Məhkəmə qərarları › İş №1(041)-35/2025

Kürdəmir Rayon Məhkəməsi Hökm — İş №1(041)-35/2025

26.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Kürdəmir rayon İş № 1(041)-35/2025 26.02.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi, Şahbazova Göyçək Kamil qızının katibliyi, Azərbaycan Respublikası Baş prokurorluğun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər - Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 Şamil oğlunun, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2, Təqsirləndirilən şəxs- X3 iştirakları ilə, 10 avqust 1992-ci ildə Hacıqabul rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Hacıqabul rayonu, Hacıqabul şəhəri, Bakı küçəsi, ev 26-da qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Aparılmış istintaqla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs, xx.xx.2024-cü il tarixdə saat 22:00 radələrində Kürdəmir rayonu, Şıxımlı kəndi ərazisində yerləşən “Dan ulduzu” restoranında toy məclisi zamanı sərxoş vəziyyətdə heç bir əsaslı səbəb olmadan, özünün şəxsiyyətini digər şəxslərin şəxsiyyətlərinin fövqündə qoyub, ictimai qaydanı kobud surətdə pozmaqla, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, habelə özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə, eləcədə şəxs üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən hərəkətlər etməklə azyaşlı uşağına acıqlanan şəxsin kim olduğunu bilmək üçün restoranın nəzarət kameralarına baxmaq istəyən zaman kamera görüntülərinin ona göstərilməməsini bəhanə edərək, nalayiq söyüşlər söyərək xx.xx.1982ci il təvəllüdlü, Zərərçəkmiş şəxs1 icarə əsasında işlətdiyi restoranın zalında olan biri ədədinin qiyməti 20 manat olmaqla ümumi qiyməti 100 manat qiymətində olan 05 ədəd stulu və həmin restoranın 100 manat qiyməti olan banket zalının giriş qapısının şüşəsini sındıraraq məhv etmiş, onu hərəkətlərinə müdaxilə etmədən kənarda dayanıb baxan xx.xx.1982-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 üzərinə heç-bir səbəb olmadan hücum edərək qəsdən üz nahiyyəsindən yumruqla bir dəfə vurub ona sağ qaşda çapıq ilə müşayiət olunan dərəcəsi təyin edilməyən xəsarət yetirməklə, eləcədə şadlıq sarayını icarəyə işlədən Zərərçəkmiş şəxs1 200 manat maddi ziyan vurmaqla qərəzli xuliqanlıq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona verilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 18 radələrində arvadının qohumunun toy məclisində iştirak etmək üçün Kürdəmir rayonunun Şıxımlı kəndində yerləşən “Dan Ulduzu” restoranına getmiş, toyda yemək yeyib bir qədər spirtli içki qəbul etdiyi üçün sərxoş vəziyyətdə olmuşdur. Restoranın giriş qapısının qarşısında azyaşlı övladına tanımadığı şəxsin acıqlanaraq çıxıb getdiyini görüb həmin şəxsi axtarmaq üçün restoranın nəzarətçisi kimi tanıdığı Zərərçəkmiş şəxs1 həmin şəxsi müəyyən etməsi üçün restoranda olan nəzarət müşahidə kameralarına baxmaq istədiyini demişdir. Zərərçəkmiş şəxs1 kameraların işləmədiyini deyərək ona şərait yaratmamış, əsəbləşərək onunla mübahisə etməyə başlamış, həmin naməlum şəxsin ünvanına nalayiq söyüşlər söyməyə başlamış, Rövşən, eləcə də restoranın işciləri, arvadı İlahənin qohumu Şahid1 onu sakitləşdirməyə çalışmış, ancaq hirsi keçmədiyi üçün restoranın banket zalının giriş qapısının şüşəsini, eləcə də həmin vaxt boş olan banket zalındakı stulları qəsdən əliylə vuraraq sındırmış, həmçinin həmin vaxt kənarda dayanaraq söhbətə müdaxilə etməyən və soruşduğu suala cavab verməyən Zərərçəkmiş şəxs2 əli ilə üz nahiyəsindən qəsdən vurmuş, ətrafda olan şəxslər onu sakitləşdirməyə çalışmışlar, bir az sonra polis əməkdaşları gələrək onu Kürdəmir RPŞ-na aparmışlar. Təqsirləndirilən Təqsirləndirilən şəxs verilmiş suallara cavabında göstərmişdir ki, Zərərçəkmiş şəxs1 əvvəldən tanımamış, onunla heç bir ədavəti və düşmənçiliyi olmamışdır. Hadisə təxminən 20-25 dəqiqə müddətində baş vermiş, yanlarında Şahid1, Şahid2, Zərərçəkmiş şəxs2 eləcə də restoranda təşkil edilmiş toy məclisində iştirak edən tanımadığı şəxslər olmuşdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 Şamil oğlu ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 18 radələrində restoranda toy mərasimi keçirilmiş, həmin gün toy mərasimi davam edən zaman mərasimində iştirak edən əvvəlcədən tanımadığı, sonradan adının Təqsirləndirilən şəxs olduğunu öyrəndiyi şəxs sərxoş vəziyyətdə şadlıq sarayında səs-küy salaraq heç bir əsas olmadan münaqişə yaratmağa başlamış, təpiklə və əli ilə vuraraq restoranın stullarını, eləcədə banket zalının qapısının şüşəsini də sındırmış, restoranın işciləri ilə birlikdə Təqsirləndirilən şəxs sakitləşdirə bilmədiyi üçün DİN-in 102 xidmətinə müraciət etmiş, Kürdəmir RPŞ-nın əməkdaşları hadisə yerinə gəlmişlər, bundan sonra ərizə ilə müraciət edərək, Təqsirləndirilən şəxs cinayət məsuliyətinə cəlb edilməsini xahiş etmişdir. Hadisə nəticəsində restoranın ümumilikdə 200 manat dəyərində əmlakı zədələnib yararsız hala düşdüyü üçün ona 200 maddi ziyan dəymişdir. Hadisə zamanı şadlıq sarayında toyda iştirak etmiş tanımadığı şəxslər, eləcədə şadlıq sarayının işciləri olmuşdur. Zərərçəkmiş Zərərçəkmiş şəxs1 verilmiş suallara cavabında bildirmişdir Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla aralarında heç bir ədavəti və düşmənçiliyi olmamışdır. Kürdəmir rayonu Şıxımlı kənd ərazisində yerləşən “Dan Ulduzu” restoranını icarə əsasında işlədir, restoranın bütün əşyalarını da təhvil aldığı üçün cavabdehlik onda olmuşdur. Restoranda sözü gedən hadisə təxminən yarım saat müddətdə davam etmiş, hadisə nəticəsində toy məclisi dağılmışdır. “Dan ulduzu” restoranında olan əşyaların hamısına özü cavabdeh olmuş, hadisə nəticəsində restoranda hər birinin qiyməti 20 manat olmaqla ümumilikdə 100 manat qiyməti olan 05 ədəd stul, eləcədə restoranın banket zalının giriş qapısının qiyməti 100 manat olan şüşəsi sınaraq yararsız hala düşmüşdür. Hazırda Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan tamamilə ödənilmişdir, onunla barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 18 radələrində Kürdəmir rayonu Şıxımlı kəndi ərazisində yerləşən “Dan ulduzu” restoranında qohumunun toy məclisi iştirak etmiş, məclis zamanı saat təxminən 22 radələrində Təqsirləndirilən şəxs tanımadığı şəxsin azyaşlı övladına kiminsə vurmasını iddia edərək, restoranda olan nəzarət müşahidə kameralarına baxmaq istəmiş, restoranın icarədarı və həmçinin nəzarətçisi Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs kameraların işləmədiyini dedikdə Elnur mübahisə etməyə başlamış və restoranın banket zalının giriş qapısının şüşəsini qəsdən əli ilə vuraraq sındırmış, sonra isə restoranın zalındakı taxta stulları əli ilə və təpiklə vuraraq sındırmış, ucadan nalayiq söyüşlər söymüşdür. Elnurun sərxoş olduğunu görüb ona müdaxilə etməmiş, heç nə deməmiş, ancaq Elnur ona yaxınlaşaraq üz nahiyəsindən yumruqla bir dəfə qəsdən vurmuşdur. Zərərçəkmiş şəxs1 DİN-nin 102 xidmətinə müraciətindən bir az sonra polis əməkdaşları gələrək Elnuru polis şöbəsinə aparmışlar. Zərərçəkmiş Zərərçəkmiş şəxs2 verilmiş suallara cavabında bildirmişdir ki, Təqsirləndirilən şəxs qohumu İlahənin əridir, onunla heç bir ədavəti, düşmənçiliyi yoxdur. Hadisə təxminən yarım saat müddətində davam etmiş, hadisə nəticəsində toy məclisi dağılmış, qonaqlar çıxıb getmişlər. Hadisə təxminən 20-25 dəqiqə müddətində baş vermiş, hadisə yerində Şahid1, Şahid2, Zərərçəkmiş şəxs2 eləcədə restoranda təşkil edilmiş toy məclisində iştirak edən tanımadığı şəxslər olmuşdur. Hazırda Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan ödənilmişdir, onunla barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə Kürdəmir rayonu Şıxımlı kəndi ərazisində yerləşən “Dan ulduzu” restoranında qohumunun toy məclisində iştirak etmiş, məclis zamanı saat təxminən Təqsirləndirilən şəxs tanımadığı şəxsin azyaşlı övladına vurduğunu iddia edərək, restoranda olan nəzarət müşahidə kameralarına baxmaq istəmiş, restoranın nəzarətçisi Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs kameraların işləmədiyini dedikdə Elnur mübahisə etməyə başlamış və restoranın banket zalının giriş qapısının şüşəsini qəsdən əli ilə vuraraq sındırmış, sonra isə restoranın zalındakı taxta stulları əli ilə və təpiklə vuraraq sındırmış, ətrafda olan tanımadığı şəxslərlə birlikdə Elnuru sakitləşdirməyə çalışmış, ancaq Elnur ucadan nalayiq söyüşlər söyərək sakitləşməyərək hərəkətlərini davam etdirmiş, eləcə də hadisəyə müdaxilə etməyən kənarda dayanan Zərərçəkmiş şəxs2 üz nahiyyəsindən yumruqla bir dəfə qəsdən vurmuş, bir az sonra polis əməkdaşları gələrək Elnuru polis şöbəsinə aparmışlar. Şahid qismində dindirilmiş Şahid1 verilmiş suallara cavabında bildirmişdir ki, Təqsirləndirilən şəxs qohumunun əridir, onunla heç bir ədavəti, düşmənçiliyi olmamışdır. Hadisə təxminən 20-25 dəqiqə müddətində davam etmiş, hadisə nəticəsində toy məclisi dağılmışdır. Təqsirləndirilən şəxs sözü gedən hadisəni hansı səbəbdən törətməsini bilmir, eləcə də həmin hadisə zamanı Təqsirləndirilən şəxs hər hansı şəxsin döyməsini görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 18 radələrində Kürdəmir rayonu Şıxımlı kəndi ərazisində yerləşən “Dan ulduzu” restoranında qohumunun toy məclisində iştirak etmiş, məclis zamanı saat təxminən 22 radələrində Təqsirləndirilən şəxs azyaşlı övladına tanımadığı şəxsin acıqlandığını iddia edərək, restoranda olan nəzarət müşahidə kameralarına baxmaq istəmiş, restoranın nəzarətçisi Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs restoranın kameralarının işləmədiyi üçün mümkün olmadığını dedikdə Elnur mübahisə etməyə başlamış, ucadan nalyiq söyüşlər söyərək restoranın banket zalının giriş qapısının şüşəsini qəsdən əli ilə vuraraq sındırmış, sonra isə restoranın toy məclisi olan zalındakı 05 ədəd stulu əli ilə vuraraq sındırmış, Elnur sonra kənarda dayanaraq heç nə müdaxilə etməyən Asifə yaxınlaşaraq ondan da azyaşlı uşağına kimin acıqlanmasını soruşmuş, Asif heç nə deməmiş, bu zaman Elnur Asifin üz nahiyyəsindən yumruqla bir dəfə qəsdən vurmuşdur. Zərərçəkmiş şəxs1 DİN-nin 102 xidmətinə müraciətindən bir az sonra polis əməkdaşları gələrək Elnuru polis şöbəsinə aparmışlar. Şahid qismində dindirilmiş Şahid2 verilmiş suallara cavabında bildirmişdir ki, Təqsirləndirilən şəxs qohumu İlahənin əridir, onunla heç bir ədavəti, düşmənçiliyi olmamışdır. Hadisə təxminən 20-25 dəqiqə müddətində davam etmiş, hadisə nəticəsində toy məclisi dağılmış, qonaqlar çıxıb getmişlər. Həmin hadisə zamanı Təqsirləndirilən şəxs hər hansı şəxsin döyməsini görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 18 radələrində “Dan ulduzu” restoranında təşkil edilmiş toy məclisində ofisinat kimi iştirak etmiş, saat 22 radələrində sonradan adının Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxs Zərərçəkmiş şəxs1 ilə mübahisə etməyə başlamış, Təqsirləndirilən şəxs ucadan nalayiq söyüşlər söyməyə başlamış, sonra isə restoranın banket zalının giriş qapısının şüşəsini və zalda olan stulların 05 ədədini əli ilə qəsdən vurub sındıraraq yararsız hala salmış, eləcədə kənarda dayanmış və heç nə nəyə müdaxilə etməyən Zərərçəkmiş şəxs2 üz nahiyyəsindən yumruqla qəsdən bir dəfə vurmuş, toyda iştirak edən Şahid1 Təqsirləndirilən şəxs sakitləşdirməyə çalışmışdır. Bir az sonra polis əməkdaşları gələrək Təqsirləndirilən şəxs Kürdəmir RPŞ-nə aparmışlar. Şahid qismində dindirilmiş Şahid3 verilmiş suallara cavabında bildirmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir ədavəti, düşmənçiliyi olmamışdır. Kürdəmir rayonu Şıxımlı kəndi ərazisində yerləşən “Dan ulduzu” restoranında ofisiant işləyir. Həmin hadisə zamanı Təqsirləndirilən şəxs sərxoş halda olmuş, hadisə təxminən 20-25 dəqiqə müddətində davam etmiş, ətrafda səs küyə tanımadığı şəxslər toplaşmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 və Şahid4 Şahid3 ilə ilə eyni məzmunda ifadə verib onun göstərdikləri xüsusatları təsdiq etmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli cinayət işinin başlanması və aidiyyəti üzrə göndərilməsi haqqında qərardan görünür ki, toplanmış material üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə cinayət işi başlanılmış və ibtidadi istintaq aparılması üçün aiddiyəti üzrə Kürdəmir RPŞ-nin İB-nə göndərilmişdir (i.v.1); xx.xx.2024-cü il tarixli “baxış keçirilməsi” haqqında protokoldan görünür ki, hadisə xx.xx.2024-ci il tarixdə Kürdəmir rayon Köhnəbazar adlanan ərazidə yerləşən “Dan Ulduzu” adlı restoranda baş vermişdir (i.v.6-10); xx.xx.2024-cü il tarixli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinənin 168 nömrəli protokolundan görünür ki, Təqsirləndirilən şəxs tibbi müayinəsi zamanı onda alkoqol orta sərxoşluq dərəcəsi aşkar olunmuşdır (i.v.14); xx.xx.2024-cü il tarixli cinayət işi üzrə icraatın dayandırılması haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsiilə istintaq edilən ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır (i.v.71); Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədə göstərilmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (i.v.73-74); xx.xx.2024-cü il tarixli 282 saylı məhkəmə-tibbi ekspertinin rəyində göstərilmişdir ki, 1982-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 məhkəmə-tibbi müayinəsinə əsasən bədən səthində aşağıdakı xəsarət vardır: sağ qaşda çapıq xəsarəti-küt əşyanın təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdi və sağlamlığa zərərvurmadığına görə dərəcəsi təyin edilmir(i.v.80-81); xx.xx.2024-cü il tarixli “İnvest” şirkətindən alınmış sorğuya cavabda göstərilmişdir ki, sorğuda göstərilmiş 01 ədəd stulun qiyməti 20 manat və 01 ədəd plastik qapının şüşəsinin qiymətinin isə 100 manatdır (i.v.83); xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir (i.v.115-116); xx.xx.2024-cü il tarixli “Hacıqabul rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsindən daxil olan 18-1-41/2-815/2024 nömrəli məktubdan görünür ki, Mehtiyev X8 RMX-nin poliklinika şöbəsində həkim psixiatrın və həkim narkoloqun qeydiyyatında durmur (i.v.119); Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə fondu 1 saylı X1 daxil olan xx.xx.2024-cü il tarixli 3-17-1/2-251881/2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs əlilliklə bağlı əmək pensiyası və sosial müavinət almır (i.v.136); xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs könüllü olaraq istintaqa gəldiyi üçün cinayət işi üzrə icraat təzələnmiş və ibtidai istintaqın aparılması üçün icraataa qəbul edilmişdir (i.v.138-139); Hacıqabul rayon İHB-nın Hacıqabul şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli arayış və xasiyyətnaməsindən, şəxsiyyəti təsdiq edən sənədin surətindən görünür ki, Mehtiyev X6 şəhəri, Bakı küçəsi 26 saylı ünvanda qeydiyyatdadır, yaşayış yeri üzrə müsbət xarakterizə edilir, himayəsində bir azyaşlı (xx.xx.2021-ci il təvəllüdlü X7) uşağı vardır (i.v.144-146). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxs, zərərçəkmiş şəxslərin və şahidlərin məhkəmədə səsləndirdiyi və iş materiallarında olan ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər – min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarının 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, CM-in 59.2-ci maddəsinə əsasən törətdiyi cinayət əməlini səmimi etiraf edərək əməlindən peşiman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini, həmin Məcəllənin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslərlə barışıq əldə edilməsini, 59.1.4-cü maddəsinə əsasən himayəsində azyaşlı uşağın olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə təqsirləndirilən şəxs barəsində cəza tətbiqi ilə əlaqədar Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin onun təqsirli bilindiyi 221.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növlərindən azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədlərini təmin etmək üçün kifayət etdiyi qənaətinə gəlir. CM-in 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. CM-in 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: CM-in 52-1.2.1-ci maddəsinə əsasən yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; CM-in 52-1.2.2-ci maddəsinə əsasən elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; CM-in 52-1.2.3-ci maddəsinə əsasən məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; CM-in 52-1.2.4-ci maddəsinə əsasən müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. CİM-in 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. CİM-in 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. CİM-in 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə müvafiq vəzifələrin qoyulmasını zəruri hesab edir. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, hazırki iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3) nəzərə alınmaqla, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növlərindən azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, Təqsirləndirilən şəxs üzərinə Hacıqabul rayonunun ərazi hüdudlarını tərk etməmək, gün ərzində axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı (CM- 52-1), təyin olunmuş cəzanın icrası Hacıqabul rayon İcra və probasiya şöbəsinə həvalə olunmalı, təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən məhkəmədə X5 göstərilən 15 saat hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 90 (doxsan) manat məbləğində pul ödənilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərcləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və o, 08 (səkkiz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. X3 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən X3 üzərinə gün ərzində axşam saat 23:00-dan səhər saat 06:00-dək Hacıqabul şəhəri, Bakı küçəsi, ev 26-da yerləşən evini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Hacıqabul rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti X3 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. X5 təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası Hacıqabul rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərclərinin olmaması nəzərə alınsın. X5 göstərdiyi cəmi 15 (on beş) saat hüquqi yardıma görə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 90 (doxsan) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində işə baxan Kürdəmir Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Rahid Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar