Məhkəmə qərarları › İş №1(041)-24/2023

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №1(041)-24/2023

29.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 1(041)-24/2023 29.03.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X19 Xalıq oğlunun sədrliyi, Gülaliyev Orxan Vəzir oğlunun katibliyi, Şikayət vermiş şəxs X6 iştirakı ilə, X6 X9 və X15 barədə verdiyi xüsusi ittihаm qаydаsındа şikаyətinə məhkəmənin inzibati binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X10 xüsusi ittiham qaydasında məhkəməyə müraciət edərək, xx.xx.1971-ci il təvəllüdlü, Qazax rayonu, Qarapapaq kəndində doğulmuş, Kürdəmir rayonu Mollakənd kəndində qeydiyyatda olmaqla yaşayan X4, xx.xx.1962-ci il təvəllüdlü, Kürdəmir rayonu Mollakənd kəndində doğulmuş, həmin kənddə qeydiyyatda olmaqla yaşayan X11 barələrində Azərbaycan Respublikası CM-nın 148-ci maddəsi ilə xüsusi ittiham qaydasında cinayət təqibinə başlayıb, onlara həmin maddədə nəzərdə tutulmuş cəza təyin edilməsini xahiş etmişdir. Şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixdə onlara hüquqi məsələlərdə köməklik edən X7 ilə birlikdə mülki işlə əlaqədar Bakı şəhərindən Kürdəmir rayon məhkəməsinə gəlmiş, saat 11.20-də məhkəmənin binasının qarşısında avtomobilinə yaxınlaşan zaman mülki iş üzrə qarşı tərəfin nümayəndəsi X9 onların arxasınca gələrək, ona “oğraş”, yanında gələn əri X15 isə “biqeyrət” deyərək X3, X5, X2, eləcə də səs-küyü, söyüşləri eşidib dayanıb onlara tamaşa edən onlarla tanımadıqları şəxslərin yanında onu təhqir etmişlər. Məhkəmənin hazırlıq iclasında X10 xüsusi ittiham qaydasında şikayətini müdafiə edərək, dəlillərini təsdiq edən sübutlarını məhkəməyə təqdim edəcəyini bildirərək, şikayətin icraata qəbul edilməsini və işin məhkəmə baxışına təyin edilməsini xahiş etdi. Barəsində şikayət verilən şəxslər X8 və X13 şikayətdə göstərilən ünvan üzrə məhkəmənin hazırlıq iclasının yeri və vaxtı barədə rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, onlar məhkəmənın hazırlıq iclasına gəlməmişlər. Məhkəmə, barəsində şikayət verilən şəxslərin iştirakı olmadan hazırlıq iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə, xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünü yoxlayaraq hesab edir ki, aşağıdakı əsaslara görə xüsusi ittiham qaydasında şikayətin icraata qəbulundan imtina edilməlidir. İlk növbədə məhkəmə qeyd edir ki, hər hansı şikayət və ya tələb üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi həmin şikayətə və ya tələbə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş şikayətin və ya tələbin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa şikayət və ya tələb haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbayan Respublikasının Konstitusiyasının 46-cı maddəsində qeyd edildiyi kimi, hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır və şəxsiyyətin ləyaqəti dövlət tərəfindən mühafizə edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 19-cu fəslində qeyd edilmiş “Şəxsiyyətin azadlığı və ləyaqəti əleyhinə olan cinayətlər” bu konstitusion müddəanın təzahürlərindən biridir. Cinayət Məcəlləsinin 147-ci maddəsi böhtana, 148-ci maddəsi ilə təhqirə görə məsuliyyəti nəzərdə tutur. Cinayət hüquqi məsuliyyət yaradan böhtan dedikdə-yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma başa düşülür. Cinayət hüquqi məsuliyyət yaradan təhqir dedikdə isə-kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma başa düşülür. Hazırki şikayətdə X10 xx.xx.2023-cü il tarixdə saat 11.20-də onlara hüquqi məsələlərdə köməklik edən X7 ilə birlikdə Kürdəmir rayon məhkəməsinin inzibati binasının qarşısında tərəf olduğu mülki iş üzrə qarşı tərəfin nümayəndəsi X4 ona “oğraş”, yanında gələn əri X15 isə “biqeyrət” deyərək X3, X5, X2, eləcə də səs-küyü, söyüşləri eşidib dayanıb onlara tamaşa edən onlarla tanımadıqları şəxslərin yanında onu təhqir etdiyini bildirərək, onların barələrində Azərbaycan Respublikası CM-nın 148-ci maddəsi ilə xüsusi ittiham qaydasında cinayət təqibinə başlayıb, həmin maddədə nəzərdə tutulmuş cəza təyin edilməsini xahiş etmiş, şikayətinin əsası kimi “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli, 3 nömrəli qərarının 5-ci bəndinə istinad etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli, 3 nömrəli qərarının 5-ci bəndində qeyd edilmişdir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Plenumun qərarında kütləvi çıxış anlayışı “hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etməsi” təhqirə yox, böhtana aid CM-nin 147-ci maddəsinin dispozisiyasına aydınlıq gətirmişdir. Yuxarıda qeyd edildiyi kimi, cinayət hüquqi məsuliyyət yaradan böhtanla təhqirin fərqi ondan ibarətdir ki, birinci halda yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatlar yayılır, ikinci halda şəxsiyyətin şərəf və ləyaqəti nalayiq formada qəsdən alçaldılır. Hazırki iş üzrə də, X1 çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaldılmasını təsdiq edən heç bir sübut şikayətə əlavə edilməmiş və məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 302.1.6 və 302.1.7-ci maddələrinə əsasən cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda, habelə şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 302.2.3-cü maddəsinə müvafiq olaraq məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək, bu Məcəllənin 302.1.2—302.1.4, 302.1.6— 302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014cü il tarixli, 3 nömrəli qərarının 11-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-in 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olubolmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-in 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 302 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X10 tərəfindən verilmiş xüsusi ittihаm qаydаsındа şikаyətin icrааtа qəbul еdilməsindən imtinа edilsin. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar