Məhkəmə qərarları › İş №1(041)-134/2024

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №1(041)-134/2024

04.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 1(041)-134/2024 04.12.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Kürdəmir Rayon Məhkəməsinin hakimi Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi, hakim köməkçisi Gülalıyev Orxan Vəzir oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçi- fərdi qaydada fəaliyyət göstərən vəkil X1 iştirakları ilə, xx.xx.1997-ci ildə Kürdəmir rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, evli, Kürdəmir rayonu, Sor-Sor kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Aparılmış istintaq zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 19 radələrində Kürdəmir rayonu Sor-Sor kəndi ərazisində yerləşən kafenin həyətində həmkəndlisi Zərərçəkmiş şəxs onun ünvanına nalayiq söyüşlər söyməsi ilə bağlı aralarında şəxsi münasibətlər zəmnində yaranmış mübahisə zamanı əynində olan şalvarın cibindən çıxardığı özünə məxsus istintaqa məlum olmayan bıçaqla Zərərçəkmiş şəxs sol qarın nahiyyəsindən bir dəfə qəsdən zərbə vuraraq ona qarının ön divarının yuxarı sol şöbəsində deşilmiş-kəsilmiş yara ilə müşayiət olunan sağlamlığın qısa müddət pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarəti yetirmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü ona CM-in 128-ci maddəsi ilə elan edilmiş ittiham üzrə tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 16 radələrində yaşadığı Kürdəmir rayonu Sor-Sor kəndi ərazisində yerləşən “Sənan” adlı kafedə tək oturub pivə içərkən tanışı Zərərçəkmiş şəxs gələrək onun yanında oturmuşdur. Mehdiyə evdə arağı olduğunu deyərək gedib gətirmiş, birlikdə yeyib içmişlər. Kafenin həyətində qardaşı Cabbar və Mehdi ilə birlikdə yeyibiçməyə başlamış, spirtli içki qəbul etdikləri üçün sərxoş vəziyyətdə olmuşdur. Həmin gün saat 19 radələrində yeyib-içmək qurtardıqdan sonra qalxıb getmək istəyəndə Mehdi üzərinə gələrək onu nalayiq söyüşlərlə söyüb təhqir etmişdir. Mehdiyə bununla bağlı irad tutaraq ondan aralı dayanmasını tələb etsə də Mehdi hərəkətlərini davam etdirərək onu söyüb təhqir etmiş, əsəbləşərək əynində olan şalvarın cibindən qara rəngli dəstəyi olan mətbəx bıçağını çıxarıb Mehdinin qarın nahiyyəsinə qəsdən 01 dəfə zərbə vuraraq ona xəsarət yetirmişdir. Verilmiş suallara cavabında təqsirləndirilən şəxs həmçinin bildirmişdir ki, Zərərçəkmiş şəxs həmkəndlisidir, münasibətləri normaldır, ədavətləri yoxdur. xx.xx.2024-cü il tarixdə, saat 19 radələrində Kürdəmir rayonu Sor-Sor kəndi ərazisində yerləşən kafenin həyətində hadisə qısa zaman kəsiyində baş vermiş, ətrafda qardaşı Şahid1 başqa şəxs olmamış, ictimai qayda pozulmamışdır. Hadisə zamanı istifadə etdiyi bıçağı hadisədən sonra kafenin həyətinə tullamışdır. Zərərçəkmiş şəxslə barışmışdır, ondan heç bir şikayət və tələbi yoxdur. Qeyd edilən halların nəzərə alınaraq cinayət məsuliyyətindən azad edilməsini və barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə yaşadığı Kürdəmir rayonu Sor-Sor kənd ərazisində yerləşən “Sənan” adlı kafeyə getmiş, həmin vaxt Ülvinin kafedə tək oturub pivə içdiyini görüb onun yanında oturaraq birlikdə yeyib içmişlər. Saat 19 radələrində birlikdə masadan qalxıb kafedən çıxmaq üçün kafenin həyətinə getmişlər. Həyətdə olan zaman aralarında mübahisə baş vermişdir. Mübahisə zamanı Ülvi üzərində olan bıçaqla qarın nahiyəsinə qəsdən bir dəfə zərbə vuraraq ona xəsarət yetirmişdir. Ülvi ona xəsarət yetirdikdən sonra piyada çıxıb getmiş, avtomobili kafenin həyətində qalmış, kəskin qanaxması olduğu üçün Kürdəmir RMX-na müraciət etmiş, daha sonra Ülvinin ona xəsarət yetirməsi barədə Kürdəmir RPŞ-nə ərizə ilə müraciət edərək Ülvinin cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etmişdir. Verilmiş suallara cavabında zərərçəkmiş şəxs həmçinin bildirmişdir ki, təqsirləndirilən şəxslə münasibətləri normaldır, əvəllər də heç bir ədavət və düşmənçilikləri olmamışdır. Təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur, gələcəkdə də olmayacaqdır, dəymiş ziyan tam həcmdə ödənilmişdir, odur ki, iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 16 radələrində yaşadığı Kürdəmir rayonu Sor-Sor kəndində yerləşən həmkəndlisi Şahid2 işlətdiyi “Sənan” adlı kafedə Ulvi və Mehdi ilə birlikdə oturub pivə içmişdir. Sonra masadan qalxıb getdikdə Mehdi və Ülvinin arasında ona məlum olmayan səbəbdən sözlə mübahisə yaranmış, həmin vaxt Ülvi əynindəki şalvarın cibindən 01 ədəd qara rəngli bıçağı çıxarıb Mehdinin üzərinə gedərək onun qarın nahiyəsinə bıçaqla bir dəfə qəsdən zərbə vuraraq ona xəsarət yetirmişdir. Dərhal yaxınlaşıb Ülvini sakitləşdirmiş, Ülvi də oradan çıxıb getmişdir. Şahid1 həmçinin verilmiş suallara cavabında bildirmişdir ki, Təqsirləndirilən şəxs onun qardaşıdır, Zərərçəkmiş şəxs isə həmkəndlisidir. Ülvi ilə Mehdinin münasibətləri əvvəllər normal olmuş, onlar arasında daha əvvəl mübahisə dava-dalaş olmasının şahidi olmamışdır. Kürdəmir rayonunun Sor-Sor kəndi ərazisində yerləşən kafenin həyətində hadisə qısa zaman kəsiyində baş vermiş, ətrafda heç kim olmamış, heç kim toplaşmamış, ictimai qayda pozulmamışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə özünə məxsus olan kafedə olarkən Ülvi də orada oturub pivə içmişdir. Daha sonra Mehdi də kafeyə gələrək Ülvi ilə birlikdə oturub yeyib işmişdir. İşi ilə əlaqədar olaraq kafedən çıxıb getmiş, saat 19 radələrində kafeyə qayıtmışdır. Mehdinin kafeyə gedən yolun kənarında dayandığını, əlini qarın nahiyəsinə tutduğunu görüb ondan nə baş verdiyini soruşduqda Mehdi bir az əvvəl Ülvinin onu bıçaqla qəsdən bir dəfə vuraraq xəsarət yetirdiyini demişdir. Həmin vaxt Mehdinin sol qarın nahiyəsinin qanlı vəziyyətdə olduğunu görmüş, sonra Mehdi çıxıb getmişdir. Mehdidən nə olduğunu soruşduqda Ülvi ilə zarafatlaşdığına görə Ülvinin onu bıçaqlamısı olduğunu bildirmişdir. Şahid2 həmçinin verilmiş suallara cavabında bildirmişdir ki, Kürdəmir rayonu Sor-Sor kəndində yerləşən özünə məxsus “Sənan” adlı kafe vardır. Hər gün səhər saatlarında kafeni açıb axşam saatlarında isə bağlamışdır. Zərərçəkmiş şəxs qohumu, Təqsirləndirilən şəxs isə həmkəndlisidir. Mehdi ilə Ülvi kafedə olan zaman orada Cabbardan başqa heç kim olmamışdır. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Kürdəmir rayon Polis Şöbəsinin istintaq bölməsində toplanmış HK-1-1311 nömrəli material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə cinayət işi başlanmışdır (i.v.3-4); - xx.xx.2024-cü il tarixli “baxış keçirilməsi haqqında protokol” dan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə yeri Kürdəmir rayonunun Sor-Sor kəndində yerləşən “Sənan” adlı kafenin həyətində baş vermişdir. Kafenin həyətində olan torpaq yol (boşluq sahədə) baş vermişdir (i.v.114-116); - Məhkəmə-tibb ekspertinin xx.xx.2024-cü il tarixli, 306 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar olunan xəsarət – qarnın ön divarının yuxarə sol şöbəsində deşilmiş-kəsilmiş yara – iti xassəyə malik alət (əşya) təsirindən törənmişdir, müddəti qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixə uyğun gəlir və ağırlıq dərəcəsinə görə sağlamlığın qısa müddət pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir (i.v.20-21); - Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Qəniyev X2 Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının 177.2.1-ci, 177.2.2-ci və 177.2.3-cü maddələri ilə 01 il 01 ay 04 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2022-ci il tarixdə Kürdəmir Rayon Məhkəməsinin qərarı ilə CM-nın 52-1.5 maddəsinə əsasən cəzasının çəkilməmiş 11 ay 02 gün hissəsi 05 ay 16 gün müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmiş, xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmişdir (i.v.17-19); - xx.xx.2024-cü il tarixli qərardan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs qismində tanınmış, ona bu barədə məlumat verilmiş və qərar elan edilərək zərərçəkmiş şəxsin CPM-in 87-ci maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmişdir (i.v.26-27); - xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan olunmuşdur (i.v.78-79); - xx.xx.2024-cü il tarixli tutuma protokolundan görünür ki, xx.xx.2024-cü il tarixdə, saat 18:30-da Təqsirləndirilən şəxs cinayət işi başlananadək Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, onun tutulma vaxtı azadlığının məhdudlaşdırıldığı vaxtdan, yəni həmin tarixdə, saat 18:30-dan hesablanmışdır (i.v.62-63); - xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, həmin tarixdə saat 17:30-da həbsdən azad edilmişdir (i.v.90-91); - xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ondan heç bir şikayət və tələbi yoxdur, gələcəkdə də heç bir tələbi olmayacaqdır, dəymiş ziyan tam həcmdə ödənilmişdir, işin icraatında xitam verilməsini xahiş edir. - Kürdəmir rayon İHB-nın Muradxanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Qəniyev X2 rayon İHB-nın Muradxanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Sor-sor kəndində arvadı və qızından (21.08.24-cü il təvəllüdlü qızı D.Təqsirləndirilən şəxsa) ibarət ailəsi ilə yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə edilir (i.v.98-99) Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Lakin qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs CM-in 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduğundan o, qeyd olunan maddə ilə nəzərdə tutulan cinayət məsuliyyətindən azad edilməklə barəsində olan cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməlidir. Belə ki, CM-in 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. CM-in 72-ci maddəsinin Qeyd hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). CPM-in 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda çıxarılır. Beləliklə, məhkəmədə işə baxılarkən müəyyən olmuşdur ki, Təqsirləndirilən şəxs iş üzrə Zərərçəkmiş şəxs ilə barışmışdır. Göstərilənləri və qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə, hesab edir ki, CM-in 73.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli, CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə CPM-in 43-cü maddəsinə əsasən xitam verilməlidir. CPM-in 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə maddi sübut, mülki iddia və ekspertiza xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən məhkəmədə Təqsirləndirilən şəxs göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 90 (doxsan) manat məbləğində pul ödənilməlidir. Göstərilənlərə əsasən və CPM-in 37, 39, 40, 43, 162, 175, 321, 344-347, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə mülki iddia, maddi ziyan, maddi sübut və məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Məhkəmədə Təqsirləndirilən şəxs göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 90 (doxsan) manat xidmət haqqı ödənilsin. Qərar elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Rahid Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar