Məhkəmə qərarları › İş №1(041)-146/2025

Kürdəmir Rayon Məhkəməsi Hökm — İş №1(041)-146/2025

17.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Kürdəmir rayon İş № 1(041)-146/2025 17.12.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi İmanov Xaliq Xalıq oğlunun sədrliyi Məhkəmə iclas katibi İsayev Orxan Mahir oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1998-ci il tarixdə Kürdəmir rayonu, Sığırlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Kürdəmir rayonu, Sığırlı kəndində qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına görə Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan, xeyli miqdarda, ümumi təmiz çəkisi - 6.22 qram, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxlamış, xx.xx.2025-ci il tarixdə, saat 13:00 radələrində, Kürdəmir RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı Kürdəmir şəhəri, H.Əliyev prospekti ərazisində saxlanılaraq üstü yoxlanılarkən əynində olan qara rəngli şalvarın sol on cibindən 01 ədəd kibrit qutusunda xeyli miqdarda, təmiz çəkisi - 6.22 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Kürdəmir rayonu, Sığırlı kəndində ailə üzvlərilə birlikdə yaşayır, narkotik vasitə qurudulumuş marixuanadan arabir istifadə edir. xx.xx.2025-ci il tarixdə saat 24 radələrində yaşadığı Kürdəmir rayonu, Sığırlı kəndi ərazisində piyada gəzərkən yerdə 01 ədəd kibrit qutusu tapmış, içərisinə baxdıqda nəşə, yəni narkotik vasitə qurudulmuş marixuana olduğunu görmüş və şəxsi istifadə etmək üçün cibinə qoymuşdur. xx.xx.2025-ci il tarixdə saat 13:00 radələrində Kürdəmir şəhəri, H.Əliyev prospektində piyada hərəkətdə olan zaman Kürdəmir RPŞ-nin əməkdaşları ona yaxınlaşaraq narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər. Polis əməkdaşlarının təklifindən sonra o, əynində olan qara rəngli şalvarının sol ön cibindən 01 ədəd kibrit qutusunu çıxarıb təqdim edərək, içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. Bundan sonra onu Kürdəmir RPŞ-nə aparmış və verdiyi izahatında olanları etiraf etmişdir. Əməlindən peşimandır və nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqında Şahid1 ifadəsində göstərdi ki, Kürdəmir RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili vəzifəsində işləyir. Kürdəmir rayonu, Sığırlı kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs rayon sakini kimi tanıyır. xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edib daşıması, üzərində saxlaması və qəbul etməsi barədə məxfi mənbədən əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması üçün RPŞ-nin rəisinə raportla məruzə edilmişdir. Rəis bu barədə razılıq verdikdən sonra təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul edildikdən sonra istintaq-əməliyyat qrupu yaradılmışdır. xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs bir qədər kənardan izləyib, saat 13:00 radələrində Kürdəmir şəhəri, H.Əliyev prospekti ərazisində saxlayıb, özlərini təqdim edərək üzərində qanunsuz olaraq narkotik vasitə saxlamasında əsaslı şübhəli olduğunu bildirib hüquq və vəzifələri, o cümlədən müdafiə hüququnun olması, müvafiq araşdırma zamanı öz vəsaiti hesabına, bu vəsaitə maddi gücü çatmadığı halda dövlət büdcəsinin hesabına müdafiəçi ilə təmin olunmaq hüququ izah olunaraq hüquq və vəzifələri barədə bildiriş verilmiş, lakin Təqsirləndirilən şəxs müdafiəçi istəmədiyini bildirmişdir. Üstündə yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sol ön cibindən 01 ədəd kibrit qutusunu çıxarıb təqdim edərək, içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. Həmin kibrit qutusuna baxış keçirilərkən içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olması aşkar olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs üstünü yoxlayarkən üzərindən qanunsuz əşya və predmet aşkar edilməmişdir. 01 ədəd kibrit qutusu içərisindəki kütlə ilə birlikdə 01 ədəd içərisi boş ağ rəngli kağız zəridə qablaşdırılaraq üzəri saxlanılan şəxs və iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs RPŞ-nə gətirmişlər. RPŞ-də Təqsirləndirilən şəxs müstəntiq tərəfindən şübhəli şəxs qismində tutularaq, hüquqları və vəzifələrı izah edilmişdir. Təqsirləndirilən şəxs ona təqdim edilmiş vəkillərin siyahısı ilə tanış olaraq, özünün seçdiyi Müdafiəçi2 ilə təmin edilmişdir. Daha sonra təqdim edilən zərfə videoçəkilişdən istifadə etməklə baxış keçirilmişdir. Baxış zamanı 01 ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən edilmişdir. 01 ədəd kibrit qutusunda olan kütlə "Çin" istehsalı olan tərəzidə çəkilərkən təxmini çəkisinin 9.11 qram olması müəyyən edilmişdir. 01 ədəd kibrit qutusunda olan kütlə içərisi boş 01 ədəd kağız zərfə qoyularaq üzəri "Azərbaycan Respublikası DİN N№137" möhürü ilə möhürlənmişdir. Zərf iştirakçılar tərəfindən imzalanmış və ekspertizaya təqdim olunacağı bildirilmişdir. Şifahi soğru-zamanı Təqsirləndirilən şəxs üstu yoxlanılarkən üzərindən aşkar edilmiş 01 ədəd kibrit qutusunda olan kutlənin "nəşə", yəni narkotik vasitə qurudulmuş marixuana olduğunu, şəxsi istifadə etmək üçün üzərində saxladığını, həmin kütləni xx.xx.2025-ci il tarixdə saat 24 radələrində yaşadığı kənd ərazisində yerdən tapdığını, polis şöbəsinə gətirilərkən və sonra ona heç bir psixi və fiziki güc tətbiq edilmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs Kürdəmir rayon sakini kimi tanımış, lakin onunla heç bir münasibəti, hər hansı bir düşmənçilik və ədavəti olmamışdır. Təqsirləndirilən şəxs qarşı heç bir zor və fiziki güc tətbiq edilməmişdir. Təqsirləndirilən şəxs kiməsə narkotik vasitə və psixotrop maddə satdığını eşitməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Kürdəmir RPŞ-nin CAB-ın əməliyyat müvəkkili, polis leytenantı Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verərək həmin faktları dəsdiq etmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: - Cinayət işində olan xx.xx.2025-ci il tarixdə tərtib edilmiş "əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi haqqında" protokoldan görünür ki, həmin tarixdə Kürdəmir RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili, polis leytenantı Şahid1, Kürdəmir RPŞ-nin CAB-ın əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid2 və Kürdəmir RPŞ-nin ƏRQ-nun operatoru, polis kiçik serjantı X2 ıştırakları ilə Təqsirləndirilən şəxs saxlanılan zaman paltarında, əşyalarında və ya bədənində narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kilayət qədər əsaslar olduğundan keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində sonuncunun saxlanıldığı yerdə üstunün yoxlanılmasına başlanılmışdır. Üstündə yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sol ön cibindən 01 ədəd kibrit qutusunu çıxarıb təqdim edərək, içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. Həmin kibrit qutusuna baxış keçirilərkən içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olması aşkar olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs üstünü yoxlayarkən üzərindən qanunsuz əşya və predmet aşkar edilməmişdir. 01 ədəd kibrit qutusu içərisindəki kütlə ilə birlikdə 01 ədəd içərisi boş ağ rəngli kağız zərfdə qablaşdırılaraq üzəri saxlanılan şəxs və iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, üzərindən aşkar edilmiş kutlənin narkotik vasitə qurudulmuş marixuana olduğunu, şəxsi istifadə etmək üçün üzərində saxladığını, həmin kütləni xx.xx.2025-ci il tarixdə yaşadığı kənd ərazisində yerdən tapdığını və şəxsi istifadə üçün üzərində saxladığını bildirmişdir. - Cinayət işində olan xx.xx.2025-ci il tarixli "əməliyyat-axtarış tədbirinin nəticəsində götürülmüş və həmin tədbirin gedişatını özündə əks etdirən əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında" protokoldan görünür ki, həmin tarixdə Kürdəmir RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili, polis leytenantı X1, Kürdəmir RPŞ-nin CAB-ın əməliyyat müvəkkili, polis kiçık leytenantı Şahid2, Kürdəmir RPŞ-nin ƏRQ-nun operatoru, polis kiçik serjanti X3 və Müdafiəçi2 iştirakı ilə Təqsirləndirilən şəxs üstu yoxlanılarkən aşkar edilmiş bükümə və mobil telefona baxış keçirilmişdir. Təqsirləndirilən şəxs üstü yoxlanılarkən aşkar edilərək qablaşdırılmış paket açılaraq baxış keçirilmişdir. Baxış zamanı 01 ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən edılmışdır 01 ədəd kibrit qutusunda olan kütlə "Çin" istehsalı olan tərəzidə çəkilərkən təxmini çəkisinin 9.11 qram olması müəyyən edilmişdir. 01 ədəd kibrit qutusunda olan kutlə içərisi boş 01 ədəd kağız zərlə qoyularaq üzəri "Azərbaycan Respublikası DİN №137" möhurü ilə möhürlənmişdir. Zərf iştirakçılar tərəfindən imzalanmış və ekspertizaya təqdim olunacağı bildirilmişdir. Şifahi soğru-zamanı Təqsirləndirilən şəxs üstu yoxlanılarkən üzərindən aşkar edilmiş 01 ədəd kibrit qutusunda olan kütlənin "nəşə", yəni narkotik vasitə qurudulmuş marixuana olduğunu, şəxsi istifadə etmək üçün üzərində saxladığını, həmin kütləni xx.xx.2025-ci il tarixdə saat 24 radələrində yaşadığı kənd ərazisində yerdən tapdığını, polis şöbəsinə gətirilərkən və sonra ona heç bir psixi və fiziki güc tətbiq edilmədiyini və ***- ***-**-** saylı nömrəni istifadə etdiyini bildirmişdir. - İş üzrə təyin edilmiş məhkəmə-bioloji ekspertizasının xx.xx.2025-ci il tarixli 18/603 nömrəli rəyində qeyd olunmuşdur ki, Tədqiqata təqdim olunmuş üzərində:... Təqsirləndirilən şəxs Vuqar oğlunun üzərindən sözləri və imzalar olan kağız paketdə 01 ədəd kibrit qutusunda təmiz çəkisi - 6.22 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Qurudulmuş marixuana 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı”na daxildir,(İ siyahı) - "TƏBİB" "Kürdəmir rayon Mərkəzi Xəstəxanası" PHŞ-dən daxil olmuş xx.xx.2025ci il tarixli 18-1-49/2-903/2025 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs "Kürdəmir rayon Mərkəzi Xəstəxanası" PHŞ-nin Poliklinika şöbəsində həkim psixiatr və narkoloqun qeydiyyatında yoxdur. - Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2025-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. - İş üzrə təyin edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli 1832 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs narkotik vasitə olan kannobinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji dispanserdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. - "xxxx" MMC-dən xx.xx.2025-ci il tarixli 25599 nömrəli məktubla daxil olmuş 01 ədəd CD diskə baxış keçirilərkən iş üçün əhəmiyyət kəsb edən məlumat əldə edilməmişdir. - "xxxx" MMC-dən daxil olmuş xx.xx.2025-ci il tarixli GQ-2-914-777-2025 nömrəli məktubda göstərilmişdir ki, ***-***-**-**, ***-***-**-**, ***-***-**-** saylı mobil nömrələr xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək Azerfon şəbəkəsində istifadə edilməmişdir. - Cinayətin predmeti olan Təqsirləndirilən şəxs üstü yoxlanılan zaman əynində olan qara rəngli şalvarın sol ön cibindən aşkar edilmiş 01 ədəd kibrit qutusunda xeyli miqdarda, təmiz çəkisi 6.22 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasilə qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonra - 6.20 qram qalığı cinayət iş üzrə maddi sübut qismində tanınaraq saxlanılmasından ötrü Kürdəmir RPŞ-nin saxlanc yerinə təhvil verilmişdir. - İş üzrə verilmiş əməliyyat tapşırığına cavabdan görünür ki, faktla bağlı şifahi sorğular verilmiş, Təqsirləndirilən şəxs yaşadığı ərazidə kəşfiyyat xarakterli sorğular keçirilmiş, yaxın ətrafı araşdırılmışdır. Keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs üstü yoxlanılarkən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananı əldə etdiyi mənbəni müəyyən etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs kiməsə narkotik vasitə satması müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə heç bir əməliyyat məlumatı daxil olmamışdır. - xx.xx.2025-ci il tarixli qərardan görünür ki, həmin gün saat 13:00-da Təqsirləndirilən şəxs cinayət işi başlananadək Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. - xx.xx.2025-ci il tarixli qərarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan olunmuş və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. - Kürdəmir rayon İHB-nin Sığırlı kəndi üzrə nümayəndəliyindən daxil olmuş arayış və xasiyyətnamədən məlum olur ki, Təqsirləndirilən şəxs 3 nəfər ailə üzvü ilə (özü, arvadı, 2025-ci il təvəllüdlü oğlu İmran) Kürdəmir rayon Sığırlı kəndində yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə edilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Təqsirləndirilən şəxsə elan edilmiş ittiham Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsindən (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) ibarətdir, məhkəmə istintaqında təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilmişdir. Məhkəmə qeyd edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsində verilmiş anlayışa görə narkotik vasitələr dedikdə BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilər başa düşülür. 1.0.10. narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-ci il tarixli 08 nömrəli qərarının 5-ci bəndində göstərilir ki, narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən qrudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 5 qram müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, ümumi təmiz çəkisi 6.22 qram olan narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonra qalan 6.20 qram qalığı Kürdəmir RPŞ-nin maddi sübutların saxlanılması anbarına təhvil verilmişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafı, şahid ifadəsi, baxış protokolları, üzərinə baxış keçirilən zaman diskə köçürülmüş videogörüntü, ekspert rəyləri, habelə iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsə cəza təyin edilməsi məsələsinə gəldikdə isə məhkəmə bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Törədilmiş cinayət əməlinə görə tətbiq ediləcək cəzanın adekvatlığını müəyyən etmək üçün qanunvericiliyin ümumi tələbləri ilə yanaşı cinayət törətmiş şəxsə münasibətdə effekliliyi və cəzanın məqsədlərinə çatmaq məqsədilə aşağıda qeyd edilən bəzi məsələlərə də diqqət yetirilməsini məhkəmə zəruri hesab edir. Cinayət qanunvericiliyinin ümumi tələbləri baxımından cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.(CM-nin 41-ci maddəsi). Qeyd edilən CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. 58.3. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-ci il tarixli 08 nömrəli qərarının 27-ci bəndində göstərilir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının cinayət qanununun prinsiplərini, CM-in 58-ci maddəsində göstərilmiş cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanın təyini məsələlərini tənzimləyən digər cinayəthüquqi normaların tələblərini rəhbər tutmalı, hər bir halda seçilən cəza növünün, cəzanın həddinin CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinin təmin edilməsi baxımından məqsədəuyğun və yetərli olub-olmamasını nəzərdən keçirməli, bu məsələ üzrə hüquq tətbiq etmə təcrübəsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının müddəalarına uyğun şəkildə formalaşmasını təmin etməlidirlər. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Hər bir şəxsin təqsirliliyi məsələsi məhkəmə istintaqının gedişində sübuta yetirilir, əmələ görə məsuliyyət müəyyən edən CM-nin Xüsusi hissəsinin normasının düzgün tövsifi təmin edilir. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olubolmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Təqsirləndirilən şəxs orta təhsilli, evli olması, fərdi əməklə məşğul olması, daimi yaşayış yerinin olması, əvvəllər məhkum olmaması, yaşayış yeri üzrə müsbət xarakterizə olması onun şəxsiyyətini səciyyələndirən hallardır. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı övladı olmasını onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq, ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini onun islah olunması nöqteyi-nəzərindən qanuna müvafiq hesab edir. “Məhkəmələr hökmü haqqında” Ali Məhkəmənin Plenumunun Qərarının 45-ci bəndində göstərilmişdir ki, Məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə təyin ediləcək cəzanın adekvatlığını onunla izah edir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə məşğul olmasını etiraf etsə də, üzərindən aşkar edilərək götürülmüş tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı yerdən tapdığını bildirməklə əldə etdiyi mənbə barəsində məlumat verməməklə qeyri-səmimilik göstərmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin gizli pərakəndə satış şəbəkəsinin ifşası və bu cinayəti törədən şəxslərin vaxtında məsuliyyətə cəlb edilməsinə süni manelər yaratmaqla, özünün də həmin şəbəkədən uzaq olmadığını dolayısı ilə təsdiq etmişdir. Bundan əlavə, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı təyin edilən yüngül cəzalar bu sahədə aparılan tədbirlərin səmərəsizliyinə səbəb olmaqla yanaşı, digər narkomanlığa meyilli şəxslərin çəkindiriciliyinə öz mənfi təsirini göstərir. Halbuki, Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 17 sentyabr tarixli 721 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025– 2030-cu illər üçün Dövlət Proqramı”nda prioritet vəzəfələr kimi narkotik vasitələrin və psixotrop maddələrin gizli pərakəndə satış şəbəkəsinin ifşası və bu cinayəti törədən şəxslərin vaxtında məsuliyyətə cəlb edilməsi istiqamətində təşkilati və praktiki tədbirlərin gücləndirilməsi, zəruri tədbirlər görülməsi nəticəsində narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi sahəsində cinayətlərin torədilməsinə səbəb olan halların aradan qaldırılmasının təmin edilməsi, gələcəkdə baş verməsinin qarşısının alınması, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə bağlı cinayət işləri üzrə cinayət mühakimə icraatı zamanı belə cinayətlərin törədilməsini doğuran səbəb və şəraitin öyrənilməsi, eləcə də qarşısının alınması üçün tədbirlər görülməsi və sair göstərilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs kimi saxlanıldığı xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək müddət ona cəza təyin edilərkən nəzərə alınmalıdır. Məhkəmə, CPM-in 346.1.20-ci maddəsinin tələblərinə əsasən seçilmiş qətimkan tədbirinin ləğv edilməli və ya dəyişdirilməli olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməli, barəsində həbs qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından həbs edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.16-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin barəsində tibbi xarakterli məcburi tədbirlərin və məhz hansı tədbirlərin tətbiq edilməsinin mümkün olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, narkoloji ekspertizasının rəyi nəzərə alınaraq, Təqsirləndirilən şəxs narkoloji kabinetdə proflaktiki qeydiyyata alınmalıdır. Məhkəmə, CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından maddi sübutlar məsələsinin necə həll edilməli olması məsələsinə baxaraq bu nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi Kürdəmir Rayon Polis Şöbəsində saxlanılan və tədqiqata sərf edildikdən sonra qalıq qalmış, narkotik vasitə qurudulmuş marixuananın 6.20 qram qalığı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 02 ədəd disk iş üzrə maddi sübut kimi cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə, CPM-in 346.1.21-ci maddəsinin tələblərinə əsasən məhkəmə məsrəflərinin kimin üzərinə və hansı məbləğdə qoyulmalı olduğu məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 31.95 (otuz bir manat doxsan beş qəpik) manat məbləğində məhkəmə məsrəfi (ekspertiza xərci) tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına ödənilməlidir. Hökmün Təqsirləndirilən şəxs ekspertiza xərcinin ondan tutulması hissəsində cəzaçəkmə müəssisəsinin rəhbərliyinə, narkoloji kabinetdə qeydiyyata alınması, maddi sübutun-narkotik vasitə olan qurudulmuş marixuananın məhv edilməsi hissəsində icra edilməsi Kürdəmir rayon icra və probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia, maddi ziyan, digər məhkəmə xərclərinin olmaması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən məhkəmədə Təqsirləndirilən şəxs göstərilən 15 saat hüquqi yardıma görə 165 manat Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla, üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli 17 dekabr 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin, barəsində həbs qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalından həbs edilsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi Kürdəmir Rayon Polis Şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonra narkotik vasitə qurudulmuş marixuananın 6.20 qram qalığı hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut olan 02 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 31.95 (otuz bir manat doxsan beş qəpik) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilsin. Hökmün ekspertiza xərcinin Təqsirləndirilən şəxs tutulması hissəsində cəzaçəkmə müəssisəsinin rəhbərliyinə, narkoloji kabinetdə qeydiyyata alınması, maddi sübutunkustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın məhv edilməsi hissəsində icra edilməsi Kürdəmir rayon icra və probasiya şöbəsinə həvalə edilsin. İş üzrə mülki iddia, maddi ziyan, digər məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Məhkəmədə Təqsirləndirilən şəxs göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 165 (yüz altmış beş) manat xidmət haqqı ödənilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Kürdəmir rayon məhkəməsi vasitəsi ilə, bilavasitə həbsdə saxlanıldığı və ya həbsdə saxlama yeri müdiriyyəti vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə Azərbaycan Respublikası CPM-nin 384.1-ci maddəsində nəzərdə tutulmuş müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar