Azərbaycan Respublikası adından HÖKM Kürdəmir rayon İş № 1(041)-122/2025 07.10.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi İmanov Xaliq Xalıq oğlunun sədrliyi Məhkəmə iclas katibi İsayev Orxan Mahir oğlunun katibliyi Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı Müdafiəçi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.2003-cü-cü il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Kürdəmir rayonu Dəyirmanlı kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İttiham aktına görə Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 15 radələrində Kürdəmir rayonu Dəyirmanlı kəndində yerləşən birgə yaşadıqları evin həyətində atası Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı istintaqa məlum olmayan ağacla sonuncunun bədəninin müxtəlif nahiyyələrindən bir neçə dəfə qəsdən vuraraq, ona qarın nahiyyəsində solda cızıq, sol əlin 3-4-cü barmaqlararası nahiyyənin yarası ilə müşayiət olunan sağlamlığın qısa müddət pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs doğma atasıdır, ata kimi özünü apara bilmədiyi üçün ailə dağılmışdır. Atasının yersiz hərəkətləri ucbatından anası Tənzilə bezərək evdən getmiş, hazırda Bakı şəhərində kirayədə qalır, bacısı Şamaxı rayonunda kollecdə oxuyur və tətillərdə anasının yanına gedir, kiçik qardaşı onunla birlikdə yaşayır. Hərbi xidmətdən çıxdığına görə psixoloji gərginlik və depressiya içində yaşayır, atası ona bu vəziyyətdən çıxarmaq əvəzinə yerli-yersiz ondan polisə şikayət edir, tutulmasına çalışır. 03 iyul 2025-ci il tarixdə saat 15 radələrində yaşadıqları evin həyətində atasına nəyə görə onun barəsində şikayət etdiyini bildirdikdə aralarında mübahisə yaranmış və dalaşmışlar. Atası Mətləbi ağacla vuraraq ona xəsarət yetirmişdir. Əməlindən peşimandır və atasından üzr istəyərək onu bağışlamasını istəyir. Bundan sonra belə hərəkətlərə yol verməyəcəyini, imkan olan kimi müalicə olunacağını və yaşadığı depresiya vəziyyətindən çıxacağına söz verərək, barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs doğma oğludur, birlikdə yaşayır, mütəmadi olaraq onunla mübahisə edib bir neçə dəfə döydüyü üçün münasibətləri normal deyildir. Oğlunun hərəkətlərinə görə arvadı Tənzilə Səlimova təxminən bir aydır ki, çıxıb gedib Bakı şəhərində kirayə ev tutub orada qalmışdır. 03 iyul 2025-ci il tarixdə saat 15 radələrində yaşadığı evin həyətində oğlu Təqsirləndirilən şəxsla aralarında mübahisələri yaranmış, Məhəmməd onun barəsində polisə şikayət etdiyinə görə ona irad bildirmiş, bu mövzuda aralarında yaranmış mübahisə zamanı oğlu Məhəmməd ağacla bir neçə dəfə onun başına, qarnına və sol əlinə vuraraq ona xəsarətlər yetirmişdir. Buna görə də polis şöbəsinə bu barədə məlumat verərək oğlu Məhəmmədin cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Hazırda da oğlu Məhəmmədlə birlikdə yaşamağın təhlükəli olduğunu nəzərə alaraq, onun barəsində həbslə bağlı cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqında Şahid ifadəsində göstərmişdir ki, Mətləb atası, Məhəmməd qardaşıdır, birlikdə yaşayırlar. Atası ilə qardaşı Məhəmmədin münasibətləri normal deyildir. Buna görə aralarında tez-tez mübahisələr olmuşdur. Həmçinin anası Tənzilə də atası Mətləbin hərəkətlərindən bezərək evi tərk etmişdir. xx.xx.2025-ci il tarixdə yaşadıqları evdə atası Mətləblə qardaşı Məhəmməd arasında mübahisəni şəxsən görməsə də, sonradan atası Zərərçəkmiş şəxs nə olduğunu soruşduqda, Məhəmmədin onu taxta parçası ilə döydüyünü demişdir. Qardaşı Məhəmmədlə münasibətləri normaldır, aralarında heç bir narazılıq yoxdur. Bu vəziyyətin yaranmasının əsas təqsirkarı atası Mətləbdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: - xx.xx.2025-ci il tarixli qərarla Kürdəmir rayonu Dəyirmanlı kəndində yaşayan Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən döyüldüyü barədə müraciəti əsasında Kürdəmir RPŞ-nin təhqiqat bölməsində toplanmış HK-1/1208 nömrəli material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılaraq icraata qəbul edilmişdir. - xx.xx.2025-ci il tarixli qərarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddə ilə ittiham elan olunmuş və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. - İş üzrə verilmiş əməliyyat tapşırığına cavabdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 15 radələrində Kürdəmir rayonu Dəyirmanlı kəndində yerləşən birgə yaşadıqları evdə atası Zərərçəkmiş şəxs onun barəsində şikayət etməsinə əsəbiləşərək atasının bədəninin müxtəlif nahiyyələrindən bir neçə dəfə ağacla qəsdən vuraraq, ona bədən xəsarətləri yetirmişdir. - Məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli 255 saylı rəyində göstərilmişdir ki, 1975-ci il təvəllüdlü Zərərçəkmiş şəxsun məhkəmə-tibbi müayinəsinə əsasən bədən səthində aşağıdakı xəsarətlər vardır: qarın nahiyyəsində solda cızıq, sol əlin 3-4-cü barmaqlararası nahiyyənin yarası xəsarətləri. Göstərilən xəsarətlər küt əşya təsirindən törənmişdirlər, qərarda göstərlən xx.xx.2025-ci il tarixdə əmələ gəlməyə uyğundur, dərəcəsinə görə sağlamlığın qısa müddət pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. - Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədə göstərilmişdir ki, Zərərçəkmiş şəxs əvvəllər məhkum olunmamışdır. - "Kürdəmir rayon mərkəzi xəstəxanası" publik hüquqi şəxsindən daxil olan xx.xx.2025-ci il tarixli 18-1-49/2-690/2025 nömrəli məktubdan görünür ki, Səlimov X1 RMX-nin poliklinika şöbəsində həkim psixiatr və narkoloqun qeydiyyatında durmur. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu 1 saylı X3 Filialından alınmış xx.xx.2025-ci il tarixli məktuba əsasən Təqsirləndirilən şəxs əlilliyə görə pensiya, müavinət və təqaüd almır. - Kürdəmir RİHB-nın Yenikənd kənd İƏD üzrə nümayəndəliyindən alınmış arayışından və xasiyyətnamədən məlum olur ki, Səlimov X2 rayonu Dəyirmanlı kəndində yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə edilir. - Kürdəmir rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(041)-106/2025 saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək ona 1000 (bir min) manat cərimə cəzası təyin edilmişdir. - Kürdəmir rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir.Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 25.3-cü maddəsinə müvafiq olaraq, hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. Beləliklə, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli onun özünün etirafı, zərərçəkmiş şəxs və şahidin ifadəsi, məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli 255 saylı rəyi ilə, habelə iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmadan ibarət cinayət əməlidir. Məhkəmə işin göstərilən hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif olunmuşdur. Təqsirləndirilən şəxsə təyin ediləcək cəza məsələsinə gəldikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsində göstərilmişdir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs orta təhsilli, evli olması, fərdi əməklə məşğul olması, daimi yaşayış yerinin olması, əvvəllər məhkum olunmaması, yaşayış yeri üzrə müsbət xarakterizə olunması onun şəxsiyyətini səciyyələndirən hallardır. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayətin məqsəd və motivini, habelə onun yaşayış yeri üzrə mənfi xarakterizə olmasını, təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulan müddət həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməsini qanuna müvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə görə azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (təmamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə araşdırmaları zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs ailəsi ilə birlikdə Kürdəmir rayonunun Dəyirmanlı kəndində yaşayır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının CM-nin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə yaşayış yeri olan Kürdəmir rayonu, Dəyirmanlı kəndində yerləşən evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Kürdəmir şəhər ərazi hüdüdlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, cəzasının əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs qəti cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 66.2, 66.5, 69.3-cü və CPM-nin 158.6-cı maddələrinin tələbləri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə təyin edilmiş 1000 manat cərimə cəzası hazırki hökmlə təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasına tam toplanılmaqla, cərimə cəzası müstəqil icra edilməlidir. İş materiallarından görünür ki, Səlimov X2 rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilərək məhkəmə iclas zalından həbsə alınmışdır. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsində göstərilir ki, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddasində göstərilir ki, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu və həbsdə saxlanıldığı 14 (on dörd) gün müddət cəzaçəkmə müddətinə daxil edilməli və ona cəza təyin edilərkən nəzərə alınmalıdır. Məhkəmə, CPM-in 346.1.20-ci maddəsinin tələblərinə əsasən seçilmiş qətimkan tədbirinin ləğv edilməli və ya dəyişdirilməli olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və o, məhkəmə iclas zalından dərhal azad edilməli, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli, seçilmiş qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsi Kürdəmir rayon icra və probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia, maddi ziyan, digər məhkəmə xərclərinin olmaması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən məhkəmədə Təqsirləndirilən şəxs göstərilən 13 saat hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi 143 (bir yüz qırx üç) manat məbləğində pul ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Kürdəmir rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə təyin edilmiş 1000 manat cərimə cəzası hazırki hökmlə tam toplanılmaqla 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması və 1000 manat cərimə cəzaları təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə olduğu 14 gün müddət bir günə iki gün nisbəti ilə ona təyin edilmiş cəzadan çıxılaraq, üzərində qəti olaraq 11 (on bir) ay 02 (iki) gün müddətə azadlığın məhdudlaşdırılması və 1000 manat cərimə cəzaları saxlanılsın. Azərbaycan Respublikası CM-nin 68.2-ci maddəsinə əsasən cərimə cəzası müstəqil icra edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yeri olan Kürdəmir rayonu Dəyirmanlı kəndində yerləşən evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Kürdəmir rayon ərazi hüdüdlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilərək, məhkəmə iclas zalından həbsdən dərhal azad edilsin. Barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsi Kürdəmir rayon icra və probasiya şöbəsinə həvalə edilsin. İş üzrə mülki iddia, maddi ziyan, digər məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Məhkəmədə Təqsirləndirilən şəxs göstərilən 13 saat hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi 143 (bir yüz qırx üç) manat xidmət haqqı ödənilsin. Hökmdən 20 gün müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə Azərbaycan Respublikası CPM-nin 384.1-ci maddəsində nəzərdə tutulmuş müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: X.X.İMANOV
Məhkəmə qərarları › İş №1(041)-122/2025
Kürdəmir Rayon Məhkəməsi Hökm — İş №1(041)-122/2025
07.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver