Məhkəmə qərarları › İş №1(041)-44/2025

Kürdəmir Rayon Məhkəməsi Hökm — İş №1(041)-44/2025

07.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Kürdəmir rayon İş № 1(041)-44/2025 07.05.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi İmanov Xaliq Xalıq oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Sürəyya İsmayıl qızının katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil X1, Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1981-ci ildə Kürdəmir rayonu Karrar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vatandaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, Kürdəmir rayonu Karrar qəsəbəsində qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttiham aktına görə, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 22 radələrində Kürdəmir rayonu Karrar qəsəbəsində yaşadıqları evdə atası xx.xx.1955-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 pul istəyib ala bilmədiyinə görə həmin səbəbdən aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı rezin su borusu və bellə Zərərçəkmiş şəxs2 bədəninin müxtəlif nahiyyələrindən qəsdən bir neçə dəfə zərbə vuraraq, ona baş nahiyyəsində və hər iki yuxarı ətraflarda sıyrıqlarla müşayiət olunan sağlamlığa zərərvurmayan və sol baldır nahiyyəsində yara ilə müşayiət olunan sağlamlığın qısa müddət pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirmişdir. Bundan başqa o, özgənin əmlakını gizli olaraq talama məqsədilə, xx.xx.2024-cü il tarixdə və xx.xx.2024-cü il tarixdə vahid niyyətlə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə Kürdəmir rayonu Karrar qəsəbəsində yerləşən X3 məxsus fərdi yaşayış evinə qanunsuz daxil olub, oradan qiyməti 430 manat təşkil edən 01 ədəd soyuducunu, ümumi qiyməti 160 manat olan 02 ədəd su mühərrikini, qiyməti 06 manat olan 01 ədəd mismar çıxaran aləti, qiyməti 60 manat olan 01 ədəd dəmir odun sobasını, ümumi qiyməti 20 manat olan 02 rulon “yanmış tel” adlanan məftili, yaşadığı evin həyətindəki damdan qiyməti 20 manat olan 01 ədəd dəmir qaz sobasını, qiyməti 200 manat olan 01 rulon (200 metr) aliminum məftili, qiyməti 250 manat olan 01 ədəd 10 litrlik samovarı, qiyməti 30 manat olan 50 metr elektrik naqilini, ümumi qiyməti 250 manat olan 03 ədəd dəmir barmaqlığı, ümumi qiyməti 50 manat olan 03 ədəd 03 metrlik dəmir şveleri, cəmi 1476 manat dəyərində əmlakını gizli yolla talayıb zərərçəkmiş şəxsə maddi ziyan vuraraq yaşayış sahəsinə qanunsuz daxil olmaqla oğurluq etmişdir. Bundan başqa o, istintaqa məlum olmayan mənbədən və vaxtda, satış məqsədi olmadan, qanunsuz olaraq, xeyli miqdarda 01 ədəd bükümdə, xeyli miqdarda təmiz çəkisi 0.765 qram olan psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımış, Xətai RPİ-nin 37-ci PŞ-nin əməkldaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində xx.xx.2024-cü il tarixdə saat 15:00 radələrində ünvan 1 ünvanın yaxınlığında saxlanılıb ünvan 2ləşən Xətai RPİ-nin 37-ci PX-nin inzibati binasına gətirilərək müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan mavi rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofan kəsiyi bükümdə, xeyli miqdarda təmiz çəkisi 0.765 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs özünü ona elan olunmuş CM-in 128 və 177.2.3-cü maddələri üzrə təqsirli bilərək, CM-in 234.1-ci maddəsi üzrə isə təqsirli bilməyərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs2 doğma atasıdır, onunla birlikdə yaşayır, heç bir yerdə işləmir, spirtli içki aludəçisidir, maddi vəziyyəti pisdir, atası Heydər də ona pul vermədiyi üçün onunla aralarında bir neçə dəfə mübahisələri olmuşdur. xx.xx.2024-cü il tarixdə saat 22 radələrində atasından spirtli içki almaq üçün pul istəmiş, atası verməmiş, onun pulunun olduğunu bildiyi və pulu olduğu halda ona pul vermədiyi üçün əsəbləşərək atasını söymüş, aralarında mübahisə yaranmış, atası da onu söydüyü üçün eyvanda olan beli götürüb atasının sol ayağından bir dəfə qəsdən vurmuş, sonra isə beli kənara tullayıb eyvanda olan rezin su şlanqını götürüb atasının bədəninin müxtəlif nahiyyələrindən bir neçə dəfə qəsdən vurmuş, ancaq atası ünvanına nalayiq söyüşlər söyməkdə davam etdiyi üçün evdən çıxıb getmişdir. Daha sonra atasının onun barəsində polisə şikayət etdiyini öyrənmişdir. Hadisə yaşadıqları evdə təxminən 5 dəqiqə müddətində baş vermiş, yanlarında və ətrafda heç kim olmamışdır. X4 əmisidir, bir həyətdə ayrı-ayrı evlərdə yaşayırlar. Sərdər 2024-cü ilin qış aylarında onun yaşadığı evdən oğurluq etmiş, bununla bağlı polisə şikayət etmiş və araşdırma aparılmışdır. Həmin vaxtdan sonra əmisi Sərdərə qarşı acıqlı olmuş, əmisi Sərdər evdən çıxıb getdikdən sonra evin nəzarətsiz qaldığını, evdə heç kimin olmadığını görüb evin qapısının açarlarını gizlədiyi yeri bildiyi üçün xx.xx.2024-cü il tarixdə axşam saatlarında açarları oradan götürüb qapını açıb evə daxil olmuş, bir ədəd ağ rəngli soyuducunu və bir ədəd mismar çıxaran aləti götürüb yaşadığı evə gətirib öz otağına qoymuş, evdə heç kim olmamış, tək olmuşdur. xx.xx.2024cü il tarixdə saat 22 radələrində yenidən Sərdərin evinə girərək evdən bir ədəd dəmir odun sobasını, 02 ədəd su mühərriki, 02 rulon “yanmış tel” adlanan məftili, eləcədə evin həyətindəki damdan 01 ədəd dəmir qaz sobasını, 01 rulon aliminum məftil, hərəsi 03 metr olan 03 ədəd dəmir şveler, hər birinin ölçüsü 1X1 metr olan 03 ədəd dəmir barmaqlıq, 01 ədəd 10 litrlik samovarı oğurlayıb yaşadığı evin həyətinə yığmış, ertəsi gün həmin əşyaları motosikleti ilə Kürdəmir şəhərinə aparıb metal alveri ilə məşğul olan şəxsə satıb ümumilikdə 165 manat pul əldə etmiş, əldə etdiyi pulu heç kimlə bölməmiş, şəxsi ehtiyaclarına xərcləmişdir. xx.xx.2024-cü il tarixdə saat 15:00-da kirayədə yaşadığı ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evində atası ilə birlikdə olarkən 02 nəfər mülki geyimli şəxs qapını döyüb, içəri daxil olub, atası ilə onu döyərək zorla Xətai RPİ-nin 37-ci PŞ-yə aparmışlar. Polis şöbəsinə aparılarkən üzərində şortik və köynək olmuş, narkotik vasitə olmamışdır. Polis şöbəsində ona üst geyimi geyindirilmiş və 400 manat cərimə ediləcəyini dedikləri üçün narkotik vasitənin üzərinə qoyulmasına razı olmuşdur. Verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, narkotik vasitə və psixotrop maddə alqısatqısı ilə məşğul olmur. Saxlanılan və polis şöbəsinə gətirilən zaman ona qarşı heç bir fiziki və psixi zorakılıq edilmədiyi, habelə 01 bükümdə psixotrop maddə metamfetamini xx.xx.2024-cü il tarixdə səhər satlarında Bakı şəhəri Nəsimi rayonu ərazisində yerləşən “20 Yanvar” dairəsi yaxınlığında tanımadığı şəxsdən 20 manat müqabilində əldə edərək şəxsi istifadə etmək üçün üzərində saxladığı barədə ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etmir. Bununla bağlı nə özü, nədə ki, müdafiəçisi tərəfindən vəsatət verməmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs X4 ifadəsində göstərmişdir ki, Zərdab şəhərində işlədiyi üçün müvəqqəti olaraq orada qaldığından, Kürdəmir rayonu Karrar qəsəbəsindəki fərdi yaşayış evini vaxtaşırı gəlib yoxlamışdır. Sonuncu dəfə xx.xx.2024-cü il tarixdə Kürdəmir rayonu Karrar qəsəbəsinə yaşadığı evə gəlmiş, evi və həyəti yoxlamış, əşyalar hamısı yerində olduğunu görüb həmin tarixdə də çıxıb getmişdir. xx.xx.2024-cü il tarixdə Karrar qəsəbəsinə yaşadığı evə gəldikdə evin qapısının açıq olduğunu, evdə olan, eləcədə həyətdə olan damdakı əşyaların bir neçəsinin yerində olmadığını görmüş, həmin əşyaların naməlum şəxs tərəfindən oğurlanmasını fikirləşərək DİN-nin 102 xidmətinə zəng vuraraq məlumat vermiş, hadisə yerinə gəlmiş polis əməkdaşlarına ərizə ilə müraciət edərək, evindən və həyətindəki damdan oğurluq edən şəxsin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. İstintaq tərəfindən müəyyən edilmişdir ki. onun evindən əşyaları qardaşı oğlu, onunla bir həyətdə qalan Təqsirləndirilən şəxs oğurlamışdır. Həmin əşyaların bir hissəsini satmış, qalan hissəsi, yəni 926 manatını ona geri qaytarmışdır. 926 manat maddi ziyanın ödənilməsi barədə rayon PŞ-nə ərizə ilə müraciət etmişdir. Hazırda Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs doğma oğludur, onunla birlikdə Kürdəmir rayonu Karrar qəsəbəsində yaşayır. Rüzgar spirtli içkiyə meyilli olduğundan sərxoş vəziyyətdə hər dəfə onunla münaqişə etmiş və onu döymüşdür. xx.xx.2024-cü il tarixdə saat 22 radələrində Rüzgar məndən spirtli içki alması üçün pul istəmiş, ona pulunun olmadığını demiş, bu zaman Rüzgar ünvanına nalayiq söyüşlər söyməyə başlamış, cavabını verdikdə Rüzgar eyvanda olan beli götürüb sol ayağından bir dəfə qəsdən vuraraq ona xəsarət yetirmiş, sonra isə eyvanda olan rezin su şlanqını götürüb bədəninin müxtəlif nahiyyələrindən bir neçə dəfə qəsdən vuraraq ona xəsarətlər yetirmiş və çıxıb getmiş, buna görə Kürdəmir RPŞ-na ərizə ilə müraciət edərək, Rüzgarın ona xəsarət yetirməsinə görə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Hadisə yaşadıqları evdə təxminən 5 dəqiqə müddətində baş vermiş, yanlarında və ətrafda heç kim olmamışdır. Təqsirləndirilən şəxs şikayətçidir və etdiyi əmələ görə cəzalandırılmasını xahiş etmişdir. Məhkəmə istintaqında Şahid ifadəsində göstərdi ki, yaşadığı evin həyətində metal alveri ilə məşğul olur. Təqsirləndirilən şəxs daha əvvəl tanımayıb. xx.xx.2024-cü il tarixdə səhər saatlarında Rüzgar motosikletlə yaşadığı evin həyətinə gəlmiş, motosikletin yük yerində dəmir əşyalar olmuş, Rüzgar həmin əşyaların ona məxsus olduğunu deyərək satmaq istədiyini bildirmişdir. Onun gətirdiyi dəmir əşyaları tərəzidə çəkərək Rüzgardan ümumilikdə 165 manata razılaşaraq almış, əşyaları alarkən oğurluq olması barədə heç bir məlumatı olmamışdır. Rüzgar sözü gedən əşyaları satmağa atası ilə gəlmiş, yanlarında başqa heç kim olmamışdır. Məhkəmə istintaqında videokonfrans əlaqə sistemindən istifadə edilməklə şahid qismində dindirilmiş X8 ifadəsində göstərdi ki, Xətai RPİ-nin 37-ci PŞ-də əməliyyat müvəkkili vəzifəsində işləyir. 26 iyul 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Bakı şəhəri, Xətai rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədilə şöbənin sahə inspektoru, polis leytenantı X5 ibarət əməliyyat qrupu təşkil olunmuş, bundan sonra Elnur Dəmirovla birlikdə 26 iyul 2024-cü il tarixdə saat 15:00-da ünvan 4 ünvanın qarşısına gəlmiş, həmin vaxt orada əməliyyat məlumatına əsasən xarici görünüşünə görə Təqsirləndirilən şəxs əlamətləri ilə üst-üstə düşən təxminən 40-45 yaşlarında olan bir nəfər şəxsin olmasını görüb ona yaxınlaşmış, həmin şəxsə xidməti vəsiqələrini göstərib özlərini təqdim etdikdən sonra həmin şəxsdən də özünü təqdim etməsini xahiş etmiş, həmin şəxs özünü xx xxxxxx 1981-ci ildə Kürdəmir rayonunda anadan olmuş, Kürdəmir rayonu, Karrar qəsəbəsində qeydiyyatda olan və Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsi, Sovxoz küçəsi, ev 25-də kirayəşin yaşayan Təqsirləndirilən şəxs kimi təqdim etmiş, onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib Xətai RPİ-nin 37-ci PŞ-nin inzibati binasına dəvət etmiş, Təqsirləndirilən şəxs buna etiraz etmədikdən sonra onu Xətai RPİnin 37-ci PŞ-nin inzibati binasına gətirmiş, xidmətdə olan təhqiqatçı, polis baş leytenantı Sənan Bədəlova təhvil vermişlər. Sənan Bədəlov ilk olaraq Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etdikdən sonra ona hüquqlarının dövlət hesabına müdafiə edilməsi üçün vəkil dəvət etmiş və həmin vəkilin iştirakı ilə bir daha hüquq və vəzifələrini izah etmiş, bundan sonra şöbənin xidməti otaqlarının birində Elnur Dəmirov və dövlət hesabına təyin olunmuş vəkilin iştirakı ilə video çəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində olan qeyri-qanuni və ya dövriyyəsi məhdudlaşdırılmış əşya və ya maddələri könüllü təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan mavi rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd şəffaf rəngli sellofan kəsiyinə bükülmüş bükümü könüllü olaraq çıxarıb təqdim etmiş, bükümün içərisində ağ rəngli, kristal şəkilli kütlənin olması müəyyən edilmiş, Təqsirləndirilən şəxs həmin kütlənin nə olması, kimdən, nə vaxt və necə əldə etməsi soruşulduqda o həmin kütlənin özünə məxsus olmaqla psixotrop maddə olan metamfetamin olmasını və onu 26 iyul 2024-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən «20 Yanvar» metrostansiyasının yaxınlığında anket məlumatlarını və əlaqə vasitələrini bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün 20 (iyirmi) manat məbləğində pula aldığını bildirdi. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan digər geyim paltarları təhqiqatçı, polis baş leytenantı Sənan Bədəlov tərəfindən yoxlanılsa da hər hansı bir əlavə əşya və ya predmet aşkar edilməmiş, Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd büküm elektron tərəzidə çəkilərkən psixotrop maddə olan metamfetaminə bənzər kütlənin çəkisinin sellofanla birlikdə 0,90 qram olması məlum oldu. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd büküm içərisində olan kütlə ilə birlikdə şəxsi axtarışda iştirak edən iştirakçıların iştirakları ilə içərisi boş olan 1 ədəd zərfə qoyulub qablaşdırıldı, zərfin üzəri möhürləndi və iştirakçılar tərəfindən imzalandı. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuş, tərtib edilmiş protokol iştirakçılara ucadan oxunmuş, iştirakçılar və Təqsirləndirilən şəxs tərəfindən protokolun tərtibatına dair hər hansı bir şikayət, etiraz və ya təklif olmadığından doğruluğu iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Verilmiş suallara cavab olaraq Kamran Camalov göstərmişdir ki, Təqsirləndirilən şəxs saxlanarkən və polis şöbəsinə gətirilərkən, polis şöbəsində üzərinə şəxsi axtarış keçirilərkən ona qarşı hər hansı fiziki və ya digər formada zor tətbiq edilməmişdir. Cinayət işində olan və məhkəmədə tədqiq edilən: - Məhkəmə-tibb ekspertinin xx.xx.2024-cü il tarixli, 367 nömrəli rəyində göstərilmişdir ki, 1955-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 Əhməd oğlunun məhkəmə-tibbi müayinəsi zamanı onun bədən səthində aşkar edilmiş xəsarətlər: baş nahiyəsində və hər iki yuxarı ətraflardı sıyrıqlar, sol baldırın ön səthində yara küt əşya təsirindən törənmişdir, xx.xx.2024-cü il tarixdə əmələ gəlməyə uyğundurlar. Sol baldır nahiyəsindəki yara sağlamlığın qısa müddət pozulmasına səbəb olan ağlamlığa yüngül zərər vurmaya aiddir, baş nahiyəsində və hər iki yuxarı ətraflarda sıyrıqlar sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcələri təyin edilmir. - Zərərçəkmiş şəxs1 evindən və evinin həyətindən oğurlanan 01 ədəd soyuducu, 01 ədəd mismar çıxaran alət, 01 ədəd dəmir odun sobası, hər birinin uzunluğu 03 metr olan 03 ədəd dəmir şveler, 02 ədəd yanmış tel, 01 rulon aliminum tel, hər biri 1X2 metr ölçüdə olan 03 ədəd dəmir barmaqlığın 01 ədəd su mühərriki maddi sübut kimi tanınmış və saxlanması üçün ərizəsi nəzərə alınmaqla Zərərçəkmiş şəxs1 özünə təhvil verilmişdir. - məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli 9/8157 saylı rəyində tədqiqatın nəticəsi olaraq 01 ədəd soyuducu, 01 ədəd dəmir odun sobası, 01 ədəd dəmir qaz sobası, 01 ədəd su mühərriki, 01 ədəd samovarın ümumi dəyəri 665 manat müəyyən edilmişdir. -xx.xx.2024-cü il tarixli “Şəxsi axtarış və götürmə keçirilməsi haqqında” protokoldan görünür ki, Xətai RPİ-nin İnzibati binasında müdafiəçi X9 iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən qabaq Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmiş, daha sonra ona üzərində hər hansı bir qanunsuz əşya varsa təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan mavi rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli bükümü çıxarıb təqdim etmiş, bundan sonra ona üzərində olan əşyaları təqdim etməsi təklif edilmiş, başqa heç nə təqdim etməmiş, bundan sonra onun üzərinə müstəntiq tərəfindən axtarış keçrilmiş, hər hansı qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd sellafon bükümə baxış keçirilmiş, 01 ədəd büküm açıldıqda içərisində ağ kristallik psixotrop maddə metamfetaminə bənzər kütlə olduğu müəyyən edilmiş, bundan sonra həmin kütlə “Çin” istehsalı olan elektron tərəzidə çəkilmiş və psixotrop maddə metamfetaminə bənzər kütlənin təxmini çəkisinin 0.90 qram olması müəyyən edilmişdir. 01 ədəd sellafon büküm 01 ədəd ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, üzəri “Azərbaycan Respublikası DİN-in №153” möhürü ilə möhürlənmiş, üzəri yazıldıqdan sonra ekspertizaya təqdim olunacağı bildirilmişdir. - məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli 3-13-13/2-6/3845 nömrəli rəyində qeyd olunmuşdur ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs (imza) yazısı və imzalar olan” zərfdəki 1(bir) ədəd bükümdə təmiz çəkisi 0.765 qram ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş“Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı”na daxildir,(İ siyahı). - məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 161 saylı rəyinə görə Təqsirləndirilən şəxs psixotrop maddələrdən istifadə edir, psixotrop maddə metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. - Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş psixotrop maddə metamfetaminin 0.715 qram qalığı cinayət işi üzrə maddi sübut qismində tanınaraq saxlanılmasından ötrü Kürdəmir RPŞ-nin Maddi sübutların saxlanma yerinə təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman aparılmış videoçəkilişlərin qeydə alındığı 01(bir) ədəd disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işində saxlanılmışdır. - Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədə göstərilmişdir ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlər məhkəməsinin xx.xx.2000-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 93-1 mad. 2, 187 mad, 387, 70 AR maddələrinə əsasən 03 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 02 il şərti sınaq müddəti ilə, Ağdaş rayon məhkəməsinin xx.xx.2001-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nın 177.2.3-cü maddəsi ilə 07 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2007-ci il tarixdə Salyan rayon məhkəməsinin xx.xx.2006-ci tarixli qərara əsasən AR CM-nın 76-cı maddəsinə əsasən 01 il 04 ay 08 gün müddətə vaxtından əvvəl şərti azad edilmiş, Binəqədi rayon məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nın 128-ci maddəsi ilə 01 il islah işləri cəzasına məhkum edilmiş, Səbail rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nın 178.1-ci, 69.3-cü maddələri ilə 01 il 04 ay 02 gün azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, Kürdəmir rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nın 127.1-ci maddəsi ilə CM-nın 73.1 maddəsi ilə xitam edilmişdir. - Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Səbail rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nın 178.1-ci, 69.3-cü maddələri ilə təyin edilmiş 01 il 04 ay 02 gün azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş bir il iki ay iyirmi doqquz gün hissəsi 07 ay 14 gün azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir. -Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə fondundan daxil olan xx.xx.2024-cü il tarixli 3-17-1/2-96392-2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs əlilliklə bağlı əmək pensiyası və sosial müavinət almır. -“Kürdəmir rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsindən daxil olan xx.xx.2024-cü il tarixli 6-49/2-233/2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Kürdəmir RMX-nin poliklinika şöbəsində həkim narkoloqun və psixiatrın qeydiyyatında durmur. -Azərbaycan Respublikası Karrar Qəsəbə İnzibati Ərazi İdarəsi Üzrə Nümayəndəliyindən 12 sentyabr 2024-cü il tarixdə daxil olmuş xasiyətnamədə Təqsirləndirilən şəxs ictimaiyyət arasında spirtli içki aludəçisi kimi mənfi xarakterizə olunmuşdur. -26 iyul 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Xətai RPİ-nin 37-ci PŞ-nin təhqiqatçısı, polis baş leytenantı Sənan Bədəlov tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. -28 iyul 2024-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində Xətai RPİ-nin İŞ-nın müstəntiqi, polis mayoru İlkin Almazov tərəfindən «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmişdir Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir.Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 25.3-cü maddəsinə müvafiq olaraq, hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. Hazırki iş üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə, yəni sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma, Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə, yəni yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talama və Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə, yəni satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma əməllərinə görə ittiham elan edilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə, yəni sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma cinayətini törətməsi özünün etirafı, zərərçəkmiş şəxsin ifadəsi, ekspert rəyi və işdə olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talama cinayətini törətməsi özünün etirafı, zərərçəkmiş şəxsin ifadəsi, ekspert rəyi və işdə olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il tarixli, 1 nömrəli qərarının 2-ci bəndində göstərilir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibibin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının talanması hesab edilməlidir. 19. Yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. «Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq» anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. 20. Yaşayış sahəsi dedikdə yaşayış və qeyri yaşayış sahələri də daxil olmaqla mülkiyyət formasından asılı olmayaraq mənzil fonduna daxil olan, daimi və ya müvəqqəti yaşamaq üçün yararlı hesab edilən, həmçinin mənzil fonduna daxil olmasa da müvəqqəti yaşamaq üçün nəzərdə tutulmuş fərdi yaşayış evi, mənzil sahəsi başa düşülür. Azərbaycan Respublikası CM-nin 177-ci maddəsinin “Qeyd”inin 1-ci bəndində göstərilmişdir ki, bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Hazırki iş üzrə Təqsirləndirilən şəxs X3 məxsus fərdi yaşayış evinə qanunsuz daxil olub, oradan 1476 manat dəyərində əmlakı gizli yolla talamaqla zərərçəkmiş şəxsə maddi ziyan vuraraq oğurluq etmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə, yəni satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayətini törətməsi özü etiraf etməsə də, şahid ifadəsi, ekspert rəyləri, baxış və götürmə protokolları və video görüntüləri çəkilmiş bir ədəd disk, işdə olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə qeyd edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsində verilmiş anlayışa görə narkotik vasitələr dedikdə BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilər başa düşülür. 1.0.10. narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-ci il tarixli 08 nömrəli qərarının 5-ci bəndində göstərilir ki, narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0.15 qram müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş, ümumi təmiz çəkisi 0.765 qram olan psixotrop maddə metamfetaminin ekspertiza tədqiqatından sonra qalan 0.715 qram qalığı Kürdəmir RPŞ-nin maddi sübutların saxlanılması anbarına təhvil verilmişdir. Təqsirləndirilən şəxs verdiyi ifadəsində üzərində tapılan psixotrop maddənin ona məxsus olmadığını, şortiklə onu polis şöbəsinə aparıldığını, polis şöbəsi əməkdaşları tərəfindən üzərinə qoyulduğunu bildirsə də, məhkəmə istintaqı zamanı bu halların heç birisi öz təsdiqini tapmamışdır. Belə ki, məhkəmə iclasında yayımlanan video görüntülərdə Təqsirləndirilən şəxs şortikdə deyil cins şalvarda baxışa gətirildiyi, üzərinə baxış keçirilərkən müdafiəçisinin prosesi yaxından izləməsi, könüllü olaraq sellofan bükümü masanın üstünə qoyması və verilən suallara sərbəst cavab verməsi aydın şəkildə və səslə görüntülənmiş, nə özü, nə də ki, müdafiəçisi tərəfindən heç bir vəsatətləri olmamışdır. Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi ifadəsində saxlanılan və polis şöbəsinə gətirilən zaman ona qarşı heç bir fiziki və psixi zorakılıq edilmədiyini, habelə 01 bükümdə psixotrop maddə metamfetamini xx.xx.2024-cü il tarixdə səhər satlarında Bakı şəhəri Nəsimi rayonu ərazisində yerləşən “20 Yanvar” dairəsi yaxınlığında tanımadığı şəxsdən 20 manat müqabilində əldə edərək şəxsi istifadə etmək üçün üzərində saxladığını etiraf etmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 128, 177.2.3 və 234.1-ci maddələri ilə tövsif olunmuşdur. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən məlum olur ki, Təqsirləndirilən şəxs əvvəllər törətdiyi ayrı-ayrı cinayət əməllərinə görə bir neçə dəfə məhkum edilmiş, sonuncu dəfə Səbail rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nın 178.1-ci maddəsi ilə 01 il 04 ay 02 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Səbail rayon məhkəməsinin təyin etdiyi 01 il 04 ay 02 gün azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş bir il iki ay iyirmi doqquz gün hissəsi 07 ay 14 gün azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir. Cəzanın sonu xx.xx.2025-cü il tarixdə başa çatır. Çəkilməmiş cəzası 4 gün təşkil edir. Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2025-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs orta təhsilli, subay olması, işləməməsi, daimi yaşayış yerinin olması, məhkumluğu ödənilmədən yenidən cinayət törətməsi, yaşayış yeri üzrə mənfi xarakterizə olması onun şəxsiyyətini səciyyələndirən hallardır. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi və ya ziyanın azaldılması ilə nəticələnmiş digər hərəkətlərin edilməsini CM-in 59.1.14-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halları, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayətin məqsəd və motivini, habelə onun törətdiyi müxtəlif cinayət əməllərinə görə əvvəllər də məhkum olunmasını, təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128, 177.2.3 və 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulan müddət həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməsini qanuna müvafiq hesab edir. Təqsirləndirilən şəxs qəti cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 66.2, 67.1 və 69.3-cü maddələrinin tələbləri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Səbail rayon məhkəməsinin təyin etdiyi 01 il 04 ay 02 gün azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş bir il iki ay iyirmi doqquz gün hissəsi 07 ay 14 gün azadlqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi hazırki hökmlə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasına tam və ya qismən birləşdirməklə, qəti cəza təyin edilməlidir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin başlanğıcı 16 aprel 2025-cü il tarixdən hesablanmalı, şübhəli şəxs qismində saxlanıldığıl 2 gün müddət onun cəzasından çıxarılmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.16-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin barəsində tibbi xarakterli məcburi tədbirlərin və məhz hansı tədbirlərin tətbiq edilməsinin mümkün olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli, narkoloji ekspertizanın rəyi nəzərə alınaraq, narkomaniya xəstəliyindən məcburi müalicə təyin edilməli, narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Məhkəmə, CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından maddi sübutlar məsələsinin necə həll edilməli olması məsələsinə baxaraq bu nəticəyə gəlir ki, iş üzrə maddi sübutlar: 1). 01 ədəd soyuducu, 01 ədəd mismar çıxaran alət, 01 ədəd dəmir odun sobası, hər birinin uzunluğu 03 metr olan 03 ədəd dəmir şveller, 02 ədəd yanmış tel, 01 rulon aliminum tel, hər biri 1X2 metr ölçüdə olan 03 ədəd dəmir barmaqlığı, 01 ədəd su mühərriki zərərəçəkmiş şəxs X3 qaytarılması nəzərə alınmalı, 2). Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş psixotrop maddə metamfetaminin 0.715 qram qalığı hökm qanuni qüvvəsini aldıqan sonra məhv edilməli, 3) Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zamanı aparılmış videoçəkilişin qeydə alındığı 1 ədəd disk cinayət işi materiallarına əlavə edilməlidir. Məhkəmə, CPM-in 346.1.20-ci maddəsinin tələblərinə əsasən seçilmiş qətimkan tədbirinin ləğv edilməli və ya dəyişdirilməli olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Məhkəmə, CPM-in 346.1.21-ci maddəsinin tələblərinə əsasən məhkəmə məsrəflərinin kimin üzərinə və hansı məbləğdə qoyulmalı olduğu məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 164 manat məbləğində məhkəmə məsrəfi (ekspertiza xərci) tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına ödənilməlidir. İş üzrə 1476 manat maddi ziyanın 926 manat hissəsinin Təqsirləndirilən şəxs tərəfindən ödənilməsi, mülki iddia, digər məhkəmə xərclərinin olmaması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən məhkəmədə Təqsirləndirilən şəxs göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil X2 220 (iki yüz iyirmi) manat məbləğində xidmət haqqı ödənilməlidir Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356, 358.2 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128, 177.2.3 və 234.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona 03 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökm üzrə təyin edilmiş cəzaya Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə təyin edilmiş 07 ay 14 gün azadlqdan məhrumetmə cəzasının çəkilməmiş qalan 04 gün hissəsi qismən birləşdirilməklə ona 03 (üç) il 02 (iki) gün azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin başlanğıcı 16 aprel 2025-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən nakomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji kabinetində profilaktiki qeydiyyata götürülsün. İş üzrə maddi sübutlar: 1). 01 ədəd soyuducu, 01 ədəd mismar çıxaran alət, 01 ədəd dəmir odun sobası, hər birinin uzunluğu 03 metr olan 03 ədəd dəmir şveller, 02 ədəd yanmış tel, 01 rulon aliminum tel, hər biri 1X2 metr ölçüdə olan 03 ədəd dəmir barmaqlığı, 01 ədəd su mühərriki zərərəçəkmiş şəxs X3 qaytarılması nəzərə alınsın. 2). Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş psixotrop maddə metamfetaminin 0.715 qram qalığı hökm qanuni qüvvəsini aldıqan sonra məhv edilsin.3) Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zamanı aparılmış videoçəkilişin qeydə alındığı 1 ədəd disk maddi sübut kimi cinayət işi materiallarına əlavə edilsin. Təqsirləndirilən şəxs 164 (bir yüz altmış dörd) manat məbləğində məhkəmə məsrəfi (ekspertiza xərci) tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına ödənilsin. İş üzrə 1476 manat maddi ziyanın 926 manat hissəsinin Təqsirləndirilən şəxs tərəfindən ödənilməsi, mülki iddia, digər məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən məhkəmədə Təqsirləndirilən şəxs göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil X2 220 (iki yüz iyirmi) manat məbləğində xidmət haqqı ödənilməlidir Hökmdən elan olunduğu, təqsirləndirilən şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsi ilə, bilavasitə həbsdə saxlanıldığı və ya həbsdə saxlama yeri müdiriyyəti vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə Azərbaycan Respublikası CPM-nin 384.1-ci maddəsində nəzərdə tutulmuş müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar