeyli miqdarda, təmiz çəkisi 8.93 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxlamış, xx.xx.2025-ci il tarixdə saat 23:00 radələrində Kürdəmir rayon polis söbəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində, Kürdəmir şəhəri M.Ə.Sabir küçəsi ərazisində saxlanılaraq üzərinə keçirilən şəxsi axtarış zamanı, əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd polietilen bükümdə xeyli miqdarda təmiz çəkisi –8.93 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, narkotik vasitə qurudulmuş marixuanadan istifadə edir. xx.xx.2025-ci il tarixdə axşam saatlarında Kürdəmir şəhəri Sabir küçəsi ərazisində dəmiryol körpüsünün altında tanışı X3 ilə görüşən zaman ondan 40 manata bir ədəd polietilen bükümdə narkotik vasitə qurudulmuş marixuana alaraq şəxsi istifadə etmək üçün üzərində saxlamışdır. xx.xx.2025-ci il tarixdə saat 23:00 radələrində Kürdəmir şəhəri, M.Ə.Sabir küçəsində piyada hərəkətdə olan zaman Kürdəmir RPŞ-nin əməkdaşları yaxınlaşaraq narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək onu saxlayıb videoçəkiliş vasitəsilə üzərinə üst yoxlaması keçirilmiş, üzərində olan narkotik vasitə qurudulmuş marixuananı çıxarıb onlara təqdim etmiş, kütlə elektron tərəzidə çəkilmiş, 9.32 qram olması müəyyən olunmuş, həmin kütlə ekspertizaya təqdim olunacağı bildirilərək polis əməkdaşı tərəfindən qablaşdırılmış, üzəri onun və iştirakçılar tərəfindən imzalanmış, daha sonra onu Kürdəmir RPŞ-yə gətirmişlər. Kürdəmir RPŞ-nə gətirilən zaman ona qarşı hər zor və ya güc tətbiq edilməmişdir. Təqsirləndirilən şəxs ifadəsində həmçinin Azərbaycan Respublikası CM-in 180.1-ci (soyğunçuluq) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin hazırda Abşeron Rayon Məhkəməsinin icraatında olduğunu bildirdi. Məhkəmə istintaqında Şahid1 ifadəsində göstərdi ki, Kürdəmir RPŞ-nın CAB-ın baş əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2025-ci il tarixdə ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri üzərində saxlaması və daşıması barədə daxil olmuş məlumat əsasında Təqsirləndirilən şəxs üstünün yoxlanılması və zərurət yarandıqda digər təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında xx.xx.2025-ci tarixli qərar qəbul edilmiş və RPŞ-nin rəisinin müvafiq əmri əsasında əməliyyat qrupu yaradılmışdır. Həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 23:00-də Kürdəmir şəhəri M.Ə.Sabir küçəsi ərazisində saxlanılmışdır. Təqsirləndirilən şəxs hüquq və vəzifələri, o cümlədən müdafiə hüququnun olması, müvafiq araşdırma zamanı öz vəsaiti hesabına, bu vəsaitə maddi gücü çatmadığı halda dövlət büdcəsinin hesabına müdafiəçi ilə təmin olunmaq hüququ izah olunaraq hüquq və vəzifələri barədə bildiriş verildi. Təqsirləndirilən şəxs saxlanılan zaman paltarında, əşyalarında və ya bədənində narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan saxlanıldığı yerdə üstünün yoxlanılmasına başlanılmışdır. Üstündə yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd polietilen bükümü çıxarıb təqdim edərək, içərisində “nəşə”, yəni narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirdi. Tərəfindən bükümə baxış keçirilərkən içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olması aşkar olundu. Daha sonra Təqsirləndirilən şəxs üstünü yoxlayarkən heç nə aşkar olunmadı. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, üzərindən aşkar edilmiş kütlənin narkotik vasitə qurudulmuş marixuana olduğunu, şəxsi istifadə etmək üçün üzərində saxladığını, xx.xx.2025-ci il tarixdə Kürdəmir şəhəri ərazisində tanışı X1 40 manata aldığını, şəxsi istifadə etmək üçün üzərində saxladığını bildirdi. Bundan sonra Təqsirləndirilən şəxs Kürdəmir RPŞ-nə gətirilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Kürdəmir RPŞ-nin NMQ-nın baş əməliyyat müvəkkili, polis polkovnik leytenantı X5, Kürdəmir RPŞ-nın CAB-ın baş əməliyyat müvəkkili, polis polkovnik leytenantı Şahid3 və Kürdəmir RPŞ-nın İTB-nın sahə rəisi, polis mayoru Şahid4 eyni məzmunlu ifadə verərək həmin faktları dəsdiq etdilər. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: - xx.xx.2025-ci il tarixli “Üst yoxlamasının keçirilməsi haqqında” protokoldan görünür ki, Kürdəmir şəhəri M.Ə.Sabir küçəsində video çəkilişlə Təqsirləndirilən şəxs üzərinə üst yoxlaması keçirilmişdir. Üst yoxlaması keçirilməzdən qabaq Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş, daha sonra ona üzərində hər hansı bir qanunsuz əşya varsa təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitənin olduğunu bildirib, əynində olan cins şalvarıln sağ yan cibindən 01 ədəd polietilen bükümü çıxararaq təqdim etmiş, büküm baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 tərəfindən açılmış, içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olduğu müəyyən edilmişdir. Bu barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmış, həmçinin xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs üzərindən narkotik vasitənin aşkar edilməsini özündə əks etdirən 01 ədəd disk protokola əlavə edilmişdir. - xx.xx.2025-ci il tarixli “əməliyyat-axtarış tədbirinin nəticəsində götürülmüş əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında” protokoldan görünür ki, Kürdəmir RPŞnin İnzibati binasında Müdafiəçi1 iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülüb qablaşdırılmış narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə zərfdən çıxarılıb müstəntiq tərəfindən baxış keçirilmiş, daha sonra yenidən qablaşdırılmışdır. - İş üzrə təyin edilmiş məhkəmə-bioloji ekspertizasının xx.xx.2025-ci il tarixli 18/392 nömrəli rəyində qeyd olunmuşdur ki, 1) Tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış və imzalar olan kağız paketdəki 01 ədəd bükümdə təmiz çəkisi -8.93 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Qurudulmuş marixuana 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı”na daxildir,(İ siyahı) - “Kürdəmir rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsindən daxil olan xx.xx.2025-ci il tarixli 18-1-49/2-752/2025 nömrəli məktubdan görünür ki, Həsənov X4 RMX-nin poliklinika şöbəsində həkim psixiatr və narkoloqun qeydiyyatında durmur. - Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş narkotik vasitə qurudulmuş marixuananın 8.91 qram qalığı cinayət işi üzrə maddi sübut qismində tanınaraq saxlanılmasından ötrü Kürdəmir RPŞ-nin Maddi sübutların saxlanma yerinə təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərində üst yoxlaması zaman və üzərindən aşkar edilmiş kütlənin təhvil-təslimi zamanı aparılmış videoçəkilişlərin qeydə alındığı 02(iki) ədəd disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işində saxlanılmışdır. - Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədə göstərilmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. - Cinayət işi üzrə təyin edilərək keçirilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli 1156 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. - İş üzrə verilmiş əməliyyat tapşırığına cavabdan görünür ki, keçirilmiş əməliyyat tədbirləri zamanı alınmış məlumatlarla təsdiq olunur ki, Təqsirləndirilən şəxs məlum olmayan mənbədən və tarixdə şəxsi istifadəsi üçün, satış məqsədi olmadan xeyli miqdarda, yəni 8.93 qram olan narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib, daşıyaraq üzərində saxlamışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz istifadəsi ilə məşğul olsa da, digər şəxslərə satmaqla məşğul olmamış, bu barədə heç bir məlumat daxil olmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuananı hansı mənbədən, hansı tarixdə və hansı şəraitdə əldə etməsi barədə məlumat əldə edilməmişdir. Həmçinin X2 Təqsirləndirilən şəxs narkotik vasitə qurudulmuş marixuana satması, eləcədə hər hansı formada verməsi barədə məlumat daxil olmamışdır. - xx.xx.2025-ci il tarixli qərardan görünür ki, həmin gün saat 23:00-da Təqsirləndirilən şəxs cinayət işi başlananadək Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. - xx.xx.2025-ci il tarixli qərarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan olunmuşdur. - Kürdəmir rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 4(041)-62/2025 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. Ev dustaqlığında saxlama müddətinin əvvəli 14 may 2025-ci il tarixdən hesablanmışdır. - Kürdəmir rayon Məhkəməsinin hazırlıq iclasının xx.xx.2025-ci il tarixli 1(041)- 109/2025 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. - Kürdəmir rayon Mənzil İstismar Sahəsindən daxil olmuş arayış və xasiyyətnamədən məlum olur ki, Həsənov X4 şəhəri, Aran qəsəbəsi ev 1, mənzil 47 ünvanında yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə edilir. - Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli məktubundan və portaldan çıxarışdan məlum olur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi Abşeron Rayon Məhkəməsinin icraatındadır və yekun məhkəmə aktı çıxarılmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Təqsirləndirilən şəxsə elan edilmiş ittiham Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsindən (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) ibarətdir, məhkəmə istintaqında təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilmişdir. Məhkəmə qeyd edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsində verilmiş anlayışa görə narkotik vasitələr dedikdə BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilər başa düşülür. 1.0.10. narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-ci il tarixli 08 nömrəli qərarının 5-ci bəndində göstərilir ki, narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən qrudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 5 qram müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, ümumi təmiz çəkisi 8.93 qram olan narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonra qalan 8.91 qram qalığı Kürdəmir RPŞ-nin maddi sübutların saxlanılması anbarına təhvil verilmişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafı, şahid ifadəsi, baxış protokolları, üzərinə baxış keçirilən zaman diskə köçürülmüş videogörüntü, ekspert rəyləri, habelə iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-ci il tarixli 08 nömrəli qərarının 27-ci bəndində göstərilir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının cinayət qanununun prinsiplərini, CM-in 58-ci maddəsində göstərilmiş cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanın təyini məsələlərini tənzimləyən digər cinayəthüquqi normaların tələblərini rəhbər tutmalı, hər bir halda seçilən cəza növünün, cəzanın həddinin CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinin təmin edilməsi baxımından məqsədəuyğun və yetərli olub-olmamasını nəzərdən keçirməli, bu məsələ üzrə hüquq tətbiq etmə təcrübəsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının müddəalarına uyğun şəkildə formalaşmasını təmin etməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Törədilmiş cinayət əməlinə görə tətbiq ediləcək cəzanın adekvatlığını müəyyən etmək üçün qanunvericiliyin ümumi tələbləri ilə yanaşı cinayət törətmiş şəxsə münasibətdə effekliliyi və cəzanın məqsədlərinə çatmaq məqsədilə aşağıda qeyd edilən bəzi məsələlərə də diqqət yetirilməsini məhkəmə zəruri hesab edir. Cinayət qanunvericiliyinin ümumi tələbləri baxımından cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.(CM-nin 41-ci maddəsi). Qeyd edilən CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. 58.3. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Hazırki iş üzrə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar az ağır cinayətlər növünə aid edilsə də, əməlin ictimai təhlükəliliyi və kriminanlığı baxımından eyni növ digər cinayət əməllərindən daha aşağı, şəxsi xarakterli və şəxsin sağlamlığından irəli gələn asılılıqla bağlı olmaqla, məcburi müalicə yolu ilə aradan qaldırılması mümkün olan cinayətlər kateqoriyasına daxildir. Təqsirləndirilən şəxs orta təhsilli, subay olması, fərdi əməklə məşğul olması, daimi yaşayış yerinin olması, məhkumluğunun olmaması yaşayış yeri üzrə müsbət xarakterizə olması onun şəxsiyyətini səciyyələndirən hallardır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin digər məhkəmənin icraatında olmasına baxmayaraq, islah olunub cəmiyyətə adaptasiya olmaq əvəzinə yenidən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı yeni bir ictimai təhlükəli əməl törətməsi onu mənfi xarakterizə edən haldır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, digər məhkəmənin icraatında barəsində soyğunçuluqla bağlı cinayət işinin olmasını, məsuliyyətini yüngülləşdirən halların olmamasını nəzərə alaraq, ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini qanuna müvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs kimi saxlanıldığı və ev dustaqlığında olduğu xx.xx.2025ci il tarixdən xx.xx.2025-ci il tarixədək müddət ona cəza təyin edilərkən nəzərə alınmalıdır. Məhkəmə, CPM-in 346.1.20-ci maddəsinin tələblərinə əsasən seçilmiş qətimkan tədbirinin ləğv edilməli və ya dəyişdirilməli olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməli, barəsində həbs qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından həbs edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.16-cı maddəsinə əsasən təqsirləndirilən şəxslərin barəsində tibbi xarakterli məcburi tədbirlərin və məhz hansı tədbirlərin tətbiq edilməsinin mümkün olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində narkoloji ekspertizasının rəyi nəzərə alınmaqla Təqsirləndirilən şəxs tibbi xarakterli məcburi tədbir kimi narkomaniya xəstəliyindən məcburi müalicə təyin edilməli, həmçinin narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Məhkəmə, CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından maddi sübutlar məsələsinin necə həll edilməli olması məsələsinə baxaraq bu nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi Kürdəmir Rayon Polis Şöbəsində saxlanılan və tədqiqata sərf edildikdən sonra qalıq qalmış, narkotik vasitə qurudulmuş marixuananın 8.91 qram qalığı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 02 ədəd disk iş üzrə maddi sübut kimi cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə, CPM-in 346.1.21-ci maddəsinin tələblərinə əsasən məhkəmə məsrəflərinin kimin üzərinə və hansı məbləğdə qoyulmalı olduğu məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 31.95 (otuz bir manat doxsan beş qəpik) manat məbləğində məhkəmə məsrəfi (ekspertiza xərci) tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına ödənilməlidir. Hökmün Təqsirləndirilən şəxs təyin edilmiş narkomaniya xəstəliyindən məcburi müalicə, ekspertiza xərcinin ondan tutulması hissəsində cəzaçəkmə müəssisəsinin rəhbərliyinə, narkoloji kabinetdə qeydiyyata alınması, maddi sübutun-narkotik vasitə olan metamfetaminin məhv edilməsi hissəsində icra edilməsi Kürdəmir rayon icra və probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia, maddi ziyan, digər məhkəmə xərclərinin olmaması nəzərə alınmalıdır. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, məhkəməyədək icraat zamanı və məhkəmə istintaqında Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 9.32 qram narkotik vasitə qurudulmuş marixuananı xx.xx.2025-ci il tarixdə tanışı X1 40 manata aldığını etiraf etmişdir. Məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxsin ifadəsinin təsdiq və ya təkzib edilməsi üçün zəruri hesab edilən istintaq hərəkətləri aparılmamış, o cümlədən Təqsirləndirilən şəxs və X2 üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə qurudulmuş marixuananın xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkibdə olubolmamasını müəyyən etmək üçün ekspertiza təyin edilməmişdir. Odur ki, X2 əməlinə (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin tərkib əlamətlərinin olub-olmaması) hüquqi qiymət verilməsi üçün prosessual rəhbərliyi həyata keçirən Kürdəmir rayon prokuroruna göndərilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən məhkəmədə Təqsirləndirilən şəxs göstərilən 15 saat hüquqi yardıma görə 165 manat Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı və ev dustaqlığında olduğu 02 ay 28 gün müddət ona təyin edilmiş cəzadan çıxarılsın və üzərində qəti olaraq 09 (doqquz) ay 02 (iki) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli 19 avqust 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin, barəsində həbs qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalından həbs edilsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi Kürdəmir Rayon Polis Şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonra narkotik vasitə qurudulmuş marixuananın 8.91 qram qalığı hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut olan 02 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 31.95 (otuz bir manat doxsan beş qəpik) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilsin. Hökmün Təqsirləndirilən şəxs təyin edilmiş narkomaniya xəstəliyindən məcburi müalicə, ekspertiza xərcinin ondan tutulması hissəsində cəzaçəkmə müəssisəsinin rəhbərliyinə, narkoloji kabinetdə qeydiyyata alınması, maddi sübutun- kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın məhv edilməsi hissəsində icra edilməsi Kürdəmir rayon icra və probasiya şöbəsinə həvalə edilsin. İş üzrə mülki iddia, maddi ziyan, digər məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Məhkəmədə Təqsirləndirilən şəxs göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 165 (yüz altmış beş) manat xidmət haqqı ödənilsin. Hökmün surəti X2 əməlinə hüquqi qiymət verilməsi üçün prosessual rəhbərliyi həyata keçirən Kürdəmir rayon prokuroruna göndərilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Kürdəmir rayon məhkəməsi vasitəsi ilə, bilavasitə həbsdə saxlanıldığı və ya həbsdə saxlama yeri müdiriyyəti vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə Azərbaycan Respublikası CPM-nin 384.1-ci maddəsində nəzərdə tutulmuş müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar