Məhkəmə qərarları › İş №1(041)-140/2024

Kürdəmir Rayon Məhkəməsi Hökm — İş №1(041)-140/2024

11.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Kürdəmir rayon İş № 1(041)-140/2024 11.12.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi İmanov Xaliq Xalıq oğlunun sədrliyi Məhkəmə iclasının katibi Gülalıyev Orxan Vəzir oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, zərərçəkmiş şəxsin hüquqi varisi X1, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1977-ci ildə Samux Rayonu Sərkar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, 2 uşaq atası, əvvəllər məhkum olunmamış, fərdi sürücü, Samux rayonu Sərkar kəndində qeydiyatda olmaqla həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İttiham aktına görə Təqsirləndirilən şəxs nəqliyyat vasitəsi olan avtomobili idarə edərək yol hərəkəti qaydalarını pozub ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümünə səbəb olan sağlamlığına ağır zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 30 iyun 2024cü il tarixdə saat 19:50 radələrində idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan özünə məxsus «Mercedes-Benz E200 CDİ» markah **-HX-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini Bakı-Qazax-Gürcüstan sərhəddi yolunun Kürdəmir rayonunun Muğanlı kəndi ərazisindən keçən 179-cu kilometrliyində Qazax istiqamətində 90 km/saat sürətlə hərəkət etdirərkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yol hərəkətinin iştirakçısı olmaqla yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, nəqliyyat vasitəsinin idarə olunma prosesinə daim nəzarət etməli və avtomobilin təhlükəsiz idarə olunmasını təmin etməli, bununla da hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmaqla sükan arxasında yuxulayaraq avtomobilin təhlükəsiz idarə olunması üçün lazımi əməliyyatları vaxtında və düzgün aparmayıb yolun hərəkət hissəsinin sol kənarında dayanmış piyada 1971-ci il təvəllüdlü Zərərçəkmiş şəxs vurmuş, nəticədə onun tərəfindən yol hərəkəti qaydalarının pozulması ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs açıq kəllə-beyin tarvması, baş beyin qanaması ilə beyinin sərt qişasıaltında hematoma, sağ baldır sümüklərinin qapalı yerinidəyişən sınıqları, bədən səthində çoxsaylı sıyrıqlar kimi xəsarətlərlə müşayiət olunan canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilən zərər çəkmiş şəxsin ölümünə səbəb olmaqla yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilərək göstərdi ki, Samux rayonu Sərkar kəndində qeydiyatda olmaqla yaşayır, ailəlidir, iki övladı var. Özünə məxsus «Mercedes-Benz E200 CDİ» markalı **-HX-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə fərdi qaydada sərnişin daşımaqla məşğul olur. 30 iyun 2024-cü il tarixdə gecə saat 01 radələrində Gəncə şəhərindən Bakı şəhəri, Hava limanına getmiş və saat 05 radələrində bir nəfər sərnişini götürüb Gəncə şəhərinə qayıtmışdır. Həmin günü saat 12 radələrində Gəncə şəhəri avtovağzalından sərnişin yığıb Bakı şəhərinə qayıtmışdır. Oradan da, Bakı şəhəri, Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən Binə ticarət mərkəzinə gəlmiş və tanımadığı 4 nəfər sərnişini götürüb geri, saat 18 radələrində Gəncə şəhərinə yola düşmüşdür. Bakı-Qazax-Gürcüstan sərhəddi yolu ilə hərəkət edib, saat 19:50-də Kürdəmir rayonunun Muğanlı kəndi ərazisindən keçən hissəsində yolun sol zolağı ilə üzü Qazax istiqamətinə 90 km/saat sürətlə hərəkətdə olan zaman sükan arxasında ani olaraq yuxulamış və ayılanda görmüşdür ki, yolun sol kənarında hərəkət etdiyi zolaqda beton arakəsmənin yanında qoyun sürüsü toplaşıb və sahibi də qoyunların qarşısını kəsib. Məsafə az olduğundan tormuz verib sükanı sağa çəkmiş və bu andada qoyun sürüsünə çırpılmış, idarəetməni itirib avtomobili yolun sağ kənarına qamışlıq olan su arxına düşüb dayanmışdır. Yerə düşəndən sonra görmüşdür ki, hərəkət hissəsinin sağına bir nəfər sonradan adını bildiyi Zərərçəkmiş şəxs yıxılıb və arxası üzərində yerdədir. Dərhal yerə yıxılan Zərərçəkmiş şəxs köməklik etmək üçün yaxınlaşmış və həmin vaxtı tanımadığı adamların təcili yardıma və polisə məlumat verdiyini bilib orada gözləmişdir. Bir müddət sonra polis əməkdaşları və təcili yardım avtomobili ilə həkimlər gələrək vurduğu piyadanı götürüb Kürdəmir RMX-na aparmışlar. Bundan sonra polis əməkdaşları onun və 2 nəfər hal şahidinin iştirakı ilə hadisə yerinə baxış keçirtmişdir. Sonradan vurduğu piyada Quliyev X4 RMX-da öldüyünü eşitmişdir. Özü və qohumları ölənin yas mərasiminə gedib yas mərasimi üçün maddi yardım etmişlər, ölənin ailə üzvlərinin və xəsarət alanların ondan şikayətləri yoxdur. Hadisə diqqətsizliyindən baş verdiyindən heç bir şikayəti, iddiası və tələbi yoxdur. Bir nəfərin ölümü ilə nəticələnən yolnəqliyyat hadisəsi törətməsi ilə əlaqədar səmimi peşmanlıq çəkir. Əməlindən peşman olmasını, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı heç bir şikayət və tələbinin olmamasının nəzərə alıb, ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxsin hüquqi varisi X2 ifadəsində göstərdi ki, mərhum Zərərçəkmiş şəxs onun həyat yoldaşıdır, 1996-ci ildə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş və birgə nikahlarından doğulmuş üç övladları var, mərhum yoldaşı orta təhsilli olmaqla təsərrüfatla məşğul olmuşdur. 30 iyun 2024-cü il tarixdə mərhum yoldaşı Zərərçəkmiş şəxs evdən çıxıb, yaşadıqları Kürdəmir rayonu Muğanlı kəndi əzazisindən keçən Bakı-Qazax-Gürcüstan sərhəddi yolundan qoyunları keçirmək üçün həmin yola getmişdir. Saat 20 radələrində evlərindən yola baxanda yolda çoxlu sayda avtomobillərin dayandığını görmüş və bundan narahat olaraq özü də həmin yerə gəlmişdir. Yolda həyat yoldaşı Zərərçəkmiş şəxs arxası üstə yerə yıxıldığını və sol qulağından qan gəldiyini, həmçinin asfalt üzərində və ətrafda çoxlu sayda xırda buynuzlu heyvanların öldüyünü, yolun sağ kənarına su arxınada bir avtomobilin düşdüyünü görmüşdür. Hadisə yerinə təcili yardım gəlmiş və yoldaşını götürüb Kürdəmir RMX-na aparmışdır. Bir qədər sonrada xəstəxanada yoldaşı Zərərçəkmiş şəxs vəfat etmişdir. N.Ə.Quliyeva izahaının sonunda Təqsirləndirilən şəxs ilə barışdığını, onlara dəymiş ziyanın ödənildiyini, heç bir şikayəti, iddiası və tələbi olmadığını bildirərək Təqsirləndirilən şəxs yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, mərhum Zərərçəkmiş şəxs onun qardaşıdır. 30 iyun 2024-cü il tarixdə qardaşı Zərərçəkmiş şəxslə birlikdə evdən çıxıb, yaşadıqları kəndin ərazisindən keçən Bakı- Qazax-Gürcüstan sərhəddi yoluna getmişdir. Onlar həmin yoldan səhər və axşam qoyunlarını keçirib otlaq sahəsinə apardıqlarından, həmin günü saat 19 radələrində qardaşı Şəmillə birlikdə yoldan qoyunları keçirməyə köməyə getmişlər. Orada əvvəl qohumları olan Şahid3 200 baş qoyun sürüsü gəlmişdir. O və qardaşı Şəmil, Vidadiyə kömək etməyə başlamış, Qazax istiqamətindən gələn avtomobilləri saxlatdırmışlar və qoyun sürüsünü keçirməyə başlamışlar. Onlar beton arakəsmənin yanına qoyunları toplayıb, Bakı istiqamətindən gələn avtomobilləri dayandırmış, qardaşı Şəmil qoyunların arxasında dayanıb yolun bağlanmasını gözləmiş, onunla Vidadi isə Bakı istiqamətində yolu bağlamaq istəmişdir. Bu vaxt Qazax istiqamətində hərəkətdə olan sonradan adını bildiyi Təqsirləndirilən şəxs idarə etdiyi Mercedes Benz markalı avtomobillə qardaşı Şəmili və qoyunları vurmuşdur. Zərbədən Şəmil yerə yıxılmış və xəsarətlər almışdır. Təcili tibbi yardım avtomobili gəlib qardaşı Şəmili Kürdəmir RMX-na aparmışdır. Həmin günü xəstəxanada Şəmil ölmüşdür. Hadisə zamanı ölən 31 baş xırda buynuzlu heyvanlar qohumu Şahid3 məxsusdur. Təqsirləndirilən şəxs qarşı şikayətləri yoxdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirdi ki, 30 iyun 2024-cü il tarixdə qohumları Şəmil və Bəxtiyarla birlikdə Kürdəmir rayonu Muğanlı kəndi ərazisindən keçən yoldan ona məxsus qoyunları keçirən zaman Bakı istiqamətindən gələn minik avtomobili Şəmili və heyvanları vurmuş, hadisə nəticəsində Şəmil almış olduğu xəsarətlərdən Kürdəmir RMX-da ölmüşdür. Ona məxsus olan 31 baş xırda buynuzlu hevanlar da tələf olmuşdur. Tələf olmuş heyvanların pulunu sığortadan almış, hadisə törədən avtomobilin sürücü Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti yoxdur. Cinayət işində olan və məhkəmə iclasında tədqiq edilmiş: - cinayət işi üzrə təyin edilmiş məhkəmə tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 25 №li rəyindən görünür ki, Zərərçəkmiş şəxs meyitinin məhkəmə- tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər-açıq kəllə-beyin tarvması, baş beyin qanaması ilə beyinin sərt qişasıaltında hematoma, sağ baldır sümüklərinin qapalı yerinidəyişən sınıqları, bədən səthində çoxsaylı sıyrıqlar-küt əşyanın zərbəvi təsirindən törənmiş, həyatıdır, qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə hərəkətdə olan minik avtomobilinin piyada ilə (onunla) toqquşması nəticəsində əmələ gələ bilərdi və ağırlıq dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmanın əlamətlərinə aid edilir. Zərərçəkmiş şəxs ölümünə səbəb qeyd olunan xəsarətlər nəticəsində baş vermiş travmatik şok olmuşdur. İlkin meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən ölüm meyit müayinə olunandan 10-14 saat əvvəl baş vermişdir. Mərhum ölümündən əvvəl spirti içki və narkotik maddə qəbul etməmişdir. - cinayət işi üzrə təyin edilmiş məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının 17 sentyabr 2024-cü il tarixli 8/1454 №-li rəyindən görünür ki, Mercedes Benz E200 markalı, ** HX *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. - Hacıqabul rayon mərkəzi xəstəxanası, publik hüquqi şəxs tərəfindən verilmiş sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair 30 iyun 2024-cü il tarixli aktında Təqsirləndirilən şəxs həmin tarixdə alkoqol sərxoşluğu vəziyyətinin olmadığı qeyd edilmişdir. - Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat- İmtahan İdarəsi tərəfindən verilmiş 25 iyul 2024-cü il tarixli 3-13-016/2- 114266/24 nömrəli məktubundan görünür ki, DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-İmtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən xx.xx.1977-ci il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə (xx.xx.2030-ci il tarixədək etibarlı olan) BC 100520 nömrəli «BC» kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır. - Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnaməsində xx.xx.1977-ci il təvəllüdlü Təqsirləndirilən şəxs məhkumluğu ilə bağlı əməliyyat-sorğu kartotekasında heç bir məlumat aşkar edilməmişdir. - Samux rayon İHB-nın Sərkar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixdə verdiyi, 670 nömrəli arayışında xx.xx.1977-ci il təvəllüdlü Təqsirləndirilən şəxs 5 nəfər ailə üzvü ilə (özü, atası, anası, arvadı və oğlu) Samux rayonun Sərkar kəndində qeydiyyatdadır, Salatın Əsgərova küçəsində yaşayır. - Samux rayon İHB-nın Sərkar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixdə verdiyi xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət xasiyyətləndirilmişdir. - “Samux Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli arayışında xx.xx.1977-ci il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdən endokrinoloji kabinetində dispanser qeydiyyatında olduğu göstərilmişdir. - “Samux Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli arayışında xx.xx.1977-ci il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdən endokrinoloji kabinetində dispanser qeydiyyatında olduğu göstərilmişdir.Diaqnoz:şəkərli diabet İİ tip. İş materiallarına əlavə edilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X1 notarius qaydasında təsdiq edilmiş ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, heç bir şikayəti və tələbi yoxdur, ona dəymiş ziyan tam şəkildə ödənilmişdir. İş materiallarına eyni zamanda məhkəmə istintaqında tədqiq edilən baxış keçirilməsi haqqında protokol, yol-nəqliyyat hadisəsinin sxemi, fotoşəkillər və digər sənədlər əlavə edilmişdir. Əvvələn qeyd edilməlidir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının hüquqi və təşkilati əsasları “Yol hərəkəti haqqında” 08 noyabr 1968-cı il tarixli Vyana Konvensiyası, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının 03 iyul 1998-ci il tarixli Qanunu ilə və digər normativ hüquqi aktlarla tənzimlənir və bu qaydaların pozulması nəticəsindən asılı olaraq mülki, inzibati və cinayət məsuliyyətinə səbəb olur. Cinayət Məcəlləsinə daxil edilən yol hərəkətini və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma cinayətləri ehtiyatsızlıqdan törədilən cinayətlərə aid olmaqla, buraya daxil olan maddələrin bir çoxu, o cümlədən Cinayət Məcəlləsinin 263-cü maddəsi blanket norma hesab edilir. Bu maddədə nəzərdə tutulmuş cinayətlərin obyektini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda, digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş yol hərəkətini və ya nəqliyyat vasitələrinin istismarını, idarə edilməsini və istismarını tənzimləyən qaydalar təşkil edir. Buna görə həmin cinayətləri törətmiş şəxslərin haqqında çıxarılan ittiham hökmlərində mütləq qaydada “Yol hərəkəti haqqında” Qanunun və digər normativ hüquqi aktların tələblərinə istinad edilməklə belə şəxslərin qanunvericiliyin məhz hansı tələblərini pozması göstərilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263 və 263-1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin predmeti olan nəqliyyat vasitələri dedikdə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinin 18-ci bəndinə əsasən mexaniki nəqliyyat vasitələri, yəni asma mühərrikli velosipedlər və tramvaylardan başqa relsli nəqliyyat vasitələri istisna olmaqla hər hansı özügedən nəqliyyat vasitələri başa düşülür. Bunlara avtomobillər, tramvaylar, trolleybuslar, operativ nəqliyyat vasitələri, qoşqular, yarımqoşqular, uzun ölçülü nəqliyyat vasitələri, özügedən maşınlar, təkərli traktorlar və motosikletlər aiddir. Yol hərəkəti iştirakçılarının əsas vəzifələri və hüquqları adlanan «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinə görə: İ. Yol hərəkətinin iştirakçıları: 1) yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidirlər; 2) yol hərəkətinin nizama salınmasında istifadə olunan nizamlayıcının və svetoforların siqnallarına, yol nişanlarına, yolun nişanlanmasına, yol işlərində istifadə olunan səs və işıq siqnallarına, bəzi nəqliyyat vasitələrinin fərqləndirici nişanlarına və nəqliyyat vasitəsi sürücülərinin siqnallarına tabe olmalıdırlar; 3) yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar; 4) yol örtüyünü zədələməməli və ya çirkləndirməməli, yol nişanlarını çıxarmamalı, qarşısını kəsməməli, zədələməməli, özbaşına yol nişanları, svetoforlar və hərəkətin təşkilinin digər texniki vasitələrini quraşdırmamalıdırlar; 5) hərəkətə maneçilik törədən əşyaları və ya materialları ataraq, boşaldaraq və ya yolda qoyaraq yol hərəkətini çətinləşdirməməli və ya onun təhlükəsizliyi üçün qorxu törətməməlidirlər (bu cür maneənin və ya təhlükənin yaranmasına yol verməmək mümkün olmadıqda, onların mümkün qədər tez aradan qaldırılması üçün lazımi tədbirlər görməli, bunu dərhal etmək mümkün olmadıqda isə, əl altında olan vasitələrlə digər hərəkət iştirakçılarının xəbərdar edilməsini və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına məlumat verilməsini təmin etməlidirlər); 6) yol hərəkəti qanunvericiliyinə riayət olunması barədə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının sərəncamlarını yerinə yetirməlidirlər; 7) nəqliyyat, yol, kommunal və digər müəssisə və təşkilatların vəzifəli şəxsləri, yolda hər hansı bir iş aparan fəhlələr, eləcə də digər şəxslər müəyyən edilmiş yol hərəkəti qaydalarına təsir göstərə biləcək maneələr yaratmaqdan və başqa hərəkətlərdən çəkinməlidirlər. Hazırki cinayət əməlinin «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinin pozulması nəticəsində törədilməsi işdə olan baxış keçirilməsi haqqında protokol, yol-nəqliyyat hadisəsinin sxemi və fotoşəkillər, meyitin və canlı şəxsin məhkəmə-tibbi ekspertizasına dair ekspert rəyləri, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin 17 sentyabr 2024-cü il tarixli 8/1454 nömrəli ekspert rəyi, proses iştirakçılarının ifadələri və işdə olan digər mötəbər sübutlarla öz təsdiqini tapmışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə istintaqında Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli özünün səmimi etirafı, zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələri, ekspertiza rəyləri ilə, habelə işin materialları ilə tam sübuta yetirilmişdir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə tövsif olunub. O, həmin maddə ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun ilk dəfə hadisələrin təsadüfi axarı zəminində ehtiyatsızlıqdan az ağır cinayət törətməsini, təqsirini etiraf etməklə əməlindən səmimi peşman olmasını, yol-nəqliyyat hadisəsindən sonrakı davranışını, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş tərəfin ona qarşı heç bir şikayətinin olmamasını iş üzrə cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. «Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyyə olunur ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilibödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi əməlin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, cinayətin məqsəd və motivini, onun cinayətin törədilməsi zamanı və hadisədən sonrakı davranışını, məsuliyyəti yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona təqsirləndirildiyi maddənn sanksiyasında nəzərdə tutulan həddə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzasını təyin etməyi məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində cəkməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən cəzanın icrası müddəti məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı gündən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 45.2-ci maddəsinin tələbinə görə nəqliyyat vasitəsini idarə etmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Məhkəmə CPM-in 346.1.20-ci maddəsinin tələblərinə əsasən seçilmiş qətimkan tədbirinin ləğv edilməli və ya dəyişdirilməli olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs daimi yaşayış yerinin olmasını və onun hökmün icrasına maneçilik törətməyəcəyini nəzərə alaraq barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirini hökm qanuni qüvvəyə minənədək dəyişdirməməyi məqsədə uyğun hesab edir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məntəqə tipli cəzaçəkmə müəssisəsinə göndərilən və hökm qüvvəyə mindiyi zaman həbsdə olmayan məhkum icra məmurunun təqdim etdiyi müvafiq göstərişə əsasən müəyyən edilən vaxtda məntəqə tipli cəzaçəkmə müəssisəsinə şəxsən gəlməlidir. Məhkəmə, CPM-in 346.1.21-ci maddəsinin tələblərinə əsasən məhkəmə məsrəflərinin kimin üzərinə və hansı məbləğdə qoyulmalı olduğu məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 85 (səksən beş) manat məbləğində məhkəmə məsrəfi (ekspertiza xərci) tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına ödənilməlidir. İş üzrə maddi sübut olan “Mercedes Benz E200” markalı, 99HX-987 dövlət qeydiyyat nişanlı minik avtomobilinin sahibində saxlanması nəzərə alınmalıdır. İş üzrə mülki iddia, maddi ziyan, digər məhkəmə xərclərinin olmaması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən məhkəmədə Təqsirləndirilən şəxs göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi 90 (doxsan) manat məbləğində pul ödənilməlidir Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müssisəsində qeydiyyata alındığı gündən hesablansın. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətmkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra onun cəzaçəkmə müəssisəsinə göndərilməsi təmin edilsin. Təqsirləndirilən şəxs 85 (səksən beş) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut olan “Mercedes Benz E200” markalı, 99HX-987 dövlət qeydiyyat nişanlı minik avtomobilinin sahibində saxlanması nəzərə alınsın. İş üzrə mülki iddia, maddi ziyan, digər məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Məhkəmədə Təqsirləndirilən şəxs göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi 90 (doxsan) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsi ilə, bilavasitə həbsdə saxlanıldığı və ya həbsdə saxlama yeri müdiriyyəti vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə Azərbaycan Respublikası CPM-nin 384.1-ci maddəsində nəzərdə tutulmuş müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar