Məhkəmə qərarları › İş №1(041)-141/2025

Kürdəmir Rayon Məhkəməsi Hökm — İş №1(041)-141/2025

03.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Kürdəmir rayon İş № 1(041)-141/2025 03.12.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi İmanov Xaliq Xalıq oğlunun sədrliyi Məhkəmə iclas katibi İsayev Orxan Mahir oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.2002-ci ildə Kürdəmir rayonu Xırdapay kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olmuş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına görə Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan, xeyli miqdarda, ümumi təmiz çəkisi – 6.96 qram, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxlamış, xx.xx.2025-ci il tarixdə, saat 18:00 radələrində, Kürdəmir RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı Kürdəmir rayonu, Atakişili kəndi ərazisində saxlanılaraq üstü yoxlanılarkən əynində olan göy rəngli cins şalvarın sağ ön cibindən 01 ədəd kibrit qutusunda xeyli miqdarda, təmiz çəkisi – 6.96 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, narkotik vasitə qurudulumuş marixuanadan təxminən 1-2 ildir ki, istifadə edir. xx.xx.2025-ci il tarixdə saat 17 radələrində Kürdəmir şəhəri, C.Cabbarlı küçəsi ilə hərəkətdə olarkən 6 saylı məktəbin yaxınlığında yerdə 01 ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuana tapıb şəxsi istifadə etmək üçün cibinə qoymuş, xx.xx.2025-ci il tarixdə saat 18 radələrində Kürdəmir rayonu, Atakişili kəndi ərazisində piyada hərəkətdə olan zaman Kürdəmir RPŞ-nin əməkdaşları ona yaxınlaşaraq narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər. Polis əməkdaşlarının təklifindən sonra o, əynində olan göy rəngli şalvarının sağ ön cibindən 01 ədəd kibrit qutusunu çıxarıb təqdim edərək, içərisində “nəşə” olduğunu bildirmişdir. Təqdim etdiyi 01 ədəd kibrit qutusuna baxış keçirərkən içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən edilmişdir. Daha sonra polis əməkdaşı üstünü yoxlayarkən üzərindən qanunsuz heç bir əşya və predmet aşkar olunmamışdır. Əməlindən peşimandır və nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqında Şahid1 ifadəsində göstərdi ki, Kürdəmir RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili vəzifəsində işləyir. ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs rayon sakini kimi tanıyır. xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edib daşıması, üzərində saxlaması və qəbul etməsi barədə məxfi mənbədən əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması üçün RPŞ-nin rəisinə raportla məruzə edilmişdir. Rəis bu barədə razılıq verdikdən sonra təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul edildikdən sonra istintaq-əməliyyat qrupu yaradılmışdır. Həmin tarixdə Təqsirləndirilən şəxs bir qədər kənardan izləyib, saat 18 radələrində Kürdəmir rayonu Atakişili kəndi ərazisində saxlayıb, özlərini təqdim edərək üzərində qanunsuz olaraq narkotik vasitə saxlamasında əsaslı şübhəli olduğunu bildirib hüquq və vəzifələri, o cümlədən müdafiə hüququnun olması, müvafiq araşdırma zamanı öz vəsaiti hesabına, bu vəsaitə maddi gücü çatmadığı halda dövlət büdcəsinin hesabına müdafiəçi ilə təmin olunmaq hüququ izah olunaraq hüquq və vəzifələri barədə bildiriş verilmiş, lakin Təqsirləndirilən şəxs müdafiəçi istəmədiyini bildirmişdir. Üstündə yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ ön cibindən 01 ədəd kibrit qutusunu çıxarıb təqdim edərək, içərisində “nəşə”, yəni narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. Bükümə baxış keçirilərkən içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olması aşkar olunmuşdur. Aşkar olunmuş kibrit qutusu içərisindəki kütlə ilə birlikdə “Çin” istehsalı elektron tərəzidə çəkilərkən çəkisinin 9.96 qram olması müəyyən edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üstünü yoxlayarkən üzərində heç bir qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs RPŞ-nə gətirmişlər. RPŞ-də Təqsirləndirilən şəxs müstəntiq tərəfindən şübhəli şəxs qismində tutularaq, hüquqları və vəzifələri izah edilmişdir. Şifahi soğru zamanı Təqsirləndirilən şəxs üstü yoxlanılarkən üzərindən aşkar edilmiş 01 ədəd kibrit qutusunda olan kütlənin narkotik vasitə qurudulmuş marixuana olduğunu, həmin kütləni 2 gün öncə Kürdəmir şəhəri, C.Cabbarlı küçəsi ərazisində yerdən tapdığını, şəxsi istifadə etmək üçün üzərində saxladığını, polis şöbəsinə gətirilərkən və sonra ona heç bir psixi və fiziki güc tətbiq edilmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs Kürdəmir rayon sakini kimi tanımış, lakin onunla heç bir münasibəti, hər hansı bir düşmənçilik və ədavəti olmamışdır. Təqsirləndirilən şəxs qarşı heç bir zor və fiziki güc tətbiq edilməmişdir. Təqsirləndirilən şəxs kiməsə narkotik vasitə və psixotrop maddə satdığını eşitməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Kürdəmir RPŞ-nin İTB-nin baş inspektoru baş əməliyyat müvəkkili, polis polkovnik leytenantı Şahid2 da eyni məzmunlu ifadə verərək Şahid1 izahatında qeyd etdiyi xüsusatları təsdiq etmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: - Cinayət işində olan xx.xx.2025-ci il tarixdə tərtib edilmiş “əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi haqqında” protokoldan görünür ki, həmin tarixdə Kürdəmir RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili, polis leytenantı Şahid1, Kürdəmir RPŞ-nin İTB-nin XÜ baş inspektoru, polis baş leytenantı Şahid2 və Kürdəmir RPŞ-nin İTB-nin sahə polis nəfəri, polis kiçik serjantı Şahid3 iştirakları ilə Təqsirləndirilən şəxs saxlanılan zaman paltarında, əşyalarında və ya bədənində narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində sonuncunun saxlanıldığı yerdə üstünün yoxlanılmasına başlanılmışdır. Üstündə yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ ön cibindən 01 ədəd kibrit qutusunu çıxarıb təqdim edərək, içərisində “nəşə”, yəni narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. Bükümə baxış keçirilərkən içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olması aşkar olunmuşdur. Aşkar olunmuş kibrit qutusu içərisindəki kütlə ilə birlikdə “Çin” istehsalı elektron tərəzidə çəkilərkən çəkisinin 9.96 qram olması müəyyən edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üstünü yoxlayarkən üzərində heç bir qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. 01 ədəd kibrit qutusu içərisindəki kütlə ilə birlikdə 01 ədəd içərisi boş ağ rəngli kağız zərfdə qablaşdırılaraq üzəri saxlanılan şəxs, iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. Şifahi soğru zamanı Təqsirləndirilən şəxs üstü yoxlanılarkən üzərindən aşkar edilmiş 01 ədəd kibrit qutusunda olan kütlənin narkotik vasitə qurudulmuş marixuana olduğunu, həmin kütləni 2 gün öncə Kürdəmir şəhəri, C.Cabbarlı küçəsi ərazisində yerdən tapdığını, şəxsi istifadə etmək üçün üzərində saxladığını, polis şöbəsinə gətirilərkən və sonra ona heç bir psixi və fiziki güc tətbiq edilmədiyini bildirmişdir. - Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2025-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Kürdəmir rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1, 228.1, 66.2 və 69.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 08 ay 26 gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. xx.xx.2024-cü il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. - İş üzrə təyin edilmiş məhkəmə-bioloji ekspertizasının xx.xx.2025-ci il tarixli 18/545 nömrəli rəyində qeyd olunmuşdur ki, Tədqiqata təqdim olunmuş üzərində: “...Təqsirləndirilən şəxs...” sözləri və imzalar olan kağız paketdə 01 ədəd kibrit qutusunda təmiz çəkisi – 6.96 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. - “TƏBİB” “Kürdəmir rayon Mərkəzi Xəstəxanası” PHŞ-dən daxil olmuş xx.xx.2025ci il tarixli 18-1-49/2-910/2025 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs “Kürdəmir rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin Poliklinika şöbəsində həkim psixiatr və narkoloqun qeydiyyatında yoxdur. - İş üzrə təyin edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli 1612 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannobinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. - "xxxx" MMC-dən xx.xx.2025-ci il tarixli 24493 nömrəli məktubla daxil olmuş 01 ədəd CD diskə baxış keçirilərkən iş üçün əhəmiyyət kəsb edən məlumat əldə edilməmişdir. - "xxxx" MMC-dən xx.xx.2025-ci il tarixli GQ-2-865-728-2025 nömrəli məktubla daxil olmuş 01 ədəd CD diskə baxış keçirilərkən iş üçün əhəmiyyət kəsb edən məlumat əldə edilməmişdir. - Cinayətin predmeti olan Təqsirləndirilən şəxs üstü yoxlanılan zaman əynində olan göy rəngli cins şalvarın sağ ön cibindən aşkar edilmiş 01 ədəd kibrit qutusunda xeyli miqdarda, təmiz çəkisi – 6.96 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonra – 6.94 qram qalığı cinayət işi üzrə maddi sübut qismində tanınaraq saxlanılmasından ötrü Kürdəmir RPŞ-nin saxlanc yerinə təhvil verilmişdir. - İş üzrə verilmiş əməliyyat tapşırığına cavabdan görünür ki, faktla bağlı şifahi sorğular verilmiş, Təqsirləndirilən şəxs yaşadığı ərazidə kəşfiyyat xarakterli sorğular keçirilmiş, yaxın ətrafı araşdırılmışdır. Keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs üstü yoxlanılarkən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananı əldə etdiyi mənbəni müəyyən etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs kiməsə narkotik vasitə satması müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə heç bir əməliyyat məlumatı daxil olmamışdır. - xx.xx.2025-ci il tarixli qərardan görünür ki, həmin gün saat 18:00-da Təqsirləndirilən şəxs cinayət işi başlananadək Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. - xx.xx.2025-ci il tarixli qərarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan olunmuşdur. - xx.xx.2025-ci il tarixli qərarla ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs Babaşov X1 RPŞ-nin MSYdən azad edilərək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. - Kürdəmir rayon Mənzil İstismar Sahəsindən daxil olmuş arayış və xasiyyətnamədən məlum olur ki, Babaşov X1 şəhəri, Aran qəsəbəsi ev 26, mənzil 14 ünvanında atası Babaşov Nazim Həsrət oğlu və anası Babaşova Zeynəb Rəhim qızı ilə birlikdə yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə edilir. - Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(041)-14/2024 saylı hökmü ilə Babaşov Aqıl Nazim oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 228.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 06 (altı) ay müddətə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona 09 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli və həbsdə saxlanıldığı 04 (dörd) gün ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 08 ay 26 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Təqsirləndirilən şəxsə elan edilmiş ittiham Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsindən (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) ibarətdir, məhkəmə istintaqında təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilmişdir. Məhkəmə qeyd edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsində verilmiş anlayışa görə narkotik vasitələr dedikdə BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilər başa düşülür. 1.0.10. narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-ci il tarixli 08 nömrəli qərarının 5-ci bəndində göstərilir ki, narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən qrudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 5 qram müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, ümumi təmiz çəkisi 6.96 qram olan narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonra qalan 6.94 qram qalığı Kürdəmir RPŞ-nin maddi sübutların saxlanılması anbarına təhvil verilmişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafı, şahidlərin ifadəsi, baxış protokolları, üzərinə baxış keçirilən zaman diskə köçürülmüş videogörüntü, ekspert rəyləri, habelə iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-ci il tarixli 08 nömrəli qərarının 27-ci bəndində göstərilir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının cinayət qanununun prinsiplərini, CM-in 58-ci maddəsində göstərilmiş cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanın təyini məsələlərini tənzimləyən digər cinayəthüquqi normaların tələblərini rəhbər tutmalı, hər bir halda seçilən cəza növünün, cəzanın həddinin CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinin təmin edilməsi baxımından məqsədəuyğun və yetərli olub-olmamasını nəzərdən keçirməli, bu məsələ üzrə hüquq tətbiq etmə təcrübəsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının müddəalarına uyğun şəkildə formalaşmasını təmin etməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Törədilmiş cinayət əməlinə görə tətbiq ediləcək cəzanın adekvatlığını müəyyən etmək üçün qanunvericiliyin ümumi tələbləri ilə yanaşı cinayət törətmiş şəxsə münasibətdə effekliliyi və cəzanın məqsədlərinə çatmaq məqsədilə aşağıda qeyd edilən bəzi məsələlərə də diqqət yetirilməsini məhkəmə zəruri hesab edir. Cinayət qanunvericiliyinin ümumi tələbləri baxımından cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.(CM-nin 41-ci maddəsi). Qeyd edilən CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. 58.3. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətlərin residivi hesab edilir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən cinayətlərin resdivinə görə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 nömrəli qərarının 11-ci bəndində göstərilir ki, cinayətlərin residivi, təhlükəli residivi və xüsusilə təhlükəli residivi zamanı cəza təyin edərkən, məhkəmələr CM-nin 65.1 və 65.2-ci maddələrində göstərilmiş halları nəzərə almalıdırlar. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Təqsirləndirilən şəxs orta təhsilli, subay olması, fərdi əməklə məşğul olması, daimi yaşayış yerinin olması, əvvəllər məhkum olunması, yaşayış yeri üzrə müsbət xarakterizə olması onun şəxsiyyətini səciyyələndirən hallardır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal yoxdur. Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən yenidən cinayət törətməsi Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran haldır. Məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını ağırlaşdıran halı və işin yuxarıda şərh edilən digər hallarını nəzərə alaraq, ona Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini qanuna müvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs kimi saxlanıldığı xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək müddət ona cəza təyin edilərkən nəzərə alınmalıdır. Məhkəmə, CPM-in 346.1.20-ci maddəsinin tələblərinə əsasən seçilmiş qətimkan tədbirinin ləğv edilməli və ya dəyişdirilməli olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməli, barəsində həbs qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından həbs edilməli, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.16-cı maddəsinə əsasən təqsirləndirilən şəxslərin barəsində tibbi xarakterli məcburi tədbirlərin və məhz hansı tədbirlərin tətbiq edilməsinin mümkün olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, narkoloji ekspertizasının rəyi nəzərə alınmaqla Təqsirləndirilən şəxs tibbi xarakterli məcburi tədbir kimi narkomaniya xəstəliyindən məcburi müalicə təyin edilməli, həmçinin narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Məhkəmə, CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından maddi sübutlar məsələsinin necə həll edilməli olması məsələsinə baxaraq bu nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi Kürdəmir Rayon Polis Şöbəsində saxlanılan və tədqiqata sərf edildikdən sonra qalıq qalmış, narkotik vasitə qurudulmuş marixuananın 6.94 qram qalığı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 02 ədəd disk iş üzrə maddi sübut kimi cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə, CPM-in 346.1.21-ci maddəsinin tələblərinə əsasən məhkəmə məsrəflərinin kimin üzərinə və hansı məbləğdə qoyulmalı olduğu məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 31.95 (otuz bir manat doxsan beş qəpik) manat məbləğində məhkəmə məsrəfi (ekspertiza xərci) tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına ödənilməlidir. Hökmün Təqsirləndirilən şəxs təyin edilmiş narkomaniya xəstəliyindən məcburi müalicə, ekspertiza xərcinin ondan tutulması hissəsində cəzaçəkmə müəssisəsinin rəhbərliyinə, narkoloji kabinetdə qeydiyyata alınması, maddi sübut-narkotik vasitə qurudulmuş marixuananın məhv edilməsi hissəsində icra edilməsi Kürdəmir rayon icra və probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia, maddi ziyan, digər məhkəmə xərclərinin olmaması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən məhkəmədə Təqsirləndirilən şəxs göstərilən 10 saat hüquqi yardıma görə 110 manat Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət ona təyin edilmiş cəzadan çıxarılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli 03 dekabr 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin, barəsində həbs qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalından həbs edilsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi Kürdəmir Rayon Polis Şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonra narkotik vasitə qurudulmuş marixuananın 6.94 qram qalığı hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut olan 02 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 31.95 (otuz bir manat doxsan beş qəpik) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilsin. Hökmün Təqsirləndirilən şəxs təyin edilmiş narkomaniya xəstəliyindən məcburi müalicə, ekspertiza xərcinin ondan tutulması hissəsində cəzaçəkmə müəssisəsinin rəhbərliyinə, narkoloji kabinetdə qeydiyyata alınması, maddi sübutun- kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın məhv edilməsi hissəsində icra edilməsi Kürdəmir rayon icra və probasiya şöbəsinə həvalə edilsin. İş üzrə mülki iddia, maddi ziyan, digər məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Məhkəmədə Təqsirləndirilən şəxs göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 110 (bir yüz on) manat xidmət haqqı ödənilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Kürdəmir rayon məhkəməsi vasitəsi ilə, bilavasitə həbsdə saxlanıldığı və ya həbsdə saxlama yeri müdiriyyəti vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə Azərbaycan Respublikası CPM-nin 384.1-ci maddəsində nəzərdə tutulmuş müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar