Məhkəmə qərarları › İş №1(041)-32/2023

Kürdəmir Rayon Məhkəməsi Hökm — İş №1(041)-32/2023

12.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Kürdəmir rayon İş № 1(041)-32/2023 12.04.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi İmanov Xaliq Xalıq oğlunun sədrliyi Məhkəmə iclasının katibi Gülalıyev Orxan Vəzir oğlunun katibliyi Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı Müdafiəçi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1976-cü ildə Kürdəmir rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Kürdəmir rayonu, Topalhəsənli kəndində qeydiyyatda olmaqla yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs 14 mart 2023cü il tarixdə saat 22:10 radələrində Kürdəmir rayonu Topalhəsənli kəndində yaşadığı evdə, bacısı qızı Şahid1 əri Şahid2 onun evində yaşamasına iradını bildirən bacısı oğlu Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı sonuncunun sifətindən qəsdən yumruqla bir dəfə vuraraq ona sol gözaltı nahiyədə şişkinlik, qançır və sıyrıq, sol göz yarığının daralması, sol gözün ağlı qişasına qansızma ilə müşayiət olunan sağlamlığın qısa müddət pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmaya aid edilən xəsarətlər yetirmişdir. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Şahid1 bacısı qızı, Zərərçəkmiş şəxs isə bacısı oğludur. Onlarla münasibəti həmişə yaxşı olmuşdur. Bir neçə gün öncə bacısı qızı Yazgüllə əri Eltunun aralarında olan mübahisəyə görə Eltun onun evində qalmışdır. 14 mart 2023-cü il tarixdə, saat 22:10 radələrində yaşadıqları evdə Eltunla birlikdə çörək yeyərkən bacısı qızı Yazgüllə bacısı oğlu Murad evinə gələrək Eltunu orda görüb səs-küy yaratmış, Murad onu təhqir etdiyinə görə əsəbiləşərək üzərinə gedib yumruqla bir dəfə sifətindən tutub itələmiş, lakin onu vurmamışdır. Həmin vaxt Murada yumruq dəyib-dəyməməsini bilmir. Daha sonra Yazgül və Murad onun evindən çıxıb getmişlər. Həmin gün Yazgüllə Muradın onun barəsində polisə şikayət ediklərini eşitmişdir. Mübahisə olan vaxt ora kənar şəxslər toplaşmamışdır. Sonradan səhvini başa düşüb bacısı oğlu Zərərçəkmiş şəxsla barışmış, Murad də onu bağışlamışdır. Biri-birilərinə qarşı heç bir şikayətləri və tələbləri yoxdur. Etdiyi əməldən səmimi peşmançılıq çəkir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs onun dayısıdır, münasibətləri həmişə yaxşı olmuşdur. Bir neçə gün bundan qabaq bacısı Yazgüllə yeznəsi Eltunun aralarında olan mübahisəyə görə Eltun gedib dayısının evində qalmışdır. 14 mart 2023-cü il tarixdə, saat 22:10 radələrində bacısı Yazgüllə birlikdə dayısı Kamranın evinə getmiş, həmin vaxtı yeznəsi Eltunla dayısı Kamranın yeyib-içdiklərini görüb bacısı Yazgül əri Eltuna evindən çıxıb onlara gəlməsi barədə öz iradlarını bildirmiş, dayısı Kamran da əsəbləşərək bacısının ünvanına nalayiq sözlər işlətmişdir. Dayısının söyüşlərinə iradını bildirən kimi dayısı Kamran üzərinə gələrək ona əl-qol atmış və sifət nahiyyəsindən yumruqla itələyə-itələyə onu çölə çıxardarkən sol gözü ətrafında xəsarətlər aldığına görə DİN-nin 102 xidmətinə zəng vuraraq hadisə barədə məlumat vermişlər. Bir müddət sonra Kürdəmir RPŞ-nin əməkdaşları yaşadıqları evə gələrək ondan ərizə almışlar. Dayısı Kamranın onu döyməsini bacısı Yazgüllə yeznəsi Eltun görmüşdür. Mübahisə vaxtı ora kənar şəxslər toplaşmamışdır. Hadisədən bir müddət sonra onlar barışmış, hazırda dayısı Kamrandan heç bir şikayəti və tələbi yoxdur. Məhkəmədə şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs qardaşı, Təqsirləndirilən şəxs isə dayısıdır. Dayısı Kamranla münasibəti həmişə yaxşı olmuşdur. Əri Eltunla aralarında olan mübahisəyə görə Eltun dayısıgildə gedib qalmışdır. 14 mart 2023-cü il tarixdə, saat 22:10 radələrində qardaşı Muradla birlikdə dayısı Kamrangilə getmiş, həmin vaxt əri Eltunla dayısı Kamranın yeyib-içdiklərini görüb ərinə “ayıb deyil neçə gündür evdən çıxıb gəlib burda qalırsan, övladlarından xəbərin yoxdur” sözlərini demişdir. Dayısı Kamran onun sözlərindən əsəbləşərək onu nalayiq söyüşlərlə söyüb təhqir etmişdir. Bu vaxt qardaşı Murad dayısına onu söyməsinə iradını bildirmiş, dayısı Kamran qardaşının üzərinə gedərək yumruqla onun sifətindən vuraraq xəsarət yetirmişdir. Dayısı Kamran qardaşı Muradı döyəndən sonra ordan çıxıb getmişlər. Həmin vaxtı öz mobil telefonu ilə DİN-nin 102 xidmətinə zəng vuraraq hadisə barədə məlumat vermiş, 102 xidmətinə zəng vurandan sonra Kürdəmir RPŞ-nin əməkdaşları evlərinə gələrək qardaşı Muraddan ərizə almışdır. İşdə olan məhkəmə tibbi ekspertinin xx.xx.2023-cü il tarixli, 89 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər–sol gözaltı nahiyədə şişkinlikqançır və sıyrıq, sol göz yarığının daralması, sol gözün ağlı qişasına qansızma. Qeyd olunan xəsarətlər küt əşya (əşyalar) təsirindən əmələ gəlmiş, törənmə müddəti qərarda göstərilən şəraitə və vaxta yəni xx.xx.2023-cü il tarixinə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə sağlamlığın qısa müddət pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Cəfərov X1 rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 40.2.2-ci maddəsinə əsasən barəsində olan cinayət işinin icraatına xitam verilmiş və həmçinin Kürdəmir rayon məhkəməsinin xx.xx.2019cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinib aylıq qazancının 15%-i dövlət nəfinə tutulmaqla 6 ay müddətə islah işləri cəzasına məhkum olunmuşdur. İşdə olan Kürdəmir rayon İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 6752-2020\5-189 nömrəli məktubdan görünür ki, Kürdəmir rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs verilmiş qazancının 15 (on beş) faizi dövlət nəfinə tutulmaqla 06 (altı) ay müddətə islah işləri cəzası “8 noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 2.8-ci bəndinə əsasən məhkum Təqsirləndirilən şəxs cəzadan azad edilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı cinayət əməli törətmiş şəxs Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli onun özünün qismən etirafı, zərərçəkmiş şəxsin və şahidin ifadəsi, məhkəmətibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 89 nömrəli nömrəli rəyi ilə, habelə iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli təhqiqat orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Hazırki iş üzrə də, cinayət əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışsa da, onun cinayət məsuliyyətindən azad edilməsi qanunamüvafiq hesab edilməmişdir. Belə ki, İşdə olan, Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Kürdəmir rayon məhkəməsinin xx.xx.2018ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsindən CM-nin 128-ci maddəsinə tövsif edilmiş və zərərçəkmiş şəxslə barışdığı üçün CPM-nin 40.2.2-ci maddəsinə əsasən barəsində olan cinayət işinin icraatına xitam verilmişdir. Hazırda qüvvədə olan Azərbaycan Respublikası CPM-nin 40.2-ci maddəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.1, 73.1, 73-1.3 və 74-cü maddələrində nəzərdə tutulmuş hallarda təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. 40.5. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72 – 73-2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlləri iştirakçılıqla törədildiyi hallarda həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən zərərçəkmiş şəxsə dəymiş ziyan və dövlət büdcəsinə ödənişin iştirakçıların hər biri tərəfindən müəyyən pay üzrə ödənilməsi məhkəməyədək icraat zamanı təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarı, məhkəmə icraatı zamanı isə məhkəmənin qərarı ilə həll olunur Azərbaycan Respublikası Cinayət Məcəllənin 72-ci maddəsinin qeyd hissəsinin 1-ci bəndində göstərilir ki, şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə cinayət əməli törətmiş şəxsə cəza təyin edərkən onun əməlindən peşman olmaqla, zərərçəkmiş şəxslə barışıb ona dəymiş maddi ziyanı tamamilə ödəməsini iş üzrə cəzanı yüngülləşdirən hal kimi kimi nəzərə alır. Məsuliyyəti ağırlıaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cinayət əməli törətmiş şəxs Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi əməlin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onun cəmiyyətdən tamamilə təcrid olunmadan islah olunmasının mümkünlüyünü nəzərə alaraq ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin etməyi məqsədə uyğun hesab edir. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə görə azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdəın tam təcrid olunmadan yaşayış yeri üzrənəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (təmamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə araşdırmaları zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs ailəsi ilə birlikdə Kürdəmir rayonu, Topalhəsənli kəndində yaşayır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının CM-nin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə yaşayış yeri olan Kürdəmir rayonu, Topalhəsənli kəndində yerləşən evini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Kürdəmir şəhər ərazi hüdüdlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, cəzasının əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsi Kürdəmir rayon icra və probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərclərinin olmaması nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiə edilməsi üçün Müdafiəçi 20 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat hər iş saatı üçün Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitsilə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğin miqdarı haqqında» 03 may 2018-ci il tarixli, 202 nömrəli qərarına əsasən müdafiəçi X.Q.Babayevə dövlət hesabına hər iş saatına 6 manat hesab edilməklə sərf etdiyi 20 saat üçün cəmi 120 manat məbləğində əmək haqqı ödənilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yeri olan Kürdəmir rayonu, Topalhəsənli kəndində yerləşən evini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Kürdəmir rayonu ərazi hüdüdlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsi Kürdəmir rayon icra və probasiya şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Məhkəmədə Təqsirləndirilən şəxs göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi 120 (bir yüz iyirmi) manat məbləğində pul ödənilsin. Hökmdən 20 gün müddətində Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. SƏDRLİK EDƏN X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar