Azərbaycan Respublikası adından HÖKM Kürdəmir rayon İş № 1(041)-11/2024 24.01.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi İmanov Xaliq Xalıq oğlunun sədrliyi Məhkəmə iclasının katibi Gülalıyev Orxan Vəzir oğlunun katibliyi X1 Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı Müdafiəçi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1990-cı il tarixdə Kürdəmir rayonu Pirili kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Kürdəmir rayonu Pirili kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 156.1-ci və 182.1-ci maddələri ilə ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2017-ci ildə “Facebook” sosial şəbəkəsi vasitəsilə tanış olduğu xx.xx.1971-ci il təvəllüdlü Türkiyə Respublikasının vətəndaşı Zərərçəkmiş şəxslə 2023-cü ilin yanvar ayında həmin sosial şəbəkədə “Nərmin Musavi” istifadəçi adı ilə qeydiyyatdan keçərək özünü “Nərmin” kimi təqdim edib münasibət yaratmış, daha sonra istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəsi ilə qeydiyyatdan keçdiyi “Whatsapp” mobil tətbiqi vasitəsilə Zərərçəkmiş şəxslə əlaqə saxlayaraq internet resurslarından götürdüyü qadın şəkillərini ona göndərməklə özünün qadın olduğuna inandıraraq sonuncudan çılpaq formada videogörüntüsünü göndərməsini istədiyinə görə Zərərçəkmiş şəxs cinsi ehtirasını nümayiş etdirdiyi seksual xarakterli videosunu ona göndərdikdən sonra həmin videonu 2023-cü ilin yanvar ayının sonlarında Kürdəmir rayonu Pirili kəndində yaşadığı evdən “Whatsapp” mobil tətbiqi vasitəsilə Zərərçəkmiş şəxs qardaşı Feyyaz Çeçenə göndərməklə Zərərçəkmiş şəxs şəxsi həyatının sirrini təşkil edən məlumatların əks olunduğu videogörüntünü sonuncunun məlumatı və razılığı olmadan iradəsinə zidd olaraq qəsdən yaymışdır. Bundan başqa o, “Nərmin Musavi” adı ilə “Whatsapp” mobil tətbiqində Zərərçəkmiş şəxs seksual xarakterli videosunu əldə etdikdən sonra sonuncu barəsində rüsvayedici məlumatları yayma hədəsi ilə özgənin əmlakını ələ keçirmək məqsədilə, eləcə də vahid niyyətlə əhatə olunan qəsdlə 2023-cü ilin yanvar ayında öz həqiqi kimliyini Zərərçəkmiş şəxs açıqlayıb həmin videonu yayaraq rüsvay edəcəyi ilə hədələməklə Zərərçəkmiş şəxs guya ona pul borclu olduğunu bəhanə gətirərək 4000 manat məbləğində pul tələb etmiş, Zərərçəkmiş şəxs tərəfindən hədə-qorxunun ciddi qəbul edilmədiyini və pul tələbinin yerinə yetirilmədiyini gördükdə isə cinayətkar niyyətini başa çatdırmaq məqsədi ilə Zərərçəkmiş şəxs şəxsi həyat sirrini təşkil edən videogörüntünü sonuncunun qardaşı Feyyaz Çeçenə göndərdikdən sonra, Zərərçəkmiş şəxs Feyyaz Çeçen vasitəsi ilə xx.xx.2023-cü il tarixdə bibisi nəvəsi Şahid1 məxsus “AZ08AİİB ********************” nömrəli bank hesabına göndərdiyi həmin dövrün məzənnəsi ilə 510 manat təşkil edən 300 ABŞ dolları məbləğində pul vəsaitini Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi ərazisində yerləşən “Sədərək Ticarət Mərkəzi”ndə olan bankomatdan, xx.xx.2023-cü il tarixdə qardaşı Şahid3 adına “Western Union” pul köçürmə sistemi vasitəsilə göndərdiyi həmin dövrün məzənnəsi ilə 850 manat təşkil edən 500 ABŞ dolları məbləğində pul vəsaitini, xx.xx.2023cü il tarixdə əmisi oğlu Şahid2 adına “Western Union” pul köçürmə sistemi vasitəsilə gördərdiyi həmin dövrün məzənnəsi ilə 850 manat təşkil edən 500 ABŞ dolları məbləğində pul vəsaitini, xx.xx.2023-cü il tarixdə Şahid2 adına “Western Union” pul köçürmə sistemi vasitəsilə göndərdiyi həmin dövrün məzənnəsi ilə 544 manat təşkil edən 320 ABŞ dolları məbləğində pul vəsaitini, 2023-cü ilin aprel ayında isə Şahid1 adına “Western Union” pul köçürmə sistemi vasitəsilə göndərdiyi həmin dövrün məzənnəsi ilə 1190 manat təşkil edən 700 ABŞ dolları məbləğində pul vəsaitini "xxxx" X6 şəhəri H.Əliyev prospektində yerləşən filialından əldə etməklə ümumilikdə 3944 manat təşkil edən 2320 ABŞ dolları məbləğində pulu Zərərçəkmiş şəxs hədə-qorxu ilə tələb etmə yolu ilə ələ keçirmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 156.1-ci və 182.1-ci maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, ailəsi ilə birlikdə Kürdəmir rayonunun Pirili kəndində yaşayır, fərdi əməklə məşğul olmaqla ailəsini dolandırır, iki uşağı var, həyat yoldaşı ilə münasibətləri baş tutmadığından ayrılmışlar, hazırda uşaqların saxlanması üçün aliment ödəyir. Təxminən 2017-ci ildə “Facebook” sosial şəbəkəsində Təqsirləndirilən şəxs adlı profili ilə Zərərçəkmiş şəxs adlı türk vətəndaşı ilə tanış olmuşdur. Aralarında gedən söhbət əsnasında Zərərçəkmiş şəxs tikinti sahəsində çalışdığını, bir müddət Bakıda işlədiyini, ondan sonra da Əlcəzair Respublikasında işlədiyini bildirmişdir. Aralarında dostluq münasibəti yarandıqdan sonra Zərərçəkmiş şəxs “Facebook” sosial şəbəkəsində onu öz qardaşı Feyyaz Çeçenlə (Fərhad) də tanış etmişdir. Zərərçəkmiş şəxs 2019-cu ilin sentyabr ayının əvvəllərində ondan qızının müalicəsi üçün 500 ABŞ dolları borc istədiyindən 19 sentyabr 2019-cu il tarixdə Bakı şəhəri Neftçilər metrosu yaxınlığında fəaliyyət göstərən lombardların birinə özünə məxsus təxminən 32 qram çəkidə olan qızılı girov qoyaraq 800 manat pul götürmüş və Zərərçəkmiş şəxs pulu lombarddan götürdüyünü, pulun üzərinə ayda 4% dəbbə pulu yazıldığını bildirmişdir. Zərərçəkmiş şəxs isə faizləri özü ödəyəcəyini bildirmişdir. Bundan sonra xx.xx.2020-ci il tarixdə 500 ABŞ dolları pulu Abdiyə göndərmiş, Zərərçəkmiş şəxs pulu 1 aya qaytaracağına dair söz versə də, həmin pulu qaytarmamışdır. Zərərçəkmiş şəxs hər dəfə pulunu tələb etdiyi vaxt müxtəlif bəhanələrlə onu aldatmışdır. 2020-ci ilin sonuna qədər lombarda aylıq faizləri ödəsə də, sonradan aylıq pulu ödəyə bilmədiyi üçün lombarda qoyduğu qızılları itirmişdir. Uzun müddət keçsə də, o, Zərərçəkmiş şəxs pulunu ala bilməmişdir. Abdinin onun pulunu qaytarmayacağını başa düşüb, 2023-cü ilin yanvar ayında “Facebook” sosial şəbəkəsində “Nərmin Musavi” istifadəçi adı ilə hesab yaradaraq Zərərçəkmiş şəxs yazmağa başlamış və Abdi ilə münasibət qurmuşdur. Bundan sonra “Whatsapp” tətbiqi üzərindən “*** *** ** **” nömrəsi ilə hesab yaradaraq Zərərçəkmiş şəxslə Nərmin adı ilə danışmağa başlayaraq Abdi ilə sevglisi kimi davranmışdır. Nərmin adı ilə danışaraq internet üzərindən götürdüyü qadın şəkillərini Abdiyə göndərmiş, bir müddət danışdıqdan sonra Abdidən çılpaq görüntülərini istəmiş, yarı çılpaq videosunu atandan sonra Abdiyə Nemət olduğunu bildirmişdir. Videonu əldə etdikdən sonra pulunu geri qaytarmayacağı təqdirdə çılpaq görüntülərini yayacağını bildirmiş və Abdidən itirdiyi qızılların dəyərində pul, yəni 4000 manat pul tələb etmişdir. Abdi onun sözlərinə fikir verməyərək onu blok etmişdir. Bundan sonra qeyd olunan videonu Abdinin qardaşı Feyyaza ataraq əlində videosunun olduğunu və pulunu atmalı olduğunu qeyd etmişdir. Abdi pulu atacağını bildirdiyi zaman o, bibisi nəvəsi Şahid1 zəng edib ona kartı atmasını, həmin karta dostunun pul göndərəcəyini bildirmişdir. xx.xx.2023-cü il tarixində bibisi nəvəsi Şahid1 məxsus “AZ08 AİİB 4501 0029 4404 4149 9223” hesabı olan kartın fotoşəkilini Abdiyə “Whatsapp” anı mesajlaşma tətbiqi üzərindən ataraq həmin hesab nömrəsinə 300 dollar köçürməli olduğunu bildirmişdir. Həmin karta gələn pulu nağdlaşdırmaq üçün Şahid1 Sədərək Ticarət mərkəzində işlətdiyi mağazaya gedərək onun Rabitə Bank kartı vasitəsilə mağaza yaxınlığında yerləşən Rabitə Bank terminalından istifadə edərək nağdlaşdırmışdır. Daha sonra qardaşı Şahid3 şəxsiyyət vəsiqəsini ataraq “Western Union” vasitəsilə göndərməsini tələb etmişdir. Abdi onun qardaşına xx.xx.2023-cü il tarixində 500 ABŞ dolları köçürmə etmişdir. 11 gün sonra o, Abdidən yenə pul tələb etmişdir. Abdi pulu atacağını bildirdiyi zaman o, əmisi oğlu Şahid2 şəxsiyyət vəsiqəsini ataraq “Western Union” vasitəsilə göndərməsini tələb etmişdir. Abdi əmisi oğluna xx.xx.2023-cü il tarixində 500 ABŞ dolları köçürmə etmişdir. O, 20 gün sonra yenə əmisi oğlunun hesabına köçürmə etməsini istəmiş və Abdi əmisi oğlunun hesabına xx.xx.2023-cü il tarixində 320 ABŞ dolları köçürmə etmişdir. Son köçürmədən təxminən 20 gün sonra o, Abdidən yenə pul tələb etmişdir. Abdi bu dəfə də pulu atacağını bildirdiyi zaman o, bibisi nəvəsi Şahid1 şəxsiyyət vəsiqəsini ataraq “Western Union” vasitəsilə göndərməsini tələb etmişdir. Zərərçəkmiş şəxs Şahid1 adına 400 ABŞ dolları köçürmə etmişdir. xx.xx.2023-cü il tarixində Abdi Şahid1 yenidən “Western Union” vasitəsilə 300 ABŞ dolları köçürmə etmişdir. Son ödənişi aldıqdan sonra bir-birilərini bloka atmışlar. O, Zərərçəkmiş şəxs adlı şəxsdən videosunu yayacağı ilə hədələyərək ümumilikdə 2320 ABŞ dolları almışdır. Qohumlarının pulların hardan gəldiyi haqqında məlumatı olmamışdır. O, qohumlarından gələn pulları çıxararaq ona vermələrini xahiş etmişdir. Zərərçəkmiş şəxs adlı şəxs ona 500 ABŞ dolları zərər versə də, lombarda qoyduğu 4000 manat dəyərində qızıl zinət əşyasını da itirmişdir. Lombardın pulunu ödəyib qızılı götürə bilmədiyinə görə qızılı lombardda qalmışdır. Zərərçəkmiş şəxs dayanmadan pul tələb etməkdə məqsədi dəymiş zərərin geri ödənməsi olmuşdur. Hazırda Zərərçəkmiş şəxs aldığı 3944 manat pulu tam şəkildə ödəmişdir, onlar barışmışlar, Zərərçəkmiş şəxs ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Əməlindən səmimi peşmançılıq çəkir, ilk dəfə cinayət törətməsini, dəymiş ziyanı ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbi olmamasını nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində tərcüməçinin iştirakı ilə videogörüntü vasitəsi ilə dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Türkiyə Respublikasının Mardin şəhərində yaşayır, ailəlidir, Təqsirləndirilən şəxs ilə sosial mediya vasitəsi ilə tanış olmuşdur. Təxminən 10 il əvvəl Azərbaycan Respublikasının Bakı şəhərində tikinti şirkətində işləmiş, Nemət atasının da həmin şirkətdə işlədiyini demişdir. Sonradan Nemətlə danışıb dost olandan sonra Nemətdən borca 500 ABŞ dolları pul istəmişdir. Nemət də razılaşıb 500 ABŞ dolları pul göndərmişdir, lakin bankdan 450 ABŞ dolları götürmüşdür. Bundan sonra Nemətə olan borcunu ödəyə bilməmişdir. Çünki həmin vaxt işdən çıxmış və maddi durumu aşağı olmuşdur. 2023-cü il isə Nemət ona Facebook sosial şəbəkəsindən yazaraq özünü Nərmin Musayeva kimi tanıtmışdır. Həmin profillə danışandan sonra lüt qız şəkillərini ona göndərdiyinə görə, öz yarım çılpaq videosunu hamam otağında çəkərək ona göndərmişdir. Bundan sonra Nemət adını açıqlamış və ondan 4000 manat pul istəmişdir. Həmin vaxt o qədər pulu olmadığına görə onun nömrəsini bloka atmışdır. Bu zaman Nemət onun qardaşı Fəyyaza (Fərhada) yazaraq onda videosunun olduğunu, pulu göndərməyəcəyi təqdirdə o videonu qohum əqrabasına göndərəcəyini demişdir. Buna görə də hissə-hissə pul düzəldib ona göndərmişdir. Nemətə ümumilikdə 2320 ABŞ dolları pul göndərmişdir. Fəyyazla Fərhad eyni adamdır, şəxsiyyət vəsiqəsində onun adı Fəyyazdır, lakin ailə arasında onu Fərhad kimi çağırırlar. Nemət ümumilikdə nə qədər onun soyadında qohum əqrabası varsa, hamısına salam yazmışdır ki, birdən ona göndərməsə həmin adamlara videosunu göndərsin. Nemət də həmin videonu qardaşı Fəyyaza göndərmişdir, Fəyyaza da o dediyinə görə, onun göndərdiyi adlara pul göndərmişdir. Şahid2, Şahid3 və Şahid1 tanımır, onlarla əlaqəsi yoxdur, onlara heç bir zaman danışmamışdır. Nemətə göndərdiyi videonu sistemdən pozdurmaq üçün 600 ABŞ dolları şirkətə vermişdir. Nemətlə birinci Facebook sosial şəbəkəsində daha sonra “Whatsapp” proqramı vasitəsi ilə danışmışdır. Nemətə 2320 ABŞ dolları göndərəndən sonra, onun nömrələrini bloka atmışdır. Hamam otağında çəkilmiş yarıçılpaq vəziyyətdə olan şəxs özüdür, həmin videonu Nemətə özü göndərmişdir. Ümumilikdə Təqsirləndirilən şəxs ondan hədə-qorxu ilə 2320 dollar, yəni 4000 manat məbləğində pul almışdır. Hazırda ona dəymiş ziyan tam şəkildə ödənilmişdir, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqında Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun anasının dayısı oğludur. Nemətlə ədavəti və düşmənçiliyi yoxdur. Təxminən 2023-cü ilin fevral ayında Təqsirləndirilən şəxs (*** *** ** **) ona “Whatsapp” ani mesajlaşma proqramı vasitəsilə yazaraq ona pul göndəriləcəyini bildirmiş və həmin pulu nağdlaşdırmaq üçün ondan Rabitə bank kartının şəkilini istəmişdir. 1 fevral 2023-cü il tarixdə Nemət Bakıya onun işlədiyi mağazaya gəldikdən sonra “İBAN (AZ08 AİİB 4501 0029 4404 4149 9223) ilə 500 AZN məbləğində pul köçürdüblər” demişdir. Nemətlə birlikdə işlətdiyi mağazanın yanında yerləşən Rabitə bank terminalı vasitəsilə ona məxsus “5354 6464 0109 4918” Rabitə bank kartı vasitəsilə həmin 500 AZN məbləğində pulu nağdlaşdırmışdır. 2023-cü ilin mart ayının axırlarında Nemət ona iş yoldaşının pul borclu olduğunu və o pulu nağdlaşdırmağı üçün onun şəxsiyyət vəsiqəsinə ehtiyacı olduğunu demişdir. Nemətə şəxsiyyət vəsiqəsinin şəkilini göndərmişdir. Bir neçə gün sonra “Western Union” vasitəsilə ona 400 ABŞ dolları məbləğində pul köçürüldüyünü demişdir. 10 aprel 2023-cü il tarixdə Nemət ona yenidən 300 ABŞ dolları məbləğində köçürtmə edildiyini və bu pulları nağdlaşdırıb ona verməsini xahiş etmişdir. Bir müddət sonra Kürdəmir rayonuna getmiş və orada Nemət ilə görüşüb Kürdəmir şəhərində yerləşən Rabitə bankın filialına yaxınlaşıb “Western Union” vasitəsilə göndərilən təxminən 700 ABŞ dollarını yəni 1189 AZN məbləğində pulu nağdlaşdıraraq Nemətə əlbəəl təqdim etmişdir. Nemətin göstərdiyi ödəniş qəbzlərində qeyd olunan köçürmələrdə Feyyaz Çeçen adlı şəxsdən gəldiyini görsə də, həmin şəxslə bağlı heç bir məlumatı olmamışdır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs hədə qorxu gəlməsi barədə heç bir söz demədiyindən bu barədə məlumatı olmamışdır. Lakin Bakı şəhərində polis idarəsində izahat verərkən Nemət Abdin adlı türk vətəndaşına hədə qorxu gəlib ondan pul tələb edib, həmin pulun bir hissəsinin onun kart hesabına, digərləri isə onun adına köçürüldüyünü öyrənmişdir. Məhkəmə istintaqında Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun əmisi oğludur, Zərərçəkmiş şəxs isə tanımır. 19 fevral 2023-cü il tarixdə əmisi oğlu Təqsirləndirilən şəxs (*** *** ** **) ona “Whatsapp” ani mesajlaşma proqramı vasitəsilə yazaraq iş yoldaşının pul borclu olduğunu və həmin pulu nağdlaşdırması üçün onun şəxsiyyət vəsiqəsinə ehtiyacı olduğunu bildirmişdir. O, öz şəxsiyyət vəsiqəsini Nemətə göndərmişdir. 20 fevral tarixdə Nemət ilə Kürdəmir şəhərində yerləşən Rabitə bankın filialına yaxınlaşıb şəxsiyyət vəsiqəsini göstərdikdən sonra “Western Union” vasitəsilə ona 500 ABŞ dolları məbləğində pul köçürüldüyünü demişdir. Daha sonra Rabitə bankdan götürdüyü 500 ABŞ dollarını yəni 845 AZN məbləğində pulu Nemətə vermişdir. 10 mart 2023-cü il tarixdə Nemət yenidən ona şəxsiyyət vəsiqəsi vasitəsilə ona 320 ABŞ dolları köçürüldüyünü deyib həmin pulu çıxardıb ona verməsini xahiş etmişdir. Daha sonra Nemət ilə yenidən Kürdəmir şəhərində yerləşən Rabitə bankın filialına yaxınlaşıb ona göndərilmiş təxminən 505 AZN məbləğində pulu nağdlaşdıraraq Nemətə təqdim etmişdir. Nemət birinci köçürülən pulun borc olduğunu bildirsə də, ikinci köçürmə ilə bağlı heç bir məlumat verməmişdir. Nemətin ona göstərdiyi ödəniş qəbzlərində qeyd olunan köçürmələrdə Feyyaz Çeçen adlı şəxsdən gəldiyini görsə də, həmin şəxslə bağlı heç bir məlumatı yoxdur. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs hədə qorxu gəlməsi barədə heç bir söz demədiyindən bu barədə məlumatı olmamışdır. Məhkəmə istintaqında Şahid3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun doğma qardaşıdır. Zərərçəkmiş şəxs isə tanımır. 9 fevral 2023-cü il tarixdə qardaşı Təqsirləndirilən şəxs (*** *** ** **) evdə olarkən ona iş yoldaşı pul borclu olduğunu və o pulu nağdlaşdırması üçün onunşəxsiyyət vəsiqəsinə ehtiyacı olduğunu demişdir. O, şəxsiyyət vəsiqəsini Nemətə vermişdir. Biraz keçəndən sonra Nemət “Western Union” ödəniş sistemi vasitəsilə ona 500 ABŞ dolları məbləğində pul köçürdüldüyünü demişdir. Nemət ondan bu pulu nağdlaşdırıb ona verməsini xahiş etmişdir. Həmin gün təxminən saat 18:00 radələrində Nemət ilə Kürdəmir şəhərində yerləşən Rabitə bankın filialına yaxınlaşmış və “Western Union” vasitəsilə göndərilən təxminən 845 AZN məbləğində pulu nağdlaşdıraraq Nemətə əlbəəl təqdim etmişdir. Bundan sonra qardaşı Nemət ödənişin qəbzini göstərdikdə həmin pulun Zərərçəkmiş şəxs adlı şəxsdən gəldiyini görmüşdür. Qeyd olunan şəxslə heç bir tanışlığı yoxdur. Nemət ona köçürtmə ilə bağlı başqa heç bir məlumat verməmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs hədə qorxu gəlməsi barədə heç bir söz demədiyindən bu barədə məlumatı olmamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: - Kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 581 saylı rəyindən görünür ki, məhkəmə-psixiatrik: Ekspert komissiyası cinayət işi materiallarının, həmin cinayət işindəki tibbi sənədlərin , toplanmış anamnestik məlumatların, həmçinin hal-hazırkı ambulator məhkəmə psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin bütün nəticələrinin tədqiqi və hərtərəfli təhlili sayəsində yekun nəticəyə gələrək qarşıya qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: 1.Təqsirləndirilən şəxs hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirməməsi səbəbindən cinayəti törədən zaman o, öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ya onu idarə etmək qabiliyyətində olmuşdur. 2.Təqsirləndirilən şəxs xroniki psixi xəstəlikdən, psixi fəaliyyətin müvəqqəti pozulmasından, kəmağıllıq və ya sair psixi xəstəlik keçirməməsi səbəbindən hal-hazırda istintaqa düzgün ifadə vermək qabiliyyətindədir. 3.4.Təqsirləndirilən şəxs psixi xəstəlik keçirmədiyindən onun məcburi müalicəyə ehtiyacı yoxdur. 5.Təqsirləndirilən şəxs öz əməlinin faktiki xarakterini və içtimai təhlükəliliyini dərk etmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni ANLAQLİ olmuşdur. Onun əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Məhkəmə-psixoloji: 1.Təqsirləndirilən şəxs cinayət hadisəsi törədərkən fizioloji affekt vəziyyətində olmamışdır (keçirməmişdir) ( bax İ cild, iş vərəq 239-242) - Azərbaycan Respublikası Mərkəzi Bankının “cbar.az” saytından 1 ABŞ dollarının xx.xx.2023-cü il tarixə,xx.xx.2023-cü il tarixə,xx.xx.2023-cü il tarixə,xx.xx.2023-cü il tarixə olan məzənnəsi yoxlanılmış və 1 ABŞ dollarının 1.7000 manat olması müəyyən edilmişdir (cild 1, iş vərəq 219-223). -“İN-WEST” şirkətindən alınmış cavaba əsasən 583 əyyarlı qızılın bir qramının 2019cu ilin sentyabr ayı üçün dəyəri 75 manat olmuşdur. (cild 1, iş vərəq 234) -Kürdəmir Rayon İcra Hakimiyyəti Başçısının Pirili kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur (bax cild 1, iş vərəq 237). -iş üzrə verilmiş əməliyyat tapşırığının cavabından görünür ki, Kürdəmir rayonu Pirili kəndində qeydiyyata olan və yaşayan Təqsirləndirilən şəxs, “Facebook” sosial şəbəkəsində tanış olduğu Türkiyə Respublikası vətəndaşı Zərərçəkmiş şəxs ilə 2023-cü ilin yanvar ayında istifadə etdiyi ***-***-**-** nömrəsi ilə qeydiyyatdan keçdiyi “whatsapp” ani mesajlaşma proqramı vasitəsilə əlaqə saxlayaraq internet resurslarından götürdüyü qadın şəkillərini ona göndərməklə özünü “Nərmin” adı ilə təqdim edib inandıraraq ondan çılpaq formada videogörüntüsünü göndərməsini istəmiş, Zərərçəkmiş şəxs bədənin yuxarı hissəsi paltarsız formada dilini oynatdığı videonu Təqsirləndirilən şəxs göndərdikdən sonra sonuncu, barəsində rüsvayedici məlumatları yayma hədəsi ilə ondan pul tələb etmək niyyəti ilə Zərərçəkmiş şəxs həmin videonu göndərərək barəsində rüsvayedici məlumat hesab etdiyi həmin videonu yayacağı ilə hədələyərək ondan 4000 manat pul tələb etmiş, videogörüntünü qardaşı Çeçen Fərhada göndərdikdən sonra onun 01 fevral 2023-cü il tarixdən 10 aprel 2023-cü il tarixədək “Western Union” pul köçürmə sistemi vasitəsilə göndərdiyi həmin dövrün məzənnəsi ilə 3944 manat təşkil edən 2320 ABŞ dolları məbləğində pulu ələ keçirmişdir. Təqsirləndirilən şəxs ilə qabaqcadan əlbir olan olmamışdır. Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami rayonu R.Rüstəmov küçəsi ev 13/ada yerləşən lombarda özünə məxsus 31.34 qram çəkidə 583 əyyarlı qızıl zinət əşyalarını girov qoyaraq 800 manat pul götürmüşdür. Həmin pulu 2020-ci ildə Zərərçəkmiş şəxs Azərtük Bank ASC vasitəsi ilə göndərmişdir. Təqsirləndirilən şəxs lombarda qoyduğu qızıl zinət əşyaları borcunu ödəmədiyinə görə lombardın hesabına keçmişdir (cild 1, iş vərəq 224). -Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəq 153). -Kürdəmir rayon mərkəzi xəstəxanası publik hüquqi şəxsindən daxil olan xx.xx.2023cü il tarixli, PHŞ-6-49/2-436/2023 nömrəli məktubdan görünür ki, Hüseynov X4 rayon mərkəzi xəstəxanası publik hüquqi şəxsin poliklinika şöbəsində həkim narkoloqun və psixiatrın qeydiyyatında yoxdur (cild 1, iş vərəq 181). -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu 1 saylı X7 Filialından daxil olmuş xx.xx.2023-cü il tarixli 3-17- 1/2-174707/2023 nömrəli məktuba əsasən Təqsirləndirilən şəxs əlilliyə görə pensiya və ya sosial müavinət ödənilmir (cild 1, iş vərəq 187). -Zərərçəkmiş şəxs Azərbaycan Respublikası Baş Konsulluğuna yazdığı müraciətinə əlavə edilən qəbzlərdən görünür ki, xx.xx.2023-cü il tarixdə Şahid1 “Kapital Bank” hesabına 300 ABŞ dolları, xx.xx.2023-cü il tarixdə Şahid3 adına 500 ABŞ dolları, Şahid2 adına xx.xx.2023-cü il tarixdə 500 ABŞ dolları vəxx.xx.2023-cü il tarixdə 320 ABŞ dolları, xx.xx.2023-cü il tarixdə Şahid1 adına 300 ABŞ dolları köçürmələr edilmişdir (bax cild 1, iş vərəq 17-19, 23-24). -"xxxx" ASC-dən əldə olunmuş çıxarışlara əsasən Şahid2 adına xx.xx.2023-cü il tarixdə 500 ABŞ dolları, xx.xx.2023-cü il tarixdə isə 320 ABŞ dolları, Şahid3 adına olan xx.xx.2023-cü il tarixdə 500 ABŞ dolları, Şahid1 adına xx.xx.2023-cü il tarixdə 400 ABŞ dolları və 300 ABŞ dolları köçürülmüşdür (cild 1, iş vərəq 85-90). İş üzrə Zərərçəkmiş şəxs məhkəməyə ünvanladığı ərizəsində Təqsirləndirilən şəxs ilə barışdığını, ona vurulan ziyanın tam şəkildə ödənildiyini, heç bir şikayətinin və tələbinin olmadığını, həmçinin Təqsirləndirilən şəxs AR CM-nın 156.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməsinə etirazı yoxdur, Nemətin bağışlanmasını xahiş etmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Təqsirləndirilən şəxsə elan edilmiş ittihamlar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 156.1-ci maddəsindən (şəxsi və ailə həyatının sirri olan məlumatların, belə məlumatları əks etdirən sənədlərin, video və foto çəkilişi materiallarının, səs yazılarının yayılması, habelə satılması və ya başqasına verilməsi qanunsuz toplanılması) və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.1-ci maddəsindən (hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə) ibarətdir, məhkəmə istintaqında təqsirləndirilən şəxs ona elan edilmiş hər iki ittiham üzrə özünü təqsirli bilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsində göstərilir ki, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlanıla bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslə barışması, zərər çəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəməsi və zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbi olmaması ilə əlaqədar onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 156.1-ci maddəsi ilə icraata xitam verilməli və o, həmin maddə ilə cinayət məsuliyyətindən azad edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə elan edilmiş digər ittiham- hədə-qorxu ilə tələb etmə adlanan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.1-ci maddəsi ilə cəza təyin edərkən aşağıdakı hallara xüsusi diqqət yetirilməsini zəruri hesab edir. Məhkəmə istintaqında işin müəyyən edilən hallarından məlum olur ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs sosial mediya vasitəsi ilə tanış olmuş və aralarında dostluq münasibətləri yarandığından Zərərçəkmiş şəxs Nemətdən borca 500 ABŞ dolları pul istəmişdir. Təqsirləndirilən şəxs Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, ev 13/a-da yerləşən lombarda özünə məxsus 31.34 qram çəkidə 583 əyyarlı qızılzinət əşyalarını girov qoyaraq 800 manat pul götürmüş və həmin pulu 2020-ci ildə Zərərçəkmiş şəxs Azərtük Bank ASC vasitəsi ilə göndərmişdir. Zərərçəkmiş şəxs aldığı borc pulu vaxtında qaytarmadığı üçün Təqsirləndirilən şəxs lombarda qoyduğu qızıl zinət əşyaları borcunu ödəmədiyinə görə lombardın hesabına keçmişdir. B.M.Hüseynov Zərərçəkmiş şəxs verdiyi borc pulun qaytarılmayacağına tam əmin olandan sonra 2023-cü ilin yanvar ayında “Facebook” sosial şəbəkəsində “Nərmin Musavi” istifadəçi adı ilə hesab yaradaraq Zərərçəkmiş şəxs yazmağa başlamış, internet üzərindən götürdüyü qadın şəkillərini Abdiyə göndərmiş, bir müddət danışdıqdan sonra Abdidən çılpaq görüntülərini istəmiş, yarı çılpaq videosunu atandan sonra Abdiyə Nemət olduğunu bildirmişdir. Videonu əldə etdikdən sonra B.M.Hüseynov özgənin əmlakını deyil, verdiyi borcu, ödədiyi faizləri və lombardın hesabına keçmiş girov qızıl-zinət əşyalarının dəyərini tələb etmiş, Zərərçəkmiş şəxs bu dəfə də borcunu ödəməkdən yayınmaq məqsədilə onu blok etmişdir. Bundan əlavə, 182.1-ci maddə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin iqtisadi sahədə cinayətlər adlanan 9-cu bölməsinin mülkiyyət əleyhinə olan cinayətlər fəsilinə (23-cü fəsil) daxil edilməklə az ağır cinayətlər kateqoriyasına aid edilmişdir. Son illərdə dövlət idarəçilik sisteminin müasirləşdirilməsi, məhkəmə-hüquq islahatları və cəzaların icrası sahəsində həyata keçirilən tədbirlərin ən mühüm hissəsini cəza siyasətinin humanistləşdirilməsi, cinayətlərin dekriminallaşdırılması təşkil edir. Cinayət-hüquq siyasətinin liberallaşdırılması istiqamətində həyata keçiriləcək hüquqi islahatların yeni mərhələsinin başlanğıcını qoyan “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il Sərəncamının 13-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Sərəncamın 10-cu bəndində cəza siyasətinin humanistləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə və Azərbaycan Respublikasının Baş Prokurorluğuna tövsiyə edilmiş və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə tapşırılmışdır ki, aşağıdakı istiqamətlərdə qanun layihələrini hazırlayıb iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsinlər: 10.1. cinayətlərin, xüsusilə iqtisadi fəaliyyət sahəsində cinayətlərin dekriminallaşdırılması; 10.2. cinayətlərin sanksiyalarına azadlıqdan məhrum etməyə alternativ cəzaların əlavə olunması və mövcud alternativ cəzaların tətbiqi əsaslarının təkmilləşdirilməsi; 10.3. törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsaslarının müəyyən olunması; 10.4. azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsini daha yüngül cəza ilə əvəz etmə, cəzanın çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad etmə və şərti məhkum etmə institutlarının daha geniş tətbiq edilməsi; 10.5. həbsə alternativ olan qətimkan tədbirinin tətbiq edilməsi hallarının genişləndirilməsi, həbsin alternativ qətimkan tədbirləri ilə əvəz edilməsi qaydasının sadələşdirilməsi, böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə həbs qətimkan tədbirinin seçilməsi əsaslarının daha da məhdudlaşdırılması. Məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsə cəza təyin edilərkən qanunvericiliyin yuxarıda şərh edilən müddəaları da nəzərə alınmalıdır. İnsan Hüquqları və X2 Haqqında Konvensiyanın 6-ci maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci bəndində göstərilir ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmalıdır. Həmin Məcəllənin CM-nin 41.2-ci maddəsin əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdər hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəratinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.1-ci maddəsinə əsasən cəza təyin edərkən onun əməlindən səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunması (CM-nin 59.2-ci maddəsi), hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayətin törədilməsini (CM-nin 59.1.1-ci maddəsi), cinayətin zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərinin (aldığı borcu qaytarmaqdan imtina etməsi) təsiri altında törədilməsini (CM-nin 59.1.8-ci maddəsi), zərərçəkmiş şəxslə barışıq əldə edilməsini (CM-nin 59.1.12-ci maddəsi), cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini (CM-nin 59.1.13-cü maddəsi) cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Onun Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Cinayət hüquq nəzəriyyəsinə görə cəzanı yüngülləşdirən hallar dedikdə, təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin və cinayətin təhlükəliliyini azaldan, cinayət tərkibindən kənarda qalan, lakin qanunda nəzərdə tutulan müxtəlif hallar başa düşülməlidir. Cəzanı yüngülləşdirən halların cinayət-hüquqi əhəmiyyəti ondan ibarətdir ki. onlar: əməlin tövsif edildiyi maddənin sanksiyasına uyğun seçilən cəza növünün aşağı həddinə yaxın həddə cəza təyin etməyə; alternativ sanksiyaya malik maddələrlə məsuliyyət həll edilərkən daha yüngül sayılan cəza növünü seçməyə; qanunda nəzərdə tutulan daha yüngül cəza təyin etməyə (CM-nin 62-ci maddəsi); şərti məhkum etmə institutunu tətbiq etməyə (CM-nin 70-ci maddəsi) hüquq verir. Cinayət qanunvericiliyinin cəza təyin etmənin ümumi prinsiplərini müəyyən edən CMnin 8.1-ci, 9.2-ci, 41.2-ci və 58.3-cü maddələrinə əsasən məhkəmələr cəza təyin edərkən hər bir halda cinayət törətmiş şəxsin şəxsiyyətini, törədilmiş əməlin ictimai təhlükəlilik dərəcəsini, cinayətin xarakterini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaqla, törədilmiş cinayətə görə elə ədalətli cəza təyin etməlidir ki, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olsun. Məhkəmə yuxarıda qeyd edilən cəzanı yüngülləşdirən halları və CM-nin 61-ci maddəsi ilə müəyyən edilmiş cəzanı ağırlaşdıran halların müəyyən edilməməsini Təqsirləndirilən şəxs şəxsiyyətini səciyyələndirən, onun özünün və törətdiyi əməlin ictimai təhlükəliliyini azaldan hallar kimi qəbul edərək, bu halları onun təyin olunmuş cəzanı çəkmədən islah olunmasının mümkünluyünü təsdiq edən amillər kimi qiymətləndirir. Yuxarıda qeyd olunan qanun normasının tələblərinə görə təqsirləndirilən şəxsə məhz hansı cəzanın təyin edilməli olduğunu müəyyən etmək üçün məhkəmə cinayət qanununun törədilmiş əmələ görə cinayət məsuliyyəti nəzərdə tutan normasının sanksiyasını, konkret cəza növünün təyin olunması şərtlərini, habelə cinayət qanunun cəza təyin etmənin əsaslarını müəyyən edən normalarını (CM-nin 58-71 və 85-86-cı maddələri) rəhbər tutur. İttiham hökmü çıxarılarkən cəza təyin etmə məsələsi ən mühüm məsələ olduğundan, məhkəmə cinayət qanunun bütün tələblərini nəzərə almaqla, cəzanın fərdiləşdirilməsi prinsiplərindən istifadə etməklə ədalətli, qanuni və layiqli cəza təyin etməli və bu zaman cəzanın məqsədlərinə nail olunması da diqqət mərkəzində olmalıdr. Təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın çəkilməli olub-olmadığı haqqında məsələnin həlli zamanı məhkəmə cəzanın şərti olaraq tətbiq edilməsi (CM-nin 70-ci maddəsi), xəstəliyə görə cəza çəkməkdən azad etmə üçün (CM-nin 78-ci maddəsi), habelə cəzanın çəkilməsinin təxirə salınması üçün (CM-nin 79-cu maddəsi) əsasların olub-olmadığını müəyyən edir. Təqsirləndirilən şəxs təqsirləndirilən maddənin sanksiyasında nəzərdə tutulan yeganə cəza növü olan azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyətini, törətdiyi əməlin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, həmçinin yuxarıda qeyd edilən yüngülləşdirici halları nəzərə alıb, onun cəza çəkmədən islah olunmasını mümkün sayaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən sınaq müddəti müəyyən edilməklə ona təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsini qanuna müvafiq hesab edir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunmuş azadlıqdan məhrumetmə cəzasının sınaq müddəti ilə şərti tətbiq edilməsi, sosial ədalətin bərpası, məhkumun islah olunması və ailəsinin həyat şəraitinə təsiri, habelə cinayət qanunvericiliyinin cəza təyin edilərkən humanizm, ədalətlilik, cəzanın fərdiliyi və cəzanın törədilmiş cinayətlərin ağırlığına uyğunluğu prinsipləri baxımından da məqsədəuyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsində göstərilir ki, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. 70.2. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. 70.3. Şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. 70.5. Məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. Qeyd edilən qanun normalarının məzmunundan göründüyü kimi, qanunvericilik şərti məhkum etmənin əsasını məhkumun cəza çəkmədən islah olunmasının mümkünlüyü ilə şərtləndirmiş və şərti məhkum etmənin tətbiq edən zaman nəzərə alınmalı məsələlərin dairəsini müəyyən etmişdir. Məhkəmə yuxarıda qeyd olunan qənaətə gələrkən həmçinin onu əsas tutur ki, cinayət nəticəsində təyin olunan cəza - sosial ədalətin bərpasına, məhkumun islah edilməsi həm məhkumlara, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq üçün zəruri şəraitin yaradılmasına yönəlməlidir. Cinayətkarlıqla mübarizədə cinayətə görə cəzanı əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan tədbir kimi nəzərə alınmalı, əsas diqqət isə sosial-iqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməlidir. Həmin tədbirlər gözlənilən nəticəni vermədikdə, yalnız bundan sonra son tədbir kimi cinayət – hüquqi təsir tədbirləri tətbiq olunmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli qərarının 25-ci bəndində göstərilir ki, şərti məhkum etmə haqlarında yalnız CM-nin 70-ci maddəsində göstərilən cəzaların təyin olunduğu şəxslər haqqında tətbiq oluna bilər. Şərti məhkumetmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədinə cavab verməlidir. Ona görə də məhkəmələr zəruri olduqda işin konkret hallarını, təqsirkarın şəxsiyyətini onun ailədə davranışını və s. nəzərə alaraq məhkumun üzərinə CM-nin 70.5-ci maddəsində göstərilməyən vəzifələri də qoya bilər. Cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir. Məhkəmə hesab edir ki, sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışına nəzarəti hazırda yaşadığı yer üzrə Kürdəmir rayon icra və probasiya şöbəsinə həvalə edilməli və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinin tələbinə əsasən sınaq müddəti ərzində məhkum olunmuş şəxsə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 181.1-ci maddəsinə əsasən sınaq müddəti məhkəmənin hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablanır. Məhkəmə, CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından maddi sübutlar məsələsinin necə həll edilməli olması məsələsinə baxaraq bu nəticəyə gəlir ki, iş üzrə maddi sübut olan Zərərçəkmiş şəxs özünü yarı çılpaq formada çəkdiyi videonun əks olunduğu 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalı, Kürdəmir rayon prokurorluğunun maddi sübutların saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs məxsus Redmi MİA 1 markalı mobil telefon hökm qanuni qüvvəsini aldıqdan sonra sahibinə qaytarılmalıdır. Cinayət işinin materiallarından görünür ki, Kürdəmir rayon Məhkəməsinin 4(041)- 90/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan seçilmiş, həbsdə saxlama müddətinin əvvəli 20 iyul 2023-cü il tarixdən hesablanmışdır. Məhkəmə, CPM-in 346.1.20-ci maddəsinin tələblərinə əsasən seçilmiş qətimkan tədbirinin ləğv edilməli və ya dəyişdirilməli olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməli və məhkəmə iclas zalında həbsdən dərhal azad edilməli, həmçinin barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, CPM-in 346.1.21-ci maddəsinin tələblərinə əsasən məhkəmə məsrəflərinin kimin üzərinə və hansı məbləğdə qoyulmalı olduğu məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 50 (əlli) manat məbləğində məhkəmə məsrəfi (ekspertiza xərci) tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına ödənilməlidir. İş üzrə vurulmuş 3944 manat maddi ziyanın tam olaraq ödənilməsi nəzərə alınmalıdır. İş üzrə mülki iddia və digər məhkəmə xərclərinin olmaması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən məhkəmədə Təqsirləndirilən şəxs göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi 90 (doxsan) manat məbləğində xidmət haqqı ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 156.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair hissədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışması və ona dəymiş ziyanı tamamilə ödəməsi əsası ilə icraata xitam verilsin və o, həmin maddə ilə cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs CM-nin 182.1-ci maddəsi ilə təyin edilmiş 03 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası CM-nin 70-ci maddəsinə əsasən 02 (iki) il sınaq müddəti təyin edilməklə şərti olaraq tətbiq edilsin. Sınaq müddəti hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Sınaq müddəti ərzində məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulsun. Şərti məhkum edilmiş Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Kürdəmir rayon icra və probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv olunsun və o, məhkəmə iclas zalında həbsdən dərhal azad edilsin, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs 50 (əlli) manat məhkəmə məsrəfi (ekspertiza xərci) tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına ödənilsin. İş üzrə maddi sübut olan Zərərçəkmiş şəxs özünü yarı çılpaq formada çəkdiyi videonun əks olunduğu 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Kürdəmir rayon prokurorluğunun maddi sübutların saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs məxsus Redmi MİA 1 markalı mobil telefon hökm qanuni qüvvəsini aldıqdan sonra sahibinə qaytarılsın. İş üzrə vurulmuş 3944 manat maddi ziyanın tam olaraq ödənilməsi, mülki iddia və digər məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Məhkəmədə Təqsirləndirilən şəxs göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi 90 (doxsan) manat xidmət haqqı ödənilsin. Hökm ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə Azərbaycan Respublikası CPM-nin 384.1-ci maddəsində nəzərdə tutulmuş müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hökmdən 20 gün müddətində Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. SƏDRLİK EDƏN X.X.İMANOV
Məhkəmə qərarları › İş №1(041)-11/2024
Kürdəmir Rayon Məhkəməsi Hökm — İş №1(041)-11/2024
24.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver