Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 1(041)-43/2025 16.04.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Kürdəmir Rayon Məhkəməsinin hakimi Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi, hakim köməkçisi Şahbazova Göyçək Kamil qızının katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi, Şirvan Resgional Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxs X3 iştirakları ilə, xx.xx.1999-cu ildə Kürdəmir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, evli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, X3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Aparılmış istintaq zamanı müəyyən edilmişdir ki, X7 xx.xx.2024-cü il tarixdə saat 22 radələrində Kürdəmir rayonu Xırdapay kəndində yerləşən xx.xx.1987-ci il təvəllüdlü qayınanası Zərərçəkmiş şəxs yaşadığı evdə Zərərçəkmiş şəxs onun və anasının ünvanına nalayiq söyüşlər söyməsi səbəbindən aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı stolun üzərində olan “Sirab” markalı sonuncunun suyun şüşə qabını götürüb boyun nahiyyəsinə bir dəfə və bədəninin müxtəlif nahiyyələrinə bir neçə dəfə qəsdən zərbələr vuraraq, ona sol budun ön səthində, sol dizin ön səthində, sol baldırın ön yan səthində qançır-sıyrıq ilə müşayiət olunan, dərəcəsinə görə sağlamlığa zərərvurmayan xəsarətlər və boynun sol yan hissəsində hematoma ilə müşayiət olunan sağlamlığın qısa müddət pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarəti yetirmişdir. Həmin hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. xx.xx.2025-ci il tarixli məhkəmə baxışı zamanı dindirilmiş təqsirləndirilən şəxs X7 özünü ona CM-in 128-ci maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Şahid1 qayınatası, Zərərçəkmiş şəxs qayınanasıdır. Onların qızı Şahid2 ilə xx.xx.2023-cü il tarixdə evlənmiş, birgə nigahdan 01 övladları olmuşdur. Münasibətləri əvvəllər normal olsa da Eltacın anası Baharın ailə işlərinə həddindən çox qarışırıb, müdaxilə etdiyi üçün Eltac və ailəsi ilə münasibətləri pisləşmişdir. xx.xx.2024-cü il tarixdə övladı olmuş, Eltacın valideynləri ondan xəbərsiz onu xəstəxanadan çıxarıb Kürdəmir rayonuna yaşadıqları evə gətirmişlər, bundan sonra Eltac valideynlərinin yanında yaşamağa başlamışdır. Şahid1 qohumu Şahid4 təklifi ilə Eltac və ailəsi ilə barışmaq üçün onların yaşadığı evə gəlmiş, anası Aynurə və dayısı Qardaşxan da yanlarında olmuşdur. Birlikdə olduqları vaxt söhbət əsnasında anası Aynurə Eltacı onlardan xəbərsiz niyə görə xəstəxanadan çıxarıb gətirmələrini soruşmuş, Vaqif isə Aynurəyə “öz günahlarından danış dedikdə” Bahar da söhbətə qoşulmuş, Bahar anası Aynurəyə “yaxşı qadın olsan ərin səni qoyub getməzdi” deyərək təhqir etdiyi üçün Baharı söyüb təhqir etmiş, bu zaman Bahar stolun üstündə olan meyvəni götürüb ona tərəf atmış, anası Aynurə də bananı götürüb qaynanası Bahara atmış, sonra anası və qaynanası bir-birinin üstünə cumaraq saç-saça dalaşmışlar. Qayınatası Yaşar və qayınanası Bahar onu dartıb yerə yıxmışlar. Daha sonra aralaşıb həyətdən çıxıb getmişlər. Məhkəmə iclasında verilmiş suallara cavabında Təqsirləndirilən şəxs həmçinin ifadəsində göstərmişdir ki, o, heç kimi vurmamış, əksinə baş vermiş həmin hadisə zamanı Yaşar və Bahar onu yerə yıxaraq bədəninin üzərində olan xəsarətləri ona yetirmişlər. Sonda o, barışıq niyyətinin olduğunu bildirmişdir. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında Təqsirləndirilən şəxs birdirmişdir ki, şikayətçi tərəf olan qaynanası Zərərçəkmiş şəxs ilə barışıq əldə etmiş və həyat yoldaşı Şahid2 ilə ailə münasibətlərini bərpa etmişdir. Aralarındakı münasibət tam normaldır. Həmçinin, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbi yoxdur. Qeyd edilən halların nəzərə alınaraq cinayət məsuliyyətindən azad edilməsini və barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş edir. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Şahid2 doğma qızıdır, hazırda onunla birlikdə yaşayır. X10 Novruzov ilə təxminən bir ilə yaxındır ki, evlənmişlər, həmin nigahdan bir övladları vardır. Xəstəxanada qızı Eltac əməliyyat olunan zaman qızının qaynanası Aynurə onlarla nalayiq ifadələrlə danışmış və nəticədə aralarında mübahisə yaranmışdır. Qızı Eltacı xəstəxanadan çıxarıb Kürdəmir rayonuna gətirmiş, Eltac onlarla birlikdə yaşamağa başlamışdır. Eltac onlarla birlikdə 05 ay birlikdə yaşadıqdan sonra əri Vaqifin qohumu Yaşar Aynurəyə zəng vurararaq ona “gəlin nəvənizə sahib çıxın” demiş, bundan sonra Aynurə, Fərid və qohumları onlara gəlmişlər, qonaqlar üçün süfrə hazırlamış, ancaq onlar gəlib oturan kimi onunla mübahisə etməyə başlamışlar. Söhbət zamanı Fəridin anası Aynurə Eltacı və uşağı hospitaldan çıxarıb niyə görə Kürdəmir rayonuna gətirdiklərini soruşmuşdur. Həmin vaxt Fərid mübahisə edərək onu və əri Vaqifi söyüb təhqir edib, stolun üzərində olan əşyaları yerə töküb dağıtmış, həmin vaxt Aynurə üstünə cumaraq onunla əlbəyaxa olaraq saçından yapışaraq dartmağa başlamışdır. Aynurənin əlindən çıxmaq istəyəndə Fərid stolun üzərində olan şüşə “Sirab” qabını götürüb boynundan vurmuş, sonra isə həmin qabı ona tərəf tullamış, həmin vaxt şüşə qab onun sol ayağına dəymiş, Fərid onları söyüb təhqir etdiyindən və döydüyü üçün Vaqif də 102 xidmətini yığaraq hadisə barədə məlumat vermişdir. Verilmiş suallara cavabında Zərərçəkmiş şəxs Vaqif qızı göstərmişdir ki, hadisə yaşadığı evdə baş vermiş, təxminən 5-10 dəqiqə müddətində davam etmişdir. Həmin vaxt qohumları Yaşar, Yaşarın arvadı Məleykə, qayınanası Gülsabah və qızı Eltac yanlarında olmuşdur. Sonda o, Təqsirləndirilən şəxs ona vurmuş olduğu ziyanı tam şəkildə ödədiyini, ondan heç bir şikayət və tələbinin olmadığını, barışdıqlarını bildirmiş, cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs arvadı, Təqsirləndirilən şəxs isə qızı Eltacın yoldaşıdır. Qızı Eltacın əməliyyatı zamanı xəstəxanada olarkən aralarında mübahisə yaranmışdır. Xəstəxanadan Eltacı çıxarıb Kürdəmir rayonuna yaşadığı evə gətirmişlər, Eltac həmin vaxtdan onlarla birlikdə yaşamışdır. 4-5 ay birlikdə yaşadıqdan sonra Yaşar Fəridə zəng edib ona gəlib Eltacı və övladını aparmasını demiş, Fərid, anası Aynurə və qohumları Qardaşxan ilə birlikdə onun yaşadığı evə gəlmişlər. Arvadı Bahar qonaqları qarşılayıb onlara çay vermiş, bu zaman sözlə mübahisə yaranmış, Fəridin anası Aynurə yoldaşı Baharın saçından tutmuş, Fərid də yerindən qalxmış Baharı söyüb təhqir edərək stolun üstündən “Sirab” suyunun şüşə qabını götürüb Baharın üstünə gələrək həmin qab ilə Baharın boyun nahiyyəsinə, ayağına bir neçə dəfə vurmuşdur. Hadisədən sonra Yaşar Fəridi tutub evdən həyətə çıxarmış, Fərid həyətdə onları yenidən söyüb təhqir edərək maşına minib getmişlər. Verilmiş suallara cavabında Şahid1 göstərmişdir ki, Fəridin dedikləri yalandır. Əksinə olaraq Aynurə ilə Fərid onları söyüb təhqir edərək Baharı döymüşlər. Hadisə Fəridin anası Aynurənin onu təhqir etməsi ilə başlamışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs doğma anasıdır. Təqsirləndirilən şəxs əridir, birgə nigahdan 01 övladları vardır. Hamilə olduğu üçün 04 ay əvvəl Bakı şəhərində “German Hospitalda” uşaq doğulmuşdur. Uşaq doğulduqdan sonra atasının evində 04 ay qaldıqdan sonra qohumu Yaşar Fəridə zəng edərək ondan gəlib onları aparmasını istəmiş, sonra qayınanası Aynurə Yaşara zəng edib həmin gün onlara gələcəyini bildirmişlər. Bu zaman o, içəri otaqda uşaqla bir yerdə olmuşdur. İçəridə gələn səs-küyə görə o çölə çıxmışdır. Sonra onlar “102” xidmətinə zəng etmişlər. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Şahid1 qohumudur. Zərərçəkmiş şəxs Vaqifin arvadı, Eltac Vaqifin qızıdır. Eltac ilə Təqsirləndirilən şəxs evlənmiş, həmin nikahdan bir övladları olmuşdur. Eltac hamilə olduğu üçün 04 ay əvvəl Bakı şəhərində xəstəxanada olmuş, uşaq olduqdan sonra Vaqif Eltacı xəstəxanadan çıxarıb öz evinə gətirmiş, həmin vaxtdan sonra Eltac atasının evində qalmışdır. O, Fəridə zəng edib gəlib Eltacı və azyaşlı övladını aparmasını məsləhət etmiş, Fərid gəlib aparacağını bildirmişdir. Axşam radələrində Fərid anası Aynurə və dayısı Qardaşxan ilə birlikdə Vaqifin evinə gəlmişlər. Həmin vaxt o da Vaqifin evində olmuşdur. Vaqifgildə olduqları vaxt söhbət əsnasında Fərid yerindən qalxaraq Baharı söyüb təhqir edərək stolun üstündən “Sirab” suyunun şüşəsini götürüb Baharın üstünə gəlmişdir. Sonra Vaqif araya girmiş, həmin vaxt Fərid və anası Aynurə Baharı saçından tutaraq döymüşlər, Fəridi evdən həyətə çıxarmış, Fərid həyətdə onları yenidən söyüb təhqir edərək maşına minib getmişlər. Şahid4 həmçinin göstərmişdir ki, mübahisəni ilk Fərid başlatmış, hadisə zamanı Bahar bir qədər uzağda oturmuşdur. Fərid və anası Aynurə Baharın üstünə gəlmişlər və Bahara xəsarət yetirmişlər. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid3 Şahid4 dedikləri ilə eyni məzmunda ifadə verib onun göstərdikləri xüsusatları təsdiq etmişlər. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən X4 elan edilmiş CM-in 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Kürdəmir rayonu Xırdapay kəndində yaşayan Zərərçəkmiş şəxs kürəkəni Təqsirləndirilən şəxs və onun anası X5 tərəfindən döyüldüyü barədə müraciəti əsasında Kürdəmir RPŞ-nin təhqiqat bölməsində toplanmış HK-1/2242 və HK-1/2248 nömrəli materiallar üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və instintaq aparılmasından ötrü aiddiyəti üzrə Kürdəmir RPŞ-nin istintaq bölməsinə göndərilmişdir (i.v-1-2); xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Kürdəmir rayonu Xırdapay kəndində yaşayan Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə Kürdəmir RPŞ-nə ərizə ilə müraciət edərək, xx.xx.2024-cü il tarixdə, saat 22 radələrində kürəkəni Təqsirləndirilən şəxs Kamal oğlunun və anası X1 onun yaşadığı evə gələrək onu söyüb təhqir etdiklərini və döyərək xəsarət yetirmələrini göstərməklə onların cinayət məsuliyyətinə cəlb olunmalarını xahiş etmişdir (i.v -4); Məhkəmə-tibbi ekspertinin xx.xx.2024-cü il tarixli 539 saylı rəyindən görünür ki, 1987-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsinə əsasən bədən səthində aşağıdakı xəsarətlər vardır: boynun sol yan hissəsində hematoma, döş qəfəsinin ön səthində sıyrıq, sol budun ön səthində, sol dizin ön səthində, sol baldırın ön-yan səthində qançır-sıyrıq xəsarətləri. Göstərilən xəsarətlər küt əşya təsirindən törənmişdirlər, qərarda göstərlən xx.xx.2024-cü il tarixdə əmələ gəlməyə uyğundurlar. Qeyd olunan xəsarətlərdən–boyunun sol yan səthində hematoma dərəcəsinə görə sağlamlığın qısa müddət pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Döş qəfəsinin ön səthində sıyrıq, sol budun yan səthində, sol dizin ön səthində sol baldırın ön yan səthində qançır-sıyrıq, sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir (i.v.20-21); Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədə göstərilmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır ( i.v-48); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya xəstəxanası” publik hüquqi şəxsindən daxil olan xx.xx.2025-ci il tarixli 3-28-29/2-417/2025 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Respublika Psixiatriya xəstəxanasında həkim psixiatrın qeydiyyatında durmur ( i.v-75); xx.xx.2024-cü il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında protokol” və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə yeri Kürdəmir rayonu Xırdapay kəndində yerləşən Şahid1 məxsus yaşayış evində baş vermişdir (i.v-34-37); xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs cinayət işi üzrə zərəçəkmiş şəxs qismində tanınmışdır( i.v-60); xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, ona həmin maddə ilə ittiham elan edilmişdir (i.v.91-92); xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir (i.v.-111-113); xx.xx.2025-ci il tarixli Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, X7 ilə barışmış, ondan heç bir şikayət və tələbi yoxdur. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, təqsirləndirilən şəxs X7 tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X3 əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Lakin qeyd edilməlidir ki, təqsirləndirilən şəxs X3 CM-in 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduğundan o, qeyd olunan maddə ilə nəzərdə tutulan cinayət məsuliyyətindən azad edilməklə barəsində olan cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməlidir. Belə ki, CM-in 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. CM-in 72-ci maddəsinin Qeyd hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). CPM-in 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda çıxarılır. Beləliklə, məhkəmədə işə baxılarkən müəyyən olmuşdur ki, təqsirləndirilən şəxs X7 iş üzrə Zərərçəkmiş şəxs ilə barışmışdır. Göstərilənləri və qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə, hesab edir ki, CM-in 73.2-ci maddəsinə əsasən X7 cinayət məsuliyyətindən azad edilməli, CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə CPM-in 43-cü maddəsinə əsasən xitam verilməlidir. CPM-in 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, X7 barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə maddi sübut, mülki iddia və ekspertiza xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və CPM-in 37, 39, 40, 43, 162, 175, 321, 344-347, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X7 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət təqibinə xitam verilsin. X7 barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə mülki iddia, maddi ziyan, maddi sübut və məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Qərar elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Rahid Mehdiyev
Məhkəmə qərarları › İş №1(041)-43/2025
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №1(041)-43/2025
16.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver