Məhkəmə qərarları › İş №1(041)-47/2024

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №1(041)-47/2024

09.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 1(041)-47/2024 09.04.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi İmanov Xaliq Xalıq oğlunun sədrliyi Məhkəmə iclas katibi Gülalıyev Orxan Vəzir oğlunun katibliyi Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1997-ci ildə Kürdəmir rayonunun Çöl Qubalı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli 1 uşaq atası, orta təhsilli, məhkum olunmamış, işsiz, Kürdəmir rayonunun Çöl Qubalı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İttiham aktına görə Təqsirləndirilən şəxs 02 dekabr 2023-cü il tarixdə saat 19:30 radələrində etibarnamə ilə idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan atası X1 məxsus VAZ-21063 markalı **-BF-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini Bakı- Qazax-Gürcüstan sərhəddi yolunun Kürdəmir rayonunun Karrar kəndi ərazisindən keçən 182-cı kilometrliyində Bakı istiqamətində 70 km/saat sürətlə hərəkət etdirərkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq sürücü kimi yol hərəkətinin iştirakçısı olmaqla hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli, qarşıda piyadanın olmasını nəzərə alaraq hərəkətin təhlükəsizliyini təmin edən lazımi hərəkətlər etməli, lazım gəldikdə isə vaxtında tormozlama əməliyyatı aparmaqla avtomobili həmin piyadaya çatmadan dayandırmalı, bununla da hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bunu etməyib təhlükəsizlik tədbirlərini vaxtında yerinə yetirməyib soldan sağa doğru keçən 1992-ci il təvəllüdlü piyada Zərərçəkmiş şəxs avtomobilin qabaq sol hissəsi ilə vurmuş, nəticədə onun tərəfindən yol-hərəkəti qaydalarının pozulması ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs sol bud və sol baldır sümüklərinin qapalı sınıqları xəsarətləri almaqla səhhətin uzun müddətə pozulmasına səbəb olan zərər çəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərdi ki, ailəsi ilə birlikdə Kürdəmir rayonu Çöl Qubalı kəndində yaşayır, «BC» dərəcəli sürücüdür. VAZ-21063 markalı **-BF-*** dövlət qeydiyyat nişanlı minik avtomobili etibarnamə ilə idarə edir, avtomobil atası Şirvan Abışova məxsusdur. xx.xx.2023-cu il tarixdə həmin avtomobillə Kürdəmir rayonundan yaşadığı Çöl Qubalı kəndinə evinə gedən zaman Bakı-Qazax-Gürcüstan yolunun Bakı istiqamətinə hərəkətdə olarkən qarşıda təxminən 100-150 metrdən polis maşınlarının dayanaraq sayrışan işıqlarının yandırdığını və yaxınlaşanda əks yolda yol qəzasının baş verdiyini görüb, diqqətini həmin hadisəyə yönəltdiyindən qarşıda piyada zolağında hərəkət edən piyadanın adi yerişlə soldan-sağa tərəf keçdiyini görmüş və piyadanı vurmamaq üçün əyləci basıb sukanı sağa çəkməsinə baxmayaraq həmin piyadanı vurmuşdur. Zərbənin təsirindən piyada yerə yıxılmış, dərhal avtomobildən düşərək onu xəstəxanaya yola salmışdır. Sonradan vurduğu şəxsin Zərərçəkmiş şəxs bilmişdir. Oraya gələn polis əməkdaşları hadisə yerinə baxış keçirilmiş, protokol və sxem tərtib edilmiş, hadisə yerinin fotoşəkilləri çəkilmişdir. Hadisədən sonra zərərçəkmiş şəxslə barışmış, ona vurduğu ziyanı tam şəkildə ödəmişdir. Törətdiyi cinayət əməlindən səmimi peşman olmuşdur. Onlar barışmışlar və zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Kürdəmir rayonu Karrar qəsəbəsində yaşayır, şirkətdə traktorçü işləyir. xx.xx.2023-cu il tarixdə saat 19:30 radələrində Kürdəmir rayonu Karrar qəsəbəsində piyada zolağından yoldan keçərkən adını sonradan bildiyi Təqsirləndirilən şəxs idarə etdiyi VAZ-21063 markalı **-BF-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə onu vurmuş və zərbənin təsirindən yerə yıxılmış, sürücü dərhal ona yaxınlaşıb ayağa qaldırmış, onun və ətrafda olan qəsəbə sakinlərinin köməkliyi ilə Kürdəmir rayon xəstəxanasına şatdırmışlar. Zərbənin təsirindən sol ayağının aşağı bud hissəsindən sınıq xəsarətləri aldığından müalicəsini Bakı şəhərində travmatalogiya xəstəxanasında davam etdirmişdir. Hazırda müalicəsi ev şəraitində davam edir. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tamamilə ödənilmişdir, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Odur ki, E.Ş.Avuşovun cinayət məsuliyyətindən azad edilməsini xahiş etdi. Cinayət işində olan və məhkəmə iclasında tədqiq edilmiş: - məhkəmə tibbi ekspertizasının 02 fevral 2024-cü il tarixli 23 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər- sol bud və sol baldır sümüklərinin qapalı sınıqları-küt əşya təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən 02 dekabr 2023-cü il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi. Ağırlıq dərəcəsinə görə, qeyd olunan xəsarətlər sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aid edilir. - məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının 08 yanvar 2024-cü il tarixli 8/3822 №-li rəyindən görünür ki, VAZ 21063 markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. - Kürdəmir rayon mərkəzi xəstəxanası, publik hüquqi şəxs tərəfindən verilmiş sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair 02 dekabr 2023-cü il tarixli 404 nömrəli aktından görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə alkoqol sərxoşluğu vəziyyətinin olmadığı (ayıq) qeyd edilmişdir. - Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat- İmtahan İdarəsi tərəfindən verilmiş 25 dekabr 2023-cü il tarixli 3-13-016/2-179584/2023 nömrəli məktubundan görünür ki, DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat- İmtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən xx.xx.1997-ci il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə (xx.xx.2032-ci il tarixədək etibarlı olan) BC 855002 nömrəli «BC» kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır -Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokol, hadisənin sxemi, hadisə yerindən çəkilmiş fotoşəkillər və disk, nəqliyyat vasitələrinə aid sənədlər, sürücülük vəsiqələri, etibarnamələr və digər sənədlər əlavə edilmişdir. Əvvələn qeyd edilməlidir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının hüquqi və təşkilati əsasları “Yol hərəkəti haqqında” 08 noyabr 1968-cı il tarixli Vyana Konvensiyası, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının 03 iyul 1998-ci il tarixli Qanunu ilə və digər normativ hüquqi aktlarla tənzimlənir və bu qaydaların pozulması nəticəsindən asılı olaraq mülki, inzibati və cinayət məsuliyyətinə səbəb olur. Cinayət Məcəlləsinə daxil edilən yol hərəkətini və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma cinayətləri ehtiyatsızlıqdan törədilən cinayətlərə aid olmaqla, buraya daxil olan maddələrin bir çoxu, o cümlədən Cinayət Məcəlləsinin 263-cü maddəsi blanket norma hesab edilir. Bu maddədə nəzərdə tutulmuş cinayətlərin obyektini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda, digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş yol hərəkətini və ya nəqliyyat vasitələrinin istismarını, idarə edilməsini və istismarını tənzimləyən qaydalar təşkil edir. Buna görə həmin cinayətləri törətmiş şəxslərin haqqında çıxarılan ittiham hökmlərində mütləq qaydada “Yol hərəkəti haqqında” Qanunun və digər normativ hüquqi aktların tələblərinə istinad edilməklə belə şəxslərin qanunvericiliyin məhz hansı tələblərini pozması göstərilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263 və 263-1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin predmeti olan nəqliyyat vasitələri dedikdə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinin 18-ci bəndinə əsasən mexaniki nəqliyyat vasitələri, yəni asma mühərrikli velosipedlər və tramvaylardan başqa relsli nəqliyyat vasitələri istisna olmaqla hər hansı özügedən nəqliyyat vasitələri başa düşülür. Bunlara avtomobillər, tramvaylar, trolleybuslar, operativ nəqliyyat vasitələri, qoşqular, yarımqoşqular, uzun ölçülü nəqliyyat vasitələri, özügedən maşınlar, təkərli traktorlar və motosikletlər aiddir. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinə görə sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Hazırki cinayət əməlinin «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinin pozulması nəticəsində törədilməsi işdə olan baxış keçirilməsi haqqında protokol, yol-nəqliyyat hadisəsinin sxemi və fotoşəkillər, ekspert rəyləri, proses iştirakçılarının ifadələri və işdə olan digər mötəbər sübutlarla öz təsdiqini tapmışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə istintaqında Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli özünün səmimi etirafı, zərərçəkmiş şəxsin ifadəsi, eksperti rəyləri ilə, habelə iş materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə tövsif olunub. Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixli notariat qaydada təsdiq edilmiş və xx.xx.2024-cü il tarixli ərizələrindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam şəkildə ödənilmiş, Təqsirləndirilən şəxsla barışmış və ona qarşı şikayəti və tələbi yoxdur. Azərbaycan Respublikası CM-nin 263-cü maddəsinin qeyd hissəsinin tələbinə görə bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığı və ona dəymiş ziyanı tamamilə ödədiyi üçün cinayət məsuliyyətindən azad edilməli, həmçinin Təqsirləndirilən şəxs əməllərində inzibati xəta tərkibinin əlamətlərinin olması məsələsinin araşdırılması üçün qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməlidir. Məhkəmə, CPM-in 346.1.20-ci maddəsinin tələblərinə əsasən seçilmiş qətimkan tədbirinin ləğv edilməli və ya dəyişdirilməli olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, E.Ş.Abuşovun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin ləğv edilməlidir. Məhkəmə, CPM-in 346.1.21-ci maddəsinin tələblərinə əsasən məhkəmə məsrəflərinin kimin üzərinə və hansı məbləğdə qoyulmalı olduğu məsələsinə baxaraq bu nəticəyə gəlir ki, E.Ş.Abuşovdan 85 (səksən beş) manat ekspertiza xərci tutulub Məhkəmə ekspertizası mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə məsrəfinin təqsirləndirilən şəxs E.Ş.Abuşovdan tutulması hissəsində icra edilməsi Kürdəmir rayon icra və probasiya şöbəsinə həvalə edilməlidir. Maddi sübut olan VAZ-21063 markalı **-BF-*** dövlət qeydiyyat nişanlı minik atomobili sahibində saxlanılması və iş üzrə mülki iddianın olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345- 347, 349, 351-354, 356, 358.2 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığına və dəymiş ziyanı tamamilə ödədiyinə görə cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs əməllərində inzibati xəta tərkibinin əlamətlərinin olması məsələsinin araşdırılması üçün qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin. Təqsirləndirilən şəxs 85 (səksən beş) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilsin. Məhkəmə məsrəfinin Təqsirləndirilən şəxs tutulması hissəsində icra edilməsi Kürdəmir rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Maddi sübut olan “VAZ-21063” markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibində saxlanılması və iş üzrə mülki iddianın olmaması nəzərə alınsın. Qərar ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə Azərbaycan Respublikası CPM-nin 384.1-ci maddəsində nəzərdə tutulmuş müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. SƏDRLİK EDƏN X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar