Azərbaycan Respublikası adından HÖKM Kürdəmir rayon İş № 1(041)-143/2024 25.12.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi İmanov Xaliq Xalıq oğlunun sədrliyi Məhkəmə iclas katibi Gülalıyev Orxan Vəzir oğlunun katibliyi Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı Təqsirləndirilən şəxs və onun müdafiəçisi fərdi qaydada fəaliyyət göstərən vəkil X2 iştirakları ilə, xx.xx.1985-ci il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, Kürdəmir rayonu Atakişili kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəməsinin inzibati binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İttiham aktına görə Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan, xeyli miqdarda, təmiz çəkisi 13.245 qram kustar üsulla hazırlanmış narkotik vasitə tiryəki qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxlamış, xx.xx.2024-cü il tarixdə saat 19:12 radələrində Kürdəmir rayon polis söbəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində, Təqsirləndirilən şəxs Kürdəmir şəhəri H.Əliyev prospekti ilə Sabir küçəsi kəsişməsində saxlanılaraq üzərinə keçirilən şəxsi axtarış zamanı, əynində olan qara rəngli cins şalvarın qabaq sol cibindən 01 ədəd şəffaf rəngli polietilen kəsiyi bükümdə xeyli miqdarda təmiz çəkisi –13.245 qram xaşxaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə tiryək aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, ailəsi ilə birlikdə Kürdəmir rayonu Atakişili kəndində yaşayır, fərdi əməklə məğul olmaqla ailəsini dolandırır, xx.xx.2024-cü il tarixdə günorta saatlarında Kürdəmir şəhəri S.Şıxalıyev küçəsi ərazisində dəmiryol xəttinin yaxınlığında küçədə piyada gəzərkən yerdən 01 ədəd “Sobrania” markalı siqaret qutusu diqqətini çəkdiyi üçün əyilib götürmüş, içərisini açıb baxdıqda 01 ədəd polietilen bükümdə narkotik vasitə tiryəkə bənzər kütlə olduğunu görmüş, həmin bükümdəki tiryəki şəxsi istifadə etmək üçün siqaret qutusu ilə birlikdə əynində olan cins şalvarın cibinə qoyaraq saxlamışdır. xx.xx.2024-cü il tarixdə saat 19 radələrində Kürdəmir şəhəri, Sabir küçəsi ilə piyada hərəkətdə olan zaman polis əməkdaşları ona yaxınlaşaraq narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək onu saxlayıb polis şöbəsinə aparmışlar. Şöbədə üzərinə videoçəkilişdən istifadə etməklə şəxsi axtarış keçirilərkən həmin polietilen bükümü onlara təqdim etmiş, narkotik vasitəni necə əldə etdiyini polis əməkdaşlarına izah etmişdir. Əməlindən səmimi peşmançılıq çəkməsinin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında Şahid3 ifadəsində göstərdi ki, Kürdəmir RPŞ-nin NMQ-nın əməliyyat müvəkilli vəzifəsində işləyir. xx.xx.2024-cü il tarixdə Kürdəmir rayonu Atakişili kəndində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə saxlaması barədə daxil olan məlumat əsasında həmin gün saat 22 radələrində Təqsirləndirilən şəxs saxlayaraq polis şöbəsinə gətirmişlər. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs qara rəngli şalvarın qabaq sol cibindən bir ədəd ağ rəngli “Sobrania” markalı siqaret qutusunu çıxarıb təqdim edərək, içərisində narkotik vasitə tiryək olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi torba müstəntiq tərəfindən açılmış içərisində qara rəngli narkotik vasitə tiryəkə bənzər kütlə ı aşkar olunmuş, sonra həmin kütlə elektron tərəzidə çəkilmiş, kiçik polietilen büküm ilə birlikdə çəkisi 13.37 qram gəlmişdir. Təqsirləndirilən şəxs kiməsə narkotik vasitə satdığını eşitməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Kürdəmir RPŞ-nin İTB-nin sahə polis nəfəri Şahid1 da eyni məzmunlu ifadə verərək Şahid3 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: - xx.xx.2024-cü il tarixli “Şəxsi axtarış və götürmə keçirilməsi haqqında” protokoldan görünür ki, Kürdəmir şəhəri H.Əliyev prospekti ilə Kürdəmir şəhəri Sabir küçəsinin kəsişməsində video çəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən qabaq Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş, daha sonra ona üzərində hər hansı bir qanunsuz əşya varsa təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitənin olduğunu bildirib, əynində olan qara rəngli cins şalvarın qabaq sol cibindən 01 ədəd “Sobrania” markalı siqaret qutusunu çıxararaq təqdim etmiş, qutu baş əməliyyat müvəkkili, polis mayoru Şahid2 tərəfindən açılmış, 01 ədəd polietilen kəsiyi bükümün içərisində qara rəngli narkotik vasitə tiryəkə bənzər kütlə olduğu müəyyən edilmişdir. Bu barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmış, həmçinin xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərindən narkotik vasitənin aşkar edilməsini özündə əks etdirən 01 ədəd disk protokola əlavə edilmişdir. - xx.xx.2024-cü il tarixli “əməliyyat-axtarış tədbirinin nəticəsində götürülmüş əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında” protokoldan görünür ki, Kürdəmir RPŞnin İnzibati binasında Müdafiəçi1 iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülüb qablaşdırılmış narkotik vasitə tiryəkə bənzər kütlə zərfdən çıxarılıb müstəntiq tərəfindən baxış keçirilmiş, daha sonra yenidən qablaşdırılmışdır. - məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli 18/800 nömrəli rəyindən görünür ki, 1) Tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs...” sözləri yazılmış və imzalar olan kağız paketdəki 01 ədəd sellofan torbacıqda təmiz çəkisi-13.245 qram olan maddə xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir. Tiryək 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı”na daxildir,(İ siyahı). - “Kürdəmir rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsinin verdiyi xx.xx.2024-cü il tarixli 18-1-49/2-908/2024 nömrəli məktubdan görünür ki, Abbasov X4 RMX-nin poliklinika şöbəsində həkim psixiatr və narkoloqun qeydiyyatında durmur. -Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin verdiyi tələbnamədən görünür ki, X1 rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nın 234.1-ci və 69.3-cü maddələri ilə 01 il 05 ay 28 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilmişdir. -iş üzrə verilmiş əməliyyat tapşırığına cavabdan görünür ki, Keçirilmiş əməliyyat tədbirləri zamanı alınmış məlumatlarla təsdiq olunur ki, Təqsirləndirilən şəxs məlum olmayan mənbədən və tarixdə şəxsi istifadəsi üçün, satış məqsədi olmadan xeyli miqdarda, yəni 13.245 qram olan xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəki qanunsuz olaraq əldə edib, daşıyaraq üzərində saxlamışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz istifadəsi ilə məşğul olsa da, digər şəxslərə satmaqla məşğul olmamış, bu barədə heç bir məlumat daxil olmamışdır. Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş narkotik vasitə tiryəki hansı mənbədən, hansı tarixdə və hansı şəraitdə əldə etməsi barədə məlumat əldə edilməmişdir. - məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 1878 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan tiryəkdən sui-istifadə nəticəsində yaranmış narkomaniya əstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. - iş üzrə 13 noyabr 2024-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2011-ci il təvvəllüdli Vəfa adlı qızı vardır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Təqsirləndirilən şəxsə elan edilmiş ittiham Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsindən (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) ibarətdir, məhkəmə istintaqında təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilmişdir. Məhkəmə qeyd edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsində verilmiş anlayışa görə narkotik vasitələr dedikdə BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilər başa düşülür. 1.0.10. narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-ci il tarixli 08 nömrəli qərarının 8-ci bəndində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahıları”nda tiryəkin xeyli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı həddi 0.5 qram müəyyən edilmişdir. Cinayətin predmeti Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş narkotik vasitə tiryəkin 13.145 qram qalığı cinayət işi üzrə maddi sübut qismində tanınaraq saxlanılmasından ötrü Kürdəmir RPŞ-nin Maddi sübutların saxlanma yerinə təhvil verilmiş. Həmçinin Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman və üzərindən aşkar edilmiş kütlənin təhvil-təslimi zamanı aparılmış videoçəkilişlərin qeydə alındığı 02 (iki) ədəd disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işində saxlanılmışdır Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafı, şahidlərin ifadələri, baxış protokolları, üzərinə baxış keçirilən zaman diskə köçürülmüş videogörüntü, ekspert rəyləri, habelə iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-ci il tarixli 08 nömrəli qərarının 27-ci bəndində göstərilir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının cinayət qanununun prinsiplərini, CM-in 58-ci maddəsində göstərilmiş cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanın təyini məsələlərini tənzimləyən digər cinayəthüquqi normaların tələblərini rəhbər tutmalı, hər bir halda seçilən cəza növünün, cəzanın həddinin CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinin təmin edilməsi baxımından məqsədəuyğun və yetərli olub-olmamasını nəzərdən keçirməli, bu məsələ üzrə hüquq tətbiq etmə təcrübəsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının müddəalarına uyğun şəkildə formalaşmasını təmin etməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Törədilmiş cinayət əməlinə görə tətbiq ediləcək cəzanın adekvatlığını müəyyən etmək üçün qanunvericiliyin ümumi tələbləri ilə yanaşı cinayət törətmiş şəxsə münasibətdə effekliliyi və cəzanın məqsədlərinə çatmaq məqsədilə aşağıda qeyd edilən bəzi məsələlərə də diqqət yetirilməsini məhkəmə zəruri hesab edir. Cinayət qanunvericiliyinin ümumi tələbləri baxımından cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.(CM-nin 41-ci maddəsi). Qeyd edilən CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. 58.3. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs orta təhsilli, evli və himayəsində 1 azyaşlı uşağının olması, fərdi əməklə məşğul olması, daimi yaşayış yerinin olması, əvvəllər məhkum olunması, məhkuluğunun qanunla müəyyən edilmiş qaydada ödənilməsi və götürülməsi onun şəxsiyyətini səciyyələndirən hallardır. Təqsirləndirilən şəxs himayəsində 1 azyaşlı uşağının olması cəzasını yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, məsuliyyətini yüngülləşdirən halların olmamasını nəzərə alaraq, ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini qanuna müvafiq hesab edir. Məhkəmə, CPM-in 346.1.20-ci maddəsinin tələblərinə əsasən seçilmiş qətimkan tədbirinin ləğv edilməli və ya dəyişdirilməli olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli 12 sentyabr 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.16-cı maddəsinə əsasən təqsirləndirilən şəxslərin barəsində tibbi xarakterli məcburi tədbirlərin və məhz hansı tədbirlərin tətbiq edilməsinin mümkün olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində narkoloji ekspertizasının rəyi nəzərə alınmaqla ona tibbi xarakterli məcburi tədbir kimi narkomaniya xəstəliyindən məcburi müalicə təyin edilməli, həmçinin narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Məhkəmə, CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından maddi sübutlar məsələsinin necə həll edilməli olması məsələsinə baxaraq bu nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi Kürdəmir RPŞ-nin saxlanc yerinə təhvil verilmiş ümumi təmiz çəkisi 13.245 qram olan narkotik vasitə tiryəkin ekspertiza tədqiqatından sonra qalan 13.145 qram qalığı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman və üzərindən aşkar edilmiş kütlənin təhvil-təslimi zamanı aparılmış videoçəkilişlərin qeydə alındığı 02 (iki) ədəd disk iş üzrə maddi sübut kimi cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə, CPM-in 346.1.21-ci maddəsinin tələblərinə əsasən məhkəmə məsrəflərinin kimin üzərinə və hansı məbləğdə qoyulmalı olduğu məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ekspertiza xərci 49.74 (qirx doqquz manat 74 qəpik) manat məbləğində məhkəmə məsrəfi (ekspertiza xərci) tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına ödənilməlidir. Hökmün Təqsirləndirilən şəxs təyin edilmiş narkomaniya xəstəliyindən məcburi müalicə, ekspertiza xərcinin ondan tutulması hissəsində cəzaçəkmə müəssisəsinin rəhbərliyinə, narkoloji kabinetdə qeydiyyata alınması, maddi sübutun-narkotik vasitə olan qurudulmuş marixuananın məhv edilməsi hissəsində icra edilməsi Kürdəmir rayon icra və probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia, maddi ziyan, digər məhkəmə xərclərinin olmaması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən məhkəmədə Təqsirləndirilən şəxs göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil X3 90 (doxsan) manat məbləğində xidmət haqqı ödənilməlidir Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli 12 sentyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi Kürdəmir RPŞ-nin saxlanc yerinə təhvil verilmiş ümumi təmiz çəkisi 13.245 qram olan narkotik vasitə tiryəkin ekspertiza tədqiqatından sonra qalan 13.145 qram qalığı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman və üzərindən aşkar edilmiş kütlənin təhvil-təslimi zamanı aparılmış videoçəkilişlərin qeydə alındığı 02 (iki) ədəd disk iş üzrə maddi sübut kimi cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 49.74 (qirx doqquz manat 74 qəpik) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilsin. Hökmün Təqsirləndirilən şəxs təyin edilmiş narkomaniya xəstəliyindən məcburi müalicə, ekspertiza xərcinin ondan tutulması hissəsində cəzaçəkmə müəssisəsinin rəhbərliyinə, narkoloji kabinetdə qeydiyyata alınması, maddi sübutun-narkotik vasitə olan qurudulmuş marixuananın məhv edilməsi hissəsində icra edilməsi Kürdəmir rayon icra və probasiya şöbəsinə həvalə edilsin. İş üzrə mülki iddia, maddi ziyan, digər məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Məhkəmədə Təqsirləndirilən şəxs göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil X3 90 (doxsan) manat xidmət haqqı ödənilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Kürdəmir rayon məhkəməsi vasitəsi ilə, bilavasitə həbsdə saxlanıldığı və ya həbsdə saxlama yeri müdiriyyəti vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə Azərbaycan Respublikası CPM-nin 384.1-ci maddəsində nəzərdə tutulmuş müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: X.X.İMANOV
Məhkəmə qərarları › İş №1(041)-143/2024
Kürdəmir Rayon Məhkəməsi Hökm — İş №1(041)-143/2024
25.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver