Azərbaycan Respublikası adından HÖKM Kürdəmir rayon İş № 1(041)-121/2025 23.09.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi, Həsənova Gülnar Fikrət qızının katibliyi, prokuror - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1998-ci ildə Kürdəmir rayonu, Böyük Kəngərli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 2-da qeydiyyatda olan və yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən, satış məqsədi olmadan xeyli miqdarda təmiz çəkisi 6.70 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxlamış, xx.xx.2025-ci il tarixdə saat 21 radələrində Kürdəmir RPŞ-nin və X11 Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı Kürdəmir şəhəri, M.Ə.Sabir küçəsində saxlanılaraq üzərinə keçirilən şəxsi axtarış zamanı, əynində olan cins şalvarın qabaq sağ yan cibindən bir ədəd polietilen bükümdə təmiz çəkisi 6.70 qram xeyli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Həmin hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxs saxlanılarkən tərtib edilmiş protokol, təqsirləndirilən şəxsin təhqiqat və istintaq zamanı izahatı, ibtidai araşdırma və məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələri, şahidlərin ifadələri, maddi sübutların götürülməsi protokolu, ekpertiza rəyləri, məhkəmə-narkoloji ekspertizalarının rəyləri, eləcə də işin biridigərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, təxminən 10 gün əvvəl yaşadığı Kürdəmir şəhəri, M.Ə.Sabir küçəsində yerdən siqaret qutusu görmüşdür. Siqaret qutusunun dolu olduğuna görə götürmüşdür. Qutunun içərisinə baxdıqda içərisindən bir ədəd bükümdə narkotik vasitə olan “nəşə”, yəni marixuana olduğunu görmüşdür. Həmin qutunu istifadə etmək məqsədi ilə götürmüşdür. Narkotik vasitənin bir qismini istifadə etmişdir. xx.xx.2025-ci il tarixdə saat 21 radələrində yaşadığı Kürdəmir şəhəri, M.Ə.Sabir küçəsində olarkən polis əməkdaşları yaxınlaşıb, özlərini təqdim edərək üzərində qanunsuz olaraq narkotik vasitə saxlamaqda, daşımaqda əsaslı şübhələrin olduğunu bildirmişlər. Videoçəkiliş vasitəsi ilə üzərinə keçirilən şəxsi axtarış zamanı polis əməkdaşlarının təklifi əsasında üzərində narkotik vasitə qurudulmuş marixuana olduğunu etiraf edib, əynində olan şalvarın qabaq sağ cibindən çıxarıb təqdim etmişdir. Həmin bükümə baxılmış, içərisində yaşıl rəngli kəskin iyli, qurudulmuş marixanaya bənzər kütlə olması müəyyən edilmişdir. Bundan sonra RPŞnə gətirilmiş, videoçəkiliş vasitəsi ilə üzərindən aşkar edilmiş zərfə qablaşdırılmış kütləyə baxış keçirmişlər. Verilmiş suallara cavabında təqsirləndirilən Təqsirləndirilən şəxs bildirmişdir ki, saxlanılarkən üzərindən aşkar edilən həmin büküm tərəzidə çəkilmiş və təxmini çəkisinin 7.21 qram olması müəyyən edilmişdir. Həmin büküm bir ədəd ağ zərfdə qablaşdırılmış, üzəri yazılaraq möhürlənərək götürülmüşdür. O, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Aşkar edilən narkotik vasitəni istifadə etmək məqsədi ilə üzərində saxlamışdır. Polis əməkdaşları tərəfindən ona heç bir fiziki və psixi zor tətbiq edilməmişdir. Törətdiyi əməldən peşman olub, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Kürdəmir RPŞ-nin İTB-nin sahə polis nəfəri X5 ifadəsində göstərmişdir ki, xx.xx.2025-cü il tarixdə Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması üçün əməliyyat istintaq qrupu yaradılmıdır. Keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində üzərində qanunsuz olaraq narkotik vasitələri saxlamasında, daşımasında və istifadə etməsində əsaslı şübhələr olan Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 21 radələrində Kürdəmir şəhəri, M.Ə.Sabir küçəsində saxlanılmışdır. Videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində narkotik vasitə qurudulmuş marixuana olduğunu etiraf edib əynində olan şalvarın qabaq sağ cibindən bir ədəd polietilen bükümü təqdim etmişdir. Həmin bükümə baxılmış içərisində yaşıl rəngli kəskin iyli, qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən edilmişdir. Həmin kütlə çəkilmiş və təxmini çəkisinin 7.21 qram olması müəyyən edilmişdir. Həmin büküm bir ədəd ağ zərfdə qablaşdırılmış, üzəri yazılaraq möhürlənərək götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs RPŞ-nə gətirmişlər. Verilmiş suallara cavabında X5 həmçinin bildirmişdir ki, əməliyyat qrupunun tərkibinə o, Kürdəmir RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili X8, RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili X10, Kürdəmir RPŞ-nin KQ-nın kiçik inspektoru X7, Kürdəmir MP-nın polis nəfəri polis X13 daxil olmuşdur. Polis şöbəsində aşkar edilən büküm ağ zərfdə qablaşdırılmış, üzəri yazılandan sonra möhürlənərək götürülmüşdür. Təqsirləndirilən şəxs əvvəllər rayon sakini kimi tanımışdır. Onunla heç bir münasibəti olmamış və hər hansı bir düşmənçilik, ədavəti olmamışdır. Şifahi suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin bükümdə olan marixuana ona məxsusdur, həmin marixuananı tapmışdır. İstifadə etmək məqsədi ilə üzərində saxlamışdır. Təqsirləndirilən şəxs qarşı heç bir zor və fiziki güc tətbiq edilməmişdir. Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı başqa qanunsuz əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs kiməsə narkotik vasitə və ya psixotrop maddə satdığını eşitməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və ibtidai araşdırma aparılması üçün icraata qəbul edilmişdir (i.v. 1); xx.xx.2025-ci il tarixli Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış protokolundan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 21:00 radələrində RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili polis polkovnik-leytenantı Şahid1, Kürdəmir RPŞ-nin CAB-nin əməliyyat müvəkkili polis kiçik leytenantı X6, RPŞ-nin TİB-nin sahə polis nəfəri polis baş serjantı X1, RPŞ-nin KQ-nın kiçik inspektoru X3, MP-nin polis nəfəri polis baş serjantı X9 iştirakı ilə videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı polis əməkdaşlarının təklifi əsasında Təqsirləndirilən şəxs bildirmişdir ki üzərində narkotik vasitə qurudulmuş marixuana vardır. Bunu deyib əynində olan cins şalvarın sağ yan cibindən bir ədəd polietilen bükümü çıxarıb təqdim etmişdir. Həmin büküm açılıb içərisinə baxıldıqda içərisindən yaşıl rəngli kəskin iyli, qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən edilmişdir. Həmin kütlə çəkilmiş və təxmini çəkisi 7.21 qram olması müəyyən edilmişdir. Həmin büküm bir ədəd ağ zərfdə qablaşdırılmış, üzəri yazılaraq möhürnələrək götürülmüşdür (i.v 8-10); xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 21:50-də cinayət işi başlananadək Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v 29-30); xx.xx.2025-ci il tarixli Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi zamanı aşkar edilərək qablaşdırılmış ağ rəngli zərfə baxış keçirilməsi haqqında protokolundan görünür ki, Kürdəmir RPŞ-nin CAB-nin əməliyyat müvəkkili polis kiçik leytenantı X6, RPŞ-nin KQnın kiçik inspektoru X3, MPB-nin polis nəfəri polis baş serjantı X9 Müdafiəçi1 və Təqsirləndirilən şəxs iştirakı keçirilmişdir. Videoçəkiliş başlandıqdan sonra zərfin tamlığı müstəntiq tərəfindən qayçı ilə kəsilərək pozulmuş, içərisinə baxdıqda içərisindən bir ədəd polietilen bükümdə yaşıl rəngli kəskin iyli narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən edilmişdir. Həmin kibrit qutusu ÇİN istehsalı elektron tərəzidə çəkilmiş və təxmini çəkisi, 7.21 qram olması müəyyən edilmişdir. Şifahi suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin bükümdə olan marixuana ona məxsusdur, həmin marixuananı tapmışdır. İstifadə etmək məqsədi ilə üzərində saxlamışdır. Həmin büküm ağ zərfdə qablaşdırılmış, üzəri yazılandan sonra möhürlənərək götürülmüşdür (i.v 33-35); Məhkəmə-bioloji ekspertizasının xx.xx.2025-ci il tarixli 18/423 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən ..” sözləri və imzalar olan kağız paketdəki 1 ədəd bükümdə təmiz çəkisi 6.70 qram olan bitki mnşəli kütlə tərkibində narkotik maddələr olan çətənə kannabis bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Qurudulmuş marixuananın təmiz çəkisi 6.70 qram, tədqiqata sərf olundu 0,02 qram, qalıq 6.68 qram. Aparılmış ekspertiza tədqiqatının dəyəri 31,95 (otuz bir manat doxsan beş qəpik) təşkil edir (i.v 42-45); 03 iyun 2025-ci il tarixli maddi sübut kimi tanımaq haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş, ümumi təmiz çəkisi 6.70 qram olan narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonra qalan 6.68 qram qalığı cinayət işi üzrə maddi sübut qismində tanınaraq saxlanılmasından ötrü Kürdəmir RPŞ-nin saxlanc yerinə təhvil verilmişdir (i.v 47); xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddə ittiham elan edilmiş, həmin tarixdə barəsində «başqa yerə getməmək haqqında iltizam» iltizam qətimkan tədbiri seçilmişdir (i.v 50-51,70); Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2025-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (i.v 91); Kürdəmir Rayon İcra Hakimiyyəti başçısının Kürdəmir şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli, 5-55-12/2-71 nömrəli məktubundan və xasiyyətnaməsindən görünür ki, Hüseynov X2 şəhəri, M.Ə.Sabir küçəsi 6 saylı ünvanında qeydiyyatdadır, ailə tərkibi anası – 1965-ci il təvəllüdlü R.İ.İsmayılovadan ibarətdir, yaşayış yeri üzrə müsbət xarakterizə edilir (i.v 93-94); “TƏBİB PHŞ-nin” “Kürdəmir rayon Mərkəzi Xəstəxanası” PHŞ-dən daxil olmuş xx.xx.2025-ci il tarixli PHŞ-18-1-49/2-592/2025 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs “Kürdəmir rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin Poliklinika şöbəsində həkim psixiatrın və narkoloqun qeydiyyatında durmur (i.v 95); xx.xx.2025-ci il tarixli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu 1 saylı X16 Filialından alınmış məktuba əsasən Təqsirləndirilən şəxs əlillyə görə pensiya, müavinət və təqaüd almır (i/v 96); Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli 1135 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzəb çəkir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür (i.v 99); İş üzrə verilmiş əməliyyat tapşırığının ********* saylı cavabından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananı əldə etiyi mənbəyi müəyyən etmək olmamışdır. Təqsirləndirilən şəxs hər hansı bir şəxsə narkotik vasitə satması və onun başqa cinayət əməli törətməsi haqqında məlumat əldə edilməmişdir. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etməsinə, saxlamasına, daşımasına köməklik göstərən olmamışdır. Təqsirləndirilən şəxs ***-***-**-** saylı nömələri istifadə edir (i.v 110); Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəyinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməli Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 109-cu qrafasına əsasən qurudulmuş marixuananın xeyli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı hədləri 05 qram müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin; 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; 197.1.4-cü maddəsinə əsasən mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ məhkəmə məsrəfləridir; 198.1-ci maddəsinə əsasən Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1, 197.1.6—197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər; «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-ci il tarixli 08 nömrəli qərarının 5-ci bəndində göstərilir ki, narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Həmin qərarın 27-ci bəndində göstərilir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının cinayət qanununun prinsiplərini, CM-in 58-ci maddəsində göstərilmiş cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanın təyini məsələlərini tənzimləyən digər cinayəthüquqi normaların tələblərini rəhbər tutmalı, hər bir halda seçilən cəza növünün, cəzanın həddinin CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinin təmin edilməsi baxımından məqsədəuyğun və yetərli olub-olmamasını nəzərdən keçirməli, bu məsələ üzrə hüquq tətbiq etmə təcrübəsinin «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Ali Məhkəmənin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının müddəalarına uyğun şəkildə formalaşmasını təmin etməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməməsini, törətdiyi əməldən səmimi peşman olmasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli, ərazi narkoloji kabinetdə qeydiyyatda alınmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 02 ədəd «DVD» disk iş materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 2 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Kürdəmir rayon ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə xüsusi müsadirə ediləcək əmlak və mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən məhkəmədə Təqsirləndirilən şəxs göstərilən cəmi 9,5 saat hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 104,50 (yüz dörd manat əlli qəpik) manat məbləğində pul ödənilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 02 iyun 2025-ci il tarixdən 04 iyun 2025-ci il tarixə qədər şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Kürdəmir rayonun hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Kürdəmir rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut – Kürdəmir Rayon Polis Şöbəsinin maddi sübutların saxlanma yerində saxlanılan narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatdan sonra qalan 6.68 qram qalığı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut – 02 ədəd “DVD” disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji kabinetində proflaktiki qeydiyyatda alınsın. Ekspertiza tədqiqatının dəyəri 31.95 (otuz bir manat doxsan beş qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X4, KOD–210005, VÖEN **********, m/h AZ41 NABZ013601**********3944, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba keçirilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 9,5 saat saat hüquqi yardıma görə fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 104,50 (yüz dörd manat əlli qəpik) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rahid Mehdiyev
Məhkəmə qərarları › İş №1(041)-121/2025
Kürdəmir Rayon Məhkəməsi Hökm — İş №1(041)-121/2025
23.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver