Məhkəmə qərarları › İş №1(041)-117/2023

Kürdəmir Rayon Məhkəməsi Hökm — İş №1(041)-117/2023

21.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Kürdəmir rayon İş № 1(041)-117/2023 21.12.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Azərbacan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Müdafiəçi2 iştirakı ilə xx xxxxxx 1989-cü ildə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, xx.xx.2022-ci il tarixdə Kürdəmir rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirli bilinərək 03 ay 10 azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş, subay, Kürdəmir rayonu Atakişili kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan, istintaqa məlum olmayan vaxtda və mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda ümumi təmiz çəkisi 0.240 qram, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin və psixotrop maddələrin siyahısı”na daxil olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini qanunsuz əldə edib daşıyaraq üzərində saxlamış, xx.xx.2023-cü il tarixdə saat 10:00 radələrində Kürdəmir RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı Kürdəmir şəhəri H.Əliyev prospektində saxlanılaraq rayon polis şöbəsinə gətirildikdən sonra üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarın sağ ön kiçik cibindən bir ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 0.240 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ona elan olmuş ittiham üzrə təqsirli bilərək göstərdi ki, o, narkotik vasitələrdən istifadə edir. xx.xx.2023-cü il tarixdə saat 20 radələrində Kürdəmir şəhəri, M.Ə.Sabir küçəsində yerləşən “Kolxoz bazarı”nın arxası ilə evinə gedərkən yerdə 01 ədəd gümüşü rəngli kağız büküm görmüşdür. Həmin bükümü götürüb içərisinə baxdıqda narkotik vasitə “kakos”, yəni heroin olmasını görmüşdür. Arada istifadə etmək üçün həmin bükümü cibinə qoyub evinə getmişdir. xx.xx.2023-cü il tarixdə saat 10 radələrində Kürdəmir şəhəri, H.Əliyev prospektində piyada olan zaman Kürdəmir RPŞ-nin əməkdaşları yaxınlaşaraq narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək Kürdəmir RPŞ-yə gətirmişlər. Kürdəmir RPŞdə şübhəli şəxs qismində tutulmuş və seçdiyi müdafiəçi ilə təmin olunmuşdur. Bundan sonra üzərində videoçəkiliş vasitəsi ilə şəxsi axtarış aparılmağa başlanılmış, üzərində narkotik vasitə olub-olmaması soruşulmuş və əgər varsa təqdim etməsi bildirilmişdir. Bu təklifdən sonra əynində olan göy rəngli cins şalvarının ön kiçik sağ cibindən 01 ədəd gümüşü rəngli kağız bükümü çıxarıb təqdim etmiş və içərisində “kakos” yəni narkotik vasitə heroin olmasını bildirmişdir. Bundan sonra müstəntiq tərəfindən üzərinə şəxsi axtarış keçirilmiş, başqa heç bir əşya və predmet aşkar edilməmişdir. Təqdim etdiyi bükümə müstəntiq tərəfindən baxış keçirilən zaman içərisində qəhvəyimtil rəngli narkotik vasitə heroinə bənzər kütlə olduğu müəyyən edilmişdir. Həmin büküm içərisindəki kütlə ilə birlikdə müstəntiq tərəfindən “Çin” istehsalı olan elektron tərəzidə çəkilmiş və təxmini çəkisinin 0.3 qram olması müəyyən edilmişdir. Təqdim etdiyim 01 ədəd gümüşü rəngli kağız büküm içərisindəki kütlə ilə birgə qablaşdırılmış, üzəri yazıldıqdan sonra möhürlənərək ekspertizaya təqdim olunması üçün götürülmüşdür. Üzərindən aşkar olunan 0.240 qram çəkidə olan narkotik vasitə heroin özünündür. Həmin heroini xx.xx.2023-cü il tarixdə saat 20 radələrində Kürdəmir şəhəri, M.Ə.Sabir küçəsində yerləşən “Kolxoz bazarı”nın arxası ilə evə gedərkən yerdən tapmışdır. Heroindən 2-3 ildir ki dəri altına inyeksiya yolu ilə istifadə edir. Narkotik vasitələrin satışı ilə məşğul olmamışdır.Kürdəmir rayonu, eləcə də Respublika ərazisində hər hansı cinayət əməli törətməmişdir. Polis şöbəsinə gətirilərkən ona hər hansı formada təzyiq göstərilməmişdir. Mobil telefon işlətmədiyinə görə heç bir nömrəsidə yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Kürdəmir RPŞ-nin CAB-nin baş əməliyyat müvəkilli vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdə Kürdəmir rayonu Atakişili kəndində yaşayan və qeydiyyatda olan Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması üçün RPŞ-nin rəisinə raportla məruzə edilmiş, rəis bu barədə razılıq verdikdən sonra, əməliyyat istintaq qrupu yaradılmış və əməliyyat axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilmişdir. xx.xx.2023-cü il tarixdə saat 10:00 radələrində Təqsirləndirilən şəxs Kürdəmir şəhəri H.Əliyev prospektində saxlanılaraq üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğundan və üzərində şəxsi axtarış aparılması məqsədi ilə polis şöbəsinə gətirmişlər. Polis şöbəsində İB-nin müstəntiqi Əlvan Məmmədov tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli olduğundan şübhəli şəxs qismində tutularaq, hüquqları və vəzifələri izah edilmişdir. Təqsirləndirilən şəxs ona təqdim edilmiş vəkillərin siyahısı ilə tanış olaraq, özünün seçdiyi Müdafiəçi1 ilə təmin edilmişdir. Təqsirləndirilən şəxs üzərində, paltarında narkotik vasitə saxlamasında əsaslı şübhəli bilindiyini bildirərək üzərinə videoçəkilişdən istifadə etməklə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı, müstəntiq Təqsirləndirilən şəxs yenidən hüquq və vəifələrini izah edib üzərində qanunsuz əşya və predmet vardırsa təqdim etməsini təklif etmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın ön kiçik sağ cibindən 01 ədəd gümüşü rəngli kağız bükümü çıxarıb təqdim edərək içərisində “kakos” yəni narkotik vasitə heroin olmasını bildirmişdir. X4 tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, başqa heç bir əşya və predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümə baxış keçirilən zaman içərisində qəhvəyimtil rəngli narkotik vasitə heroinə bənzər kütlə olduğu müəyyən edilmişdir. Həmin büküm içərisindəki kütlə ilə birlikdə X4 tərəfindən Çin istehsalı olan elektron tərəzidə çəkilmiş təxmini çəkisinin 0.3 qram olması müəyyən edilmişdir. Aşkar edilmiş 01 ədəd gümüşü rəngli kağız büküm içərisindəki kütlə ilə birgə qablaşdırılmış, üzəri yazıldıqdan sonra möhürlənərək ekspertizaya təqdim olunması üçün götürülmüşdür. Şifahi soğru zamanı Təqsirləndirilən şəxs 2-3 ildir narkotik vasitə heroinden inyeksiya yolu ilə istifadə etdiyini, təqdim etdiyi büküm içərisində olan kütlənin heroin olduğunu, onu xx.xx.2023-cü il tarixdə saat 20 radələrində Kürdəmir şəhəri, M.Ə.Sabir küçəsində bazarın arxa tərəfindən yerdən tapdığını, şəxsi istifadəsi üçün üzərində saxladığını, polis şöbəsinə gətirilərkən və sonra ona heç bir psixi və fiziki güc tətbiq edilmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs rayon sakini kimi tanıyır, onunla heç bir münasibəti və hər hansı bir düşmənçilik, ədavəti olmamışdır. Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı ona qarşı hər hansı bir zor və güc tətbiq edilməmişdir. Təqsirləndirilən şəxs kiməsə narkotik vasitə satdığını eşitməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Kürdəmir RPŞ-nin İTB-nin polis nəfəri, polis serjantı Şahid2 da Şahid1 ilə eyni məzmunda ifadə verib onun göstərdikləri xüsusatları təsdiq etdi. İş üzrə təyin edilərək keçirilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli 18/929 nömrəli rəyindən görünür ki, 1) Təqsirləndirilən şəxs üzərindən..” sözləri və imzalar olan kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi 0.240 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroinin təmiz çəkisi 0.240 qram, tədqiqata sərf olundu 0,05 qram, 0.190 qram qalıq qalmışdır. (bax iş vər. 40-43) İş üzrə təyin edilərək keçirilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 1852 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən suiistifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. (bax iş vər. 110) İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2008-ci ildə Ağdam Hərbi Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 331.3-cü maddəsi ilə təqsirli bilinərək 3 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2010-ci il tarixli 1268 saylı “Əfv” fərmanına əsasən cəzasıın çəkilməmiş hissəsindən azad edilib. xx.xx.2022-ci il tarixdə Kürdəmir rayon Məhkməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirli bilinərək 03 ay 10 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. xx.xx.2022-ci il tarixli Kürdəmir rayon Məhkməsinin hökmə əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəi ilə təqsirli bilinərək 03 ay 10 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Məhkumluğu ödənilməmiş və götürülməmişdir. (bax iş vər. 93-94) İş materiallarına əlavə edilmiş Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Kürdəmir rayon Mərkəzi Xəstəxanası” X5 daxil olmuş xx.xx.2023-cü il tarixli PHŞ-6-49/2-624/2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs “Kürdəmir rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin Poliklinika şöbəsində həkim psixiatrın və narkoloqun qeydiyyatında durmur. (bax iş vər 84) İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu 1 saylı X6 Filialından alınmış məktubdan görünür ki, Təqsirləndirilən şəxs əlillyə görə pensiya və ya sosial müavinət ödənilmir. (bax iş vər.85) İş materiallarına əlavə edilmiş Kürdəmir rayon İHB-nin Atakişili kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli, 1727 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs valideynləri ilə birlikdə Kürdəmir rayonu Atakişili kəndində yaşayır. (bax iş vər. 88) İş materiallarına əlavə edilmiş Kürdəmir rayon İHB-nin Atakişili kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin Təqsirləndirilən şəxs adına verilmiş, xasiyyətnamədən görünür ki, o, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (bax vər. 89) İş materiallarına əlavə edilmiş cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 10.25-də şübhəli şəxs kimi tutulmuşdur. (bax iş vər.13-14) İş materialalrına əlavə edilmiş təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi və MSY-dən azad edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və saxlandığı Kürdəmir RPŞ MSY-dən xx.xx.2023-cü il tarixdə saat 09.50-də azad edilmişdir. (bax iş vər 64-65) Məhkəmənin xx.xx.2023-cü il tarixli,1(041)-117/2023 saylı qərrından görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam ləğv eduilərək barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq, hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmuşdur. O, həmin maddə ilə təqsirlidir və ona müvafiq olaraq təqsirləndirildiyi maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 5-ci bəndində göstərilir ki, Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması anlayışının şərhi verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmiş, onun əvvəllər az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmasına və məhkumluğu ödənilmədən (götürülmədən) onun tərəfindən yenidən qəsdən cinayət törədilməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Belə ki, onun sonuncu cinayət əməlini törətməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Qeyd olunan Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində – onlar cəzanı çəkib qurtardıqları gundən iki il keçdikdə məhkumluğu olmayan şəxs hesab olunurlar. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 12-ci bəndinə əsasən cinayətlərin residivi, təhlükəli residivi və xüsusilə təhlükəli residivini yaradan bir neçə cinayət törətmiş şəxsə cəza təyin edərkən cinayətin törədildiyi anadək ödənilməmiş və ya götürülməmiş məhkumluqlar nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən az ola bilməz. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilmiş prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, cəzanı ağırlaşdıran halları nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsində müəyyən edilmiş qanuna uyğun olaraq cinayət qanununun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədini təmin edə bilər. İnsan Hüquqları və X3 Haqqında Konvensiyanın 6-ci maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci bəndində göstərilir ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Təqsirləndirilən şəxs Ərazi narkoloji dispanseridə qeydiyyata alınmalı və o, AR CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə olunmalıdır. Məhkəmə cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlandığı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət, yəni iki gün təyin ediləcək cəzadan çıxmalı və qəti olaraq ona cəza təyin edilməlidir. Cəza çəkməsinin başlanğıcı həbsə alındığı gündən, yəni xx.xx.2023-cü il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən təyin edilmiş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsində göstərilir ki, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş üzrə maddi sübut kimi Kürdəmir rayon polis şöbəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalan 0,190 qram heroinin qalığı hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Təqsirləndirilən şəxs 31,95 manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345- 347, 349, 351-354, 356, 358.2 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 02 gün ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 07 (yeddi) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər qüvvəsində saxlanılsın. Cəza çəkməsinin başlanğıcı 12 dekabr 2023-cü il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən nakomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji kabinetində profilaktiki qeydiyyata götürülsün. Kürdəmir RPŞ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalan 0,190 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəsini aldıqan sonra məhv edilsin. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə videoçəkilişin qeydə alındığı 01 ədəd disk cinayət işi materiallarına əlavə edilsin. Təqsirləndirilən şəxs 31,95 (otuz bir manat doxsan beş qəpik) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə AZ.MEM, VÖEN-**********, Hesab № 2088501, X2, KOD- 210005 VÖEN-********** Müxbir hesab AZ85NABZ**********003944 SWİFT-BİK CTREAZ22 nömrəli hesaba keçirilsin. İş üzrə mülki iddia, maddi ziyan və məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətinə Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apelyasiya məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar