Azərbaycan Respublikası adından HÖKM Kürdəmir rayon İş № 1(041)-36/2024 24.04.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim İmanov Xaliq Xaliq oğlunun sədrliyi, Gülalıyev Orxan Vəzir oğlunun katibliyi Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2, Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə2 Təqsirləndirləndirilən şəxs Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1973-cu ildə Kürdəmir rayonu Qarabucaq kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, evli, Kürdəmir rayonu Qarabucaq qəsəbəsində qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təxminən 2023-cü ilin mart ayının 21-dən 25-dək olan müddətdə günorta saatlarında, özünə məxsus heyvanları rahat otarmaq məqsədi ilə Bakı- Ələt-Qazax-Gürcüstan avtomobil yolunun 207-ci kilometrliyində, meşə fonduna daxil olmayan, Kürdəmir rayonu Qarabucaq qəsəbəsi ərazisindən keçən, həmin qəsəbə bələdiyyəsi mülkiyyətində olan torpaq sahəsində köküstə yaş və bioloji inkişafda olan 37 ədəd yulğun kolunu kök boğazından kəsmiş, 16 ədəd yulğun kolunu isə kök boğazından özü ilə gətirdiyi balta ilə qanunsuz kəsib ətraf hissələrini yandırmış və həmin ərazidə bitən diametri 11 sm olan iydə ağacını kök boğazından qanunsuz kəsmiş, nəticədə ətraf ekoloji mühitə xeyli miqdarda yəni 4360 manat maddi ziyan vurmuşdur. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, Kürdəmir rayonu, Qarabucaq kəndində qeydiyyatda olmaqla həmin ünvanda ailə üzləri ilə birlikdə yaşayır. İ-ci Qarabağ müharibəsi veteranı olmaqla 3-cü qrup əlildir, ayağında yaranmış çətinliklərə görə yeriməkdə çətinlik çəkir, Bakı şəhərində yerləşən xəstəxanalarda müalicə olunur. Kürdəmir rayonu Qarabucaq qəsəbəsi ərazisində, bələdiyyə məxsus torpaq sahəsində yulğun kollarını və iydə ağacını kəsmişdir. Həmin torpaq sahəsi evindən 300-400 metr məsafədə Bakı–Ələt Qazax avtomobil yolunun digər tərəfində yerləşir. Həmin torpaq sahəsindən təxminən 2-3 kilometr aralıda ona və ailə üzvlərinə məxsus 3 ha torpaq sahəsi var. Yulğun ağaclarının kəsildiyi torpaq sahəsi örüş təyinatlı torpaq olmaqla kənd camaatı tərəfindən istifadə edilir. Həmin torpaq sahəsini almaq üçün kəndin bələdiyyəsinə təxminən 3-4 il bundan əvvəl müraciət etmiş, lakin həmin torpaq sahəsi bələdiyyə və rayon icra hakimiyyəti tərəfindən adına sənədləşdirməmişdir. 2023-cü ilin mart ayının 21-dən sonra günorta saatlarında hyvanlarını rahat otarmaq üçün həmin torpaq sahəsində bitən kolları evdən götürdüyü balta ilə kəsmiş, bir hissəsini orada yandırmışdır. Bundan başqa orada bitən bir ədəd diametri təxminən 10 sm olan iydə ağacınıda kəsmişdir. Sonradan Ekologiya Nazirliyinin əməkdaşları əraziyə baxış keçirmiş, ziyan aktı tərtib edilmişdir. 8 saylı Regional və Təbii Sərvətlər İdarəsi tərəfindən verilmiş ziyan aktında göstərilən 4360 manatın 2800 manatını ödəmiş, qalan hissəsini də qısa müddət ərzində ödəyəcəkdir. Kəsdiyi yabanı kolların yulğun kolları olmasını bilməmiş və onları kökündən kəsməmişdir. Ona görə də, hazırda kəsdiyi kollar yenidən pöhrələnmiş və yaşıllıq bərpa olunmuşdur. Təqsirləndirilən şəxs ifadəsinin sonunda etdiyi cinayət əməlindən peşman olduğunu, İ Qarabağ müharibəsi veteranı olmaqla İİİ qrup əlil olmasını, dəymiş ziyandan 2800 manat ödəməsini nəzərə alıb ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilmiş Nümayəndə2 ifadəsində göstərdi ki, 28 mart 2023-ci il tarixdə 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin monitorinq qrupu tərəfindən Kürdəmir rayonu Qarabucaq qəsəbəsi ərazisində 53 ədəd yulğun kollarının və bir ədəd iydə ağacının qanunsuz kəsilməsi barədə 77649 saylı akt tərtib edilmişdir. Həmin akt əsasında xx.xx.2023-cü il tarixdə həmin əraziyə 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin əməkdaşları tərəfindən baxış keçirilmişdir. Bundan sonra həmin əraziyə yaxın məsafədə yerləşən Təqsirləndirilən şəxs və həmin qəsəbənin bələdiyyə sədri Dilarə Kərimovanın izahatları alınmışdır. Təqsirləndirilən şəxs özünə məxsus heyvanları rahat otarmaq məqsədi ilə yulğun kolları kəsildiyi torpaq sahəsini almaq istəmiş, lakin bələdiyyə sədri həmin torpaq sahəsini ona satmamışdır. Sonradan isə həmin torpaq sahəsində yetişən və inkişafda olan 53 ədəd yulğun kollarının və bir ədəd iydə ağacının Təqsirləndirilən şəxs tərəfindən kəsildiyi müəyyən edilmişdir. Kəsilmiş iydə ağacının 120 manat, yulğun kolunun bir ədədi isə 80 manat olmaqla, ümumilikdə ətraf mühitə 4360 manat maddi ziyan dəymişdir. Hazırda təqsirləndirilən şəxs vurduğu ziyandan 2800 manat ödəniş edib. Nümayəndə2 izahatının sonunda ziyanın tam şəkildə ödənilməsini xahiş edərək Təqsirləndirilən şəxs barəsində qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 Məhəmmədhadı oğlu ifadəsində göstərdi ki, 8 saylı X4 idarəsinin, aparıcı məsləhətçi- müfəttişi vəzifəsində işləyir. 2023-cü ilin mart ayının sonlarında Kürdəmir rayonu, Qarabcaq qəsəbəsi ərazisində, Bakı-Ələt-Qazax avtomobil yolunun 207-ci km-də, Qarabucaq bələdiyyəsinə məxsus torpaq sahəsində, yolun kənarında yulğun kollarının qanunsuz kəsilməsi barədə idarəyə daxil olmuş şifahi məlumat əsasında Qarabucaq qəsəbəsinə getmiş, bələdiyyənin sədri Dilarə Kərimovanı ora dəvət edib torpaq sahəsinə baxış keçirtmişdir. Baxış zamanı ümumilikdə 53 ədəd yulğun kollarının kötüyündən kəsilərək, ətrafa səpələndiyi, bəzilərinin isə kəsildiyi yerlərin ətrafında yandırıldığı aşkar edilmişdir. Bu barədə akt tərtib olunmuş və bələdiyyə sədri arayış verərək həmin ərazinin bələdiyyənin mülkiyyətinə aid olan örüş sahəsinə aid olduğunu bildirmişdir. Bundan sonra isə toplanmış materiallar Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilmişdir. Yulğun ağacların kim tərəfindən kəsildiyini görməmiş, bu barədə heç bir məlumatı yoxdur. Sonradan istintaq nəticəsində məlum olmuşdur ki, həmin kollar qəsəbə sakini Təqsirləndirilən şəxs tərəfindən kəsilmişdir. Məhkəmə istintaqında ifadəsi elan edilmiş cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun dostu və həmkəndlisidir. 2023-cü ilin mart ayında Kürdəmir rayonu Qarabucaq qəsəbəsi ərazisində bələdiyyə mülkiyyətinə məxsus örüş təyinatlı torpaq sahəsində yabanı halda bitən 53 ədəd yulğun kolunun və 1 ədəd iydə ağacının özünə məxsus heyvanları rahat otarmaq üçün kəsdiyini Təqsirləndirilən şəxs etiraf etmiş və bu barədə özü danışmışdır. Məhkəmə istintaqında ifadəsi elan edilmiş cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid2 da eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərilən halları təsdiq etmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: - xx.xx.2023-cü il tarixli 77649 saylı AKT-dan görünür ki, xx.xx.2023-cü il tarixdə Kürdəmir rayonu Qarabucaq qəsəbəsi ərazisində keçirilən monitorinq zamanı, Kürdəmir rayonu Qarabucaq qəsəbəsi ərazisində, Qarabucaq bələdiyyəsinin mülkiyyətində olan ümumi örüş təyinatlı torpaq sahəsində 53 ədəd yulğun kolu kök hissəsindən kəsildiyi və bir ədəd 11 sm diametri olan iydə ağacının kəsilərək məhv edildiyi müəyyən olunmuşdur. Dəymiş ziyan ümumilikdə 4360 manat göstərilmişdir. (bax iş vər 8-9,10) - xx.xx.2023-cü il tarixli X6 X2 Meşəbəyliyinin meşəbəyisi X3 verdiyi rəydən görünür ki, Kürdəmir rayonu Qarabucaq qəsəbəsi ərazisində bələdiyyə mülkiyyətinə məxsus örüş təyinatlı torpaq sahəsində kök boğazından kəsilmiş 53 ədəd topa yulğun kollarına və 1 ədəd diametri 11 sm olan iydə ağacına baxış keçirilmiş, həmin ərazidə kök boğazından kəsilmiş yulğun kollarının və iydə ağacının kəsilən zaman kök-üstə yaş halda olması müəyyən olunmuşdur. (bax iş vər 14) - Kürdəmir rayon Qarabucaq bələdiyyəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Bakı-Ələt-Qazax-Gürcüstan avtomobil yolunun 207-ci km-də, Kürdəmir rayonu Qarabucaq qəsəbəsi ərazisində 53 ədəd yulğun kollarının və bir ədəd iydə ağacının kəsildiyi torpaq sahəsi, Kürdəmir rayonu Qarabucaq bələdiyyəsinin mülkiyyətində olan ümumi istifadəli örüş təyinatlı torpaq sahəsindədir. (ba iş vər 135) - təqdim edilmiş ödəniş qəbzlərindən görünür ki, Təqsirləndirilən şəxs vurduğu ziyandan 2800 manat ödəniş etmişdir. - Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. (bax iş vər. 123) - Kürdəmir rayon İHB-nın Qarabucaq qəsəbəsi İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən Təqsirləndirilən şəxs verilmiş xasiyyətnamədən görünür ki, o, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (bax iş vər.126) - “Kürdəmir rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsindən daxil olan xx.xx.2023-cü il tarixli 18-1-49/2-62/2023 nömrəli məktubdan görünür ki, Mehdiyev X5 RMX-nin poliklinika şöbəsində həkim psixiatrın və həkim narkoloqun qeydiyyatında durmur. (bax iş vər 147) - xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonu 1 saylı X7 Filialından alınmış məktuba əsasən Təqsirləndirilən şəxs İİİ qrup əlil kimi Azərbaycan Respublikasının ərazi bütövlüyü, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar olaraq əmək pensiyası və Prezident təqaüdü alır.(bax iş vər 148) - Nizami tibb mərkəzinin Təqsirləndirilən şəxs barəsində verdiyi xx.xx.2024-cü il tarixli müayinə aktının nəticəsindən görünür ki, sağ aşağı ətraf səthi,böyük dərialtı venada qapaq yetməzliyi. Sağ baldırda perforant venada genişlənmə müşahidə olunmuşdur. Cinayət Məcəlləsinin 259-cu maddəsinə əsasən, meşələrdə və ya xüsusi mühafizə olunan təbiət ərazilərində ağacların, kolların və ya digər yaşıllıqların, eləcə də meşə fonduna daxil olmayan ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi (götürülməsi) cinayət məsuliyyəti yaradır. Meşə Məcəlləsinin 7-ci maddəsi ilə meşə fonduna daxil olmayan yaşıllıqların aşağıdakı növləri fərqləndirilmişdir: - xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərində olan yaşıllıqlar; - xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqlar; - kənd təsərrüfatı məhsullarının istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqlar (əkinlər); - ümumi istifadədə olan yaşıllıqlar (park, meşə-park, bağ, bağça, bulvar ərazisində olan və digər yaşıllıqlar); - məhdud istifadəli yaşıllıqlar (məhəllədaxili, təhsil, tibb, mədəni-məişət, sənaye müəssisələrinin və digər obyektlərin ərazisində olan yaşıllıqlar); - xüsusi təyinatlı yaşıllıqlar (sənaye müəssisələri və kompleksləri ilə yaşayış zonaları arasında, infrastruktur obyektlərinin (magistral dəmir və avtomobil yollarının, enerji kəmərlərinin və obyektlərinin, su kanallarının, digər bu kimi obyektlərin) hüdudlarında salınmış yaşıllıq zolaqları, tingliklər (şitilliklər), küçə yaşıllıqları, mühafizə, sanitariya-mühafizə və digər qoruyucu zonalarda, xatirə kompleksləri (xiyabanlar) və qəbiristanlıqlar ərazisində olan və digər yaşıllıqlar). Respublika ərazisindəki yaşıllıqların (meşə fondu torpaqlarında, xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərində olan yaşıllıqlar, habelə xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqlar və kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə olunan bitkilərdən ibarət olan yaşıllıqlar istisna olmaqla) götürülməsi mexanizmi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 30 avqust tarixli qərarı ilə təsdiq edilmiş “Yaşıllıqların götürülməsi Qaydası” ilə tənzimlənir. Həmin Qaydanın 2.1-ci bəndinə əsasən, yaşıllıqların götürülməsi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi nəzərə alınmaqla, istifadəsində olan torpaqlarda mərkəzi icra hakimiyyəti orqanlarının, digər torpaq sahələrində isə yerli icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarı əsasında həyata keçirilir. Qaydanın 2.2-ci bəndində yaşıllıqların götürülməsinin yol verildiyi hallar müəyyən edilmişdir. Həmin Qaydanın 2.4-cü bəndinə görə, fiziki və hüquqi şəxslər bu Qаydanın 2.2-ci bəndində nəzərdə tutulan hallarda yaşıllıqların götürülməsi məqsədi ilə istifadəsində olan torpaq sahələrinə münasibətdə müvafiq mərkəzi icra hakimiyyəti orqanına, digər torpaq sahələrinə münasibətdə isə yerli icra hakimiyyəti orqanına və ya bələdiyyəyə ərizə ilə müraciət etməlidirlər. Yaşıllıqların götürülməsinə dair ərizə müvafiq mərkəzi icra hakimiyyəti orqanında, yerli icra hakimiyyəti orqanında və ya bələdiyyədə qeydiyyata alınır, 2 (iki) təqvim günü ərzində həmin qurum tərəfindən təqdim olunmuş sənədlər yoxlanılır və imtinaya əsas olmadığı təqdirdə, yaşıllıqların götürülməsinə dair rəyin alınması üçün Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət olunur (“Yaşıllıqların götürülməsi Qaydası”nın 2.7-ci bəndi). Qaydanın 3.1 və 3.2-ci bəndlərinə görə isə bu Qaydanın 2.7-ci bəndinə uyğun olaraq yaşıllıqların götürülməsinə dair istifadəsində olan torpaq sahələrinə münasibətdə müvafiq mərkəzi icra hakimiyyəti orqanının, digər torpaq sahələrində isə yerli icra hakimiyyəti orqanının və ya bələdiyyənin müraciəti Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyində qeydiyyata alınır və 3 (üç) təqvim günü müddətində onun yerli qurumları tərəfindən təqdim olunmuş sənədlər əsasında yaşıllığa yerində baxış keçirilir və müvafiq rəy tərtib edilir. Yaşıllıqların götürülməsinə dair rəydə yaşıllıqların yerinin dəyişdirilməsinin (kökündən çıxarılmasının) və ya bərpa edilməsi şərtilə kəsilməsinin məqsədəuyğunluğu əsaslandırılmalı, götürülən yaşıllıqların növü, sayı, cinsi, yaşı, diametri, hündürlüyü, bioloji vəziyyəti və gül-çiçək və ot bitkilərinin sahəsi barədə məlumatlar əks olunmalı, həmçinin rəydə müvafiq şərtlər (aqrotexniki, mövsümi, vegetativ və s.) nəzərə alınmaqla işlərin icra müddəti müəyyənləşdirilməlidir. Hazırki işin materiallarından məlum olur ki, yulğun kollarının kəsilmiş ilə bağlı cinayət əməli meşə fonduna daxil olmayan, Kürdəmir rayonu Qarabucaq qəsəbəsi ərazisindən keçən, həmin qəsəbə bələdiyyəsi mülkiyyətində olan torpaq sahəsində baş vermişdir. Qanunvericilikdə yaşıllıqların mühafizə tədbirləri və mərkəzi icra hakimiyyəti, yerli icra hakimiyyəti orqanlarının, habelə bələdiyyələrin yaşıllıqların mühafizəsi ilə bağlı vəzifələri müəyyən edilmişdir. “Yaşıllıqların mühafizəsi haqqında” Qanunun 1.0.3-cü maddəsinə görə, yaşıllıqların mühafizəsi - ətraf mühitin mühafizəsi və ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədi ilə yaşıllıqların istifadəsinə, qorunmasına, bərpasına və genişlənməsinə yönəlmiş hüquqi, təşkilati və iqtisadi tədbirlərdir. Qanunun 8-ci maddəsinə müvafiq olaraq, bələdiyyə mülkiyyətində olan torpaqlardakı yaşıllıqların mühafizəsini bələdiyyələr həyata keçirir. Yaşıllıqların mühafizəsi sahəsində bələdiyyələrin vəzifələri olaraq mülkiyyətində olan torpaqlardakı yaşıllıqların uçotunu, monitorinqini aparmaq və s. müəyyən edilmişdir. Göründüyü kimi, qanunvericilikdə bələdiyyə mülkiyyətində olan torpaqlardakı yaşıllıqların mühafizəsini bələdiyyələrin həyata keçirdiyi müəyyən edilsə də, yaşıllıqların mühafizəsi sahəsində bələdiyyələrin vəzifələri sırasında konkret olaraq qanun pozuntularının qarşısını almaq vəzifəsi qeyd edilməmişdir. Lakin bu, bələdiyyələrə məxsus torpaqlardakı yaşıllıqlarla bağlı qanun pozuntularının qarşısının alınmasında bələdiyyələrin müvafiq vəzifələrinin olmaması anlamına gəlmir. Belə ki, həmin Qanunun 9-cu maddəsi ilə yaşıllıqların mühafizəsi tədbirlərinin dairəsi müəyyən edilməklə, bura yaşıllıqların uçotunun, kadastrının və monitorinqinin aparılması, onların mühafizəsinə dövlət və ictimai nəzarətin təşkili, habelə qanun pozuntularının qarşısının alınması, onların nəticələrinin aradan qaldırılması və s. aid edilmişdir. O da qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 15 may tarixli qərarı ilə təsdiq edilmiş “Yaşıllıqların uçotunun, kadastrının və monitorinqinin aparılması Qaydası”nın 3.1-ci bəndinə əsasən, yaşıllıqların monitorinqinin aparılmasının məqsədi yaşıllıqlara mənfi təsirlərin qarşısının alınması və nəticələrinin aradan qaldırılması üçün yaşıllıqların üzərində müntəzəm müşahidələr və tədqiqatlar aparmaq, antropogen təsirlər nəticəsində yaşıllıq üçün kritik vəziyyətin yaranması haqqında toplanmış məlumatlar əsasında xəbərdarlıq etməkdir. Bu baxımdan bələdiyyə torpaqlarındakı yaşıllıqların uçotunun və monitorinqinin aparılması həm də bələdiyyələr tərəfindən yaşıllıqların mühafizəsi tədbiri olaraq qanun pozuntularının vaxtında aşkar edilməsinə, qarşısının alınmasına və bununla da yaşıllıqların zədələnmədən və məhv olmadan qorunmasına yönəlmişdir. Bundan əlavə, CM-nin 259-cu maddənin “Qeyd” hissəsinin 1-ci bəndinə görə, bu maddənin müddəaları xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqların, habelə kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqların (əkinlərin) kəsilməsi (götürülməsi) hallarına şamil edilmir. Yuxarıda qeyd edildiyi kimi, yaşıllıqlar təqsirləndirilən şəxsin mülkiyyətdə olan həyətyanı və bağ sahələrində yox, bələdiyyənin mülkiyyətində olan torpaq sahəsindən götürülmüşdür. Bununla bağlı, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259-cu maddəsinin "Qeyd” hissəsinin 1-ci bəndinin və həmin Məcəllənin 314-cü maddəsinin “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 9-cu maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 29 noyabr 2022-ci il tarixli qərarının 1-ci bəndində qərara alınmışdır ki, kənd təsərrüfatı məqsədi ilə vətəndaşlara verilmiş pay torpaqlarında məhz kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqlar CMnin 259-cu maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinin təsiri altına düşür və həmin torpaqlarda yalnız kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqların (əkinlərin) kəsilməsi (götürülməsi) cinayət məsuliyyəti üçün əsas hesab edilə bilməz. 2. Fiziki və hüquqi şəxslərin xüsusi mülkiyyətində olan sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaq sahələrindəki, habelə yaşayış məntəqələrinin torpaqlarındakı yaşıllıqların (xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqlar və kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə olunan bitkilərdən ibarət olan yaşıllıqlar istisna olmaqla) götürülməsi müvafiq normativ hüquqi aktlara uyğun olaraq səlahiyyətli dövlət orqanlarının (bələdiyyələrin) qərarı ilə həyata keçirilə bilər. 4. “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 9-cu maddələrinin mənasına əsasən bələdiyyə mülkiyyətində olan torpaq sahələrindəki yaşıllıqlara münasibətdə bələdiyyələr yaşıllıqların mühafizəsi tədbiri olaraq qanun pozuntularının qarşısının alınması vəzifəsini daşıyırlar. Beləliklə, məhkəmə istintaqında Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli özünün etirafı, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahid ifadələri, habelə işin digər materialları ilə tamamilə sübuta yetirilmişdir. Ona görə də məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən onun cinayət əməli düzgün olaraq CM-nin 259.1-ci maddəsi ilə tövsif olunmuşdur. O, həmin maddə ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun ilk dəfə cinayət əməlini törətməsini, əməlini etiraf edib peşmançılıq çəkməsini, Qarabağ müharibəsi iştirakçısı olmaqla İİİ qrup əlil olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, vurduğu zuyandan qismən, 2800 manat ödəniş etməsini iş üzrə cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 04 nömrəli qərarının 1-ci bəndində göstərildir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzadan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi əməlin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, o cümlədən cəzanı yüngülləşdirən halları, təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə təsirini, maddi vəziyyətini və sağlamlıq durumunu nəzərə alaraq ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan islah işləri cəzasını təyin etməyi məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 49.1-ci maddəsinə əsasən islah işləri iki aydan iki ilədək müddətə təyin edilir və həmin cəza məhkumun iş yeri üzrə çəkilir. 49.2. İslah işlərinə məhkum olmuş şəxsin qazancından dövlət nəfinə beş faizdən iyirmi faizədək məbləğdə pul tutulur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 45.1-ci maddəsinə görə islah işləri növündə cəzanın icrası müddəti məhkumun işlədiyi və onun qazancından tutulmaların aparıldığı aylar və günlərlə hesablanır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur.(bax iş vər 71-72) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddasində göstərilir ki, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti islah işləri növündə cəzanın müddətinə bir günə dörd gün hesablanır. Məhkəmə, CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından maddi sübutlar məsələsinin necə həll edilməli olması məsələsinə baxaraq bu nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi Kürdəmir Rayon Polis Şöbəsində saxlanılan, 1 ədəd balta hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Məhkəmə, CPM-in 346.1.20-ci maddəsinin tələblərinə əsasən seçilmiş qətimkan tədbirinin ləğv edilməli və ya dəyişdirilməli olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. İş üzrə 4360 manat maddi ziyandan 2800 manat ödənilməsi, həmçinin iş üzrə mülki iddia, digər məhkəmə xərclərinin olmaması nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsi, hökmün maddi sübutun-1 ədəd baltanın məhv edilməsi hissəsində icra edilməsi Kürdəmir rayon icra və probasiya şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən məhkəmədə Təqsirləndirilən şəxs göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 90 (doxsan) manat məbləğində pul ödənilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356, və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 259.1-ci maddəsi ilə təqsirli bilinərək hər ay qazancının 10 (on) faizi dövlət nəfinə tutulmaqla, 01 ( bir) il 02 (iki) ay müddətə islah işləri cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 01 (bir) gün müddət ona təyin edilmiş islah işləri cəzasına cəzasından çıxılmaqla üzərində qəti olaraq hər ay qazancının 10 (on) faizi dövlət nəfinə tutulmaqla 01 (bir) il 01 (bir) ay 26 (iyirmi altı) gün müddətə islah işləri cəzası saxlanılsın. İslah işləri cəzasının əvvəli məhkumun işlədiyi və aylıq qazancından tutulmaların başladığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirlmədən saxlanılsın. İş üzrə maddi sübut olan 1 ədəd balta hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə 4360 manat maddi ziyandan 2800 manat ödənilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsi, hökmün maddi sübutun- bir ədəd baltanın məhv edilməsi hissəsində icra edilməsi Kürdəmir rayon icra və probasiya şöbəsinə həvalə edilsin. İş üzrə mülki iddia, ekspertiza və digər məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Hökm ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə Azərbaycan Respublikası CPM-nin 384.1-ci maddəsində nəzərdə tutulmuş müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apelyasiya məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. SƏDRLİK EDƏN: X.X.İMANOV
Məhkəmə qərarları › İş №1(041)-36/2024
Kürdəmir Rayon Məhkəməsi Hökm — İş №1(041)-36/2024
24.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver