Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 1(041)-147/2025 04.12.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Kürdəmir Rayon Məhkəməsinin hakimi Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi, Əhmədova Aidə Sədrəddin qızının katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X1 iştirakları ilə, X3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 147.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi haqqında X1 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə müəyyən etdi: Xüsusi ittiham qaydasında şikayət vermiş X4 məhkəməyə müraciət edərək, barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X3 CM-in 147.1-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Xüsusi ittiham qaydasında verilən şikayət onunla əsaslandırılmışdır ki, o, xx.xx.2024cü il tarixdə Kürdəmir rayon sakini, Kürdəmir rayonu, Abdullayev küçəsi ev 8-də qeydiyyatda olan X6 ilə sonuncunun uzun-uzadı təkidindən sonra tanış olmuş və bundan sonra onların dostluq münasibətləri yaranmışdır. Taleh İslamov özünü "SOCAR" prezidentinin müşaviri Rəşad Məmmədov adlı vəzifəli şəxsin sürücüsü kimi qələmə vermiş və ona bildirmişdi ki, "SOCAR" şirkəti 1 saylı Texnoloji Nəqliyyat idarəsində sürücü işləyir. Bir müddət sonra onun işsiz olduğunu bilib onu Bakı şəhərində klinikalardan birinə həkim kimi işə düzəldəcəyi adı ilə etibarından sui-istifadə etməklə ondan 23.300 manat pul almış və bununla bağlı o, artıq Bakı şəhəri, Binəqədi rayon Polis İdarəsinə ərizəsiyə müraciət etmiş, ərizəsində ətraflı olaraq göstərmiş, bununla bağlı araşdırma aparılır. Taleh İslamovun ona qarşı dələduzluq etdiyini bildikdən sonra ona dəfələrlə mobil telefonla zəng etmiş, "Whatsapp" yazışmaları və zəngləri ilə hətta yalvarmaq dərəcəsinə gəlib öz pulunu geri istəsə də, hər dəfə onu müxtəlif bəhanələrlə yola verib, ondan əl çəkməyəcəyi təqdirdə onu sosial şəbəkələrdə biyabır edəcəyini, ailəli olaraq onun guya onunla yatağa girdiyini, cinsi əlaqədə olmağını və sair halları yaymaqla hədə-qorxu gəlmişdir. O, isə onun bu sözlərinə məhəl qoymadan ona verdiyi pulu geri tələb etmişdir. "TİK-TOK" platformasında 84.000 (səksən dörd min) takibçisi olan "@son_xeber_az" saytının olan səhifələrindən birində yerləşdirilmiş "7 yumurtaya 200 manat verdim"-falçıya inanan vətəndaşın sonu başlıqlı videogörüntünün şərh bölməsində Azərbaycan Respublikasının gerbinin şəkli olan, öz adından istifadə etməklə X7 "Taleh" adı altında: - "Əlibeyova Elnaz qabil qızı siyəzən rayonunda yaşayır. O vətəndaşları aldadaraq insanlardan işə düzəltmək adı ile pullar alaraq aldadır. Və evli ola-ola, subay oğlanla qeyri-qanuni həyat yaşayıb ve onu şantaj edir. Videoları və yazıları fakt sübut kimi var. 2 qızı bir oğlu var" yazısını paylaşmış, iki nəfər də bəyənmək işarəsi qoymuş, daha sonra yazısının davamı olaraq: "Dəfələrlə işdən qovulmağına baxmayaraq yenədə deleduzluqla jurnalistlər insanlardan müsahibə götürüb. Elnazın qurbanı olduqlarını bildiriblər". Həmçinin, "sən evli ola-ola meni aldatmısan subayam, dəfələrlə pastelimə girib meni alacaqsan deyə şantaj etmisən. Elnaz Əlibəyova qabil qızı, Siyəzən Rayonundandı, göz həkimi işləyir. Bir qızının adı Jalədi. Bir oğlu var, bir qızıda ailəlidi nəvələri var. "X9 Siyəzən vətəndaşı, əri ola-ola, oğlu Rəmzi olaola, ərə gedəsi qızı Jalə ola-ola, bir qızı ərdə ola-ola neveleri ola-ola, subay oğlanın pastelinə girib onunla ailə qurmağa məcbur edir şant..." "Taleh X4. Siyəzən vətəndaşı, ailəli, 3 övladı ola-ola siyəzəndə vətəndaşları aldadaraq pulları mənimsəyib. Və subay oğlanın yatağına girərək onu almasını məcbur edir. Elde..." cümlələrini paylaşmaqla onun şərəf və ləyaqətini alçaltmaqla işgüzar nüfuzuna xələl gətirmiş, cəmiyyət, ailəsi və qohumlar arasında illərdir əziyyətlə qazandığı hörməti məhv etmiş, heç bir hüquqi əsası olmadan, onun nüfuzunu ləkələyən, yalan, böhtan, yəni yalan doğrunu bilə-bilə onun şərəfini, ləyaqətini və işgüzar nüfuzunu ləkələmiş və onu nüfuzdan salmış, nəticədə ona 50.000 manat maddi və mənəvi ziyan vurmuşdur. Qeyd etdiyi yazılar olan "Tik-tok" səhifəsindən çıxardığı sənədləri sübut qismində əvvəl verdiyi məhkəmə şikayətlərində iki dəfə əlavə etmişdir. Bundan savayı həmin "tik-tok" səhifəsinin məhz Taleh İslamov tərəfindən istifadə edilməsini sübut edəcək disk və əlavə "screen" olan sənədlər də əlavə etmişdir. Əlavə olaraq qeyd edilir ki, Taleh İslamovun onun barəsində yaydığı şər və böhtan xarakterli məlumatları həmin səhifədə "Raquv", "E.", "Kenan_65", "Baku Baku2023", "Küskün", "Vüqar Tovuz", "Sadaqat Rzayeva və sair nik altında olan istifadəçilər görmüşdür. Həmin səhifənin də screen vərəqini şikayətinə əlavə edir. Qeyd edir ki, Taleh İslamovun qeyd edilən yalan olduğunu bilərəkdən onun şərəf və ləyaqətini ləkələyən və onu nüfuzdan salan məlumatları, eləcə də onun guya kimlərəsə qarşı dələduzluq cinayəti törətməsi ilə bağlı bilə-bilə yalan böhtan atma paylaşımından sonra o, uzun müddət stressdən özünə gələ bilməmişdir. Çünki o, onun barəsində hüquq-mühafizə orqanlarına şikayət etməsi ilə əlaqədar xəbərdarlıq edib ondan dələduzluq yolu ilə aldadıb aldığı 23.300 manat pulunu geri istədikdə hər dəfə onu biabır edəcəyi ilə, nüfuzunu aşağılayacağı ilə, hətta “gəlib girərəm evinə, özünü asarsan" kimi sözlərlə hədələyirdi. Bununla bağlı istər səs yazıları, istərsə də əl yazmaları vardır. Bununla da Taleh İslamovun ona qarşı törətdikləri əməlləri Azərbaycan Respublikası CM-in 147.1-ci maddəsinin təsiri altına düşür. Məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X4 şikayət ərizəsində göstərilənləri müdafiə edərək, işin məhkəmə baxışına təyin edilməsini və X3 CM-in 147.1-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, X4 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət ərizəsi qanunvericiliyin tələblərinə uyğun tərtib edilməməsi səbəbindən məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. CPM-in 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1- 293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. CPM-in 293.3-cü maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: 293.3.1. şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); 293.3.2. törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); 293.3.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; 293.3.4. şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; 293.3.5. cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; 293.3.6. şikayətin verildiyi tarix (il, ay və gün) və yer; 293.3.7. şikayəti vermiş şəxsin imzası. Məhkəmədə müəyyən edilmişdir ki, X4 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətə X3 ona böhtan atmasını təsdiq edə biləcək hər hansı sübut iş materiallarına əlavə edilməmişdir. Belə ki, CPM-in 293.3.3-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi şikayətdə göstərilməli olduğu halda, X4 tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayətdə ona böhtan atılmasını, eləcə də həmin əməlin X6 tərəfindən törədilməsini təsdiq edən, yəni internet informasiya resurslarında dərc edilmiş məlumatların məhz sonuncu tərəfindən dərc etdirilməsini təsdiq edən heç bir sübut göstərilməmiş, həmçinin bu barədə iş materiallarına heç bir sübut əlavə olunmamışdır. CPM-in 302.2-ci maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək aşağıdakılar barədə qərarlar çıxarır: CPM-in 302.2.3-cü maddələrinə əsasən bu Məcəllənin 302.1.2—302.1.4, 302.1.6— 302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə.... “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli, 3 nömrəli qərarının 5-ci bəndinə əsasən böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-in 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Həmin Qərarın 11-ci bəndində qeyd olunur ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfındən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Məhkəmələrə tövsiyə edilsin ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-in 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-in 302.1.2-302.1.4 və 302.1.6- 302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Həmin Qərarın 12-ci bəndində qeyd edilmişdir ki, kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) təhqir və böhtan xarakterli məlumatı yaymış şəxs özünü bəlli etmədikdə, belə məlumatlar anonim şəkildə yayılmış məlumatlar hesab edilir, onların yayılması ilə bağlı xüsusi ittiham qaydasında verilmiş şikayət isə - CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olmayan şikayət kimi qiymətləndirilir. Belə hallarda məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında qərar qəbul edir. Göründüyü kimi, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X4 tərəfindən CPMin 293-cü maddələrinin tələblərinə riayət olunmadan şikayət ərizəsi tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmiş, lakin məhkəmədə irəli sürülmüş ittihamın mahiyyəti üzrə işə baxılması yuxarıda qeyd olunan qanunvericiliyin tələbləri pozulduğundan mümkün olmamışdır. Ona görə də, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilməsi qənaətinə gəlmişdir. Beləliklə məhkəmə, sadalananlara əsasən belə hesab edir ki, X6 barəsində CM-in 147.1-ci maddəsi ilə cinayət təqibi üzrə icraatın başlanılmasına və X3 cinayət məsuliyyətinə cəlb edilməsinə dair X2 xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Qeyd olunanlara əsasən və CPM-in 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi haqqında X1 xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərar elan edildiyi vaxtdan 20 (iyirmi) gün müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rahid Mehdiyev
Məhkəmə qərarları › İş №1(041)-147/2025
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №1(041)-147/2025
04.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver