Azərbaycan Respublikası adından HÖKM Kürdəmir rayon İş № 1(041)-40/2023 17.05.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi İmanov Xaliq Xalıq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Gülalıyev Orxan Vəzir oğlunun katibliyi Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1977-ci ildə Kürdəmir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, evli, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Cinayət işi üzrə ittiham aktına əsasən Təqsirləndirilən şəxs 17 noyabr 2022-ci il tarixdə, saat 14 radələrində sərxoş vəziyyətdə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək ictimai yer hesab edilən Kürdəmir şəhəri, Nizami küçəsində, yaşadığı evin yaxınlığında otlayan, əmisi Zərərçəkmiş şəxs məxsus 01 ədəd hind quşunu tamah niyyəti olmadan ərkyana tutaraq qonşusu Şahid7 yaşadığı fərdi yaşayış evinin həyət qapısından içəriyə atdığına görə Zərərçəkmiş şəxs həmin hind quşunu Şahid7 həyətindən geri gətirməsini ondan tələb etdikdə ona məhəl qoymayıb heç bir əsaslı səbəb olmadan ucadan ünvanına nalayiq söyüşlər söyüb cəmiyyətdə təşəkkül tapmış adət-ənənələrə, birgəyaşayış qaydalarına və etik normalara zidd olan nalayiq hərəkətlər edərək həmin yerə toplaşmış kənar şəxslərin narahatçılığına səbəb olan hərəkətlərə yol verməklə cəmiyyətə açıqca hörmətsizlik ifadə edib əmisi Zərərçəkmiş şəxs zor tətbiq edərək onu qəsdən itələyib yerə yıxaraq yumruqla bədəninin müxtəlif nahiyələrinə bir neçə dəfə vurmaqla ona sağ bazunun sıyrığı, sol baldırın qançırı və sağ budun sıyrığı ilə müşayiət olunan ağırlıq dərəcəsinə görə sağlamlığa zərərvurmayan, sağ bazu oynağının hematoması ilə müşayiət olunan ağırlıq dərəcəsinə görə sağlamlığın qısa müddət pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirərək yaxınlıqda olan şəxslərin onu intizama dəvət etmələrinə baxmayaraq öz nalayiq hərəkətlərini təxminən 30 dəqiqə müddətində davam etdirməklə xuliqanlıq etmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun əmisidir, qonşluluqda yaşamaqla həmişə hörmətini saxlamışdır. xx.xx.2022-ci il tarixdə saat 14 radələrində küçəyə çıxıb əmisi Gülməmmədin nəvəsi Məhəmmədi görüb onunla zarafat etmək məqsədilə otardığı hind quşunun birini tutub qonşusu Farizin həyətinə atmış və Məhəmmədə həmin hind quşunu kəsib yeyəcəyini demişdir. Məhəmməd onun zarafatını ciddi qəbul edərək ağlayaraq babası Gülməmmədi küçəyə çağırmış, əmisi heç bir söz soruşmadan ünvanına nalayiq sözlər deyərək üzünə tüpürmüş, bundan sonra biri-birinə yumruq ataraq dalaşmışlar. Həmin vaxt qonşuları Rauf onları aralaşdırmış və bundan sonra üst-başını qaydaya salmaq üçün evə getmişdir. Mübahisələri 20-30 dəqiqə davam etmiş, onların mübahisəsinə qonşular və küçədən keçən çoxlu sayda adamlar şahid olmuşlar. Təqsirləndirilən şəxs sonda törətdiyi əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını, himayəsində xəstə uşağının olmasını nəzərə alaraq, barəsində yüngül cəza təyin olunmasını xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs X2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs qardaşı Qardaşəlinin oğludur, qonşu evlərdə yaşayırlar. Əli həmişə onların üzərində olub, bütün ehtiyaclarını hal-hazıra kimi də əmi kimi özü qarşılamışdır. Onun bu səviyyəyə gəlməsinin əsas səbəkarları araq dostları Fariz və Rauf adlı qonşularıdır. Həyətində hind quşları saxlayır, arabir nəvəsi Məməmməd otarmaq üçün quşları küçəyə çıxarır. xx.xx.2022-ci il tarixdə günorta saatlarında Məhəmməd ağlayaraq onun yanına gəlib Qorxmazın hind quşlarından birini tutaraq qonşuları Farizin həyətinə atdığını demiş və bundan sonra küçəyə çıxıb ona iradlarını bildirərək hind quşunu qaytarmasını tələb etmişdir. Əvvəlcə aralarında sözlə mübahisə yaranmış, sonradan Qorxmaz yumruqla sifət və baş nahiyəsinə zərbələr vuraraq onu döymüşdür. Aralarında baş vermiş hadisəni yoldan və avtomobillə keçən tanımadığı şəxslər görüb müşahidə etmişlər. Qonşusu Rauf yaxınlaşaraq onları aralaşdırmış, mübahisələri təxminən 20 dəqiqə davam etmişdir. Sonradan Qorxmazın mübahisə etdikləri vaxt sərxoş vəziyyətdə olmasını eşidib, onu bağışlamış və barışmışlar. Hazırda ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqında şahid qismində dindirilən Qanuni nümayəndə ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun əmisi oğlu, Güləhməd atası, Məhəmməd isə oğludur. xx.xx.2022-ci il tarixdə işlə bağlı Göyçay rayonunda olan vaxtı anası Yeganə ona zəng edərək atası Gülməmmədin Qorxmazla dava etdiyini və atasının başından xəsarət aldığını demiş, bundan sonra DİN-nin 102 xidmətinə zəng vuraraq atasının döyülməsi barədə məlumat vermişdir. Həmin gün axşam evə gəlib atasının başından xəsarət aldığını görmüşdür. Hazırda Qorxmazla barışmışlar, ona qarşı heç bir şikayət və tələbləri yoxdur Məhkəmə istintaqında yetkinlik yaşına çatmayan Şahid5 qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə verdiyi izahatında göstərdi ki, xx.xx.2022-ci il tarixdə saat 14 radələrində yaşadığı küçədə hind quşlarını otararkən qohumları Qorxmaz sərxoş vəziyyədə onun yanına gələrək zarafat etməyə başlamış və hind quşlarının birini tutaraq qonşuları Farizin həyətinə atmış və bişirib yeyəcəyini demişdir. Qorxmazın sözunə inanıb ağlayaraq evə gedərkən Qorxmaz onu saxlamağa çalışaraq zarafat etdiyini deməsinə baxmayaraq evə gedib baş verənlər barədə babası Gülməmmədə məlumat vermiş, bundan sonra babası Gülməmməd əsəbi halda küçəyə çıxıb Qorxmaza öz iradlarını bildirərkən aralarında mübahisə düşdüyünü görmüşdür. Mübahisə vaxtı qohumu Qorxmaz babası Gülməmmədi vuraraq yerə yıxmış və ona bir necə zərbə vurmuşdur. Sonradan qonşuları Rauf oraya gələrək onları aralaşdırmış, babasını evlərinə aparmışdır. Mübahisə vaxtı ətrafa çoxlu sayda kənar şəxslər toplaşmışdır. Məhkəmə istintaqında Şahid7 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs və onun qardaşı oğlu Qorxmazla qonşuluqda yaşayır, hər ikisi ilə münasibətləri hər zaman normal olmuşdur. xx.xx.2022ci il tarixdə saat 14 radələrində yaşadığı evin küçə qapısının qarşısında dayanan zaman qonşusu Təqsirləndirilən şəxs oraya gələrək əmisi nəvəsi Məhəmmədlə bir az zarafatlaşib hind quşunu tutaraq onun həyətinə atmış, bundan sonra Məhəmməd babası Gülməmmədin yanına qaçaraq ona məlumat vermiş, Gülməmməd əlində çubuqla onun yaşadığı evə gəlmiş, Qorxmazın zarafatla hind quşunu onun həyətinə atdığını və quşu qaytarıb küçəyə buraxdığını bildirmişdir. Lakin buna baxmayaraq, Gülməmmədi sakitləşdirə bilməmiş və nalayiq söyüşlərlə Qorxmazın üzərinə getmiş və onların arasında mübahisə başlamış, mübahisənin davam edəcəyini görüb oradan uzaqlaşaraq marketə getmişdir. Məhkəmə istintaqında Şahid3 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs və onun qardaşı oğlu Qorxmazla qonşu evlərdə yaşayırlar. 17.11,2022-ci il tarixdə saat 14 radələrində Kürdəmir şəhəri Nizami küçəsindən keçərkən səs-küy gəldiyini və ətrafa çoxlu sayda adamların toplaşdığını, Qorxmaz və Gülməmmədin dava etdiyini və Gülməmmədin başında qan olduğunu görmüşdür. Onları aralayıb Gülməmmədi yaşadığı evə, sonra geri qayıdıb Qorxmazı öz evinə aparmışdır. Hadisəni müşahidə edənlərdən öyrənmişdir ki, Qorxmaz əmisi nəvəsi Məhəmmədlə zarafat etmək məqsədilə Məhəmmədin otardığı hind quşlarından birini Farizin həyətinə atmış və buna görə aralarında mübahisə yaranmışdır. İş materiallarına əlavə olunmuş, məhkəmə-tibb ekspertizasının xx.xx.2022-ci il tarixli 623 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşağıdakı xəsarətləri vardır: sağ bazu oynağının hematoması, sağ bazunun sıyrığı, sol baldırın qançırı, sağ budun sıyrığı. Qeyd olunan xəsarətlər küt əşya (əşyalar) təsirindən törənmişdir, törənmə müddəti qərarda göstərilən şəraitə və vaxta-yəni 17.11.22-ci il tarixinə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə sağ bazu oynağının hematoması sağlamlığın qısa müddət pozulmasına səbəb olan sağlamlğa YÜNGÜL zərərvurmaya aiddir. Sağ bazunun, sağ bud nahiyəsinin sıyrıqları, sol baldırın qançırı hər biri ayrıayrılıqda sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Kürdəmir rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsindən daxil olan xx.xx.2023-ci il tarixli 12 nömrəli məktubdan görünür ki, Dadaşov X1 RMX-nin poliklinika şöbəsində həkim narkoloqun və həkim pisixiatırın qeydiyyatında yoxdur. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış tələbnaməsindən görünür ki, Dadaşov X1 rayon məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirləndirilərək, qazancının 15% dövlət nəfinə keçrilməklə 02 il islah işləri cəzasına məhkum edilmişdir. Cinayət işinə əlavə edilmiş, Kürdəmir MİS-nin xx.xx.2023-cü il tarixli arayışdan və xasiyyətnamədən məlum olur ki, Təqsirləndirilən şəxs 6 nəfər ailə üzvü ilə (özü, arvadı, 3 qızı və oğlu) Kürdəmir şəhəri, İ.Məmmədov küçəsi ev 3 ünvanında yaşayır, onun haqqında heç bir ərizə və şikayət daxil olmamışdır. Beləliklə, məhkəmə istintaqı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs 17 noyabr 2022-ci il tarixdə, saat 14 radələrində sərxoş vəziyyətdə ictimai yer hesab edilən Kürdəmir şəhəri, Nizami küçəsində, yaşadığı evin yaxınlığında toplaşan şəxslərə əhəmiyyət vermədən, onlara açıqca hörmətsizlik ifadə edən hərəkətləri ilə əmisi Zərərçəkmiş şəxs ünvanına ucadan nalayiq söyüşlər söyərək mübahisə etmiş və zor tətbiq edərək onu qəsdən itələyib yerə yıxaraq yumruqla bədəninin müxtəlif nahiyələrinə bir neçə dəfə vurmaqla ağırlıq dərəcəsinə görə sağlamlığın qısa müddət pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirmişdir. Məhkəmə törədilmiş əməlin və buna uyğun olaraq ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə elan edilmiş ittihamın düzgünlüyünü müəyyən etmək məqsədilə aparılmış məhkəmə istintaqının yekunu olaraq aşağıdakı nəticəyə gəlir. Əvvələn, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 2011-ci il 17 mart tarixli Qərarı). Məhkəmə ilk növbədə, Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin ictimai təhlükəliliyinin və onun tərkib əlamətlərinin nəzərdən keçirilməsini zəruri hesab edir. Xuliqanlıq cinayət əməli məzmunundan və təqsirkarın niyyətindən, habelə onun hərəkətlərinin törədilmə şəraitindən, motiv və məqsədindən asılı olaraq başqa cinayətlərdən fərqləndirilməlidir. Xuliqanlıq – öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. Azərbaycan Respublikası CM-nin 221-ci maddəsi xuliqanlıq cinayət əməlini – ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər kimi müəyyənləşdirir. Maddənin dispozisiyasına görə aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: 1) ictimai qaydanın kobud surətdə pozulması; 2) cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi; 3) vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. Bu normanı tətbiq edərkən təqsirkarın hərəkətlərini xarakterizə edən yuxarıda sadalanan əlamətlərin mövcudluğu mütləqdir. Belə ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər – təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər – təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Bu cinayətin obyektiv cəhəti ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik nümayiş etdirən, şəxslər üzərində zor tətbiqi və ya zor tətbiqi hədəsi və ya özgə əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərdə ifadə olunur. Nəzərə alınmalıdır ki, subyektiv cəhətin müstəqil əlamətləri kimi motiv və məqsəd yalnız qəsdən törədilən cinayətlər zamanı, yəni qanunla qorunan ictimai dəyər, maraq və ya sərvətlərə zərər vurmaq meyli və niyyətinin olduğu hallarda mövcud olur (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 142-ci maddəsinin həmin Məcəllənin 56-cı maddəsinin tətbiqi baxımından şərh olunmasına dair” 2021-ci il 7 aprel tarixli Qərarı). Konstitusiya Məhkəməsi Plenumunun 2011-ci il 20 may tarixli Qərarında da göstərildiyi kimi, xuliqanlıq cinayətinin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Hazırki cinayət işində hadisənin qohumlar arasında, zərərçəkmişin təşəbbüsü nəticəsində baş verdiyi, münaqişə zəminində zərərçəkmiş şəxsə sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlərin yetirilməsi təqsirləndirilən şəxsin əməlinin Cinayət Məcəlləsinin 128-ci maddəsinə tövsif edilməsi aşağıdakı əsaslara görə mümkün sayılmır. Belə ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsində nəzərdə tutulmuş cinayətin subyektiv cəhətinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 oktyabr 2022-ci il tarixli qərardadında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 221.1-ci maddəsində göstərilən əməl subyektiv cəhətdən ictimai qaydanın məhz xuliqanlıq motivi ilə kobud surətdə pozulması niyyətində ifadə olunur. Belə ki, təqsirkarın, şəxslər üzərində zor tətbiq etməklə və ya əmlakı məhv etmək yaxud zədələməklə ictimai qaydanı pozduğunu və cəmiyyətə açıq hörmətsizlik etdiyini dərk etməsi və bunu arzulaması, yalnız o halda cəmiyyət və ictimai qayda əleyhinə yönələn hərəkət kimi qiymətləndirilə bilər ki, bu əməl xuliqanlıq motivindən irəli gəlsin və şəxsi münasibətlər zəminində törədilməmiş olsun. Təhqir, xəsarət yetirmə, sağlamlığa zərər vurma və şəxsi-qərəzçilik münasibətlərinə əsaslanan, məişətdə və ya istehsalatda ailə üzvlərinə, qohumlara, tanışlara və ya həmkarlara qarşı törədilən digər əməllər yalnız o zaman xuliqanlıq cinayət tərkibini yarada bilər ki, onlarda ictimai qaydanı kobud surətdə pozmağa dair qəsd əlamətləri olsun. Təqsirkar şəxsin digər cinayət-hüquqi mühafizə obyektlərinə (şəxsiyyət, mülkiyyət və s.) qarşı hərəkəti o halda xuliqanlıq kimi tövsif oluna bilər ki, bu hərəkətlər həmin şəxs tərəfindən birbaşa ictimai münasibətlərin kobud pozuntusu ilə müşayiət olunsun. Burada xüsusilə nəzərə alınmalıdır ki, oxşar hüquqi mövqe Konstitusiya Məhkəməsi Plenumunun B.Yusifovanın şikayəti üzrə 2006-cı il 17 fevral tarixli Qərarında da əks olunmuşdur. Belə ki, həmin Qərarda vurğulanmışdır ki, təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 2004-cü il 23 mart tarixli 1 saylı qərarının 3-cü bəndinə qeyd etmişdir ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə açıqca hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlamış mübahisə və ya dava-dalaş gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, əməl Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 2011-ci il 17 mart tarixli Qərar). Cinayət Məcəlləsinin 3-cü maddəsinə uyğun olaraq, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Bu baxımdan, “xuliqanlıq meyli və niyyəti” Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin zəruri əlamətini təşkil etdiyindən, belə məqsədin mövcudluğu sübutetmə predmetini təşkil edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir.Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 25.3-cü maddəsinə müvafiq olaraq, hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. Beləliklə, məhkəmə təqdim edilmiş sübutlar əsasında təqsirləndirilən şəxsin heç bir əsas olmadan, zərərçəkmiş şəxslə aralarında olan mübahisə zamanı orada olan kənar şəxslərə əhəmiyyət verməməsi, ictimai qaydanı pozan və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətləri onun ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğunu təsdiq edir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2004-cü il 23 mart tarixli qərarının 4-cü bəndində Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında cinayətin obyektiv tərəfinin məcburi elementi kimi nəzərdə tutulan aktiv hərəkətlərin düzgün təfsirinin əhəmiyyəti nəzərə alınmaqla izah edilmişdir ki, xuliqanlıq cinayəti gedişində vətəndaşlara zor tətbiq edilməsi dedikdə zərərçəkmiş şəxsi döymədə və ya onun sağlamlığına qəsdən yüngül zərər vurmada ifadə olunan hərəkətlərin edilməsi başa düşülməlidir. Bu zaman təqsirləndirilən şəxsin hərəkətləri Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə tam əhatə olunduğundan əməlin əlavə olaraq 128 və ya132-ci maddəsilə tövsif edilməsinə ehtiyac qalmır. Beləliklə, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli onun özünün etirafı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 623 nömrəli nömrəli rəyi ilə, habelə iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə tövsif olunmuşdur. Odur ki, ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun əməlindən peşman olmaqla, zərərçəkmiş şəxslə barışıb ona dəymiş maddi ziyanı tamamilə ödəməsini iş üzrə cəzanı yüngülləşdirən hallar kimi kimi nəzərə alır. Məsuliyyəti ağırlıaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmadığını, hadisə zamanı və törətdiyi cinayət hadisəsindən sonrakı davranışını, təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, onun ailəsindən, cəmiyyətdən təcrid olunmadan islah olunmasını mümkün sayır və onun barəsində, ittiham olunduğu maddənin sanksiyasında digər cəzalar da nəzərdə tutulmasına baxmayaraq, sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin etməyi məqsədə uyğun hesab edir. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə görə azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdəın tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (təmamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə araşdırmaları zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs ailəsi ilə birlikdə Kürdəmir şəhəri, İ.Məmmədov küçəsi ev 3 ünvanında yaşayır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının CM-nin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə yaşayış yeri olan Kürdəmir şəhəri, İ.Məmmədov küçəsi ev 3-də yerləşən evini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Kürdəmir şəhər ərazi hüdüdlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, habelə törətdiyi cinayətin xarakterini nəzərə alaraq kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmalı, cəzasının əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsi Kürdəmir rayon icra və probasiya şöbəsinə həvalə edilməli, iş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərclərinin olmaması nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiə edilməsi üçün Müdafiəçi2 15 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat hər iş saatı üçün Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitsilə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğin miqdarı haqqında» 03 may 2018-ci il tarixli, 202 nömrəli qərarına əsasən müdafiəçi X.Q.Babayevə dövlət hesabına hər iş saatına 6 manat hesab edilməklə sərf etdiyi 15 saat üçün cəmi 90 manat məbləğində əmək haqqı ödənilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 9 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yeri olan Kürdəmir şəhəri, İ.Məmmədov küçəsi ev 3-də yerləşən evini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Kürdəmir rayonu ərazi hüdüdlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, habelə törətdiyi cinayətin xarakterini nəzərə alaraq kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsi Kürdəmir rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Məhkəmədə Təqsirləndirilən şəxs göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 90 (doxsan) manat məbləğində pul ödənilsin. Hökmdən 20 gün müddətində Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. SƏDRLİK EDƏN X.X.İMANOV
Məhkəmə qərarları › İş №1(041)-40/2023
Kürdəmir Rayon Məhkəməsi Hökm — İş №1(041)-40/2023
17.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver