Məhkəmə qərarları › İş №1(041)-49/2024

Kürdəmir Rayon Məhkəməsi Hökm — İş №1(041)-49/2024

24.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Kürdəmir rayon İş № 1(041)-49/2024 24.04.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi İmanov Xaliq Xalıq oğlunun sədrliyi Məhkəmə iclas katibi Gülalıyev Orxan Vəzir oğlunun katibliyi Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı Müdafiəçi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1989-cu ildə Kürdəmir rayonu Sor-Sor kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, Kürdəmir rayonu Sor-Sor kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İttiham aktına görə Təqsirləndirilən şəxs, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan, xeyli miqdarda, ümumi təmiz çəkisi - 22.71 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxlamış, xx.xx.2024-cü il tarixdə saat 19:00 radələrində, Kürdəmir RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı Kürdəmir rayonu Sor-Sor kəndi ərazisində saxlanılaraq rayon polis şöbəsinə gətirildikdən sonra üzərinə keçirilən şəxsi axtarış zamanı, əynində olan qara rəngli qış gödəkçəsinin sol ön cibindən 03 ədəd kibrit qutusunda, ayrı-ayrılıqda təmiz çəkiləri - 6.82 qram, - 6.58 qram, - 6.65 qram, 01 ədəd yarımçıq halda kibrit qutusunda təmiz çəkisi - 2.66 qram, ümumi təmiz çəkisi - 22.71 qram eyni tərkibli kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, ailəsi ilə birlikdə Kürdəmir rayonu Sor-Sor kəndində yaşayır, evlidir 2 azyaşlı uşağı var, fərdi əməklə məşğul olmaqla ailəsini dolandırır, arabir narkotik vasitə marixuanadan istifadə edir, xx.xx.2024-cü il tarixdə səhər saatlarında yaşadığı Kürdəmir rayonu Sor-Sor kəndində piyada hərəkətdə olarkən diqqətini yerdə olan təmiz selofan çəkmiş və əlindəki əşyaları içərisinə yiğmaq üçün selofanı yerdən götürüb baxdıqda içərisində 04 ədəd kibrit qutusu olduğunu, qutuların içərisinə baxdıqda isə marixuana olduğunu görmüşdür. Özü istifadə etmək üçün həmin kibrit qutularını götürüb üzərində saxlamış, həmin kibrit qutusundan birinin yarısını çəkmiş, qalan hissəsindən kəsib digər 3 qutu ilə birlikdə cibinə qoymuşdur. xx.xx.2024-cü il tarixdə saat 20:10 radələrində yaşadığı Sor-Sor kəndində olarkən Kürdəmir RPŞ-nin əməkdaşları onu saxlayaraq üzərində qanunsuz olaraq narkotik vasitə saxlamasında şübhəli olduğunu bildirib polis şöbəsinə aparmışlar. Şöbədə üzərinə videoçəkilişdən istifadə etməklə şəxsi axtarış keçirilərkən üzərində narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirərək əynində olan gödəkçənin sol ön cibindən 03 ədəd bütöv və 01 ədəd kəsik kibrit qutusunu çıxarıb masanın üzərinə qoymuşdur. Narkotik vasitələrin satışı ilə məşğul olmamış, heç bir cinayət əməli törətməmişdir. Əməlindən səmimi peşimançılıq çəkir, ilk dəfə cinayət törətməsini və himayəsində yetkinlik yaşına çatmayan 2 uşağı olmasını nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında Şahid2 ifadəsində göstərdi ki, Kürdəmir RPŞ-nin CAB-nin əməliyyat müvəkilli vəzifəsində işləyir, Təqsirləndirilən şəxs Kürdəmir rayonu Sor-Sor kəndi sakini kimi tanıyır. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə edib üzərində saxlaması, daşıması və istifadə etməsi barədə məxfi mənbədən əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilmişdir. xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs bir qədər kənardan izləyib, saat 20:10 radələrində Kürdəmir rayonu Sor-Sor kəndi ərazisində piyada gəzərkən saxlayıb, özlərini təqdim edərək üzərində qanunsuz olaraq narkotik vasitə saxlamasında əsaslı şübhəli olduğunu bildirib polis şöbsəinə aparmışlar. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirərək əynində olan gödəkçənin sol ön cibindən 03 ədəd bütöv və 01 ədəd kəsik kibrit qutusunu çıxarıb masanın üzərinə qoymuşdur. Təqdim olunan kibrit qutularına baxış keçirilərkən içərisində yaşılımtıl rəngli, kəskin iyili, narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr olması müəyyən edilmişdir. Şifahi sorğu-sual zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlələr ona məxsus olduğunu, həmin kibrit qutularında olan qurudulmuş marixuanaları xx.xx.2024-cü il tarixdə səhər vaxtı yaşadığı Kürdəmir rayonu Sor-Sor kəndində yerdən selofan torba içərisindən tapdığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 03 ədəd bütöv və 01 ədəd kəsik kibrit zərfdə qablaşdırılmış, üzəri yazıldıqdan sonra möhürlənərək götürülmüşdür. Təqsirləndirilən şəxs bu günədək kiməsə narkotik vasitə satdığını eşitməmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: - xx.xx.2024-cü il tarixdə tərtib edilmiş şəxsi axtarış keçirilməsi grotokolundan görünür ki, həmin tarixdə Kürdəmir RPŞ-nin İB-nin müstəntiqi, polis kapitanı X1, Kürdəmir RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili, polis mayoru Şahid2, Kürdəmir RPŞ-nin CAB-ın əməliyyat müvəkkili, polis leytenantı Şahid1 və Müdafiəçi1 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparmışdır. Təqsirləndirilən şəxs üzərində, paltarında narkotik vasitə saxlamasında əsaslı şübhəli olduğunu bildirərək üzərinə videoçəkilişdən istifadə etməklə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı müstəntiq Təqsirləndirilən şəxs yenidən hüquq və vəzifələrini izah edib təklif etmişdir ki, üzərində qanunsuz əşya və predmet vardırsa təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirərək əynində olan gödəkçənin sol ön cibindən 03 ədəd bütöv və 01 ədəd kəsik kibrit qutusunu çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra onun üzərinə keçirilən şəxsi axtarış zamanı qanunla qadağan edilən heç bir əşya və predmet aşkar edilməmişdir. Təqdim olunan kibrit qutularına baxış keçirilərkən içərisində yaşılımtıl rəngli, kəskin iyili, narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr olması müəyyən edilmişdir. Şifahi sorğu-sual zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar edilmiş kütlələr ona məxsusdur. Həmin kibrit qutularında olan qurudulmuş marixuanaları bu gün səhər vaxtı yaşadığı Kürdəmir rayonu Sor-Sor kəndində yerdən tapdığı selofan torba içərisindən tapmışdır. Tapdığı kibrit qutusunun yarısından özü istifadə etmiş, yarısını isə dağılmasın deyə kibrit qutusunu kəsərək saxlamışdır. Ona qarşı polis əməkdaşları tərəfindən heç bir fiziki və psixi zor tətbiq edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunan içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olan 03 ədəd bütöv və 01 ədəd kəsik kibrit qutusu 01 ədəd içərisi boş ağ rəngli zərfə qoyularaq üzəri “Azərbaycan Respublikası DİN №137” möhürü ilə möhürlənmişdir. Zərflər şübhəli şəxs, onun müdafiəçisi və şahidlər tərəfindən imzalanmışdır. - məhkəmə-bioloji ekspertizasının xx.xx.2024-cü il tarixli 18/53 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində: “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış və imzalar olan kağız paketdə ümumi sayı 03 ədəd kibrit qutusunda ayrıayrılıqda təmiz çəkisi – 6.82 qram, 6.58 qram, 6.65 qram, 01 ədəd yarımçıq halda kibrit qutusunda təmiz çəkisi – 2.66 qram, ümumi çəkisi – 22.71 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış orqanoleptik əlamətlərinə və bioloji tərkiblərinə görə eyni tərkibli narkotik vasitə qurudulmuş marixuanadır. -Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Kürdəmir rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində 800 manat cərimə cəzası təyin edilmişdir. xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixdə Amnistiya qərarının 2.11-ci bəndinə əsasən təyin edilmiş cərimə cəzasından azad edilmişdir. -“TƏBİB” “Kürdəmir rayon Mərkəzi Xəstəxanası” PHŞ-dən daxil olmuş xx.xx.2024-cü il tarixli 18-1-49/2-60/2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs “Kürdəmir rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin Poliklinika şöbəsində həkim psixiatrın və narkoloqun qeydiyyatında yoxdur. -Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DSMF 1 saylı X7 Filialından daxil olmuş xx.xx.2024-cü il tarixli 3-17-1/2-20390/2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs əlilliyə görə əmək pensiyası və ya sosial müavinət ödənilmir. -"xxxx" MMC-dən daxil olmuş xx.xx.2024-cü il tarixli 3487 nömrəli məktubdan görünür ki, Azercell Telekom MMC-də qısa nömrələrdən, xidmət nömrələrindən (internet üzərindən) göndərilən SMS mətnlərinin qeydiyyatı aparılmır. Məktuba əlavə edilmiş 01 ədəd diskdə olan Təqsirləndirilən şəxs istifadə etdiyi ***-***-**-** saylı nömrənin xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olmuş telefon danışıqları, həmin müddət ərzində abunəçilərin hansı ünvanda olmaları, habelə həmin nömrələrə daxil olan və çıxan zənglər barədə siyahılara baxış keçirərək müəyyən edilmişdir ki, diskdə 515114221_SMS.txt, 515114221-ant 23.xlsx, 515114221-ant 24.xlsx, 515114221-k.m..xlsx və **********21.txt adlı 05 ədəd fayl vardır. 01 ədəd CD diskdə olan 05 ədəd fayla baxış keçirilərkən iş üçün əhəmiyyət kəsb edən məlumat aşkar edilməmişdir. -"xxxx" MMC-dən daxil olmuş xx.xx.2024-cü il tarixli AZF/LGL-1954/24 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs istifadə etdiyi ***-***-**-** saylı nömrənin xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olmuş telefon danışıqları, həmin müddət ərzində abunəçilərin hansı ünvanda olmaları, habelə həmin nömrələrə daxil olan və çıxan zənglər barədə siyahılara və 01 ədəd CD diskdə olan 02 ədəd fayla baxış keçirilərkən iş üçün əhəmiyyət kəsb edən məlumat aşkar edilməmişdir. - məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 339 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannobinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. - Kürdəmir RİHB-nin Muradxan kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin verdiyi xasiyyətnamədə Kürdəmir rayonu Sor-Sor kəndində qeydiyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs müsbət xarakterizə edilmişdir. - Kürdəmir RİHB-nin Muradxan kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin verdiyi xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Kürdəmir rayonu Sor-Sor kəndində qeydiyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs ailə üzvləri- xx.xx.2000-ci il təvəllüdlü arvadı X2, uşaqları xx.xx.2020-ci il təvəllüdlü X6, xx.xx.2021-ci il təvəllüdlü X4r. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Təqsirləndirilən şəxsə elan edilmiş ittiham Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsindən (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) ibarətdir, məhkəmə istintaqında təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilmişdir. Məhkəmə qeyd edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsində verilmiş anlayışa görə narkotik vasitələr dedikdə BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilər başa düşülür. 1.0.10. narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 5-ci bəndində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən qrudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdar 5 qram müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli qış gödəkçəsinin ön cibindən 03 ədəd kibrit qutusunda, ayrı ayrılıqda təmiz çəkiləri - 6.82 qram, - 6.58 qram, - 6.65 qram, 01 ədəd yarımçıq halda kibrit qutusunda təmiz çəkisi - 2.66 qram, ümumi təmiz çəkisi - 22.71 qram eyni tərkibli kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonra – 22.63 qram qalığı cinayət işi üzrə maddi sübut qismində tanınaraq saxlanılmasından ötrü Kürdəmir RPŞ-nin saxlanc yerinə təhvil verilmişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafı, şahidlərin ifadələri, baxış protokolları, üzərinə baxış keçirilən zaman diskə köçürülmüş videogörüntü, ekspert rəyləri, habelə iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 25ci bəndində göstərilir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslər barəsində cəza təyin edərkən CM-nin 58-ci maddəsində göstərilmiş cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmalıdır. Bu zaman törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, o cümlədən cinayətin törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə diqqət yetirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Törədilmiş cinayət əməlinə görə tətbiq ediləcək cəzanın adekvatlığını müəyyən etmək üçün qanunvericiliyin ümumi tələbləri ilə yanaşı cinayət törətmiş şəxsə münasibətdə effekliliyi və cəzanın məqsədlərinə çatmaq məqsədilə aşağıda qeyd edilən bəzi məsələlərə də diqqət yetirilməsini məhkəmə zəruri hesab edir. Cinayət qanunvericiliyinin ümumi tələbləri baxımından cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.(CM-nin 41-ci maddəsi). Qeyd edilən CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. 58.3. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Hazırki iş üzrə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar az ağır cinayətlər növünə aid edilsə də, əməlin ictimai təhlükəliliyi və kriminanlığı baxımından eyni növ digər cinayət əməllərindən daha aşağı, şəxsi xarakterli və şəxsin sağlamlığından irəli gələn asılılıqla bağlı olmaqla, məcburi müalicə yolu ilə aradan qaldırılması mümkün olan cinayətlər kateqoriyasına daxildir. Təqsirləndirilən şəxs orta təhsilli, evli olması, fərdi əməklə məşğul olması, daimi yaşayış yerinin olması, himayəsində yetkinlik yaşına çatmayan uşaqlarının olması və yaşayış yeri üzrə müsbət xarakterizə olması onun şəxsiyyətini səciyyələndirən hallardır. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsi CM-in 59.1.1-ci maddəsinə, yaşayış yerindən müsbət xarakterizə olunmasını, təqsirini etiraf edərək əməlindən səmimi peşmançılıq çəkməsini CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayətin məqsəd və motivini, onun cinayətin törədilməsi zamanı və hadisədən sonrakı davranışını və məsuliyyəti yüngülləşdirən halları, təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, habelə onun cəmiyyətdən tam təcrid edilmədən, yaşayış yeri üzrə azadlığını məhdudlaşdırmaqla islah olunmasının mümkünlüyünü nəzərə alaraq, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi məqsədəmüvafiq sayır. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə görə azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Məhkəmə araşdırmaları zamanı müəyyən edildi ki, Kərimov X3 rayonu Sor-Sor kəndində qeydiyatda olmaqla yaşayır. Azərbaycan Respublikasının CM-nin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə faktiki yaşayış yeri olan Kürdəmir rayonu Sor-Sor kəndində yerləşən evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Kürdəmir rayon ərazi hüdüdlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, cəzasının əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il saat 19.50-dən xx.xx.2024-cü il saat 18:45-dək müddətdə şübhəli şəxs qismində tutularaq Kürdəmir RPŞ MSY-da saxlanılmışdır. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsində göstərilir ki, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddasində göstərilir ki, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində qəti cəza CM-in 69.3-cü maddəsində nəzərdə tutulmuş qaydalar üzrə təyin edilməli, şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət ona cəza təyin edilərkən nəzərə alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.16-cı maddəsinə əsasən təqsirləndirilən şəxslərin barəsində tibbi xarakterli məcburi tədbirlərin və məhz hansı tədbirlərin tətbiq edilməsinin mümkün olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməməlidir. Belə ki, hazırkı cinayət işi üzrə müvafiq ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur, lakin narkoloji kabinetində profilaktiki qeydiyyata alınması məsləhət görülür. Buna görə də ekspert rəyi nəzərə alınmaqla təqsirləndirilən şəxsin narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məqsədəuyğundur. Məhkəmə, CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından maddi sübutlar məsələsinin necə həll edilməli olması məsələsinə baxaraq bu nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi Kürdəmir Rayon Polis Şöbəsində saxlanılan, təmiz çəkisi 22.71 qram olan narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonra qalan 22.63 qram qalığı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə, CPM-in 346.1.20-ci maddəsinin tələblərinə əsasən seçilmiş qətimkan tədbirinin ləğv edilməli və ya dəyişdirilməli olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Məhkəmə, CPM-in 346.1.21-ci maddəsinin tələblərinə əsasən məhkəmə məsrəflərinin kimin üzərinə və hansı məbləğdə qoyulmalı olduğu məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 31.95 (otuz bir manat 74 qəpik) manat ekspertiza xərci tutulub Məhkəmə ekspertizası mərkəzinin hesabına ödənilməlidir. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsi, narkoloji kabinetdə qeydiyyata alınması, məhkəmə məsrəfinin təqsirləndirilən şəxsdən tutulması, hökmün maddi sübutun-narkotik vasitə olan qrudulmuş marixuananın məhv edilməsi hissəsində icra edilməsi Kürdəmir rayon icra və probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia, maddi ziyan, digər məhkəmə xərclərinin olmaması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən məhkəmədə Təqsirləndirilən şəxs göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 90 (doxsan) manat məbləğində pul ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün bir günə iki gün hesabı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yeri olan Kürdəmir rayonu Sor-Sor kəndində yerləşən evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Kürdəmir rayon ərazi hüdüdlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi Kürdəmir Rayon Polis Şöbəsində saxlanılan, təmiz çəkisi 22.71 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə qrudulmuş marixuananın ekspertiza tədqiqatından sonra qalmış 22.63 qram qalığı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 31.95 (otuz bir manat 95 qəpik) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsi, narkoloji kabinetdə qeydiyyata alınması, məhkəmə məsrəfinin təqsirləndirilən şəxsdən tutulması, hökmün maddi sübutun-narkotik vasitə olan qrudulmuş marixuananın məhv edilməsi hissəsində icra edilməsi Kürdəmir rayon icra və probasiya şöbəsinə həvalə edilsin. İş üzrə mülki iddia, maddi ziyan, digər məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Məhkəmədə Təqsirləndirilən şəxs göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 90 (doxsan) manat xidmət haqqı ödənilsin. Hökmdən 20 gün müddətində Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. SƏDRLİK EDƏN X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar