Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 1(041)-18/2024 18.04.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X5 Xalıq oğlunun sədrliyi Gülalıyev Orxan Vəzir oğlunun katibliyi Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı Müdafiəçi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi Zərərçəkmiş şəxs İsrəfilova (İsayeva) Məlahət Raul qızının Təqsirləndirilən şəxs X1 iştirakı ilə, xx xxxx 1989-cu il tarixdə Kürdəmir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum edilmiş və məhkumluğu ödənilməmiş, Kürdəmir rayonu, G.Orucova keçəsi, ev 13-də qeydiyyatda olmaqla Bakı şəhəri, Səbail rayonu, Arif İsmayılov küçəsi, ev 24-də yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İttiham aktına görə X3 07 oktyabr 2021-ci il tarixdən hesablanmaqla 20 avqust 2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 150,00 manat sabit pul məbləğində aliment, əlavə olaraq uşağın 3 yaşına çatana kimi saxlanılması üçün 50,00 manat sabit pul məbləğində aliment tutularaq İsrəfilova (İsayeva) Məlahət Raul qızına verilməsinə dair Kürdəmir Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(041)-231/2022 saylı, 11 fevral 2022-ci il tarixli qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Kürdəmir Rayon Məhkəməsinin 16 avqust 2022-ci il tarixli, 3(041)-946/2022 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nın 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 gün müddətinə inzibati qaydada həbs edilməsinə və icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edərək məsuliyyəti elan olunmaqla 30 avqust 2022-ci il, 05 dekabr 2022-ci il və 09 mart 2023cü il tarixdə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni 03 aprel 2023-cü il tarixinə kimi 1900,00 manat məbləğində aliment borcunu ödəməyərək zərərçəkmiş şəxs İsrəfilova (İsayeva) Məlahət Raul qızına maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs X3 özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərdi ki, İsrəfilova (İsayeva) Məlahət Raul qızı ilə 2019-cu il tarixdə ailə həyatı qurmuş, birgə nikahlarından 20 avqust 2020-ci il tarixdə X4 adlı övladları dünyaya gəlmişdir. 2021-ci ildə üçün Məlahət ilə münasibətləri pisləşdiyindən ayrılmışlar, Kürdəmir Rayon Məhkəməsinin 2(041)-231/2022 saylı, 11 fevral 2022-ci il tarixli qətnaməsinə əsasən ondan 07 oktyabr 2021ci il tarixdən hesablanmaqla oğlu Ümidin yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 150,00 manat sabit pul məbləğində alimentin, əlavə olaraq uşağın 3 yaşına çatana kimi saxlanılması üçün 50,00 manat sabit pul məbləğində alimentin tutularaq İsrəfilova (İsayeva) Məlahət Raul qızına verilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra icra edilməsi üçün yaşadığı yer üzrə Kürdəmir rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, icra məmuru tərəfindən icraata qəbul edilərək tələbin könüllü icrası ilə bağlı bildirişlə birlikdə ona göndərilmişdir. Fasilələrlə ödənişlər etsə də, imkanının kifayət qədər olmadığından, həmçinin səhlənkarlıq etdiyindən alimenti tam ödəyə bilməmiş və 03 aprel 2023-cü il tarixə kimi İsrəfilova (İsayeva) Məlahət Raul qızına ödənməmiş aliment borcu 1900,00 manat təşkil etmişdir. İstintaq müddətində 465 manat ödəniş etmiş, qalan borcunu isə qohumları məhkəmədə zərərçəkmiş şəxsə tam olaraq ödəmişdir. Hazırda zərərçəkmiş şəxslə barışmış və ittiham üzrə onun borcu qalmamışdır. Təqsirləndirilən şəxs izahatının sonunda zərərçəkmiş şəxsə olan borcunu tamamilə ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbi olmamasını nəzərə alaraq, onun cinayət məsuliyyətindən azad edilməsini məhkəmədən xahiş etdi. Məhkəmənin iclasında zərərçəkmiş şəxs İsrəfilova (İsayeva) Məlahət Raul qızı vəsatətlə çıxış edərək bildirdi ki, məhkəmə prosesi gedişində Kürdəmir Rayon Məhkəməsinin 2(041)-231/2022 saylı, 11 fevral 2022-ci il tarixli icra sənədi üzrə yaranmış 1900 manat aliment borcu E.İsayevin atası tərəfindən ona tam şəkildə ödənilmiş, hazırki ittiham üzrə E.İsayevə qarşı heç bir şikayəti və tələbi yoxdur. M.R.İsrəfilova bu barədə ərizəsini məhkəməyə təqdim edərək, X1 cinayət məsuliyyətindən azad edilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs İsrəfilova (İsayeva) Məlahət Raul qızı tərəfndən məhkəmə iclası zamanı təqim etdiyi ərizələrdən və aktdan görünür ki, X3 1900 manat aliment borcunu tam şəkildə ödəmiş, M.İsrəfilova onunla barışmış, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsinin qeyd hissəsində göstərilir ki, bu Məcəllənin 306.1 və ya 306.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini həmin əməllərlə bağlı hökm qanuni qüvvəyə minənədək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir. Hazırki iş üzrə də, təqsirləndirilən şəxs tərəfindən ödənilməli olan pul zərərçəkmiş şəxsə tam ödənilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 41.3-cü maddəsinə əsasən dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edən halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Azərbaycan Respublikası CPM-nin 39.1.11-ci maddəsində göstərilir ki, cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda başlanılmış cinayət işi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası CPM-nin 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Azərbaycan Respublikası CPM-nin 43.3-cü maddələrinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs barəsində CM-in 306-ci maddəsinin Qeydi tətbiq edilməli və onun barəsində cinayət təqibinə xitam verilməklə o, cinayət məsuliyyətindən azad edilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli və o, məhkəmə iclas zalından dərhal azad edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən məhkəmədə E.E.İsayevə göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi 120 (bir yüz iyirmi) manat məbləğində pul ödənilməlidir. İş üzrə mülki iddia, maddi sübut, xüsusi müsadirə olunması təklif edilən və üzərinə həbs qoyulmuş əmlak, digər məhkəmə xərclərinin olmaması, habelə icra sənədi üzrə ödənilməmiş 1900,00 manat aliment məbləğinin tam ödənildiyi nəzərə alınmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 41, 43, 321.2.1, 346, 347 və 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. X1 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalından dərhal azad edilsin. İş üzrə mülki iddia, maddi sübut, xüsusi müsadirə olunması təklif edilən və üzərinə həbs qoyulmuş əmlak, digər məhkəmə xərclərinin olmaması, habelə icra sənədi üzrə ödənilməmiş 1900,00 manat aliment məbləğinin tam ödənildiyi nəzərə alınsın. X1 məhkəmədə hüquqlarının müdafiə edilməsi üçün dövlət hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi 120 (bir yüz iyirmi) manat ödənilsin. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. SƏDRLİK EDƏN: X.X.İMANOV
Məhkəmə qərarları › İş №1(041)-18/2024
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №1(041)-18/2024
18.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver