Məhkəmə qərarları › İş №1(041)-50/2023

Kürdəmir Rayon Məhkəməsi Hökm — İş №1(041)-50/2023

10.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Kürdəmir rayon İş № 1(041)-50/2023 10.08.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X3 Xalıq oğlunun sədrliyi, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçisi, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 1987-ci ildə Kürdəmir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1-də qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş – Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan, istintaqa məlum olmayan vaxtda və mənbədən, şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 0,198 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımış, xx.xx.2023-cü il tarixdə saat 17:30 radələrində Kürdəmir rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində, Kürdəmir şəhəri, X.S.İslamzadə küçəsində saxlanılaraq polis şöbəsinə gətirildikdən sonra üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkçənin sol yan cibindən 01 ədəd “ARGO” markalı siqaret qutusunun içərisində olan 01 ədəd gümüşü rəngli kağız bükümdə qablaşdırılmış təmiz çəkisi – 0,198 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə tam təqsirli bilərək göstərdi ki, ünvan 1 ünvanında ailəsilə birlikdə yaşayır, narkotik vasitədən tutulduğundan təxminən üç ay əvvəl istifadə etmişdir. Üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroini bu ilin yanvar ayının axırlarında Bakı şəhərində olarkən yerdən tapmış, bir hissəsini istifadə etmiş, qalan hissəsini isə sonradan istifadə etmək üçün üzərində saxlamışdır. xx.xx.2023-cü il tarixdə saat 17:30 radələrində Kürdəmir şəhəri X.S.İslamzadə küçəsi ilə piyada hərəkətdə olan zaman Kürdəmir RPŞ-nin əməkdaşları ona yaxınlaşaraq narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmiş və onu polis şöbəsinə aparmış, müdafiəçi ilə təmin olunandan sonra videoçəkiliş aparmaqla üzərində şəxsi axtarış aparılarkən “üzərində olan “Samsung Galaxy A10” markalı mobil telefonunu, “Argo” markalı siqareti və əynində olan qara rəngli gödəkçənin sol yan cibindən 01 ədəd bükümdə olan həmin narkotik vasitə heroini çıxarıb təqdim etmişdir. Bundan sonra müstəntiq tərəfindən üzərinə şəxsi axtarış keçirilmiş və üzərində heç bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Təqdim etdiyi 01 ədəd gümüşü rəngli kağız büküm açılmış, baxış keçiriləndən sonra zərfə qoyularaq möhürlənmişdir. Polis şöbəsinə gətirilərkən ona qarşı heç bir formada təzyiq göstərilməmişdir. Təqsirləndirilən şəxs sonda əməlindən peşman olmasını, ilk dəfə cinayət əməli törətməsini, himayəsində bir azyaşlı uşağı olmasını və ailənin yeganə qazanc gətirən olmasını bildirib ona həbslə bağlı olmayan cəza verilməsini xahiş etdi. Məhkəmə istintaqında Şahid1 ifadəsində göstərdi ki, Kürdəmir RPŞ-nin X2 əməliyyat müvəkkili vəzifəsində işləyir. ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs rayon sakini kimi tanıyır. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməsi, daşıması və üzərində saxlaması barədə məxfi mənbədən əməliyyat məlumatı daxil olmuş, məlumatın yoxlanılması üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilmiş, həmin tarixdə Təqsirləndirilən şəxs bir qədər kənardan izləyib, saat 17:30 radələrində Kürdəmir şəhəri X.S.İslamzadə küçəsində piyada gəzərkən saxlayıb, özlərini təqdim edərək, ona üzərində qanunsuz olaraq narkotik vasitə saxlamasında əsaslı şübhələr olduğunu bildirib RPŞ-nə gətirmişlər. Təqsirləndirilən şəxs müstəntiq tərəfindən şübhəli şəxs qismində tutularaq, hüquqları və vəzifələri izah edilmiş, özünün seçdiyi Müdafiəçi1 ilə təmin edilmiş, videoçəkilişdən istifadə etməklə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcənin sol yan cibindən 01 ədəd boş siqaret qutusu çıxarıb içərisində olan gümüş rəngli bükümü, habelə “Samsung” markalı mobil telefonunu və 01 ədəd “Arqo” markalı siqareti çıxarıb təqdim etmişdir. Bundan sonra müstəntiq tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən heç bir qanunsuz əşya və predment aşkar olunmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd gümüşü rəngli kağız bükümə baxış keçirilmiş və içərisində heroinə bənzər kütlə olduğu müəyyən olunmuşdur. Şifahi qaydada sorğu-sual olunan zaman Təqsirləndirilən şəxs 01 ədəd gümüşü rəngli kağız bükümdə olan narkotik vasitəni bir neçə gün bundan qabaq Bakı şəhərində yerdən tapdığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunan 01 ədəd kağız büküm 01 ədəd zərfə qoyulmuş üzəri “Azərbaycan Respublikası DİN-in №137” möhürü ilə möhürlənmişdir. Zərf şübhəli şəxs, onun müdafiəçisi və şahidlər tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı ona qarşı heç bir zor və fiziki güc tətbiq edilməmişdir. Təqsirləndirilən şəxs kiməsə narkotik vasitə satdığını eşitməmişdir. Məhkəmə istintaqında ifadəsi elan edilmiş, Kürdəmir RPŞ CAB-nin əməliyyat müvəkkili polis kapitanı Şahid2 da Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə istintaqında tədqiq edilmiş: - məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli 18/214 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd kağız bükümdə təmiz çəkisi 0,198 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroinin təmiz çəkisi-0,198 qram, tədqiqata sərf edildi 0,05 qram, 0,149 qram qalıq qalmışdır. (bax iş vər. 40-41) - ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 422 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. (bax iş vər. 85) - “Kürdəmir rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli 49/2- 96/2023 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Kürdəmir RMX-nin poliklinika şöbəsində həkim psixiatrın və həkim narkoloqun qeydiyyatında durmur. (bax iş vər. 73) - Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (iş vər. 84) - Kürdəmir rayon İcra Hakimiyyəti Mənzil İstismar Sahəsinin xx.xx.2023-cü il tarixli, 184 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs ailəsi ilə birlikdə Kürdəmir şəhəri, Aran qəsəbəsi, 23/12-də yaşayır, himayəsində 1 azyaşlı uşağı vardır. (iş vər. 70) - Təqsirləndirilən şəxs adına verilmiş Kürdəmir rayon İcra Hakimiyyəti Mənzil İstismr Sahəsinin arayışından görünür ki, onun barəsində hər hansı bir şikayət daxil olmamışdır. (bax iş vər. 71) - cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 21 fevral 2023-cü il tarixdə,saat 17.45-də şübhəli şəxs qismində tutulmuşdur. (bax iş vər.12-13) - təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 23 fevral 2023-cü il tarixdə, saat 17.00-da Kürdəmir RPŞ-nin MSY-dən azad edilmiş və həmin tarixdə barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmişdir. (bax iş vər. 61-62) - Kürdəmir rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarına gəlmədiyi üçün onun barəsində olan başqa yerə getməmək haqqında iltiza qətimkan tədbiri ləğv edilərək barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, yəni narkotik vasitə olan heroini şəxsi istehlak miqdarından artıq əldə edib saxlaması özünün etirafı, şahid ifadələri, məhkəmə-kimyəvi və ambulator məhkəmə-narkoloji ekspertizasının rəyləri ilə, habelə işdə olan digər rəsmi sənədlərlə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 5-ci bəndində göstərilir ki, Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması anlayışının şərhi verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununa əsasən heroinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı aşkar edilmiş ümumi təmiz çəkisi 0,198 qram olan (tədqiqata sərf edildi- 0,05 qram, qalıq -0,149 qram) narkotik vasitə olan heroin cinayət işi üzrə maddi sübut qismində tanınaraq saxlanılmasından ötrü Kürdəmir rayon polis şöbəsinin saxlanc yerinə təhvil verilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 25ci bəndində göstərilir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslər barəsində cəza təyin edərkən CM-nin 58-ci maddəsində göstərilmiş cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmalıdır. Bu zaman törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, o cümlədən cinayətin törədilmə şəraitinə (belə cinayətlər törədilərkən zor və silah tətbiq edildikdə, humanitar əməliyyatları həyata keçirmək üçün nəzərdə tutulmuş nəqliyyat və s. vasitələrdən narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz daşınması üçün istifadə edildikdə, bu növ cinayətlər islah, hərbi, tibbi müalicə, maarif və təhsil müəssisələrində, idman və ictimai tədbirlər keçirmək üçün nəzərdə tutulan digər yerlərdən istifadə edilməklə törədildikdə, narkotik vasitələr və psixotrop maddələr azyaşlı və əqli cəhətdən inkişaf etməmişlərə təklif və təqdim edildikdə, narkotik vasitələrin və psixotrop maddələrin və psixotrop maddələrin satılması, insan ölümü və sağlamlığa ziyan vurmaqla nəticələndikdə və s.), təqsirkarın şəxsiyyətinə (resedivistlər, mütəşəkkil qruplar tərkibində həmin cinayətləri törətmiş şəxslər, narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə aparmalı olan, narkotik vasitələrin saxlanması həvalə edilən, onların müalicə və digər müəssisələr üçün istifadə hüququ olan şəxslər və s.) diqqət yetirilməlidir. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını CM-in 59.1.4-cü maddəsinə, yaşayış yerindən müsbət xarakterizə olunmasını, təqsirini etiraf edərək əməlindən səmimi peşmançılıq çəkməsini, ilk dəfə az ağır cinayət törətməsini və ailənin yeganə qazanc gətirən şəxs olmasını CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayətin məqsəd və motivini, onun cinayətin törədilməsi zamanı və hadisədən sonrakı davranışını və məsuliyyəti yüngülləşdirən halları, təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, habelə onun cəmiyyətdən tam təcrid edilmədən, yaşayış yeri üzrə azadlığını məhdudlaşdırmaqla islah olunmasının mümkünlüyünü nəzərə alaraq, ona CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi məqsədəmüvafiq sayır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə görə azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdəın tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (təmamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə araşdırmaları zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs ailəsi ilə birlikdə ünvan 1 ünvanda yaşayır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə yaşayış yeri olan Kürdəmir şəhəri, Aran qəsəbəsində yerləşən 23/12 saylı evini axşam saat 22:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Kürdəmir rayonunun ərazi hüdüdlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, habelə törətdiyi cinayətin xarakterini nəzərə alaraq kütləvi və digər tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmalı, cəzasının əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə,saat 17.45-də şübhəli şəxs qismində tutulmuş və xx.xx.2023-cü il tarixdə, saat 17.00-da “başqa yerə getməmək haqqında” qətimkan tədbiri seçilərək Kürdəmir RPŞ-nin MSY-dən azad edilmişdir. İş materiallarında olan, Kürdəmir ayon məhkəməsinin xx.xx.2023-cü il tarixli,1(041)- 50/2023 saylı qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilərək barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilərək, həbs qətimkan tədbiri seçilmiş və onun tutularaq 02 saylı istintaq təcridxanasına təhvil verilməsi qərara alınmışdır. İş materiallarında olan, xx.xx.2023-cü il tarixli axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs 21.07.202-cü il tarixdə,saat 20.30-da Kürdəmir şəhəri əraazisində tutularaq məhkəmənin xx.xx.2023-cü il tarixli qərarına əsasən Kürdəmir RPŞ MSY-nə təhvil verilmişdir. İş materialalrında olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti 02 saylı İstintaq Təcridxanasının xx.xx.2023-cü il tarixli,3-16-17/39/2-5496/202 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə müəsissəyə daxil olmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində qəti cəza CM-in 69.3-cü maddəsində nəzərdə tutulmuş qaydalar üzrə təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsində göstərilir ki, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddasində göstərilir ki, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanır. Məhkəmə cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün və istintaq təcridxanasında saxlandığı 20 gün müddət cəzaçəkmə müddətinə daxil edilməli və ona cəza təyin edilərkən nəzərə alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.16-cı maddəsinə əsasən təqsirləndirilən şəxslərin barəsində tibbi xarakterli məcburi tədbirlərin və məhz hansı tədbirlərin tətbiq edilməsinin mümkün olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməlidir. Belə ki, hazırkı cinayət işi üzrə müvafiq ekspert rəyindən görünür ki, təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan heroindən suiistifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var, ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Buna görə də ekspert rəyi nəzərə alınmaqla və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, Kürdəmir rayon polikilinikasının narkoloji kabinetində qeydiyyata götürülməlidir. Məhkəmə, CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından maddi sübutlar məsələsinin necə həll edilməli olması məsələsinə baxaraq bu nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi Kürdəmir Rayon Polis Şöbəsində saxlanılan və tədqiqata sərf edildikdən sonra qalıq qalmış, ümumi təmiz çəkisi 0,148 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə maddi sübut olan 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə, CPM-in 346.1.20-ci maddəsinin tələblərinə əsasən seçilmiş qətimkan tədbirinin ləğv edilməli və ya dəyişdirilməli olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli, o, məhkəmə iclas zalında həbsdən azad edilməli, onun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməli və qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirlmədən saxlanılmalıdır. Məhkəmə, CPM-in 346.1.21-ci maddəsinin tələblərinə əsasən məhkəmə məsrəflərinin kimin üzərinə və hansı məbləğdə qoyulmalı olduğu məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 49,74 (qırx doqquz manat yetmiş dörd qəpik) manat məbləğində məhkəmə məsrəfi (ekspertiza xərci) tutulub Məhkəmə ekspertizası mərkəzinin hesabına ödənilməlidir. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsi, onun narkomaniyadan məcburi müalicə olunması və narkoloji kabinetində profilaktiki qeydiyyata alınması, habelə hökmün maddi sübutun-narkotik vasitə olan heroinin məhv edilməsi və məhkəmə məsrəfinin təqsirləndirilən şəxsdən tutulması hissəsində icra edilməsi Kürdəmir rayon icra və probasiya şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən məhkəmədə Təqsirləndirilən şəxs göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 171 (bir yüz yetmiş bir) manat məbləğində pul ödənilməlidir İş üzrə mülki iddia, maddi ziyan, digər məhkəmə xərclərinin olmaması nəzərə alınmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddələsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs kimi həbsdə saxlanıldığı 02 gün və məhkəmənin axtarış qərarına əsasən istintaq təcridxanasında saxlandığı 20 gün bir günə iki gün hesabı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 10 (on) ay 16 (on altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yeri olan Kürdəmir şəhəri, Aran qəsəbəsində yerləşən 23/12 saylı evini axşam saat 22:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Kürdəmir rayonunun ərazi hüdüdlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, habelə törətdiyi cinayətin xarakterini nəzərə alaraq kütləvi və digər tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, Kürdəmir rayon polikilinikasının narkoloji kabinetində profilaktiki qeydiyyata götürülsün. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilsin və qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirlmədən saxlanılsın. İş üzrə maddi sübut kimi Kürdəmir Rayon Polis Şöbəsində saxlanılan və tədqiqata sərf edildikdən sonra qalıq qalmış, ümumi təmiz çəkisi 0,148 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 1 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 49,74 (qırx doqquz manat yetmiş dörd qəpik) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsi, onun narkomaniyadan məcburi müalicə olunması və narkoloji kabinetində profilaktiki qeydiyyata alınması, habelə hökmün maddi sübutun-narkotik vasitə olan heroinin məhv edilməsi və məhkəmə məsrəfinin təqsirləndirilən şəxsdən tutulması hissəsində icra edilməsi Kürdəmir rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Məhkəmədə Təqsirləndirilən şəxs göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 171 (bir yüz yetmiş bir) manat məbləğində pul ödənilsin. İş üzrə mülki iddia, maddi ziyan, digər məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 gün müddətinə Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin cinayət kollegiyasına apelyasiya şikayəti və ya protesti verilə bilər. SƏDRLİK EDƏN X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar