Məhkəmə qərarları › İş №1(041)-29/2025

Kürdəmir Rayon Məhkəməsi Hökm — İş №1(041)-29/2025

15.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Kürdəmir rayon İş № 1(041)-29/2025 15.04.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi, X5 katibliyi, Azərbaycan Respublikası Baş prokurorluğun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, Müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1973-cü ildə Kürdəmir rayonu Şüşün kəndində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Kürdəmir rayonu Şüşün kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.4-cü maddələri ilə təqsirləndirməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs toplanmış kifayət qədər istintaq sübutları ilə təqsirləndirilir ondan ötrü ki, o, ünvan 1 ünvanında yaşayan Zərərçəkmiş şəxs 2021-ci ilin yay aylarında ona etibar edərək baxması üçün təhvil verdiyi 2024-cü ilin iyul ayı üçün ümumi sayı 49 baş olan xırdabuynuzlu heyvanların hamısını mənimsəmə yolu ilə talamaq qərarına gəlmiş, bu məqsədlə həmin heyvanların ümumi dəyəri 10190 manat-xeyli miqdarda olan 49 başını vahid niyyətlə 2024-cü ilin iyul ayından avqust ayınadək olan dövr ərzində yaşadığı Kürdəmir rayonu Şüşün kəndində yerləşən evinin həyətyanı sahəsində ayrı-ayrı vaxtlarda qəsdən talamış, yəni ona etibar edilmiş özgə əmlakını xeyli miqdarda – 10190 manat dəyərində maddi ziyan vurmaqla mənimsəmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 179.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxs saxlanılarkən tərtib edilmiş protokol, təqsirləndirilən şəxsin təhqiqat və istintaq zamanı izahatı, ibtidai araşdırma və məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələri, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqında dindirilmiş Təqsirləndirilən şəxs ona Аzərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.4-cü maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək göstərmişdir ki, ailəlidir, 2 övladı vardır, ailəsi ilə birlikdə Kürdəmir rayonu Şüşün kəndində yerləşən ünvanda yaşayır, fərdi əməklə məşğuldur. 2024-cü ilin yay aylarında “Qurban” bayramı ərəfələrində Zərərçəkmiş şəxs ona zəng edərək 10 baş xırda buynuzlu heyvanı bazara çıxarıb satmağını istəmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs ona etibar etdiyi heyvanların sayı 55 baş idi ki, onun da 39 başı qoyun 10 başı quzu olmaqla toplamda 49 başı xırdabuynuzlu heyvan Zərərçəkmiş şəxs məxsus idi, yerdə qalan 6 baş quzu isə ona məxsus olmuşdur. Onun maddi çətinlikləri olduğu üçün o, Zərərçəkmiş şəxs məxsus 34 baş heyvanı bazara çıxarmış, lakin bu barədə ona məlumat verməmiş, 34 baş xırda buynuzlu heyvanın satışından 8100 manat gəlir əldə etmişdir. O, Həsrətə həmin vaxt 10 baş heyvanı bazara çıxararaq satdığını, heyvanların satışından 2300 manat gəlir əldə etdiyini, görüşəndə pulu ona verəcəyimi bildirmiş, lakin maddi çətinlikləri olduğu üçün o, 34 baş heyvanın satışından əldə etdiyi 8100 manat pulu öz ehtiyaclarını ödəməkdən ötrü xərcləmiş və bu barədə Zərərçəkmiş şəxs məlumat verməmişdir. Zərərçəkmiş şəxs ona zəng edərək 2300 manatı istədikdə o, sonuncuya könüllü şəkildə etiraf edərək 10 baş deyil toplamda 34 baş heyvan satdığını, heyvanların satışından 8100 manat qazanc əldə etdiyini, qısa müddət ərzində həmin pulu onlara geri qaytaracağını bildirmidşir. Bundan sonra Zərərçəkmiş şəxs ona vaxt versə də o, həmin pulu Həsrətə qaytara bilməmişdir. Daha sonra Zərərçəkmiş şəxs ona yerdə qalan 15 baş xırdabuynuzlu heyvanı İmişli heyvan bazarına çıxarmağını və özünün də ora gələcəyini bildirmiş, lakin buna baxmayaraq Zərərçəkmiş şəxs ona dedikərinə məhəl qoymayaraq o, yerdə qalan 15 baş xırdabuynuzlu heyvanı Kürdəmir rayonu Şüşün kənd sakini “Mökü” ləqəbli Şahid2 adlı şəxsə satmışdır. Belə ki, həmin 15 baş xırdabuynuzlu heyvanlar arıq olduğu üçün Mətləb ona ilkin olaraq 150 manat beh verərək həmin heyvanları kökəldərək satdıqdan sonra ona yerdə qalan 2100 manat pulu verəcəyini bildirmişdir. Daha sonra Şahid2 heyvanların Zərərçəkmiş şəxs icazəsin ona satdığını öyrəndikdən sonra Zərərçəkmiş şəxs qohumu Şahid1 zəng edərək heyvanları ondan götürməsini istəmiş, Qədim də öz növbəsində heyvanları götürdükdən sonra Zərərçəkmiş şəxs təhvil vermişdir. Bundan sonra Zərərçəkmiş şəxs ona zəng edərək dəymiş ziyanı ödəmədiyi halda ondan şikayət edəcəyini bildirmişdir. O, Həsrətdən xx.xx.2024-cü ilədək möhlət istəsə də, pulu geri qaytara bilməmişdir. Daha sonra Zərərçəkmiş şəxs oğlu Şahid4 ondan rayon prokurorluğuna şikayət etdiyini öyrənmişdir. Verilmiş suallara cavabında Təqsirləndirilən şəxs bildirmişdir ki, Zərərçəkmiş şəxs və Şahid4 tanıyır, həmin şəxslərlə uzaq qohumluq əlaqələri vardır. Aralarında hər hansı bir düşmənçilik və ədavət olmamışdır. 2021-ci ilin yay aylarında Zərərçəkmiş şəxs və Şahid4 də iştirak etdiyi kənddə keçirilən yas mərasimində o da iştirak etmiş, həmin vaxt söhbət əsnasında Zərərçəkmiş şəxs 28 baş xırdabuynuzlu heyvanının olduğunu və həmin heyvanları saxlamağa adam axtardığını öyrənmiş, Həsrət ilə danışaraq həmin heyvanlara baxa biləcəyini, qarşılığında isə yeni doğulan quzuları yarı-yarı böləcəklərini bildirmiş, Həsrət onunla razılaşdıqdan sonra həmin heyvanlara o, baxmağa başlamışdır. Həsrət hər dəfə heyvanların maddi xərclərini qarşılamışdır. Zərərçəkmiş şəxs ona ilk başda 28 baş xırda buynuzlu heyvan vermiş, aralarındakı razılığa əsasən həmin heyvanların artan quzuları yarı-yarıya bölünəcəkdi. Belə ki, 2024-cü ilin yay aylarında toplamda 55 baş heyvan var idi ki, onun 6 başı ona məxsus olmuşdur. Zərərçəkmiş şəxs məxsus 49 baş heyvanı satan zaman onun razılığını almamışdır. İlk başda Zərərçəkmiş şəxs ondan 10 baş heyvanını satmağını istəsə də o, Həsrətə məxsus 34 baş heyvanı satmış və həmin satışda 8100 manat gəlir əldə etmiş, daha sonra isə Zərərçəkmiş şəxs ondan 15 baş heyvanı sonuncunun iştiraki ilə İmişli heyvan bazarında satmağını istəsə də, o, həmin heyvanları 2100 manata Kürdəmir rayonu Şüşün kənd sakini Şahid2 satmışdır. Lakin Mətləb ona ilk başda 150 manat pul beh vermiş. Yerdə qalan digər pulu heyvanları satdıqdan sonra ödəyəcəkdi. Quzuların birinin diri çəkisi təqribi 24-25 kiloqram, qoyunların diri çəkisi isə təqribi 30 kiloqram olmuşdur. Həmin heyvanları təkbaşına satmış, heyvanları icazəsiz satmağından nə ailə üzvlərinin nə də digər şəxslərin məlumatı olmamışdır. Həmin heyvanları “Qurban” bayramı ərəfəsində bazara çıxaraq satmış, belə ki, orda hər bölgədən müştəri olduğu üçün, buna görə də, o, həmin şəxsləri tanımır. Son satdığı 15 baş heyvanı isə həmkəndlisi Şahid2 satmışdır. Etdiyi əməldən peşimandır. Zərərçəkmiş şəxsə 15 baş heyvanı qaytarmış, yəni 3120 manat dəyərində zərəri ödəmişdir, yerdə qalan zərər isə ödənilməmişdir. Hazırda maddi vəziyyəti pis olduğuna görə zərərin qalan hissəsini ödəyə bilmir. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2020-ci ildə oğlu Şahid4lə birlikdə 21 baş heyvan alıb saxlaması üçün Kürdəmir rayonu Şüşün kəndi ərazisində Şahid1 vermişlər, Qədim həmin heyvanları 1 il saxladıqdan sonra heyvanlar 29 baş olmuşdur. 2021-ci ildə Şahid1 heyvanları saxlamaq üçün yerinin olmadığını bildiyindən 2021-ci ilin yay aylarında Kürdəmir rayonu Şüşün kəndində yas mərasimində olduqları vaxt, söhbət əsnasında Şüşün kənd sakini Təqsirləndirilən şəxs heyvanlara baxa biləcəyini demiş, bu səbəbdən də oğluyla o, həmin vaxt 28 baş xırda buynuzlu heyvanlarını saxlaması üçün Elşənə vermişlər. Elşən heyvanları saxladığı müddət ərzində heyvanların həm dərmanlarını, həm də digər xərclərini qarşılamışdır. Razılaşmalarına əsasən Elşən onların heyvanları saxlayacaqdı, əvəzində də yeni doğulan quzuları yarı-yarıya böləcəkdilər. Həmin vaxtdan 2024-cü ilin yay aylarınadək Təqsirləndirilən şəxs onların heyvanlarına baxmışdır. 2024-cü ilin yay aylarının əvvəllərində Qurban bayramı ərəfəsində o və oğlu heyvanların bir qismini satmaq qərarına gəlmişlər. Bu səbəbdən o, Elşənə heyvanların arasından erkək quzuları satmasını istəmişdir. Təqsirləndirilən şəxs deməsinə görə 49 baş xırda buynuzlu heyvanları olmuş, belə ki, onun 39 başı qoyun, 10 başı isə quzu olmuşdur. Bir neçə gün sonra Elşən ona zəng edərək ümumilikdə 20 baş heyvan satdığını, yəni 10 baş onlara məxsus, 10 baş da özünə məxsus heyvanlardan satdığını deyərək və 10 baş heyvana görə onlara 2300 manat pul göndərəcəyini bildirmiş və onlar da razılaşmışlar, lakin bir neçə gün keçsə də, Elşən pulu onlara göndərməmiş, onuncu müxtəlif bəhanələrlə hər gün pulu onlara göndərməkdən imtina etmiş, bu səbəbdən o, sonuncu ilə telefon əlaqəsi saxlayıb pullarını verməsini istədikdə Elşən ona maddi çətinliklərinin olduğunu deyərək, əslində onlara məxsus 10 baş deyil, 34 baş heyvanı satdığını və pulu da tezliklə qaytaracağını bildirmişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs qalan 15 baş qoyunu növbəti gün səhəri İmişli bazarına çıxarmasını, səhər tezdən özünün də bazara gələcəyini və heyvanları satacağını bildirmiş və Elşən də onunla razılaşmış, lakin həmin gün axşam Şüşün kənd sakini “Mökü” ləqəbli Şahid2 adlı şəxs ona zəng edərək Elşənin onlara məxsus 15 baş qoyunu satdığını demiş, o da əmisi nəvəsi Şahid1 zəng edərək həmin heyvanları Elşəndən geri almışdır. Elşənin pullarını qaytarması üçün bir müddət də gözləmişlər, lakin Təqsirləndirilən şəxs pullarını qaytarmadığını görüb onunla 2024-cü ilin avqust ayında danışdıqda o, Elşənin barəsində polisə şikayət edəcəyini bildirmişdir. Həmin vaxt Elşən barəsində şikayət etməmələrini 01 sentyabr 2024-cü il tarixdə pulları qaytaracağını bildirsə də, 2024-cü ilin sentyabr ayında da onun pulunu qaytarmadığı üçün oğlu Anar Təqsirləndirilən şəxs barəsində Kürdəmir rayon prokurorluğuna şikayət etmişdir. Zərərçəkmiş şəxs verilmiş suallara cavabında bildirmişdir ki, 2021-ci ildə oğluyla birlikdə Təqsirləndirilən şəxs saxlaması üçün 28 baş xırda buynuzlu heyvan vermişlər. Elşənin onlara deməsinə görə 2024-cü ilin iyun ayında onların 49 baş heyvanı olmuşdur. Belə ki, onların 39 baş qoyun, 10 baş quzusu Elşəndə olmuşdur. Elşən onlara məxsus 10 baş quzunu onların razılığı ilə satsa da, pulunu mənimsəmişdir. Qalan 24 baş qoyunu isə özbaşına sataraq pulunu mənimsəmişdir. Qalan 15 baş heyvanı isə Şüşün kənd sakini “Mökü” ləqəbli şəxsə satmışdır. Təqsirləndirilən şəxs onlara məxsus 10 baş quzunu və 24 baş qoyunu satıb mənimsəməsi nəticəsində ona 9000 manat ziyan dəymişdir. Quzuların birinin diri çəkisi 25-26 kiloqram, qoyunun diri çəkisi isə 30 kiloqram olmuşdur. Təqsirləndirilən şəxslə onun razılaşmasına əsasən Elşən həmin heyvanları ounla birlikdə İmişli bazarında satmalı idilər, lakin Elşən onların xəbəri olmadan həmin gecə heyvanları Şüşün kənd sakini Mətləb adlı şəxsə satmışdır. Təqsirləndirilən şəxs 15 baş heyvanı ona qaytarmış, yəni 3120 manat dəyərində zərəri ödəmişdir, yerdə qalan zərər isə ödənilməmişdir. Hazırda ona vurulmuş zərər tam şəkildə ödənilmədiyindən təqsirləndirilən şəxs barəsində qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 Zərərçəkmiş şəxs onun atası olduğunu bildirib onunla oxşar məzmunda ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, 2020ci ildə qohumu Zərərçəkmiş şəxs onunla məsləhətləşərək xırdabuynuzlu heyvanlar alıb saxlamaq istədiyini, lakin ailə üzvləri ilə birlikdə Bakı şəhərində yaşadığı üçün həmin heyvanlara onun baxmağımı istəmişdir. Daha sonra Həsrət 21 baş xırdabuynuzlu heyvan aldıqdan sonra baxmağı üçün həmin heyvanları ona vermişdir. O, həmin heyvanlara 1 il baxdıqdan sonra öz heyvanları və Həsrətin heyvanlarının sayı artdığı üçün, həyətdə yer olmadığından Həsrətlə danışaraq həmin heyvanlara baxmağa başqa adam tapmasını istəmişdir. 2021-ci ilin yay aylarında Həsrət ona Təqsirləndirilən şəxs adlı həmkədlisiylə razılaşdığını, buna görə də ona baxması üçün verdiyi heyvanları Təqsirləndirilən şəxs həyətinə buraxmasını istəmişdir. O Təqsirləndirilən şəxs həmin vaxt 25 baş qoyun və 4 baş quzu olmaqla toplamda 29 baş xırdabuynuzlu heyvan vermişdir. Təqsirləndirilən şəxslə Həsrət Əliyevin arasındakı razılığa əsasən onlar artan heyvanları aralarında böləcəkdilər. 2024-cü ilin yay aylarınadək Ə.Həsrətin heyvanlarına Təqsirləndirilən şəxs baxmışdır. 2024-cü ilin ilin iyul ayında həmkəndlisi Şahid2 ona zəng edərək Təqsirləndirilən şəxs ona Həsrət Əliyevin sonuncuya baxması üçün verdiyi 15 baş heyvanı ona satdığını bu barədə Həsrətə zəng edərək onun bu məsələdən xəbərdar olubolmadığını öyrənməyini istəmişdir. O, həmin gün Həsrət Əliyevə zəng edərək Mətləbin ona bildirdiyi məsələni danışmışdır, Həsrət ona Elşənin yalan danışdığını belə ki, Elşənin ona məxsus həmin 15 baş heyvandan başqa 34 baş heyvanını da satdığını, buna görə də həmin heyvanları Mətləbdən götürüb öz həyətində saxlamağını istəmişdir. Daha sonra o, həmin heyvanları Mətləbdən götürüb öz həyətinə buraxmış və Həsrət gəldikdən sonra ona təhvil vermişdir. Verilmiş suallara cavabında Şahid1 həmçinin bildirmişdir ki, 20 ildən artıq müddətdir ki, yaşadığı evin həyətində xırdabuynuzlu heyvanlar saxlayır. Təqsirləndirilən şəxs onun həmkəndlisidir onunla düşmənçiliyi və ədavəti yoxdur. Həsrət Əliyev onun qohumudur, Həsrətə təhvil verdiyi 15 baş heyvandan 3 başı quzu, 12 başı qoyun olmuşdur. Təqsirləndirilən şəxsin deməsinə görə onun maddi sıxıntıları olduğu üçün o həmin heyvanları satmışdır. 49 baş heyvandan 15 başını Şahid2 satdığını də, digər 34 baş heyvanı kimə satması barədə məlumatı yoxdur. Şahid2 deməsinə görə o, ilkin olaraq Elşənə 150 manat pul versə də, Təqsirləndirilən şəxs 15 baş heyvana görə, heyvanları aldığı gündən 1 ay sonra 2100 manat pul verəcəkdi, lakin daha sonrada həmin heyvanları Elşənin icazəsin satdığını öyrəndikdən sonra, həmin heyvanları ona təhvil vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Allahverdi oğlu ifadəsində bildirmişdir ki, 2024-cü ilin iyul ayında həmkəndlisi Təqsirləndirilən şəxs ona 3 baş quzu, 12 baş qoyun olmaqla 15 baş xırdabuynuzlu heyvan satdığını, həmin heyvanları almağını istəyib istəmədiyini soruşmuş, belə ki, həmin heyvanlar arıq olduğu üçün o, Elşənlə razılaşaraq ilkin olaraq 150 manat pul verəcəyini, 1-2 ay heyvanlara qulluq edib heyvanları kökəldikdən sonra həmin heyvanları satıb əldə edəcəyi gəlirin 2050 manatını ona verəcəyini bildirmişdir. O, daha öncədən bilirdim ki, həmin heyvanları Elşənə Bakı şəhərində yaşayan Həsrət Əliyev adlı şəxs baxması üçün verdiyini bildiyi üçün, həmçinin həmin heyvanlara əvvəllər həmkəndlim Həsrət Əliyevin qohumu Şahid1 baxdığından, o, Qədimə zəng edərək Həsrətin Elşənin həmin heyvanları ona satmasından məlumatlı olubolmadığını öyrənməsini istəmişdir. X6 əlaqə saxladıqdan sonra ona X4 icazəsi olmadan həmin heyvanları ona satdığını belə ki, 15 baş heyvandan başqa daha 34 baş xırdabuynuz heyvanları da müxtəlif şəxslərə satdığını bildirmişdir. Bundan sonra o, Elşənin ona satdığı 15 baş heyvanı Qədimə təhvil vermiş və Təqsirləndirilən şəxs verdiyi 150 manat pulu geri almışdır. Verilmiş suallara cavabında Şahid2 həmçinin bildirmişdir ki, Təqsirləndirilən şəxs onun həmkəndlisidir, onunla düşmənçiliyi və ədavəti yoxdur. Uzun müddətdir ki, heyvandarlıqla məşğuldur. Təqsirləndirilən şəxsin deməsinə görə onun maddi sıxıntıları olduğu üçün o həmin heyvanları satmışdır. 49 baş heyvandan 15 başını ona satsa da, digər 34 baş heyvanı kimə satması barədə məlumatı yoxdur. O, ilkin olaraq Elşənə 150 manat pul versə də, Təqsirləndirilən şəxs razılaşmalarına əsasən 15 baş heyvana görə, heyvanları aldığı gündən 1 ay sonra 2050 manat pul verəcəkmiş, lakin daha sonra da həmin heyvanları Elşənin icazəsi ilə satdığını öyrəndikdən sonra, həmin heyvanları Şahid1 təhvil vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs onun atasıdır. Zərərçəkmiş şəxs onun uzaq qohumudur, onu bu yaşına kimi cəmi 1-2 dəfə görmüş, Zərərçəkmiş şəxslə düşmənçiliyi və ədavəti yoxdur. Atası Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus xırdabuynuzlu heyvanlara baxması barədə məlumatı yoxdur. 2019-cu il tarixdə ali məktəbə daxil olduğu üçün həmin tarixdən 2023-cü il tarixədək Gəncə şəhərində, 2023-cü il tarixdə 2024-cü ilin noyabr ayınadək isə Bakı şəhərində yaşamış. O, həmin dövrlər ərzində ara-sıra Şüşün kəndinə, ailəsinin yanına gedən zaman həyətdəki heyvanların atasından kimə məxsus olduğunu soruşanda atası həmin heyvanların hamısının özünə məxsus olduğunu bildirmişdir. Atası Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus 49 baş xırdabuynuzlu heyvanı mənimsəməsi barədə məlumatı yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 06 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Kürdəmir rayonu, Şüşün kənd sakini Təqsirləndirilən şəxs ona etibar edilmiş Zərərçəkmiş şəxs məxsus 49 baş xırdabuynuzlu heyvanın sonuncu tərəfindən mənimsənilməsi barədə Şahid4 rayon prokurorluğuna daxil olmuş müraciəti əsasında Azərbaycan Respublikası CM-nin 179.2.4-cü maddəsi ilə cinayət işi başlanmışdır (i.v. 1-2); Hadisə yerinə baxış keçirilməsi haqqında protokol və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə yeri Kürdəmir rayonu Şüşün kəndində yerləşən Təqsirləndirilən şəxs məxsus evin həyətyanı sahəsində yerləşən tövlədir. Tövlənin yerləşdiyi həyətyanı sahənin ətrafı dəmir sütunlara dəmir tellərlə bərkidilmiş taxta dirəklərdən ibarətdir. Yaşayış məntəqəsinin çöl qapısı boz rəngli dəmir qapıdır. Yaşayış məntəqəsinin qarşısından çay daşlarından ibarət yol keçir. Həyətyanı sahədə bir ədəd mişar daşları ilə tikilmiş, üzəri şifer təbəqə ilə qapadılmış, divarları ağ rəngli boya ilə rənglənmiş ev var. Baxışda iştirak edən Təqsirləndirilən şəxs həmin evdə 2 oğlu və arvadı ilə birlikdə yaşadığını bildimişdir. Həyətyanı sahənin həyətindəki digər tikili tövlədir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs həmin tövlədə 2021-ci ilin yay aylarından 2024cü ilin iyul ayınadək Zərərçəkmiş şəxs ona baxması üçün etibar etdiyi heyvanları saxladığını bildirmişdir. Həyətyanı sahənin digər hissəsi düzən torpaq ərazidir (i.v. 10-14); İş üzrə verilmiş əməliyyat tapşırığına 1xx-xx/240606028 nömrəli cavab məktubundan görünür ki, RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 2021-ci il tarixdən Bakı şəhər sakini Zərərçəkmiş şəxs ona etibar edərək verdiyi heyvanlara yaşadığı Kürdəmir rayonu Şüşün kəndində yerləşən evin həyətyanı sahəsində yerləşən fermada baxmış, 2024-cü ilin iyul ayında “Qurban” bayramı ərəfələrində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məlumat vermədən ilkin olaraq sonuncunun ona etibar etdiyi 34 baş xırdabuynuzlu heyvanı sataraq 8100 manat qazanc əldə etmiş, daha sonra isə eyni üsulla 15 baş xırdabuynuzlu heyvanı kəndçisi Şahid2 Allahverdi oğluna satmış, lakin sonuncu heyvanların icazəsiz satıldığını öyrənərək, aldığı heyvanları mülkiyyətçisinə təhvil vermişdir (i.v. 21); X1 Sistemindən əldə olunmuş məhkumluq sorğusunda göstərilmilşdir ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur (i.v 23); “İn-West” şirkətindən daxil olmuş cavab məktubunda göstərilmişdir ki, 39 baş təxmini diri çəkisi 30-35 kiloqram olan qoyunun 2024-cü ilin iyul-avqust ayı üçün təxmini bazar qiyməti 8190 manat (bir baş üçün 210 manat), 10 baş diri çəkisi 24-25 kiloqram olan quzunun 2024-cü ilin iyul-avqust ayları üzrə bazar qiyməti ilə satışı təxminən 2010 (bir baş üçün 201 manat) manatdır. Belə ki, 2024-cü ilin iyul-avqust ayı üzrə yuxarıda sadalanan əlamətlərə uyğun olan 49 baş xırdabuynuzlu heyvanın yekun təxmini bazar qiyməti ilə satışı 10190 manatdır (i.v. 31); xx.xx.2024-cü il tarixli qərardan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs Bayraməli oğluna maddi ziyan vurulması müəyyən edildiyindən Zərərçəkmiş şəxs Bayraməli oğlu zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 33-34); DVD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, 03.31 dəqiqə müddətində davam edən “Whatsapp” mobil tətbiqindən DVD-R tipli diskə əlavə edilmiş səs yazısına baxış keçirilərkən müəyyən olunur ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs tutduğu əməli səmimi olaraq etiraf edərək maddi sıxıntılarının olduğunu, buna görə də sonuncuya məxsus xırdabuynuzu heyvanların hamısını satdığını, ona 39 baş qoyun və 10 baş quzu olmaqla toplamda 49 baş heyvan borclu olduğunu bildirmişdir (i.v. 46); xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, müdafiəçisinin iştirakı ilə ona ittiham elan edilmişdir ( i.v 53-54); xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir (i.v. 67-68); Kürdəmir Rayon Mərkəzi Xəstəxanası PHŞ-dən daxil olmuş xx.xx.2024-cü il tarixli 18-1-49/2-1272/2024 nömrəli məktubdan görünür ki, Tağıyev X2 rayon Mərkəzi Xəstəxanası PHŞ-in Poliknika şöbəsində həkim psixiatr və narkoloqun qeydiyyatında yoxdur (i.v. 91-93); Kürdəmir Rayon İcra Hakimiyyəti Başçısının Köhünlü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailəlidir, 2 övladı vardır, ailəsi ilə birlikdə Kürdəmir rayonu Şüşün kəndində yerləşən ünvanda yaşayır, müsbət xarakterizə olunmuşdur (i.v. 95-98); Sübutların qiymətləndirilməsi haqqında 23 dekabr 2024-cü il tarixli qərardan görünür ki, iş üzrə toplanmış ifadələr, ekspertiza rəyləri, cinayət işinə əlavə edilmiş 01 ədəd disk və digər prosssual hərəkətlərin əks olunduğu protokollar iş üzrə sübut növü kimi qiymətləndirilmişdir (i.v. 99-107); Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin, protokollarının, ekspert rəyinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməli Cinayət Məcəlləsinin 179.2.4-cü maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin; 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini, dəymiş ziyanın qismən ödənilməsi onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə, ziyanın tam ödənilməsini təmin etməmiş, zərərçəkmiş şəxslə barışıq əldə etməmiş və bunu maddi imkanının olmaması ilə əlaqələndirmiş şəxsin cərimə cəzasına məhkum edilməsini ağlabatan və cəzanın məqsədinə nail olunması baxımından yetərli vasitə hesab etmir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlinin ictimai təhlükəlilik dərəcəsi ona azadlığın məhdudlaşdırılması cəzasının təyin edildiyi halda həmin cəza təqsirləndirilən şəxs tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almamaqla yanaşı cəzanın məqsədini təmin etməyəcək (CM-nin 41.2). Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 179.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsi nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən məhkəmədə Təqsirləndirilən şəxs göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi 180 (yüz səksən) manat məbləğində pul ödənilməlidir İş üzrə mülki iddia, məhkəmə xərcləri və müsadirə ediləcək əmlakın olmaması nəzərə alınmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz olunsun və o, dərhal məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəkməklə, ona təyin edilmiş cəzanın əvvəli 15 aprel 2025-ci il tarixdən hesablansın. Hökmün icrası Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi PX-in 02 saylı İstintaq Təcridxanasına həvalə edilsin. Maddi sübut olan 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə mülki iddia, əmlak müsadirəsi, üzərinə həbs qoyulmuş əmlakın və məhkəmə xərcinin olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 30 (otuz) saat hüquqi yardıma görə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 180 (yüz səksən) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rahid Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar