Məhkəmə qərarları › İş №1(041)-44/2023

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №1(041)-44/2023

17.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 1(041)-44/2023 17.05.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi İmanov Xaliq Xalıq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Gülalıyev Orxan Vəzir oğlunun katibliyi Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Zərərçəkmiş şəxs, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1975-ci il tarixdə Kürdəmir rayonunda anadan olmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşqul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına məhkəmənin inzibati binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə məhkəməyədək sadələşdirilmiş icraatın aparılması nəticələrinə dair yekun protokoluna əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxs Təqsirləndirilən şəxs 26 aprel 2023-cü il tarixdə, saat 15 radələrində yaşadığı ünvan 2 ünvanındakı evdə, arvadı Zərərçəkmiş şəxs ona pul verməməsi səbəbindən ailə məişət zəminində aralarında yaranmış mübahisə zamanı təpiklə Zərərçəkmiş şəxs sol ayağına qəsdən bir neçə dəfə vuraraq ona sol baldırda qançırla müşayiət olunan sağlamlığa zərərvurmayan xəsarət və sol budda hematoma ilə müşayiət olunan sağlamlığın qısa müddət pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərərvurmaya aid edilən xəsarətlər yetirmişdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun arvadıdır, birgə nikahlarından 4 uşaqları var. 24 aprel 2023-cü il tarixdə saat 15 radələrində yaşadıqları evdə mağazaya olan borcunu vermək üçün arvadı Nuranədən pul istəmiş, lakin Nuranə ona pul verməyərək cavab qaytardığına görə aralarında mübahisə baş vermiş, əsəblərini cilovlaya bilmədiyi üçün təpiklə bir neçə dəfə Nuranənin sol ayağına və sol bud nahiyyəsinə vurmuşdur. Sonradan etdiyi hərəkətlərə görə peşman olmuş, arvadı Zərərçəkmiş şəxs ilə barışmış, Nuranə onu bağışlamışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs onun əridir, dörd uşaqları var. Farizlə münasibətləri əvvəllər yaxşı olsa da, son vaxtlar demək olarki hər gün spirtli içki qəbul edərək evdə söz-söhbət yaratdığına görə münasibətləri soyumuşdur. 24 aprel 2023-cü il tarixdə saat 15 radələrində yaşadığları evdə Fariz yeyib içib sərxoş vəziyyətdə onunla mübahisə edib yenə də araq alıb içmək üçün ondan pul istəmiş, pul vermədiyinə görə onu söyüb təhqir edərək, təpiklə sol ayağına və sol bud nahiyyəsinə bir neçə dəfə vurmuşdur. Hadisə yaşadıqları evdə baş vermiş, hadisə zamanı evdə ikisindən başqa heç kəs olmamışdır. Hazırda Təqsirləndirilən şəxs ilə barışmış, onu bağışlamışdır. Ondan heç bir şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək, cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs, Təqsirləndirilən şəxs ilə barışdığını, onu bağışladığını, hazırda ona qarşı heç bir şikayət və tələbi olmadığını bildirərək məhkəmədən onun barəsində olan işin icraatına xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan, məhkəmə-tibb ekspertinin xx.xx.2023-cü il tarixli 131 nömrəli rəyindən görünür ki, 1993-cü il təvəllüdlü Zərərçəkmiş şəxs bədənində aşağıdakı xəsarətlər müəyyən edilmişdir: sol budda hematoma, sol baldırda qançır. Həmin xəsarətlər küt əşya təsirindən törənmiş, müddəti xx.xx.2023-cü il tarixinə uyğundur, ağırlıq dərəcəsinə görə sol budda hematoma sağlamlığın qısa müddət pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir, sol baldırda aşkar olunan qançır isə sağlamlığa zərərvurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə məhkəmə-tibb ekspertizasından müayinədən keçərkən əri Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə evdə təpiklə onun sol ayağına vurması nəticəsində xəsarət almasını bildirmişdir. İş materiallarında olan, Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli təhqiqat orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.2.2-ci və 43.3-cü maddələrinə əsasən cinayət qanunu ilə nəzərdə tutulan əməli törədən şəxsin zərərçəkmiş şəxslə barışması cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hal kimi nəzərdə tutulmuşdur. Həmin halın mövcudluğu cinayət təqibinə xitam verilməsi üçün əsas ola bilər. Həmin Məcəllənin 43.3-cü maddəsində göstərilir ki, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmişşəxs zərərçəkmişşəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 15.2-ci maddəsinə görə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək, barışdıqlarını və Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın tamamilə ödənildiyini bildirmişdir. Məhkəmə, cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxsin zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəməsini və onların məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsi haqqında ərizələrini nəzərə alaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsini məqsədəmüvafiq hesab edir. İş üzrə maddi sübut, mülki iddia, ekspertiza və digər məhkəmə xərcləri yoxdur. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiə edilməsi üçün Müdafiəçi 6 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat hər iş saatı üçün Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitsilə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğin miqdarı haqqında» 03 may 2018-ci il tarixli, 202 nömrəli qərarına əsasən müdafiəçi X.Q.Babayevə dövlət hesabına hər iş saatına 6 manat hesab edilməklə sərf etdiyi 6 saat üçün cəmi 36 manat məbləğində əmək haqqı ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 358.2-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair məhkəmənin yekun qərarı ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, bu Məcəllənin 384.1-ci maddəsində nəzərdə tutulmuş müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.2.2, 43.3, 321.2.1 və 356, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışması və zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəməsi ilə əlaqədar onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə olan məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. İş üzrə maddi sübut, mülki iddia, ekspertiza və digər məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Məhkəmədə Təqsirləndirilən şəxs göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi 36 (otuz altı) manat məbləğində pul ödənilsin. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. SƏDRLİK EDƏN X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar