Məhkəmə qərarları › İş №1(041)-116/2024

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №1(041)-116/2024

09.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 1(041)-116/2024 09.10.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi İmanov Xaliq Xalıq oğlunun sədrliyi, məhkəmə iclas katibi Gülalıyev Orxan Vəzir oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Zərərçəkmiş şəxs, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1989-cu il tarixdə Kürdəmir rayonunda anadan olmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşqul olan, Kürdəmir rayonu Şıxımlı kəndində qeydiyyatda olmaqla yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına məhkəmənin inzibati binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə məhkəməyədək sadələşdirilmiş icraatın aparılmasının nəticələrinə dair yekun protokoluna əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxs Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 14 radələrində Kürdəmir şəhəri Bakı prospektində sürücüsü, dövlət qeydiyyat nömrəsi və markası məlum olmayan avtomobildə, arvadı Zərərçəkmiş şəxs onu spirtli içkiyə qurşanması barədə qardaşı və anasına xəbər verməsi səbəbindən şəxsi münasibətlər zəmnində aralarında yaranmış mübahisə zamanı yumruqla Zərərçəkmiş şəxs sifət və baş nahiyyəsinə qəsdən bir neçə dəfə vuraraq və əli ilə saçını yolaraq ona burnunu sol yan hissəsində qançırla müşayət olunan sağlamlığa zərərvurmayan xəsarət və başın sol təpə nahiyyəsində hemotoma ilə müşayət olunan sağlamlığın qısa müddət pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərərvurmaya aid edilən xəsarətlər yetirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs ilə 2010-cu ildə nikahlarını qeyd etdirməklə ailə həyatı qurmuşlar, birgə nikahlarından doğulmuş 3 uşaqları var, ailə münasibətləri baş tutmadığından nikahları 2020-ci ildə məhkəmə qətnaməsinə əsasən pozulmuşdur. 2024cü ilin may ayından yenidən qeyri-rəsmi olaraq bir yerdə yaşamağa başlamışlar. Bir müddət əvvəl Ulduzənin onu spirtli içkiyə qurşanması barədə qardaşı və anasına xəbər verdiyini eşitmişdir. Buna görə xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs işlədiyi Kürdəmir rayonu Xırdapay kəndi ərazisində yerləşən “Naftalan” ailəvi istirahət mərkəzinə gedib Ulduzayə yalandan uşağın xəstə olduğunu demiş, Ulduzadə işdən icazə alıb taksiyə əyləşərək ev tərəfə gedərkən yolda onun içki içməsini qardaşına və anasına deməsini irad tutmuş, Ulduzadə ona cavab qaytardığı üçün aralarında mübahisə baş vermiş və mübahisə vaxtı əsəbləşərək yumruqla bir neçə dəfə Ulduzənin başına, sifətinə vuraraq əli ilə onun saçlarından tutub yolmuşdur. Zərərçəkmiş şəxs vurarkən orada onlardan və taksi sürücüsündən başqa heç kəs olmamışdır. Sonradan etdiyi hərəkətlərə görə peşman olmuş, arvadı Zərərçəkmiş şəxs ilə barışmış, zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəmiş, Ulduzə onu bağışlamışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, Kürdəmir rayonu Xırdapay kəndi ərazisində yerləşən “Naftalan” ailəvi istirahət mərkəzində aşbaz işləyir, Təqsirləndirilən şəxs onun keçmiş əridir, 3 uşaqları var, ailə münasibətləri baş tutmadığından ayrılmışlar, lakin sonradan uşaqlarına görə ailə münasibətlərini bərpa edib bir yerdə yaşamağa başlamışlar. Onlar barışdıqdan sonra Təqsirləndirilən şəxs spirtli içkiyə maraq göstərdiyi üçün münasibətləri yenidən pozulmuş və bu barədə İlkinin ailəsinə məlumat vermişdir. xx.xx.2024-cü il tarixdə saat 13 radələrində İlkin ona zəng edərək uşağının xəstə olduğunu, taksi ilə işlədiyi yerin yanında onu gözlədiyini bildirmişdir. İşdən icazə alıb İlkinlə birlikdə taksi ilə evlərinə gedərkən yolda keçmiş əri ona spirtli içki qəbul etməsini qardaşına və anasına deməsinə görə onunla mübahisə etmiş, mübahisə vaxtı yumruqla onun başına, sifətinə bir neçə dəfə vuraraq əli ilə saçından tutub yolmuşdur. Bundan sonra taksidən düşərək Kürdəmir RPŞ-nə getmiş və baş verənlər barədə ərizə yazmışdır. Hadisə zamanı orada onlardan və taksi sürücsündən başqa heç kəs olmamışdır. Hazırda Təqsirləndirilən şəxsla barışmış, ona dəymiş ziyanı tamamilə ödədiyi üçün onu bağışlamışdır. Ondan heç bir şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək, cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs, Təqsirləndirilən şəxs ilə barışdığını, onu bağışladığını, hazırda ona qarşı heç bir şikayət və tələbi olmadığını bildirərək məhkəmədən onun barəsində olan işin icraatına xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan, məhkəmə-tibb ekspertizasının xx.xx.2024-cü il tarixli 417 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər- başın sol təpə nahiyyəsində hemotoma, burnun sol yan hissəsində qançır, həmin xəsarətlər küt əşya təsirindən törənmiş, müddəti xx.xx.2024-cü il tarixinə uyğundur, ağırlıq dərəcəsinə görə burnun sol yan hissəsində qançır sağlamlığa zərərvurmayan xərarət olduğu üçün dərəcəsi təyin edilmir, başın sol təpə nahiyyəsində hemoyoma isə sağlamlığın qısa müddət pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli cinayət təqibinə hissəvi xitam verilməsi haqqında qırardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə cinayət təqibinə hissəvi xitam verilmişdir. İş materiallarında olan, Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli təhqiqat orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.2.2-ci və 43.3-cü maddələrinə əsasən cinayət qanunu ilə nəzərdə tutulan əməli törədən şəxsin zərərçəkmiş şəxslə barışması cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hal kimi nəzərdə tutulmuşdur. Həmin halın mövcudluğu cinayət təqibinə xitam verilməsi üçün əsas ola bilər. Həmin Məcəllənin 43.3-cü maddəsində göstərilir ki, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmişşəxs zərərçəkmişşəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 15.2-ci maddəsinə görə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdıqlarını, dəymiş ziyanın am şəkildə ödənildiyini və heç bir şikayəti və tələbi olmadığını bildirmişdir. Məhkəmə, cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxsin zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəməsini və onların məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsi haqqında ərizələrini nəzərə alaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsini məqsədəmüvafiq hesab edir. İş üzrə maddi sübut, mülki iddia, ekspertiza və digər məhkəmə xərcləri yoxdur. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiə edilməsi üçün Müdafiəçi 6 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat hər iş saatı üçün Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitsilə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğin miqdarı haqqında» 03 may 2018-ci il tarixli, 202 nömrəli qərarına əsasən Müdafiəçi dövlət hesabına hər iş saatına 6 manat hesab edilməklə sərf etdiyi 6 saat üçün cəmi 36 manat məbləğində əmək haqqı ödənilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.2.2, 43.3, 321.2.1 və 356, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışması və zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəməsi ilə əlaqədar onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə olan məhkəməyədək sadələşdirilmiş icraatın materialı üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. İş üzrə mülki iddia, maddi sübut, ekspertiza və digər məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Məhkəmədə Təqsirləndirilən şəxs göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi 36 (otuz altı) manat məbləğində pul ödənilsin. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərar ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə Azərbaycan Respublikası CPM-nin 384.1-ci maddəsində nəzərdə tutulmuş müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar