Azərbaycan Respublikası adından HÖKM Kürdəmir rayon İş № 1(041)-141/2024 28.12.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi İmanov Xaliq Xalıq oğlunun sədrliyi Məhkəmə iclasının katibi Gülalıyev Orxan Vəzir oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X1, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.2001-ci ildə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Şəmkir rayonu Kür qəsəbəsi H.Aslanov küçəsi ev 1/1-də yaşayan barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İttiham aktına görə Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 10 radələrində etibarnamə olmadan idarə etdiyi “Chevrolet Aveo” minik markalı ** BS *** dövlət qeydiyyat nişanlı avtomobillə Ağsu-Kürdəmir-İmişli avtomobil yolunun Kürdəmir rayonu Şıxımlı kəndi ərazisindən keçən 31-ci kilometrliyində, Ağsu rayonu istiqamətində 60 km/saat sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-cı maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq yəni o, hərəkəti üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün tədbirlər görməli olduğu halda bunu etməyərək, idarə etdiyi avtomobilin qabaq orta hissəsi ilə yolu sağdan sola doğru iti yerişlə keçən piyada xx.xx.1952-ci ildə Zərərçəkmiş şəxs yolun sağ kənarından sola doğru 2.5 metr məsafədə vurmuş, nəticədə o, ehtiyyatsızlıqdan Zərərçəkmiş şəxs baş beynin diffuz travması, sağ təpə, ənsə sümüklərinin xətti sınıqları, sol bud sümüyünün qapalı, sol baldır sümüklərinin açıq sınıqları, bədən səthində çoxlu sayda sıyrıqları xəsarətləri ilə müşayiət edilən, həyat üçün təhlükəli olan ağır dərəcəli bədən xəsarətləri almasına və aldığı xəsarətlərdən Kürdəmir RMX-da ölməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilərək göstərdi ki, Şəmkir rayonu Kür qəsəbəsi H.Aslanov küçəsi ev 1/1-də yaşayır, subaydır, ailəsinə məxsus “Chevrolet-Aveo” minik markalı ** BS *** dövlət qeydiyyat nişanlı avtomobili “BC” kateqoriyalı sürücülük vəsiqəsi əsasında idarə edir. xx.xx.2024-cü il tarixdə saat 10 radələrində ayıq vəziyyətdə həmin avtomobillə Kürdəmir rayon bazarından çıxıb İmişli-Kürdəmir-Ağsu yolu ilə Ağsu rayonu istiqamətinə doğru hərəkətdə olmuşdur. Avtomobil texniki cəhətdən saz və yüksüz vəziyyətdə olmuş, avtomobilin qabaq sərnişin yerində dayısı oğlu Şahid3, arxa sağ oturacaqda isə dayısı arvadı Şahid2 əyləşmişdir. İmişli-Kürdəmir-Ağsu yolu ilə Ağsu istiqamətinə doğru Kürdəmir rayonu Şıxımlı kəndi ərazisindən keçən 31-ci kilometrliyində 60 km/saat sürətlə hərəkətdə olarkən, təxminən 10- 15 metr məsafə qarşıda yolun sağ kənarından 2,5 metr məsafədə dayanan piyada qəflətən dayandığı yerdən iti yerişlə onun hərəkət zolağına istiqamətlənməyə başlamış, bu vəziyyəti görüb piyadanı vurmamaqdan ötrü əyləcə basaraq sükanı sola bursa da, piyada iti yerişlə onun avtomobilini görməyərək hərəkətini düzünə davam etmiş, yolun sağ kənarından mərkəzə doğru 2,5 metr məsafədə gəlmiş, həmin yerdə həmin piyadanı vurmuşdur. Piyada zərbənin təsirindən yerə yıxılmış, dərhal avtomobilini saxlayıb yerdə uzanmış vəziyyətdə olan piyadanı avtomobilinə yerləşdirərək Kürdəmir RMX-na aparmış, piyada xəstaxanada bir qədər qaldıqdan sonra ölmüşdür. Xəstəxanaya polis əməkdaşları gələrək onun sərxoşluğunu müəyyən etmək üçün tibbi müayinədən keçirmişlər. Hadisədən qabaq spirtli içki, narkotik vasitə və ya güclü təsir edən maddə qəbul etməmişdir. Hadisə nəticəsində özü, eləcə də avtomobilində olan sərnişinlər xəsarət almamışdır. Bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməsi ilə əlaqədar səmimi peşmanlıq çəkir. Əməlindən peşman olmasını, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmasını, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı heç bir şikayət və tələbinin olmamasını nəzərə alıb, ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxsin hüquqi varisi X5 ifadəsində göstərdi ki, mərhum Zərərçəkmiş şəxs onun əri olmuşdur, birgə nigahlarından doğulmuş 4 övladları var, oğul övladı vəfat etmiş, qızları isə ayrı yaşayırlar. Əri istirahət etmək üçün hər gün səhər saatlarında yaşadıqları evdən çıxaraq “Köhnəbazar” adlanan yerdə yerləşən çayxanaya gedərək orada tanışları ilə çay içib vaxt keçirtmişdir. xx.xx.2024-cü il tarixdə saat 08:15 radələrində Əhmədağa evdən çıxaraq həmin çayaxanaya getmişdir. Həmin gün saat 10:00 radələrində kürəkəni İxtiyar ona zəng edərək Əhmədağanın köhnəbazarda avtomobil vurduğunu, Kürdəmir RMX-na aparıldığını söyləmişdir. Dərhal xəstəxanaya getmişdir. Xəstəxanada Əhmədağanın öldüyünü bilmişdir. Sonradan ərini avtomobillə vuran şəxsin Təqsirləndirilən şəxs olduğunu bilib. Z.İ.İbrahimova izahatının sonunda baş vermiş yol nəqliyyat hadisəsi zamanı ona dəymiş maddi ziyan təqsirləndirilən şəxs tərəfindən ona təklif edilsədə, özü istəmədəyini, buna ehtiyacı olmadığını, Təqsirləndirilən şəxsla barışdığını, baş vermiş hadisədə ona qarşı qərəzi olmadığını, ağır cəza-yəni tutulmasını istəmədiyini, ona qarşı heç bir şikayəti və tələbi olmadığını bildirərək Təqsirləndirilən şəxs yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qohumudur, Rəvanın ailəsinə məxsus “Chevrolet Aveo” markalı **- BS-*** dövlət qeydiyyat nişanlı minik avtomobili vardır, xx.xx.2024-cü il tarixdə səhər saatlarında o və anası anası Kərimova X2 avtomobili ilə Kürdəmir rayonu təzə bazarından Kürdəmir rayonu Qaraqocalı kəndinə tərəf hərəkətdə olmuşlar. Yolun Ağsu-Kürdəmir-İmişli avtomobil yolunun Kürdəmir rayonu Şıxımlı kəndi ərazisindən keçən hissəsində Şükran avtomobili təxminən 60 km/saat surətlə idarə edərkən qarşıda 10-15 metr məsafədə yolun sağ kənarından 2.5 metr məsafədə bir nəfər kişi cinsli şəxs Şükranın hərəkət etdiyi zolaq istiqaməti ilə mərkəzə doğru iti yerişlə hərəkət etməyə başlamışdır. Şükran həmin şəxsi vurmamaq üçün əyləcə basaraq avtomobili sola doğru istiqamətləndirmiş, ancaq piyada hərəkətini davam etdirdiyi üçün yolun sağ kənarından 2.5 metr məsafədə Şükran Əhmədağa adlı şəxsi vuraraq yol nəqliyyat hadisəsi törətmişdir. Qəzadan sonra Şükran avtomobili dərhal saxlayaraq yerə düşərək Əhmədağanı avtomobilin arxa oturacağına mindirib Kürdəmir RMX-na aparmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirdi ki, Zərərçəkmiş şəxs onun qayınatasıdır. xx.xx.2024-cü il tarixdə saat 10 radələrində üzdən tanıdığı, adını bilmədiyi şəxs Əhmədağanı Köhnəbazar adlanan ərazidə avtomobil vurduğunu demişdir. Bu barədə baldızı Yeganəyə zəng edib məlumat verərək Kürdəmir RMX-na getmişdir. Orada Əhmədağanın öldüyünü öyrənmişdir. Sonradan Əhmədağanı Təqsirləndirilən şəxs idarə etdiyi “Chevrolet Aveo” markalı **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobillə vurub öldürdüyünü öyrənmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, Zərərçəkmiş şəxs onun atasıdır, özü Bakı şəhərində yaşayır. xx.xx.2024-cü il tarixdə yeznələri İxtiyar ona zəng edərək atası Əhmədağanın köhnəbazarda avtomobil vurduğunu, Kürdəmir RMX-na aparıldığını söyləmişdir. Dərhal yaşadığı Bakı şəhərindən Kürdəmir şəhərinə gəlmiş və atasının öldüyünü görmüşdür. Atasının cənazəsini kənd qəbiristanlığında dəfn etmişdirlər. Sonradan atasını avtomobillə vuran şəxsin Təqsirləndirilən şəxs olduğunu bilib. Təqsirləndirilən şəxsla barışmışlar, ona qarşı heç bir şikayətləri yoxdur. Cinayət işində olan və məhkəmə iclasında tədqiq edilmiş: - məhkəmə-tibb ekspertizasının xx.xx.2024-cü il tarixli 29 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarət- baş beynin diffuz travması, sağ təpə-ənsə sümüklərinin xətti sınıqları, sol bud sümüyünü qapalı, sol baldır sümüklərinin açıq sınıqları, bədən səthində çoxsaylı sıyrıqlar – küt əşya təsirindən törənmiş, həyatidir, xx.xx.2024-cü il tarixdə hərəkətdə olan minik avtomobilinin piyadanı vurması nəticəsində əmələ gələ bilərdi və ağırlıq dərəcəsinə görə, canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmanın əlamətlərinə aid edilir. Sol baldır sümüklərinin sınıqları onu deməyə əsas verir ki, ilkin zərbə, yəni hərəkətdə olan avtomobilin qabarıq hissələri (detalları) ilə toqquşma sol tərəfdən olmuşdur. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb yuxarıda qeyd olunan xəsarətlər nəticəsində baş vermiş travmatik şok olmuşdur. İlkin meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən ölüm meyit müayinə olunandan 2-4 saat əvvəl baş vermişdir. -məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli 4281/K saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsinin tərkibində metil, etil, propil, butil, amil spirtləri, barbitur turşusu törətmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenilalkilamin qrupuna aid olan afetamin və metamfetamin, fenotiazin, pirazalon, 1.4 benzodiazepin törəmələri, salisilatlar və kannabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilmədi. -sərxoşluq vəziyyətini təyin edən xx.xx.2024-cü il tarixli 191 nömrəli tibbi müayinə protokolundan görünür ki, sürücü Təqsirləndirilən şəxs hadisə zamanı ayıq vəziyyətdə olmuşdur. - istintaq zərurəti ilə əlaqədar olaraq Kürdəmir RPŞ-nə verilmiş əməliyyat tapşırığına verilmiş xx.xx.2024-cü il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 11 radələrində müvafiq kateqoriya sürücülük vəsiqəsi əsasında idarə etdiyi atası X3 adına olan “Chevrolet Aveo minik” markalı, **-BS-*** dövlat qeydiyyat nişanlı avtomobillə Ağsu-Kürdəmir-İmişli avtomobil yolunun Kürdəmir rayonu, Şıxımlı kəndindən keçən 31-ci kilometrliyində piyada Zərərçəkmiş şəxs vurmuş, sonuncu Kürdəmir RMX-da ölmüşdür. -Azərbaycan Respublikası DİN-nin Növbətçi Hissələri idarəetmə xidmətinin xx.xx.2024-cü il tarixli 3-13-3/219851/2024 nömrəli məktubundan görünür ki, TŞ 004 nömrəli kamera xx.xx.2024-cü il tarixində enerjinin kəsilməsi səbəbindən işlək vəziyyətdə olmamışdır. - Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən sürücü Təqsirləndirilən şəxs məhkumluğunun və barəsində təqsirləndirici material olmadığı müəyyən edilmişdir. -məhkəmə-yol nəqliyyat hadisəsi ekspertizasının xx.xx.2024-cü il tarixli 8/2278 saylı rəyində göstərilmişdir ki: istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Chevrolet Aveo” markalı, ** BS *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. - Kür qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət xasiyyətləndirilmişdir. İş materiallarına əlavə edilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X1 ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, heç bir şikayəti və tələbi yoxdur. İş materiallarına eyni zamanda məhkəmə istintaqında tədqiq edilən baxış keçirilməsi haqqında protokol, yol-nəqliyyat hadisəsinin sxemi, fotoşəkillər və digər sənədlər əlavə edilmişdir. Əvvələn qeyd edilməlidir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının hüquqi və təşkilati əsasları “Yol hərəkəti haqqında” 08 noyabr 1968-cı il tarixli Vyana Konvensiyası, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının 03 iyul 1998-ci il tarixli Qanunu ilə və digər normativ hüquqi aktlarla tənzimlənir və bu qaydaların pozulması nəticəsindən asılı olaraq mülki, inzibati və cinayət məsuliyyətinə səbəb olur. Cinayət Məcəlləsinə daxil edilən yol hərəkətini və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma cinayətləri ehtiyatsızlıqdan törədilən cinayətlərə aid olmaqla, buraya daxil olan maddələrin bir çoxu, o cümlədən Cinayət Məcəlləsinin 263-cü maddəsi blanket norma hesab edilir. Bu maddədə nəzərdə tutulmuş cinayətlərin obyektini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda, digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş yol hərəkətini və ya nəqliyyat vasitələrinin istismarını, idarə edilməsini və istismarını tənzimləyən qaydalar təşkil edir. Buna görə həmin cinayətləri törətmiş şəxslərin haqqında çıxarılan ittiham hökmlərində mütləq qaydada “Yol hərəkəti haqqında” Qanunun və digər normativ hüquqi aktların tələblərinə istinad edilməklə belə şəxslərin qanunvericiliyin məhz hansı tələblərini pozması göstərilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263 və 263-1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin predmeti olan nəqliyyat vasitələri dedikdə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinin 18-ci bəndinə əsasən mexaniki nəqliyyat vasitələri, yəni asma mühərrikli velosipedlər və tramvaylardan başqa relsli nəqliyyat vasitələri istisna olmaqla hər hansı özügedən nəqliyyat vasitələri başa düşülür. Bunlara avtomobillər, tramvaylar, trolleybuslar, operativ nəqliyyat vasitələri, qoşqular, yarımqoşqular, uzun ölçülü nəqliyyat vasitələri, özügedən maşınlar, təkərli traktorlar və motosikletlər aiddir. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinə görə sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Hazırki cinayət əməlinin «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 50-cı maddəsinin 1-ci hissəsinin tələblərinin pozulması nəticəsində törədilməsi işdə olan baxış keçirilməsi haqqında protokol, yol-nəqliyyat hadisəsinin sxemi və fotoşəkillər, meyitin və canlı şəxsin məhkəmə-tibbi ekspertizasına dair ekspert rəyləri, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin 17 sentyabr 2024-cü il tarixli 8/1454 nömrəli ekspert rəyi, proses iştirakçılarının ifadələri və işdə olan digər mötəbər sübutlarla öz təsdiqini tapmışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə istintaqında Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli özünün səmimi etirafı, zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələri, ekspertiza rəyləri ilə, habelə işin materialları ilə tam sübuta yetirilmişdir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə tövsif olunub. O, həmin maddə ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun ilk dəfə hadisələrin təsadüfi axarı zəminində ehtiyatsızlıqdan az ağır cinayət törətməsini, təqsirini etiraf etməklə əməlindən səmimi peşman olmasını, yol-nəqliyyat hadisəsindən sonrakı davranışını, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş tərəfin ona qarşı heç bir şikayətinin və tələbinin olmamasını iş üzrə cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. «Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyyə olunur ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilibödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi əməlin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, cinayətin məqsəd və motivini, onun cinayətin törədilməsi zamanı və hadisədən sonrakı davranışını, məsuliyyəti yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona təqsirləndirildiyi maddənn sanksiyasında nəzərdə tutulan həddə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzasını təyin etməyi məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ev dustaqlığında saxlandığı 04 (dörd) ay 19 (on doqquz) gün müddət ona cəza təyin edilərkən nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində cəkməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən cəzanın icrası müddəti məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı gündən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 45.2-ci maddəsinin tələbinə görə nəqliyyat vasitəsini idarə etmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Məhkəmə CPM-in 346.1.20-ci maddəsinin tələblərinə əsasən seçilmiş qətimkan tədbirinin ləğv edilməli və ya dəyişdirilməli olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilməli, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məntəqə tipli cəzaçəkmə müəssisəsinə göndərilən və hökm qüvvəyə mindiyi zaman həbsdə olmayan məhkum icra məmurunun təqdim etdiyi müvafiq göstərişə əsasən müəyyən edilən vaxtda məntəqə tipli cəzaçəkmə müəssisəsinə şəxsən gəlməlidir. Məhkəmə, CPM-in 346.1.21-ci maddəsinin tələblərinə əsasən məhkəmə məsrəflərinin kimin üzərinə və hansı məbləğdə qoyulmalı olduğu məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 85 (səksən beş) manat məbləğində məhkəmə məsrəfi (ekspertiza xərci) tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına ödənilməlidir. İş üzrə maddi sübut olan “Chevrolet Aveo” markalı, ** BS *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin sahibində saxlanması nəzərə alınmalıdır. İş üzrə mülki iddia, maddi ziyan, digər məhkəmə xərclərinin olmaması nəzərə alınmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ev dustaqlığında saxlandığı 04 (dörd) ay 19 (on doqquz) gün müddət cəzasından çıxılmaqla üzərində qəti olaraq 03 (üç) il 01 (bir) ay 11(on bir) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin başlanğıcı onun məntəqə tipli cəzaçəkmə müssisəsində qeydiyyata alındığı gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilsin, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs 85 (səksən beş) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut olan “Chevrolet Aveo” markalı, ** BS *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin sahibində saxlanması nəzərə alınsın. İş üzrə mülki iddia, maddi ziyan, digər məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsi ilə, bilavasitə həbsdə saxlanıldığı və ya həbsdə saxlama yeri müdiriyyəti vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə Azərbaycan Respublikası CPM-nin 384.1-ci maddəsində nəzərdə tutulmuş müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: X.X.İMANOV
Məhkəmə qərarları › İş №1(041)-141/2024
Kürdəmir Rayon Məhkəməsi Hökm — İş №1(041)-141/2024
28.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver