Məhkəmə qərarları › İş №1(041)-145/2025

Kürdəmir Rayon Məhkəməsi Hökm — İş №1(041)-145/2025

16.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Kürdəmir rayon İş № 1(041)-145/2025 16.12.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi, Həsənova Gülnar Fikrət qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1998-ci ildə Kürdəmir rayonu, Sığırlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Kürdəmir rayonu, Sığırlı kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanında məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən, satış məqsədi olmadan xeyli miqdarda təmiz çəkisi - 6.54 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxlamış, xx.xx.2025-ci il tarixdə saat 01:00 radələrində Kürdəmir RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı Kürdəmir şəhəri, M.Ə.Sabir küçəsi ərazisində saxlanılaraq üstü yoxlanılarkən əynində olan göy rəngli cins şalvarın sağ ön cibindən 01 ədəd polietilen bükümdə xeyli miqdarda, təmiz çəkisi – 6.54 qram tərkibində narkotik vasitələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxs saxlanılarkən tərtib edilmiş protokol, təqsirləndirilən şəxsin təhqiqat və istintaq zamanı izahatı, ibtidai araşdırma və məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələri, şahidlərin ifadələri, maddi sübutların götürülməsi protokolu, ekpertiza rəyləri, məhkəmə-narkoloji ekspertizasının rəyləri, eləcə də işin biridigərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, özünü Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilir. Kürdəmir rayonu, Sığırlı kəndində ailə üzvlərilə birlikdə yaşayır. O, narkotik vasitə qurudulumuş marixuanadan aradabir istifadə edir. xx.xx.2025-ci il tarixdə saat 13 radələrində yaşadığı Kürdəmir rayonu, Sığırlı kəndi ərazisində heyvan otararkən yerdə 01 ədəd selofan büküm görmüşdür. O, həmin bükümü götürmüş və içərisinə baxdıqda “nəşə”, yəni narkotik vasitə qurudulmuş marixuana olduğunu görmüşdür. O, həmin bükümü şəxsi istifadə etmək üçün cibinə qoyub üzərində saxlamışdır. xx.xx.2025-ci il tarixdə saat 01:00 radələrində Kürdəmir şəhəri, M.Ə.Sabir üçəsində piyada hərəkətdə olan zaman Kürdəmir RPŞ-nin əməkdaşları ona yaxınlaşaraq narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər. Polis əməkdaşlarının təklifindən sonra o, əynində olan göy rəngli cins şalvarının sağ ön cibindən 01 ədəd selofan bükümü çıxarıb təqdim edərək, içərisində “nəşə” olduğunu bildirmişdir. Bundan sonra onu Kürdəmir RPŞ-yə gətirmişlər. Orda üzərindən aşkar edilərək qablaşdırılmış içərisində narkotik vasitə qurudulmuş marixuana olan zərfə videoçəkiliş vasitəsi ilə baxış keçirilmişdir. Baxış zamanı zərf içərisindəki 01 ədəd selofan bükümdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs verilmiş suallara cavabında həmçinin göstərmişdir ki, polis əməkdaşı üstünü yoxlayarkən üzərindən 01 ədəd “Redmi” markalı telefon aşkar olunmuşdur. Başqa qanunsuz heç bir əşya və predmet aşkar olunmamışdır. Üstü yoxlanılarkən aşkar edilmiş 01 ədəd polietilen bükümdə olan təmiz çəkisi 6.54 qram narkotik vasitə qurudulmuş marixuananı xx.xx.2025-ci il tarixdə saat 13 radələrində yaşadığı Kürdəmir rayonu, Sığırlı kəndi ərazisində yerdən tapmış və şəxsi istifadə etmək üçün üzərində saxlamışdır. Polis şöbəsinə gətirilərkən ona heç bir formada təzyiq göstərilməmişdir. O, başqa heç bir cinayət əməli törətməmişdir. Ondan aşkar olunan narkotik vasitə olan qurudulmuş marixuanadan başqa evində və ya başqa yerdə ona məxsus marixuana və ya hər hansı digər narkotik vasitə yoxdur. Narkotik vasitənin heç bir növünün satışı ilə məşğul olmamışdır. Onun marixuanasının olmasından, həmçinin üzərində saxlamağından heç kimin məlumatı olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Kürdəmir RPŞ-nin CAB-ın əməliyyat müvəkkili vəzifəsində işləyir. Kürdəmir rayonu, Sığırlı kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs rayon sakini kimi tanıyır. Təqsirləndirilən şəxs Kürdəmir rayon sakini kimi tanımış, lakin onunla heç bir münasibəti, hər hansı bir düşmənçilik və ədavəti olmamışdır. xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edib daşıması, üzərində saxlaması və qəbul etməsi barədə məxfi mənbədən əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması üçün RPŞ-nin rəisinə raportla məruzə edilmişdir. Rəis bu barədə razılıq verdikdən sonra təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul edildikdən sonra istintaq-əməliyyat qrupu yaradılmışdır. xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs bir qədər kənardan izləyib, saat 01:00 radələrində Kürdəmir şəhəri, M.Ə.Sabir küçəsi ərazisində saxlamışlar. Üstündə yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ ön cibindən 01 ədəd polietilen bükümü çıxarıb təqdim edərək, içərisində “nəşə”, yəni narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. Bükümə baxış keçirilərkən içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olması aşkar olunmuşdur. Aşkar olunmuş büküm içərisindəki kütlə ilə birlikdə “Çin” istehsalı elektron tərəzidə çəkilərkən çəkisinin 6.85 qram olması müəyyən edilmişdir. Həmin büküm içərisindəki kütlə ilə birlikdə 01 ədəd içərisi boş ağ rəngli kağız zərfdə qablaşdırılaraq götürülmüşdür. Sonra Təqsirləndirilən şəxs RPŞ-nə gətirmişlər. Orda təqdim edilən zərfə videoçəkilişdən istifadə etməklə baxış keçirilmişdir. Büküm tərəzidə çəkilərkən təxmini çəkisinin 6.76 qram olması müəyyən edilmiş, zərfə qoyularaq üzəri möhürlənmişdir. Şahid qismində dindirilmiş Şahid1 verilmiş suallara cavabında həmçinin bildirmişdir ki, şifahi soğru zamanı Təqsirləndirilən şəxs üstü yoxlanılarkən üzərindən aşkar edilmiş 01 ədəd polietilen bükümdə olan kütlənin narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. O, şəxsi istifadə etmək üçün üzərində saxladığını, həmin kütləni xx.xx.2025-ci il tarixdə saat 13 radələrində yaşadığı kənd ərazində heyvan otararkən yerdən tapdığını demişdir. O, polis şöbəsinə gətirilərkən və sonra ona heç bir psixi və fiziki güc tətbiq edilmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir zor və fiziki güc tətbiq edilməmişdir. Təqsirləndirilən şəxs kiməsə narkotik vasitə və psixotrop maddə satdığını eşitməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə iş üzrə şahid- Kürdəmir RPŞ-nin CAB-ın əməliyyat müvəkkili, polis leytenantı Şahid2 lazımı qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir məlumat vermədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə iclasının Şahid2 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. Həmin ifadəsində o, şahid qismində dindirilmiş Şahid1 ilə anoloji ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və ibtidai araşdırma aparılması üçün icraata qəbul edilmişdir (i.v 1-2); Əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, щямин tarixdə Kürdəmir RPŞ-nin CAB-ın əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1, Kürdəmir RPŞ-nin CAB-ın əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid2 və Kürdəmir RPŞ-nin CAB-ın əməliyyat müvəkkili, polis kiçik leytenantı X2 iştirakları ilə Təqsirləndirilən şəxs saxlanılan zaman paltarında, əşyalarında və ya bədənində narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində sonuncunun saxlanıldığı yerdə üstünün yoxlanılmasına başlanılmışdır. Üstündə yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ ön cibindən 01 ədəd polietilen bükümü çıxarıb təqdim edərək, içərisində “nəşə”, yəni narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. Bükümə baxış keçirilərkən içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olması aşkar olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs üstünü yoxlayarkən əynində olan göy rəngli cins şalvarın sol ön cibindən 01 ədəd “Redmi” markalı mobil telefon aşkar edilmişdir. Aşkar olunmuş büküm içərisindəki kütlə ilə birlikdə “Çin” istehsalı elektron tərəzidə çəkilərkən çəkisinin 6.85 qram olması müəyyən edilmişdir. 01 ədəd polietilen büküm içərisindəki kütlə ilə birlikdə 01 ədəd içərisi boş ağ rəngli kağız zərfdə qablaşdırılaraq üzəri saxlanılan şəxs, iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. 01 ədəd “Redmi” markalı mobil telefon isə ayrıca götürülmüşdür. Şifahi soğru zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlənin narkotik vasitə qurudulmuş marixuana olduğunu, şəxsi istifadə etmək üçün üzərində saxladığını, həmin kütləni xx.xx.2025-ci il tarixdə heyvan otararkən yerdən tapdığını, saxlanılarkən ona qarşı heç bir fiziki və psixi təsir olmadığını, istifadəsində ***- ***-**-** saylı mobil nömrənin olmasını bildirmişdir (i.v. 9-11); Cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında xx.xx.2025-ci il tarxili protokoldan görünür ki, Təqsirləndirilən şəxs cinayət işi başlanandək Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, onun tutulma vaxtı azadlığının məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2025-ci il tarixdə saat 01:00-dan hesablanmışdır (i.v 26-28); xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, hətarixdə Kürdəmir RPŞ-nin CAB-ın əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1, Kürdəmir RPŞ-nin CAB-ın əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid2, Kürdəmir RPŞ-nin CAB-ın əməliyyat müvəkkili, polis kiçik leytenantı X2 və Müdafiəçi1 iştirakı ilə Təqsirləndirilən şəxs üstü yoxlanılarkən aşkar edilmiş bükümə və mobil telefona baxış keçirilmişdir. Təqsirləndirilən şəxs üstü yoxlanılarkən aşkar edilərək qablaşdırılmış paket açılaraq baxış keçirilmişdir. Baxış zamanı zərf içərisindəki 01 ədəd polietilen bükümdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən edilmişdir. 01 ədəd polietilen bükümdə olan kütlə “Çin” istehsalı olan tərəzidə çəkilərkən təxmini çəkisinin 6.76 qram olması müəyyən edilmişdir. 01 ədəd polietilen bükümdə olan kütlə içərisi boş 01 ədəd kağız zərfə qoyularaq üzəri “Azərbaycan Respublikası DİN №137” möhürü ilə möhürlənmişdir. Zərf iştirakçılar tərəfindən imzalanmış və ekspertizaya təqdim olunacağı bildirilmişdir. “Redmi” markalı mobil telefon isə iş üçün əhəmiyyət kəsb etdiyindən ayrıca götürülmüşdür. Şifahi soğru zamanı Təqsirləndirilən şəxs üstü yoxlanılarkən üzərindən aşkar edilmiş 01 ədəd polietilen bükümdə olan kütlənin narkotik vasitə qurudulmuş marixuana olduğunu, şəxsi istifadə etmək üçün üzərində saxladığını, həmin kütləni xx.xx.2025-ci il tarixdə saat 13 radələrində yaşadığı kənd ərazində heyvan otararkən yerdən tapdığını, üstü yoxlanılarkən aşkar edilmiş “Redmi” markalı mobil telefonun üzərində ***-***-**-** saylı mobil nömrənin olduğunu, polis şöbəsinə gətirilərkən və sonra ona heç bir psixi və fiziki güc tətbiq edilmədiyini bildirmişdir (i.v 36-38); xx.xx.2025-ci il tarixli 18/598 nömrəli məhkəmə-bioloji ekspertizanın rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində: “...Təqsirləndirilən şəxs...” sözləri və imzalar olan kağız paketdə 01 ədəd kibrit bükümdə təmiz çəkisi – 6.54 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır (i.v 44-47); xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi ilkin ibtidai istintaq materialları ilə sübut edildiyindən xx.xx.2025-ci il tarixdə həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona ittiham elan olunmuş və barəsində «başqa yerə getməmək haqqında» iltizam qətimkan tədbiri seçilmişdir (i.v 63-65); Maddi sübut kimi tanımaq haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üstü yoxlanılan zaman əynində olan göy rəngli cins şalvarın sağ ön cibindən aşkar edilmiş 01 ədəd polietilen bükümdə, təmiz çəkisi – 6.54 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonra – 6.52 qram qalığı cinayət işi üzrə maddi sübut qismində tanınaraq saxlanılmasından ötrü Kürdəmir RPŞ-nin saxlanc yerinə təhvil verilmişdir (i.v 72-75); xx.xx.2025-ci il tarixli 3-13-86/2-250600102/2025 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs “Kürdəmir rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin Poliklinika şöbəsində həkim psixiatr və narkoloqun qeydiyyatında yoxdur (i.v 87); DİN-in Baş Əməliyyat və statistika informasiya idarəsinin xx.xx.2025-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir (i.v 94- 95); İş üzrə verilmiş əməliyyat tapşırığına xx.xx.2025-ci il tarixli cavabdan görünür ki, faktla bağlı şifahi sorğular verilmiş, Təqsirləndirilən şəxs yaşadığı ərazidə kəşfiyyat xarakterli sorğular keçirilmiş, yaxın ətrafı araşdırılmışdır. Keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs üstü yoxlanılarkən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananı əldə etdiyi mənbəni müəyyən etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs kiməsə narkotik vasitə satması müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə heç bir əməliyyat məlumatı daxil olmamışdır (i.v 105); Gəncə şəhəri Narkoloji Dispanserinin xx.xx.2025-ci il tarixli 1623 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannobinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji dispanserdə profilaktiki qeydiyyata alınması məsləhət görülür (i.v 106); Kürdəmir Rayon İcra Hakimiyyəti Başçısının Sığırlı kənd İƏD üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixdə 596 №-li arayış və xasiyyətnaməsindən görünür ki, Aslanov X3 rayonu, Sığırlı kəndində qeydiyyatda olmaqla yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə edilir (i.v 113-114); Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs elan edilmiş ittiham və abrəsində seçililmiş «başqa yerə getməmə haqqında» iltizam qətimkan tədbiri qüvvədə saxlanılmış, barəsində Azərbaycan Respulikası CM-nin 234.2, 234.1-1-ci, 234.4.2-ci, 234.4.3-cü, 235-ci, 236-cı maddələri ilə cinayət təqibi başlanması rədd edilmiş, xx.xx.2025-ci il tarixli üstün yoxlanılması və baxışı protokolu, üstün yoxlanılması və baxış zamanı çəkilmiş 02 ədəd DVD disk və digər sənədlər işin obyektiv halları ilə birlikdə sübut kimi qiymətləndirilmiş və cinayət işində olması nəzərə alınmış, üstü yoxlanılan zaman əynində olan göy rəngli cins şalvarın sağ ön cibindən aşkar edilmiş 01 ədəd polietilen bükümdə, təmiz çəkisi – 6.54 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kutsar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonra – 6.52 qram qalığının cinayət işi üzrə maddi sübut qismində tanınaraq saxlanılmasından ötrü Kürdəmir RPŞ-nin saxlanc yerinə təhvil verilməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs əməli narkotik vasitələri könüllü surətdə təhvil vermə kimi qiymətləndirilməmiş, 6.54 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə etdiyi mənbəni müəyyənləşdirmək üçün cinayət işindən material ayrılmış və araşdırma aparılmışdır (i.v 119-128); İ-5089 nömrəli vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilmişdir. İ-2512 nömrəli vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilmişdir. İ-6677 nömrəli vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəyinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməli Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 109-cu qrafasına əsasən qurudulmuş marixuananın xeyli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı hədləri 05 qram müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin; 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; 197.1.4-cü maddəsinə əsasən mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ məhkəmə məsrəfləridir; 198.1-ci maddəsinə əsasən Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1, 197.1.6—197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər; «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-ci il tarixli 08 nömrəli qərarının 5-ci bəndində göstərilir ki, narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Həmin qərarın 27-ci bəndində göstərilir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının cinayət qanununun prinsiplərini, CM-in 58-ci maddəsində göstərilmiş cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanın təyini məsələlərini tənzimləyən digər cinayəthüquqi normaların tələblərini rəhbər tutmalı, hər bir halda seçilən cəza növünün, cəzanın həddinin CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinin təmin edilməsi baxımından məqsədəuyğun və yetərli olub-olmamasını nəzərdən keçirməli, bu məsələ üzrə hüquq tətbiq etmə təcrübəsinin «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Ali Məhkəmənin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının müddəalarına uyğun şəkildə formalaşmasını təmin etməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edərək medallarla təltif edilməsini, əvvəllər cinayət məsuliyyətinə cəlb edilməməsini, törətdiyi əməldən səmimi peşman olmasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsində göstərilir ki, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ərazi narkoloji kabinetdə qeydiyyatda alınmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 02 ədəd «DVD» disk iş materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Kürdəmir rayonu, Sığırlı kəndində yerləşən fərdi yaşayış evində çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Kürdəmir rayon ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə xüsusi müsadirə ediləcək əmlak və mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən məhkəmədə Təqsirləndirilən şəxs göstərilən cəmi 11 saat hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 121 (yüz iyirmi bir) manat məbləğində pul ödənilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 17 avqust 2025-ci il tarixdən 18 avqust 2025-ci il tarixə qədər şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan Kürdəmri rayonunun Sığırlı kəndində yerləşən evini axşam saat 23:00-dan səhər 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üşün ona xidmət etmək, Kürdəmir rayonu hududlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təshil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Kürdəmir rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə profilaktika məqsədilə qeydiyyata alınsın. İş üzrə maddi sübutlar – Kürdəmir RPŞ-nin maddi sübutların saxlanılması anbarına təhvil verilmiş narkotik vasitə qurudulmuş marixuanın ekspertiza tədqiqatından sonra – 6.52 qram qalığı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Ekspertiza tədqiqatının dəyəri olan 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD–210005, VÖEN **********, m/h AZ41 NABZ013601**********3944, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba keçirilsin. İş üzrə maddi sübut – 02 ədəd “DVD” disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 tərəfindən 11 saat vaxt sərf etməklə hüquqi yardım göstərdiyindən, Müdafiəçi2 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 121 (yüz iyirmi bir) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. İş üzrə mülki iddia və maddi ziyanın olmaması nəzərə alınsın. Hökmdən 20 gün müddətinə Kürdəmir Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiyaiya məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rahid Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar