Məhkəmə qərarları › İş №1(041)-159/2025

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №1(041)-159/2025

13.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 1(041)-159/2025 13.01.2026 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi, Həsənova Gülnar Fikrət qızının katibliyi, prokuror - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1984-cü ildə Kürdəmir rayonu Sığırlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Kürdəmir rayonu Sığırlı kəndində qeydiyyatda olmaqla yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına Kürdəmir Rayon Məhkəməsinin inzabati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə məhkəməyədək sadələşdirilmiş icraatın aparılması nəticələrinə dair yekun protokoluna əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxs Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 17.30 radələrində qayınanası Zərərçəkmiş şəxs yaşadığı Kürdəmir rayonu, Sığırlı kəndində yerləşən evinə gələrək sonuncuya uşaqlarını görmək istəməsini bildirməsi, Zərərçəkmiş şəxs ona kobud cavab verməsi səbəbindən şəxsi münasibətlər zəmnində aralarında yaranmış mübahisə zamanı sonuncunu bədəninin müxtəlif nahiyəsinə yumruqla, təpiklə bir neçə dəfə qəsdən vuraraq ona sol əlin 4-cü barmağının əzilməsi və qançırı ilə müşayiət olunan sağlamlığa zərərvurmayan və ağızın iç səthinin sıyrığı və alt çənədə 2-ci dişin zədələnməsi ilə müşayiət olunan sağlamlığın qısa müddət pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərərvurmaya aid edilən xəsarətlər yetirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, onunla Şahid2 arasında bir müddətdir ki, narazılıq vardır. Həyat yoldaşı Şahid2 onun sözünü eşitməmiş və heç bir səbəb olmadan onunla mübahisə etmişdir. xx.xx.2025-ci il tarixdə saat 16 radələrində o, evdə olan zaman onunla Ulduzə arasında yenə sözlə mübahisə baş vermiş və sonra sonuncu evdən çıxıb getmişdir. O, uşaqlarının arxasınca məktəbə getmiş, lakin uşaqlar məktəbdə olmamışdır. Bundan sonra o, uşaqlarını görmək üçün qayınatası Şahid1 evinə getmişdir. O, onların evində olan zaman qarşısına qayınatası Şahid1 və qayınanası Zərərçəkmiş şəxs çıxmış və o, sonunculara uşaqlarını görmək istədiyini bildirmişdir. Bu zaman Zərərçəkmiş şəxs kobud cavab verərək onun üstünə hücüm edib əynində olan gödəkçəni cırmış və o, da özünü müdafiə etmək məqsədilə Sənubəri əli ilə itələməyə başlamışdır. Həmin vaxt qayınatası Şahid1 onları aralamış və o, çıxıb evinə getmişdir. Verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, o, 2012-ci ildə Şahid2 ilə ailə qurmuş və onların iki uşağı olmuşdur. Mübahisə zamanı o, heç bir bədən xəsarəti almamış və ona görə də məhkəmə-tibb ekspertizasından keçməkdən imtina etmişdir. Mübahisə zamanı evdə qayınatası Şahid1, qayınanası Zərərçəkmiş şəxs və həyat yoldaşı Şahid2 olmuşlar. Cinayət işi üzrə zərərçəkmiş şəxs qaynanası Zərərçəkmiş şəxs ilə barımış və ona dəymiş ziyanı ödəmişdir. Odur ki, barəsində Azərbaycan Respublikası Milli Məclisi tərəfindən 19 dekabr 2025-ci il tarixdə qəbul edilmiş amnistiya aktının tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Şahid2 onun qızıdır. xx.xx.2025-ci il tarixdə saat 18 radələrində o, evdə olan zaman qızı Ulduzə evə gəlmiş və söhbət zamanı onunla Fariz arasında yenə mübahisə baş verdiyini, ona görə də qaçıb onlara gəldiyini demişdir. Təxminən 15-20 dəqiqə sonra Fariz onlara gəlib səs-küy salmış, o, sonuncunu sakitləşdirmək istəyən zaman Fariz ona bədən xəsarətləri yetirmişdir. Bundan sonra Fariz küçədən daş parçası ilə evin pəncərəsini vurub sındırmışdır. Sonra həyat yoldaşı Şahid1 Azərbaycan Respublikası DİN-nin 102 Xidmətinə zəng vurub hadisə barədə məlumat vermişdir. Mübahisə zamanı o, müxtəlif bədən xəsarətləri almış və ona görə də məhkəmə-tibb ekspertizasından keçmişdir. Verilmiş suallara cavab olaraq Zərərçəkmiş şəxs bildirmişdir ki, qızı Şahid2 2012-ci ildə Təqsirləndirilən şəxs ilə ailə qurmuş və onların iki uşağı olmuşdur. Uzun müddətdir ki, Şahid2 ilə həyat yoldaşı Təqsirləndirilən şəxs arasında narazılıq vardır. Fariz əsəbidir və heç bir səbəb olmadan Ulduzə ilə mübahisə edir. Mübahisə zamanı evdə həyat yoldaşı Şahid1 və qızı Şahid2 olmuşlar. Hazrıda Təqsirləndirilən şəxs ilə barışmışlar, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs həyat yoldaşı, Şahid2 isə onun qızıdır. xx.xx.2025-ci il tarixdə saat 18 radələrində o və həyat yoldaşı Zərərçəkmiş şəxs evdə olan zaman qızı Ulduzə evə gəlmiş və söhbət zamanı demişdir ki, onunla Fariz arasında yenə mübahisə baş verib, ona görə də qaçıb onlara gəlibdir. Bir qədər keçdikdən sonra Fariz onlara gəlib səs-küy salmış, o və Sənubər onu sakitləşdirmək istəyəndə Fariz Sənubəri yumruqla bir neçə dəfə vurub onu döymüşdür. O həmin vaxt mən onları aralamışdır. Bundan sonra Fariz küçədən daş parçası ilə evin pəncərəsini vurub sındırmışdır. Sonra o Azərbaycan Respublikası DİN-nin 102 Xidmətinə zəng vurub hadisə barədə məlumat vermişdir. Verilmiş suallara cavab olaraq şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, xeyli müddət olar ki, Ulduzə ilə həyat yoldaşı Təqsirləndirilən şəxs arasında narazılıq vardır, belə ki, Fariz əsəbidir və heç bir səbəb olmadan Ulduzə ilə mübahisə edir. Qızı Ulduzə 2012-ci ildə Təqsirləndirilən şəxs ilə ailə qurmuşdur və onların iki uşağı vardır İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs ərizə ilə Kürdəmir RPŞ-nə müraciət edərək, xx.xx.2025-ci il tarixdə yaşadığı evdə kürəkəni Təqsirləndirilən şəxs onu döyərək xəsarət yetirdiyini bildirmişdir (i.v.1); baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, hadisənin baş verdiyi ünvana baxış keçirilmiş, hadisə yerinin fotoşəkilləri çəkilməklə iş materiallarına əlavə edilmişdir ( i.v. 3-7); Məhkəmə tibbi ekspertinin xx.xx.2025-ci il tarixli 529 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar olunan xəsarətlər: alt dodağın iç səthinin sıyrığı, alt çənədə ikinci dişin travmatik zədələnməsi, sol əlin 4-cü barmağının əzilməsi və qançırı. Göstərilən xəsarətlər küt əşya təsirindən törənmişdirlər, qərarda göstərilən xx.xx.2025-ci il tarixdə əmələ gəlməyə uyğundurlar və dərəcəsinə görə ağızın iç səthinin sıyrığı və alt çənədə 2-ci dişin zədələnməsi bir zərbənin təsirindən əmələ gəldiyi üçün sağlamlığın qısa müddət pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir, sağ əlin 4-cü barmağının əzilməsi və qançırı sağlamlığa zərərvurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir (i.v.16-17); Kürdəmir RİHB-nın Sığırlı kənd İƏD üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli arayış və xasiyyətnaməsindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs Kürdəmir rayonunun Sığırlı kəndində yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə edilir. Ailə tərkibi arvadı- 1993-cü il təvəllüdlü Şahid2, oğlu – 2013-cü il təvəllüdlü Ö.Təqsirləndirilən şəxs, oğlu -2014-cü il təvəllüdlü Y.Təqsirləndirilən şəxs ibarətdir (i.v.27-28); E-Sosialdan alınmış xx.xx.2025-ci il tarixli Sosial müavinət və təqaüd haqqında arayışdan görünür ki, mərkəzləşdirilmiş elektron informasiya sistemində Təqsirləndirilən şəxs sosial müavinət, təqaüd və ünvanlı dövlət sosial yardım alması barədə məlumatlar mövcud deyil (i.v.33-35); "TƏBİB" "Kürdəmir rayon Mərkəzi Xəstəxanası" PHŞ-dən daxil olmuş xx.xx.2025-ci il tarixli arayışlardan görünür ki, Təqsirləndirilən şəxs "Kürdəmir rayon Mərkəzi Xəstəxanası"nın X1 Reyster qeydiyyatında və psixiatr kabinetində dispanser qeydiyyatında yoxdur (i.v.36-37); Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2025-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır ( i.v. 53); Cinayət təqibinə hissəvi xitam verilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 221.1 və 186.1-ci maddələri ilə cinayət təqibinə hissəvi xitam verilmişdir ( i.v. 54-56); Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki Təqsirləndirilən şəxs əməli düzgün olaraq istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilərək əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli qərarının barəsində tətbiq edilməklə iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi "“Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsini və onun CM-in 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı “vəsatət verərək, bildirdi ki, Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs istinad edilən cinayət əməli “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının təsiri altına düşür. Buna görə də o, Təqsirləndirilən şəxs barəsində “Konstitusiya və Suverenlik İli münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının tətbiq edilməsini və həmin şəxs barəsində cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışdığını, onu bağışladığını və ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, Təqsirləndirilən şəxs barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarı tətbiq olunmalı və o, cinayət məsuliyyətindən azad olunaraq cinayət təqibinə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma— min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir); 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. 193.2-ci bəndinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci iltarixli Qərarının: 1.16-ci bəndinə əsasən öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı, yaxud orqanizmin funksiyalarının 61–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş övladı olan şəxslər, o cümlədən bu Qərar qüvvəyə mindiyi günədək atalığı, övladlığa götürməsi, qəyyumluğu və himayəçiliyi qanunvericilikdə nəzərdə tutulmuş qaydada müəyyən olunmuş şəxslər müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasından azad edilirlər. 5.1-ci bəndinə əsasən məhkəmələr icraatında icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla); 6 və 7-ci bəndlərində amnistiyanın tətbiqinə məhdudiyyətlər nəzərdə tutulmuşdur ki, Təqsirləndirilən şəxs əməli həmin məhdudiyyətlərin tətbiq dairəsinə düşmür. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs tərəfindən törədilən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayətdir və yuxarıda qeyd edilən amnistiya qərarının 5.1-ci bəndi bu cinayətləri törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verilməsini təsbit edir. Beləliklə, məhkəmə hesab edir ki, CPM-in 39.1.12-ci maddəsinə əsasən “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarı tətbiq edilməklə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun CM-in 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilməlidir. İş üzrə mülki iddia, maddi ziyan və müsadirə ediləcək əmlak yoxdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli, 141 nömrəli Qərarı ilə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarında dəyişiklik edilmiş, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə hər iş saatı üçün ödənilən haqqın məbləği artırılaraq 11 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən məhkəmədə Təqsirləndirilən şəxs göstərilən cəmi 10 saat hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi 110 (bir yüz on) manat məbləğində pul ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39.1.12, 43.3, 198, 321, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraatın materialı üzrə cinayət təqibinə “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli qərarının 1.16 və 5.1ci bəndlərinə əsasən xitam verilsin və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Mülki iddia, maddi ziyan və digər məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs 10 (on) saat ərzində hüquqi yardım göstərdiyinə görə fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi 110 (bir yüz on) manat əmək haqqı hesablanaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına ödənilsin. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərar apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu andan 20 (iyirmi) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rahid Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar