Azərbaycan Respublikası adından HÖKM Kürdəmir rayon İş № 1(041)-148/2025 14.01.2026 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi, Həsənova Gülnar Fikrət qızının katibliyi, prokuror - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1991-ci ildə Kürdəmir rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Kürdəmir rayonu, Kürdəmir şəhəri, X7 küçəsi, ev 8 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, bilə-bilə hüquq verən saxta vəsiqədən istifadə etmişdir. Belə ki, Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə etmək üçün hüquq verən rəsmi sənəd hesab edilən Rusiya Federasiyasının saxta sürücülük vəsiqəsini pul müqabilində aldıqdan sonra həmin saxta vəsiqəni Azərbaycan Respublikasında səlahiyyətli orqanlara təqdim etməklə saxta vəsiqə əsasında Azərbaycan Respublikasının original sürücülük vəsiqəsini almaq məqsədilə şəxsiyyəti istintaqa məlum olmayan şəxs və ya şəxslər tərəfindən istintaqa məlum olmayan vaxtda və şəraitdə blankı mətbəə çap üsulu ilə deyil, printerdə çap edilməklə qanunsuz hazırlanmış, eyni növ sənədin nümunəsi ilə eynilik təşkil etməyən tam saxta Rusiya Federasiyasının “B, C” kateqoriyalı 99 19 025177 nömrəli sürücülük vəsiqəsini istifadə etmək məqsədilə əldə edərək 09 oktyabr 2024-cü il tarixdə Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə X3 rayonu, Şıxımlı kəndi ərazisində fəaliyyət göstərən Kürdəmir regional “ASAN xidmət” mərkəzindəki Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinin Qeydiyyat İmtahan şöbəsininə saxta olduğunu bilə-bilə təqdim etməklə istifadə etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə təqsirli billərək ifadəsində göstərmişdir ki, işləmək üçün 2019-cu ildə Rusiya Federasiyasına getmişdir. Orada olduğu müddət ərzində fərqli sahələrdə çalışıb pul qazanmışdır. Belə ki, Rusiyada olarkən ona sürücü kimi işləmək təklif olunmuşdur. Lakin bu işə düzəlmək üçün verilmə tarixi köhnə olan sürücülük vəsiqəsi lazım imiş. Çünki şirkət yeni sürücülük vəsiqəsi olan şəxsləri işə qəbul etmirdi və staj tələb edirmiş. Bu səbəbdən o ətrafında olan dost-tanışlarından belə bir sürücülük vəsiqəsini necə əldə edə biləcəyini maraqlanmışdır. Beləliklə Moskva şəhərində Mero adlanan ərazidə bir tacik vətəndaşı tapmışdır. Həmin Tacik vətəndaşı ona sürücülük vəsiqəsini 100000 rubl qarşılığında təşkil edəcəyini bildirmiş və o da onunla razılaşaraq saxta sürücülük vəsiqəsini əldə etmişdir. O həmin sürücülük vəsiqəsi üçün qanunvericilikdə nəzərdə tutulan sənədləri təqdim etmədən və hər hansı nəzəri və ya praktiki imtahan vermədən aldığı üçün qanunsuz yolla hazırlandığını, yəni sənədin saxta olduğunu başa düşürmüş, lakin işə düzəlmək üçün ona stajlı Rusiya Fedreasiyasına aid sürücülük vəsiqəsi lazım idi. Bu səbəbdən o hal-hazırda adını dəqiq xatırlamadığı, sadəcə tacik olduğunu bildiyi şəxslə 100.000 rubl qarşılığında razılaşmışdır. O onun üçün qısa müddət ərzində verilmə tarixi xx.xx.2019-cu il göstərilmiş “RUS” yazılı, B, C kateqoriyaları üçün nəzərdə tutulmuş, 99 19 025177 nömrəli Rusiya Federasiyasının sürücülük vəsiqəsini hazır etmişdir. Bundan sonra iş elə alınmışdır ki, o 2021-ci ildə Azərbaycana qayıtmalı olmuşdur. 2024-cü ildə həmin sürücülük vəsiqəsindən istifadə edərək Azərbaycan Respublikasına məsus sürücülük vəsiqəsi əldə etmək qərarına gəlmişdir. Bu məqsədlə 09 oktyabr 2024-cü il tarixində yaşadığı Kürdəmir rayonunun ərazisində yerləşən Kürdəmir Regional “ASAN Xidmət” Mərkəzinə müraciət edərək Azərbaycan Respublikasına məxsus sürücülük vəsiqəsi əldə etmişdir. Lakin 1 il sonra o həmin sənədi dəyişdirmək istəyərkən ASAN Xidmət əməkdaşı ona bildirmişdir ki, həmin sənəd saxtadır və dəyişdirilə bilməz. Həmçinin həmin sənədlər ondan təhvil alınmışdır. Təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs verilmiş suallara cavabında həmçinin göstərdi ki, saxta xarici sürücülük vəsiqəsində göstərilən kateqoriyalar üzrə nəzəri və praktiki sürücülük təlimi almamış, həmçinin nəzəriyyə və idarəçilik bacarıqları yoxlanılmamışdır. Etdiyi əməldən peşman olduğunu, himayəsində bir azyaşlı uşaqının olmasını nəzərə alıb, barəsində məhkəmədən yüngül cəza təyin edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində fakta görə Azərbaycan Respublikası CM-nin 320.1 və 320.2-ci maddələri ilə cinayət işi başlanılmış və icraata qəbul edilmişdir (i.v. 1); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli 3-13-16/2-173733/2024 nömrəli məktubdan və həmin məktubun əlavə edilmiş raportan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş, həqiqiliyi şübhə doğuran sürücülük vəsiqəsinin dəyişdirilməsi üçün Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə X3 rayonu Regional “ASAN xidmət” mərkəzinə müraciət etmişdir. Belə ki, yoxlama zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi xx.xx.2019-cu il tarixli 99 19 025177 nömrəli Rusiya Federasiyasına məxsus sürücülük vəsiqəsi haqqında məlumatlar tapılmamışdır (i.v. 4-6); Sürücülük vəsiqəsinin verilməsi və idarəetmə hüququnun yoxlanılması ilə bağlı nəticələri özündə əks etdirən və iş materiallarına əlavə edilib Azərbaycan dilinə tərcümə olunmuş sənəd surətindən görünür ki, aparılmış yoxlama zamanı xx.xx.2019-cu il tarixli 99 19 025177 nömrəli sürücülük vəsiqəsi haqqında hər hansı məlumat aşkar edilməmişdir (i.v. 7-9); Sənədlərin məhkəmə-texniki ekspertizasının 14 aprel 2025-ci il tarixli 5/242 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Rusiya Federasiyasının Təqsirləndirilən şəxs adına verilmiş 99 19 025177 nömrəli sürücülük vəsiqəsinə oxşar sənədin blankı mətbəə çap üsulu ilə deyil, printer vasitəsilə çap edilmişdir. Həmçinin tədqiqata təqdim edilmiş Rusiya Federasiyasının Təqsirləndirilən şəxs adına verilmiş 99 19 025177 nömrəli sürücülük vəsiqəsinə oxşar sənədin blankı Mərkəzdə olan “SDU ultra” məlumat sistemindəki eyni növ sənədin nümunəsi ilə eynilik təşkil etmir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 70 (yetmiş) manat təşkil edir (i.v. 15-19); “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, xx xxxx 1991-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının ərazisini 22 iyul 2019-cu ildə Gürcüstan Respublikası istiqamətində tərk etmiş, 24 iyun 2021-ci ildə isə Rusiya Federasiyası İstiqamətindən Azərbaycan Respublikasına qayıtmışdır (i.v. 29-30); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” PHŞ-dən daxil olmuş xx.xx.2025-ci il tarixli 3-28-29/2-9549/2025 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatlarına görə yuxarıda adı göstərilən xəstəxanada müalicə olunmayıb (i.v. 31); Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli, 3- 21-2-5/2-17868/2025 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs (VÖEN: **********) xx.xx.2024-cü il tarixdə fiziki şəxs (fərdi sahibkar) qismində vergi orqanında uçota alınmışdır. Hal-hazırda hər hansı müəssisənin rəhbəri olması barədə məlumat yoxdur (i.v. 32); Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2025-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (i.v. 37); Cinayət işi üzrə sübutların qiymətləndirilməsi və cinayət işinə hissəvi xitam verilməsi haqqında 18 noyabr 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində CM-in 320.1-ci maddəsi ilə cinayət təqibinə xitam verilmiş, Təqsirləndirilən şəxs istifadə etdiyi saxta sürücülük vəsiqəsini hazırlayan şəxs və ya şəxslərin müəyyən olunması üçün hazırki cinayət işindən material ayrılaraq DİN-in KMBİnin İstintaq və Təhqiqat Şöbəsində Azərbaycan Respublikası CM-in 320.1-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işinə birləşdirilmiş, Təqsirləndirilən şəxs CM-in 320.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilsin və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilməklə barəsində qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs etirafedici izahat və ifadəsi, şahid ifadəsi, DİN-in Baş X8 İdarəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli 3-13-16/2-173733/2024 nömrəli məktub və həmin məktuba əlavə edilmiş raport, sürücülük vəsiqəsinin verilməsi və idarəetmə hüququnun yoxlanılması ilə bağlı nəticələri özündə əks etdirən Azərbaycan dilinə tərcümə olunmuş sənəd, sənədlərin məhkəmə-texniki ekspertizasının 14 aprel 2025-ci il tarixli 5/242 nömrəli rəyi iş üzrə sübut növü kimi qiymətləndirilmiş, Rusiya Federasiyasının Təqsirləndirilən şəxs adına verilmiş xx.xx.2019-cu il tarixli 23 31 553343 nömrəli sürücülük vəsiqəsinə oxşar sənədi cinayət işi üzrə maddi sübut hesab edilərək, cinayət işi materiallarına əlavə edilmişdir. (i.v. 41-46); Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, 18 noyabr 2025-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 58-59); 18 noyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmiş və barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmişdir (i.v. 73-75); İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli, AZ-632112 nömrəli nikah haqqında şəhadətnamənin və doğum haqqında şəhadətnaməsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs və X2 arasında 12 fevral 2025-ci il tarixdə nikah bağlanmışdır. Onların nikahlarından xx.xx.2025-ci il tarixdə X4 doğulmuşdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun ibtidai istintaqda verdiyi etirafedici ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, ekspertiza rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Belə ki, Azərbaycan Respublikası CM-nin 320.2-ci maddəsinə əsasən bu Məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə- min manatdan iki min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz saatadək müddətə ictimai işlərlə və ya bir ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 320.2-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 44.2-ci maddəsinə əsasən bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə aşağıdakılara riayət edərək ittiham hökmü çıxarır: 44.2.1.bu Məcəllənin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş halda — təqsirləndirilən şəxsə cəza təyin etməməklə. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə-hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində azyaşlı övladı olmasını (CM 59.1.4), yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, əməlindən peşiman olmasını (CM-59.2) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların isə olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların isə olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan cərimə növündə cəza təyin edilməli, barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut – cinayət işinin materiallarına əlavə edilmiş Rusiya Federasiyasına məxsus olduğu göstərilən Təqsirləndirilən şəxs adına verilmiş xx.xx.2019-cu il tarixli 99 19 025177 nömrəli sürücülük vəsiqəsi hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işi materiallarında saxlanılmalı, 70 (yetmiş) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM 198.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia, maddi ziyan və digər məhkəmə xərcləri yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Təqsirləndirilən şəxs müdafiəçinin xidmətini ödəmək üçün kifayət qədər vəsaiti olmadığından məhkəmənin qərarına əsasən onun hüquqlarının məhkəmədə müdafiəsi üçün fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında hüquqlarını müdafiə etmək üçün iş materialları ilə tanış olmaqla birlikdə müdafiəçi 13 (on üç) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə uyğun olaraq, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli, 141 nömrəli Qərarı ilə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarında dəyişiklik edilmiş, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə hər iş saatı üçün ödənilən haqqın məbləği artırılaraq 11 manat müəyyən edilmişdir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1000 (bir min) manat miqdarda cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut- cinayət işinin materiallarına əlavə edilmiş Rusiya Federasiyasına məxsus olduğu göstərilən Təqsirləndirilən şəxs adına verilmiş xx.xx.2019cu il tarixli 99 19 025177 nömrəli sürücülük vəsiqəsi hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işi materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 70 (yetmiş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmün icrası Kürdəmir rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. İş üzrə mülki iddia, maddi ziyan və digər məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs 13 (on üç) saat ərzində hüquqi yardım göstərdiyinə görə fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi 143 (yüz qırx üç) manat əmək haqqı hesablanaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rahid Mehdiyev
Məhkəmə qərarları › İş №1(041)-148/2025
Kürdəmir Rayon Məhkəməsi Hökm — İş №1(041)-148/2025
14.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver