Məhkəmə qərarları › İş №1(041)-48/2025

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №1(041)-48/2025

12.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 1(041)-48/2025 12.03.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi İmanov Xaliq Xalıq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Quliyeva Sürəyya İsmayıl qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, zərərçəkmiş şəxs X1, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1984-cü il tarixdə Gədəbəy rayonunda anadan olmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, məhkumluğu olmayan, orta təhsilli, fərdi əməklə məşğul olan, Kürdəmir rayonu Atakişili kəndində qeydiyyatda olmaqla yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına məhkəmənin inzibati binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə məhkəməyədək sadələşdirilmiş icraatın aparılması nəticələrinə dair yekun protokoluna əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxs Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 11 radələrində yaşadığı Kürdəmir rayonu, Atakişili kəndində yerləşən evində həyat yoldaşı Zərərçəkmiş şəxs evdə iş görməməsinə iradlar bildirməsi zamanı sonuncunun onu təhqir etməsi səbəbindən aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı yumruqla, təpiklə Zərərçəkmiş şəxs sol qolundan bir neçə dəfə qəsdən vuraraq ona sağ daban sümüyünün və sol 10-cu qabırğanın sınıqları, başın üz hissəsinin sol yarısında sol göz nahiyəsindən başlayaraq sol yanaq nahiyəsinin, sol alt çənə bucağını əhatə edən sıyrığı, sol gözün ağlı qişasında alt hissədə qansızma, ağızın iç səthində dişlərə məxsus sahədə yaralar, sol dirsək nahiyəsində qançır, sol saidin 1/3 nahiyəsində yan və orta hissələrində qansızma, sol əlin arxa səthində hematoma sahəsi, döş qəfəsinin sol yarısında qabırğa qövsləri səviyəsində hematoma sahəsi, sağ kürək, sağ sağrı nahiyələrində, hər iki dizin ön səthində sıyrıqla müşayiət olunan zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası Cinayət Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərər vuran xəsarətlər yetirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 127.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun arvadıdır, onun sözünü eşitmədiyinə və kobud cavablar verdiyinə görə aralarında narazılıq yaranmışdır. xx.xx.2025-ci il tarixdə saat 11 radələrində yaşadıqları evdə olarkən Zərərçəkmiş şəxs ev işləri ilə məşğul olmasını bildirdiyinə görə aralarında mübahisə baş vermiş, mübahisə zamanı Zərərçəkmiş şəxs ona kobud cavab qaytardığına və təhqir etdiyinə görə əsəbiləşib Ofelyanı yumruqla və təpiklə bir neçə dəfə bədəninin müxtəlif nahiyələrindən vurub döymüşdür. Hadisə yaşadıqları evdə baş vermiş, hadisə zamanı evdə ikisindən başqa heç kəs olmamışdır. Sonradan etdiyi hərəkətlərə görə peşman olmuş, arvadı Ofelya Hüseynova ilə barışmış, Ofelya onu bağışlamışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs onun əridir, bir müddət olar ki, Təqsirləndirilən şəxs pul üstündə onunla mübahisə və söyüb təhqir etdiyinə görə aralarında narazılıq vardır. xx.xx.2025-ci il tarixdə saat 11 radələrində evdə olan zaman həyat yoldaşı Təqsirləndirilən şəxs çörək yeyib mağazadan aldığı spirtli içkini qəbul etdikdən sonra onların arasında mübahisə baş vermiş, mübahisə vaxtı ondan evdə iş görməyini tələb etmiş və o, iş görən zaman heç bir səbəb olmadan onu yumruqla, təpiklə ayağından, qarın və sifət nahiyələrindən vurub döymüşdür. Yaşadıqları evə gələn polis əməkdaşları və təcili yardım maşını ilə xəstəxanaya gedərək orada ilkin tibbi yardım almışdır. Hadisədən sonra Kürdəmir RPŞ-nə gedərək baş verənlər barədə şikayət ərizə ilə müraciət etmişdir. Hadisə yaşadıqları evdə baş vermiş, hadisə zamanı evdə ikisindən başqa heç kəs olmamışdır. Hazırda Təqsirləndirilən şəxsla ilə barışmış, onu bağışlamışdır. Ondan heç bir şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək, cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs, Təqsirləndirilən şəxs ilə barışdığını, onu bağışladığını, hazırda ona qarşı heç bir şikayət və tələbi olmadığını bildirərək məhkəmədən onun barəsində olan işin icraatına xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan, məhkəmə tibbi ekspertinin xx.xx.2025-ci il tarixli 41 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər-sağ daban sümüyünün və sol 10-cu qabırğanın sınıqları, başın üz hissəsinin sol yarısında sol göz nahiyəsindən başlayaraq sol yanaq nahiyəsinin, sol alt çənə bucağını əhatə edən sıyrıq, sol gözün ağlı qişasında alt hissədə qansızma, ağızın iç səthində dişlərə məxsus sahədə yaralar, sol dirsək nahiyəsində qançır, sol saidin 1/3 nahiyəsində yan və orta hissələrində qansızma, sol əlin arxa səthində hematoma sahəsi, döş qəfəsinin sol yarısında qabırğa qövsləri səviyəsində hematoma sahəsi, sağ kürək, sağ sağrı nahiyələrində, hər iki dizin ön səthində sıyrıqlar-küt əşya təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən 09.02. 2025-ci il tarixdə əmələ gələ bilərdi. Ağırlıq dərəcəsinə görə qeyd olunan xəsarətlər sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa AZ Ağır zərərvurmaya aid edilir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə 09 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və AR Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya Qərarının 2.4-cü bəndinə əsasən cəzanın çəkilməmiş 05 ay 26 gün müddətindən azad edilib. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli təhqiqat orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.2.2-ci və 43.3-cü maddələrinə əsasən cinayət qanunu ilə nəzərdə tutulan əməli törədən şəxsin zərərçəkmiş şəxslə barışması cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hal kimi nəzərdə tutulmuşdur. Həmin halın mövcudluğu cinayət təqibinə xitam verilməsi üçün əsas ola bilər. Həmin Məcəllənin 43.3-cü maddəsində göstərilir ki, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmişşəxs zərərçəkmişşəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 15.2-ci maddəsinə görə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək, barışdıqlarını və Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın tamamilə ödənildiyini bildirmişdir. Məhkəmə, cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxsin zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəməsini və onların məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsi haqqında ərizələrini nəzərə alaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsini məqsədəmüvafiq hesab edir. İş üzrə maddi sübut, mülki iddia, ekspertiza və digər məhkəmə xərcləri yoxdur. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiə edilməsi üçün Müdafiəçi 6 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat hər iş saatı üçün Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitsilə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğin miqdarı haqqında» 03 may 2018-ci il tarixli, 202 nömrəli qərarına əsasən Müdafiəçi dövlət hesabına hər iş saatına 6 manat hesab edilməklə sərf etdiyi 10 saat üçün cəmi 60 manat məbləğində əmək haqqı ödənilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.2.2, 43.3, 321.2.1 və 356, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışması və zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəməsi ilə əlaqədar onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə olan məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. İş üzrə mülki iddia, maddi sübut, ekspertiza və digər məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Məhkəmədə Təqsirləndirilən şəxs göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi 60 (altmış) manat məbləğində pul ödənilsin. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərar ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə Azərbaycan Respublikası CPM-nin 384.1-ci maddəsində nəzərdə tutulmuş müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar