Məhkəmə qərarları › İş №1(041)-19/2025

Kürdəmir Rayon Məhkəməsi Hökm — İş №1(041)-19/2025

22.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Kürdəmir rayon İş № 1(041)-19/2025 22.01.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi, Şahbazova Göyçək Kamil qızının katibliyi, prokuror - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1987-ci ildə Kürdəmir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, xx.xx.2023-cü il tarixdə Kürdəmir Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, evli, ünvan 1-də yaşayan, barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o,tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə, xx.xx.2024-cü ildə təxminən saat 10 radələrində xx.xx.1990-cı il təvəllüdlü Zərərçəkmiş şəxs məxsus Kürdəmir rayonu Qağacılı kəndində yerləşən fərdi yaşayış evinin həyətinə hasardan aşma yolu ilə qanunsuz keçib, evə qapıdan qanunsuz daxil olaraq qonaq otağında divardan asılmış 80 manat dəyəri olan 01 ədəd “Samsung” markalı, “LE32B551A6W” modelli televizoru və evin həyətindən 90 manat dəyəri olan 01 ədəd “Marqius P0180” markalı su mühərrikini gizli yolla talayaraq Zərərçəkmiş şəxs 170 manat dəyərində maddi ziyan vurmaqla oğurlamışdır. Həmin hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxsin təhqiqat və istintaq zamanı izahatı, ibtidai araşdırma və məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələri, zərərçəkmiş və şahidlərin ifadələri, ekspert rəyləri, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o ünvan 1 ünvanında ailəsilə birlikdə yaşayır. xx.xx.2024-cü il tarixdə saat 11 radələrində Kürdəmir rayonu Qağacılı kəndi ərazisində yerləşən evdə heç kimin yaşamadığını bilmişdir. Həmin evdə yaşayış olmadığından istifadə edib, təxminən 26 iyul 2024-cü il tarixdə saat 11 radələrində küçədən Zərərçəkmiş şəxs evinin qalasından keçərək həyətinə daxil olmuşdur. Həyətdən qapısı açıq olan evin qonaq otağına daxil olmuş və divardan asılmış 01 ədəd “Samsung” markalı televizoru yerindən çıxarmış və götürüb həyətə çıxmışdır. Həyətdən də 01 ədəd su mühərrikini götürmüşdür. Bundan sonra əşyalara ip bağlamış və evin hasarından küçəyə endirmişdir. Bundan sonra oğurladığı əşyaları velosipedinə qoyaraq yaşadığı evə gətirmişdir. Əşyaları evinin eyvanının altına yığmışdır. Səhəri gün 01 ədəd “Samsung” markalı televizoru qohumu Şahid2 50 manata satmışdır. Həmin günü 01 ədəd su motorunu isə Şahid1 10 manata satmışdır. Bunadan başqa, 2024-cü ilin iyul ayının ortalarında saat 21-22 radələrində yaşayış olmadığını bildiyi X5 məxsus Kürdəmir rayonu Xırdapay kəndində yerləşən fərdi yaşayış evinin hasarından həyətə keçmişdir. Daha sonra pencərədən evə daxil olmuşdur. O, evin 1ci mərtəbəsindən 01 ədəd ot biçən aparatı götürmüşdür. Bundan sonra evin 2-ci mərtəbəsinin qapısını sındırıb qonaq otağına, oradan da mətbəxə daxil olmuşdur. Bundan sonra evdən çıxmış və ot biçən aparatı yaşadığı evə gətirərək eyvanın altına qoymuşdur. Səhəri gün 01 ədəd ot biçən aparatı tanışı X4 50 manata satmışdır. Zərərçəkmiş şəxs və Ruslan Əliyevin evindən oğurluq etməsi barədə heç kimə heç nə deməmişdir. Verilmiş suallara cavab olaraq təqsirləndirilən şəxs həmçinin bildirmişdir ki, oğurladığı 01 ədəd televizor, 01 ədəd su mühərriki və 01 ədəd ot biçən aparatı ailə üzvləri görmədən eyvanın altına yığmışdır. O, heç bir kilidi qırmamış, həyətə hasarı aşmaqla daxil olmuşdur. Ruslanın evinə hasardan aşaraq penəcərədən daxil olsa da otağın qapısının kilidini qırıb girmişdir. O, əşyaları satarkən onların özünə məxsus olduğunu, övladının xəstə olduğunu deyib, inandırdıqdan sonra qohumu Şahid2 01 ədəd “Samsung” markalı televizoru 50 manata, tanışı Şahid1 01 ədəd su motorunu 10 manata və tanışı X4 50 manata satmışdır. Zərəçəkmiş şəxslərlə barışmış və dəymiş ziyanı ödəmişdir. O həmin tarixdə içkili olduğundan oğurluq etdiyini bildimişdir. Məhkəmə istintaqında elan edilərək tədqiq edilmiş istintaq zamanı verdiyi ifadəsində zərərçəkimiş Zərərçəkmiş şəxs bildirmişdir ki, Kürdəmir rayonu Qağacılı kəndində yerləşən ona məxsus yaşayış evi vardır. O, uzun müddətdir ki, ailəsilə birlikdə Bakı şəhərində yaşayır, lakin bəzən Kürdəmir rayonu Qağacılı kəndində yerləşən evinə gəlib qalıb gedir. Sonuncu dəfə xx.xx.2024-cü il tarixdə Qağacılı kəndində yerləşən evə gəlmişdir. xx.xx.2024-cü il tarixdə saat 17 radələrində Bakı şəhərindən Kürdəmir rayonuna gəlmək üçün avtomobillə yola çıxmışdır. Saat 18 radələrində qayınatası Vidadi Həşimova telefonla zəng edərək Qağacılı kəndində yerləşən evə nəzarət etməsini və ora gəldiyini demişdir. Bir az keçdikdən sonra qayınatası Vidadi telefonla ona zəng edərək həyətdə su mühərrikini və evdə televizorun yerində olmadığını demişdir. O, da Kürdəmir rayonuna avtomobillə hərəkətdə olan zaman yolda DİN-in 102 xidmətinə məlumat vermişdir. Kürdəmir rayonu Qağacılı kəndində yerləşən evinə gəldikdə həyətyanı sahədə olan 1 ədəd su mühərrikinin yerində olmadığını düşünüb ərizə yazmışdır. Daha sonra evə gəlib baxış keçirən zaman zalda olan 01 ədəd “Samsung” markalı televizorun oğurlanmasını aşkar etmişdir. Hadisə zamanı evindən 500 manat dəyərində 01 ədəd “Samsung” markalı televizor və 50 manat dəyərində 01 ədəd su mühərriki oğurlanmışdır. Əşyalar ona məxsusdur və oğurluq nəticəsində ona ümumilikdə 550 manat məbləğində maddi ziyan dəymişdir. Onun evinə hasardan aşma yolu ilə daxil olunaraq oğurluq edilmişdir. Sonuncu dəfə xx.xx.2024-cü il tarixdə ona məxsus oğurluq olan evdə olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, ünvan 2 ünvanında ailə üzvlərilə birlikdə yaşayır. Kürdəmir şəhər sakini Təqsirləndirilən şəxs qohumudur. xx.xx.2024-cü il tarixdə qohumu Təqsirləndirilən şəxs yanına gələrək, uşağı xəstə olduğu üçün özünə məxsus 01 ədəd “Samsung” markalı televizoru satmaq istədiyini bildirmişdir. O, Amilə 50 manat pul verib 01 ədəd televizoru almışdır. xx.xx.2024cü il tarixdə polis əməkdaşları yanına gələrək Amilin ona 01 ədəd televizor satıbsatmamasını soruşmuşlar. O, da 2024-cü ilin iyul ayının ortalarında Amilin ona 01 ədəd televizor satmasını bildirmişdir. O, Amilin satdığı televizorun oğurluq olmasını bilməmişdir. Verilmiş suallara cavabında Şahid2 həmçinin bildirmişdir ki, əvvəlcə o televizorun oğurluq olduğunu fikrləşmişdir. Amildən soruşmuş bununla bağlı, uşaqlarının yeməyi olmadığı üçün, pula ehtiyacı olduğu üçün satdığını bildirmiş, o da, 50 manat pul verib almışdır. Lakin televizoru aldıqdan sonra işlək vəziyyətdə olub-olmamasını yoxlamamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Kürdəmir rayonu Xırdapay kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Kürdəmir şəhər sakini Təqsirləndirilən şəxs fəhləliklə məşğul olan kimi tanıyır. xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs yanına gələrək, uşağı xəstə olduğu üçün özünə məxsus 01 ədəd su mühərrikini satmaq istədiyini bildirmişdir. O, Amilə 10 manat pul verib 01 ədəd su mühərrikini almışdır. xx.xx.2024-cü il tarixdə polis əməkdaşları yanına gələrək Amilin ona 01 ədəd su mühərriki satıb-satmamasını soruşmuşlar. O, da xx.xx.2024-cü il tarixdə Amilin ona 01 ədəd su mühərrikini satmasını bildirmişdir. Verilmiş suallara cavabında Şahid1 həmçinin bildirmişdir ki, o, Amilin satdığı su mühərrikinin oğurluq olmasını bilməmişdir. Su mühərrikini aldığdan sonra onun işləmədiyini görmüş, lakin təmir etməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə nəmalum şəxslərin ona məxsus Kürdəmir rayonu Qağaclı kəndində yerləşən fərdi yaşayış evinə qanunsuz daxil olub, oradan 50 manat dəyərində 01 ədəd “Mariqus P0180” markalı su matorunu və 500 manat dəyərində 01 ədəd “Samsung” markalı televizoru gizli yolla talayaraq oğurlamasını bildirməsi ilə əlaqədar RPŞ-nin İB-də toplanmış materiallar əsasında cinayət işi başlanmışdır (i.v.1); xx.xx.2024-cü il tarix ərizədən görünür ki, Kərimov X2 RPŞ-yə ərizə ilə müraciət edərək, xx.xx.2024-cü il tarixdə nəmalum şəxslərin ona məxsus Kürdəmir rayonu Qağaclı kəndində yerləşən fərdi yaşayış evinə qanunsuz daxil olub, oradan 50manat dəyərində 01 ədəd “Mariqus P0180” markalı su matorunu və 500 manat dəyərində 01 ədəd “Samsung” markalı televizoru gizli yolla talayaraq oğurlamasını bildirməklə həmin şəxsi(ləri) cinayət məsuliyyətinə cəlb edilməsini istəmişdir (i.v. 5); xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə saat 12:50-də Təqsirləndirilən şəxs cinayət işi başlananadək Azərbaycan Respublikası CM-nin 177.2.3-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, onun tutulma vaxtı azadlığının məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2024-cü il tarixdə saat 12:40-dan hesablanmışdır (i.v. 42-43); xx.xx.2025-ci il tarixli qərardan görünür ki, həmin tarixdə saat 12:15-də Təqsirləndirilən şəxs ittiham irəli sürülməsi üçün mötəbər sübutlar olmadığından Kürdəmir RPŞ-nin MSYdən azad edilmişdir. (i.v. 75); xx.xx.2024-cü il tarixli Kürdərmir rayon İcra Hakimiyyəti Başçısının Kürdəmir şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Səmədov X6 şəhəri, Y.Seyidov küçəsi 43 ünvanında qeydiyyatda olmaqla yaşayır, ailə tərkibi arvadı, bir yetkinlik yaşına çatmayan (xx.xx.2008-ci il təvəllüdlü İ.Təqsirləndirilən şəxs) və 2 azyaşlı (xx.xx.2011-ci il təvəllüdlü N.A.Səmədli, xx.xx.2019-cu il təvəllüdlü N.Təqsirləndirilən şəxs) övladından ibarətdir, yaşadığı yer üzrə müsbət xarakterizə olunur (i.v.117-118); xx.xx.2024-cü il tarixli qərardan gürünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi ilkin ibtidai istintaq materialları ilə sübut edildiyindən xx.xx.2024-cü il tarixdə həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona ittiham elan olunmuş və barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmişdir. (i.v. 159-161); xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsinin düzgünlüyünün yoxlanması məqsədi ilə, Kürdəmir rayonu Qağacılı kəndinə gedərək, Zərərçəkmiş şəxs məxsus və Kürdəmir rayonu Xırdapay kəndinə gedərək, X5 məxsus evə necə daxil olduğunu və necə oğurluq etdiyini əyani olaraq göstərib, ifadəsində göstərdiyi xüsusatları bir daha orada təsdiq etmişdir. Bu barədə protokol tərtib edilmişdir. (i.v.109-110); Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədə göstərilmişdir ki, Səmədov X6 rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. (i.v.112-113); İş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 24 sentyabr 2024-cü il tarixli 3-16-16/2-9/6439/2024 saylı rəyində qeyd edilmişdir ki, Zərərçəkmiş şəxs məxsus: 01 ədəd “Marqius P0180” markalı su mühərrikinin qiyməti 90 manat, 01 ədəd “Samsung” markalı, “LE32B551A6W” modelli televizorun qiyməti 80 manatdır. Ekspertiza tədqiqatına təqdim edilmiş malların istifadədə olmaları nəzərə alınmaqla 2024-cü ilin iyul ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən aşağıdakı kimi göstərilir: Zərərçəkmiş şəxs məxsus mallar – 170.00 manat i.v.129-132); Aparılmış tədqiqatın dəyəri 50 (əlli) manat təşkil edir. xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, zərərçəkmiş şəxs Kərimov X3 Amil Ələsgər oğlunun xx.xx.2024-cü ildə təxminən saat 10 radələrində ona məxsus Kürdəmir rayonu Qağacılı kəndində yerləşən fərdi yaşayış evindən 01 ədəd “Samsung” markalı, “LE32B551A6W” modelli televizoru və evin həyətindən 01 ədəd “Marqius P0180” markalı su mühərrikini oğurladığını, hazırda ona dəymiş maddi ziyanın Təqsirləndirilən şəxs və ailəsi tərəfindən tamamilə ödənildiyini, onun Təqsirləndirilən şəxs heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. (i.v.145); “Kürdəmir rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsindən daxil olan xx.xx.2024cü il tarixli 18-1-49/2-1020/2024 nömrəli məktubdan görünür ki, Səmədov X6 RMX-nin poliklinika şöbəsində həkim psixiatrın və həkim narkoloqun qeydiyyatında yoxdur. (i.v 146); Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, 01 ədəd “Samsung” markalı, “LE32B551A6W” modelli televizor və 01 ədəd “Marqius P0180” markalı su mühərriki maddi sübut kimi tanınaraq saxlanması üçün Zərərçəkmiş şəxs təhvil verilmişdir (i.v.163-170); Kürdəmir Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2025-ci il tarixli, PX0008034- 2024/5 nömrəli məktubundan məlum olur ki, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək ona təyin edilmiş 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının 01 il 04 ay 22 gün müddətini çəkmiş, cəzanın çəkilməmiş hissəsi 07 ay 04 gün təşkil edir. Məhkəməyə ünvanladığı teleqramda zərərçəkmiş şəxs məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmiş, ona dəyən maddi ziyan tam ödənildiyindən təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi olmadığını bildirmişdir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi oğurluq əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 59.1.4-cü maddəsinə əsasən cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması cəzanı yüngülləşdirən hallardır. 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. 67.1-ci maddəsinə əsasən, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. 68.1.1-1-ci maddəsinə əsasən, cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulur. 83.6-cı maddəsinə əsasən, məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. 177.2.3-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama – yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə – bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin; 197.1.4-cü maddəsinə əsasən mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ məhkəmə məsrəfləridir; 198.1-ci maddəsinə əsasən Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1, 197.1.6—197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 02 azyaşlı uşağın olmasını, zərərçəkmiş şəxsə dəymiş maddi ziyanın ödənilməsini (CM-59.1.4, 59.1.13) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Həmçinin, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hal və ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsini, eyni xarakterli cinayət əməlini, yəni özgə əmlakını gizli talamaqla oğurluq cinayətinə görə ona təyin edilmiş cəzasının icrası müddətində törədilməsini, əvvəlki əmələ görə azadlıqdan məhrum etmə ilə bağlı olmayan təyin edilmiş cəzadan özü üçün nəticə cıxarmamasını, cinayət əməlini sərxoş vəziyyətdə, həmçinin məhkumluğu ödənilmədən törətməsini, cəmiyyətə sosial adaptasiya olunmamasını, təqsirkarın şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hal, ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, əvvəlki hökmlə təyin edilmiş cəza hazırkı cəza ilə qismən birləşdirilməklə ona qəti cəza təyin edilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz olunmalı və o, dərhal məhkəmə iclas zalından həbs edilməli, cəzaçəkmə müddətinin başlanğıcı həbs olunduğu tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut 01 ədəd “Samsung” markalı, “LE32B551A6W” modelli televizor və 01 ədəd “Marqius P0180” markalı su mühərrikinin Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən məhkəmədə Təqsirləndirilən şəxs göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 90 (doxsan) manat məbləğində pul ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə ediləcək əmlakın olmaması nəzərə alınmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(041)-52/2023 saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təyin edilmiş 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 07 (yeddi) ay 03 (üç) gün hissəsi azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə hesabı ilə hesablanmaqla 03 (üç) ay 16 (on altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə ona qəti olaraq 02 (iki) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 02 (iki) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz olunsun və o, dərhal məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 22 yanvar 2025-ci il tarixdən hesablansın. Hökmün icrası Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi PX-in 02 saylı İstintaq Təcridxanasına həvalə edilsin. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə (AZ.MEM, VÖEN-**********, Hesab № AZ34CTRE********************, X1, KOD- 210005 VÖEN-********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT-BİK CTREAZ22 nömrəli hesaba) keçirilsin. İş üzrə maddi sübut – Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs oğurladığı 01 ədəd “Samsung” markalı, “LE32B551A6W” modelli televizor və 01 ədəd “Marqius P0180” markalı su mühərrikinin Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə mülki iddia və xüsusi müsadirə ediləcək əmlakın olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 15 (on beş) saat hüquqi yardıma görə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 90 (doxsan) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rahid Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar