Azərbaycan Respublikası adından HÖKM Kürdəmir rayon İş № 1(041)-22/2024 17.01.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi İmanov Xaliq Xalıq oğlunun sədrliyi Məhkəmə iclasının katibi Gülalıyev Orxan Vəzir oğlunun katibliyi Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı Müdafiəçi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1970-ci il tarixdə Kürdəmir şəhərində anadan olmuş, orta təhsilli, fərdi əməklə məşğul olan, subay, əvvəllər məhkum olunmamış, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini xeyli miqdarda kultivasiya etmək qərarına gəlib, bu məqsədlə istintaqa məlum olmayan mənbədən və tarixdə əldə edib özündə saxladığı çətənə (kannabis) bitkisinin toxumlarını 2023-cü ilin mart ayının sonlarında yaşadığı ünvan 2 ünvanında yerləşən özünə məxsus evin həyətyanı sahəsində torpaqda əkmiş, həmin toxumlardan inkişaf etmiş xeyli miqdarda 03 (üç) ədəd çətənə (kannabis) bitkilərini yetişdirib, aqrotexniki qaydada qulluq etməklə qanunsuz olaraq kultivasiya etmiş, xx.xx.2023-cü il tarixdə saat 13:00 radələrində Kürdəmir RPŞ-in əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində onun razılığı ilə yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman həyətyanı sahədə torpaqda əkdiyi xeyli miqdarda 03 (üç) ədəd yaş vəziyyətdə ümumi təmiz çəkisi 5000.0 (beş min) qram qadağan olunmuş tərkibində narkotik maddələr olan, aqrotexniki qaydada qulluq edilmiş çətənə (kannabis) bitikiləri aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, ailəsi ilə birlikdə ünvan 1 ünvanında yaşayır, əri Həsən təxminən 3- 4 il bundan qabaq vəfat etmiş, himayəsində xəstə anası və 2 uşağı var, fərdi əməklə məşğul olmaqla ailəsini dolandırır. Narkotik vasitə qurudulmuş marixuanadan, eləcədə narkotik vasitənin hər hansı növündən bu günə qədər istifadə etməmişdir. Bir müddət əvvəl ərinin köhnə paltarlarını toplayarkən cibindən gül toxumlarına oxşar toxumlar tapmış və gül yetişdirmək məqsədi ilə həmin toxumları 2023-cü ilin mart ayının sonunda yaşadığı evin həyətyanı bağ sahəsində torpağa əkmiş, bağda olan digər güllərlə bərabər onları da suvarmış, toxumlardan çıxan 03 ədəd həmin bitkinin adını bilməmişdir. Bağın künc hissəsinə əkdiyi üçün həmin bitkilərlə maraqlanmamış və onlara xüsusi olaraq heç bir qulluq göstərməmişdir. Sentyabr ayının əvvəllərində Kürdəmir RPŞ-nin əməkdaşları yaşadığı evin küçə qapısını döyərək onu küçəyə çağıraraq həyətə baxış keçirəcəklərini bildirmiş və heç bir etiraz göstərmədən birlikdə bağçaya baxış keçirilmiş, polis əməkdaşları baxış zamanı gül hesab etdiyi həmin 03 ədəd bitkiyə yaxınlaşıb torpaqdan kökü qarışıq çıxararaq, ona həmin kolların narkotik tərbkibli çətənə kolları olduğunu bildirmişlər. Baxışda iştirak edən aqronom da bitkilərə baxıb, onların narkotik tərkibli çətənə bitkiləri olduqlarını təsdiq edəndən sonra polis əməkdaşları həmin bitkiləri götürüb getmişlər. Həqiqətən də, həmin bitkilərin adını və əkilməsinin cinayət olduğunu bilməmişdir. Təqsirləndirilən şəxs ifadəsinin sonunda qeyd etdiyi halları, əməlindən səmimi peşmançılıq çəkməsini, ilk dəfə bilməyərəkdən cinayət törətməsini, ayrı-ayrı ünvanlarda təmizçilik işi görməklə himayəsində olan yetkinlik yaşına çatmayan 2 uşağını və xəstə anasını saxlamasını nəzərə almasını məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında şahid X4 ifadəsində göstərdi ki, Kürdəmir CAB-nin əməliyyat müvəkkilli vəzifəsində işləyir, ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs rayon sakini kimi tanıyır. Onun narkotik vasitə satdığını və ya istifadə etdiyini eşitməmişdir. Daxil olmuş məxfi əməliyyat məlumatı əsasında xx.xx.2023-cü il tarixdə əməliyyat qrupu təşkil edərək onun yaşadığı ünvana getmiş, özünün razılığı ilə evin həyətyanı sahəsinə baxış keçirilmiş, baxış zamanı onlarla birlikdə baxışa gedən aqronom Qorxmaz Şükürov bağ sahəsinin qırağında nar ağaclarının yanında 03 ədəd bitkinin narkotik tərkibli çətənə bitkiləri olduğunu bildirəndən sonra hər üç kol kökündən torpaqdan çıxarılaraq 01 ədəd sintetik kisədə qablaşdırılmış, üzəri yazıldıqdan sonra ekspertizaya təqdim olunacağı bildirilərək möhürlənərək götürülmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs həmin bitkiləri mərhum ərinin cibindən tapdığı toxumları gül toxumları bilərək orada əkdiyini, onların narkotik tərkibli bitki olduğunu, bitkinin adını belə bilmədiyini bildirmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: - xx.xx.2023-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə, saat 13:00-da Kürdəmir RPŞ-in əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs razılığı ilə onun yaşadığı evin həyətyanı sahəsinə baxış zamanı torpağa əkdiyi 3 (üç) ədəd əkilib becərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olan, aqrotexniki qaydada qulluq edilmiş çətənə (kannabis) bitikilərinə oxşar bitkilər aşkar edilərək götürülmüşdür. Həmin bitkilər ekspertizaya təqdim olunması üçün 01 ədəd polietilen kisədə qablaşdırılaraq DİN-in 137 saylı möhürü ilə möhürlənmişdir (bax vərəq 18-20). - məhkəmə-bioloji ekspertizasının xx.xx.2023-cü il tarixli 18/782 nömrəli rəyindən görünür ki, tədqıqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs evinin həyətyanı sahəsindən....” sözləri və imzalar olan polietilen torbada ümumi sayı 03 ədəd yaş vəziyyətdə ümumi çəkisi-5000.0 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabıs) bitkiləndir. Aqronomun rəyinə əsasən təqdim olunmuş 03 ədəd çətənə (kannabıs) bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir (bax vərəq 49-52). - “Kürdəmir rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsinin verdiyi xx.xx.2023-cü il tarixli 18-1-49/2-606/2023 nömrəli məktubdan görünür ki, İmanova X3 RMX-nin poliklinika şöbəsində həkim psixiatrın və həkim narkoloqun qeydiyyatında durmur (bax vərəq 83). - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə fondu 1 saylı X8 Filialının verdiyi xx.xx.2023-cü il tarixli 17-1/2-221100-2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs əlilliklə bağlı əmək pensiyası və sosial müavinət almır (bax vərəq 86). -Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədə görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (bax vərəq 84-85). - məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 1982 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etmir, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur (bax vərəq 137). - Təqsirləndirilən şəxs həyətindən aşkar edilərək götürülmüş yaş halda çətənə (kannabis) bitkisinin 4999.70 qram qalığı cinayət işi üzrə maddi sübut qismində tanınaraq saxlanılmasından ötrü Kürdəmir RPŞ-nin Maddi sübutların saxlanma yerinə təhvil verilmiş, Təqsirləndirilən şəxs evinin həyətyanı sahəsinə baxış zamanı aparılmış videoçəkilişin qeydə alındığı 1 (bir) ədəd, üzərində şəxsi axtarış aparılan zaman aparılmış videoçəkilişin qeydə alındığı 1 (bir) ədəd disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işində saxlanılmışdır (bax vərəq 73). -İş üzrə verilmiş əməliyyat tapşırığına cavabdan görünür ki, keçirilmiş əməliyyat tədbirləri zamanı alınmış məlumatlarla təsdiq olunur ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz istifadəsi və dövriyyəsi ilə məşğul olmamış və bu barədə heç bir məlumat daxil olmamışdır. Onun yaşadığı evin həyatyanı sahəsində qanunsuz olaraq əkib yetişdirdiyi tərkibində narkotik maddələr olan əkilib-becərilməsi qadağan olunmuş çətənə (kannabis) bitkilərinin toxumlarını naməlum şəraitdə əldə etməsi barədə məlumatlar daxil olsa da, hansı mənbədən və necə əldə etməsini təsdiq edən və sübut kimi istifadə oluna bilən məlumatlar əldə edilməmiş, həmçinin onunla əlbir olan başqa şəxslər olmamışdr. Qeyd olunanlardan başqa Təqsirləndirilən şəxs əvvəllər narkotik xassəli olan çətənə kolunu əkib yetişdirməsi barədə məxfi mənbələrdən məlumatlar əldə edilmişdir. (bax vərəq 150). - təqsirləndirilən şəxsin istifadəsində olan telefonla edilən zənglərin, SMS-lərin və anten məlumatların götürülməsi barədə qərarın icrası zamanıAzərcell Telekom MMC-nin təqdim etdiyi məlumatlarda iş üçün əhəmiyyət kəsb edən məlumat aşkar edilməmişdir (bax vərəq 139 149). - Kürdəmir RİHB-nin şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin xx.xx.2023-cü il tarixdə verdiyi xasiyyətnamədə ünvan 3 ünvanda yaşayan Təqsirləndirilən şəxs müsbət xarakterizə edilmişdir (bax vərəq 132). - Kürdəmir RİHB-nin şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin xx.xx.2023-cü il tarixdə verdiyi arayışdan, şəxsiyyət vəsiqələrinin surətindən məlum olur ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.1999-cu il təvəllüdlü X1 və xx.xx.2008-ci il təvəllüdlü X2 adında iki uşağı var (bax vərəq 131, 133-134). - Eşitmənin,səsin və nitqin patologiyası üzrə Respublika Mərkəzinin arayışından və əlillik arayışından görünür ki, xx.xx.1999-cu il təvəllüdlü X1 anadangəlmə lal-kar olmaqla üçüncü dərəcəli əlildir. (bax vərəq 135-136). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, yəni qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etməsi özünün etirafı, şahid ifadələri, baxış protokolları, ünvana baxış keçirilən zaman diskə köçürülmüş videogörüntü, ekspert rəyləri, habelə iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.6-cı maddəsinə görə tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası dedikdə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi, yetişdirilməsi və ya onların (onların hissələrinin) toplanması başa düşülür. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 19cu bəndində məhkəmələrə izah olunmuşdur ki, şərh olunan cinayətin predmeti əkilməsi, yetişdirilməsi və toplanılması qadağan edilən narkotik xassəli bitkilər, onların hissələri, çətənə, xaşxaş növləri, tərkibində narkotik maddələr olan digər bitkilərdir (siyahı İİİ qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilər). Əkmə dedikdə qanunsuz olaraq narkotik xassəli bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan, onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə narkotik xassəli bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Narkotik xassəli bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) toplanılması dedikdə - bu növ bitkilərin əkildiyi, yetişdirildiyi, mühafizə olunmayan əkin sahələrindən həmin bitkiləri (onların hissələrini) yığma başa düşülür. Həmin qərarın 25-ci bəndində göstərilir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslər barəsində cəza təyin edərkən CM-nin 58-ci maddəsində göstərilmiş cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmalıdır. Bu zaman törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, o cümlədən cinayətin törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə diqqət yetirilməlidir. 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları”ın qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) miqdarları adlanan İİİ siyahının 1.2-ci bəndində qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan çətənə növlü bitkilərin 3-15 ədədi (6-30 hissə) xeyli miqdar müəyyən edilmişdir. Təqsirləndirilən şəxs tərəfindən qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan çətənə növlü bitkilərin sayı cəmi 3 (üç) ədəd olduğundan, istintaq orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə tövsif olunub. Məhkəmə hesab edir ki, o, həmin maddə ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs orta təhsilli, fərdi əməklə məşğul olması, əvvəllər məhkum olmaması, yaşayış yeri üzrə müsbət xarakterizə olması onun şəxsiyyətini səciyyələndirən hallardır. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs himayəsində 2 qız uşağının olmasını, uşaqlardan birinin anadangəlmə lal-kar olmaqla 3-cü dərəcəli əlil olmasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını, təqsirini etiraf edərək əməlindən səmimi peşmançılıq çəkməsini, ilk dəfə olaraq az ağır cinayət törətməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayətin məqsəd və motivini, onun cinayətin törədilməsi zamanı və hadisədən sonrakı davranışını və məsuliyyəti yüngülləşdirən halları, təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, habelə onun cəmiyyətdən təcrid edilmədən islah olunmasının mümkünlüyünü nəzərə alaraq, ona CMnin 237.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə cəzasını təyin etməyi məqsədəmüvafiq sayır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 13:40-dan xx.xx.2023-cü il tarixdə saat 12:10-dək şübhəli şəxs qismində tutularaq Kürdəmir RPŞ MSY-da saxlanılmışdır. Həmçinin Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə 1 (bir) gün Kürdəmir RPŞ MSY-da həbsdə saxlanmışdır. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsində göstərilir ki, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası CM-nin 69.4-cü maddasində göstərilir ki, həbsdə saxlanılan şəxsə cərimə və ya müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əsas cəza təyin edilərkən məhkəmə həbsdə saxlama müddətini nəzərə alaraq, təyin edilmiş cəzanı yüngülləşdirir və ya şəxsi bu cəzadan tamamilə azad edir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.16-cı maddəsinə əsasən təqsirləndirilən şəxslərin barəsində tibbi xarakterli məcburi tədbirlərin və məhz hansı tədbirlərin tətbiq edilməsinin mümkün olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməməlidir. Belə ki, hazırkı cinayət işi üzrə müvafiq ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etmir, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə, CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından maddi sübutlar məsələsinin necə həll edilməli olması məsələsinə baxaraq bu nəticəyə gəlir ki, 03 ədəd, ümumi yaş vəziyyətdə təmiz çəkisi 4999.70 qram çətənə (kannabis) bitkiləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə maddi sübut olan 03 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə, CPM-in 346.1.20-ci maddəsinin tələblərinə əsasən seçilmiş qətimkan tədbirinin ləğv edilməli və ya dəyişdirilməli olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, CPM-in 346.1.21-ci maddəsinin tələblərinə əsasən məhkəmə məsrəflərinin kimin üzərinə və hansı məbləğdə qoyulmalı olduğu məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 31.95 (otuz bir manat 95 qəpik) manat məbləğində məhkəmə məsrəfi (ekspertiza xərci) tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına ödənilməlidir. Hökmün icrası Kürdəmir rayon icra və probasiya şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən məhkəmədə Təqsirləndirilən şəxs göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 90 (doxsan) manat məbləğində xidmət haqqı ödənilməlidir. İş üzrə mülki iddia, maddi ziyan, digər məhkəmə xərclərinin olmaması nəzərə alınmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 4000 (dörd min) manat miqdarda cərimə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlandığı 03 (üç) gün müddət ona təyin edilmiş cərimə cəzasından çıxılmaqla üzərində qəti olaraq 3500 (üç min beş yüz) manat miqdarda cərimə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi Kürdəmir Rayon Polis Şöbəsində saxlanılan, ümumi təmiz çəkisi 4999.70 qram olan 03 (üç) ədəd yaş vəziyyətdə çətənə (kannabis) bitikiləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 03 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 31.95 (otuz bir manat 95 qəpik) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilsin. Hökmün icrası Kürdəmir rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Məhkəmədə Təqsirləndirilən şəxs göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 90 (doxsan) manat xidmət haqqı ödənilsin. İş üzrə mülki iddia, maddi ziyan, digər məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə Azərbaycan Respublikası CPM-nin 384.1-ci maddəsində nəzərdə tutulmuş müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hökmdən 20 gün müddətində Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. SƏDRLİK EDƏN X.X.İMANOV
Məhkəmə qərarları › İş №1(041)-22/2024
Kürdəmir Rayon Məhkəməsi Hökm — İş №1(041)-22/2024
17.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver